Müəllif: Kənan RÖVŞƏNOĞLU
Son həftələrdə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilmiş Sudanda baş verən hərbi qarşıdurma davam edir. Ölkənin həssas vəziyyəti, qarşıdurma tərəflərinin və arxasındakı güclərin miqyası, nəhayət, ötən günlərdə əldə olunan atəşkəs razılaşmalarının tez-tez pozulması Sudanda münaqişənin daha da dərinləşməsi riskini artırır. Bir sıra beynəlxalq siyasət ekspertləri ölkənin sürətlə vətəndaş müharibəsinə sürükləndiyini qeyd edir.
Münaqişənin səbəbləri
Toqquşmalara səbəb Sudandakı hərbi keçid hakimiyyətinin qəbul etdiyi “hərbi təhlükəsizlik islahatı” paketi çərçivəsində ordu içərisində muxtar quruma çevrilmiş “Çevik Dəstək Qüvvələri” (ÇDQ) adlı hərbi birləşmənin ləğv edilərək orduya qatılması haqqında qərarı olub. Bu qərarı rədd edən ÇDQ ilə ordu qüvvələri arasında aprelin 15-dən etibarən toqquşmalar başlayıb.
Tezliklə paytaxt Xartum döyüş meydanına çevrilib, ölənlərin sayı 500 nəfəri keçib. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi qarşısında bir çox ölkələr Sudandakı vətəndaşlarını təxliyə etməyə başlayıb. Dəfələrlə əldə edilmiş atəşkəs razılaşmasına əməl olunmaması və toqquşmaların yayılması ölkədə vətəndaş müharibəsi riskini artırır. Bir çox müşahidəçilərin fikrincə, iki hərbi qüvvə arasındakı indiki münaqişə tərəflərdən birinin hakimiyyəti qəsb etməsinə, digərinin isə sıradan çıxmasına, yaxud onu ölkəni tərk etməyə və ya təslim olmağa məcbur edənə qədər davam edəcək.
“Çevik Dəstək Qüvvələri” adı verilən qruplaşma təxminən 20 il əvvəl Darfur regionunda baş verən vətəndaş müharibəsi zamanı yaranıb. Həmin vaxt ölkəni idarə edən general Ömər əl-Bəşir bu regionda üsyanları yatırmaq üçün yarımhərbi “Cancavid” silahlı təşkilatını təsis edib. Bu qruplar Darfurda qaradərili əhalinin üsyanının yatırılmasında, qətliamların həyata keçirilməsində hökumətin əsas qüvvəsi rolunu oynayıb. Daha sonra yarımhərbi qruplaşma “Çevik Dəstək Qüvvələri” adı ilə Sudan ordusunun xüsusi təyinatlı birləşməsi statusunda olub. Lakin bu qruplaşma Ömər əl-Bəşirin hakimiyyət illərində belə orduya tabe olmayıb, yarımmüstəqil fəaliyyət göstərərək əsasən birbaşa prezidentin nəzarətində olub. ÇDQ-nin əsas komandanları isə Daqalu ailəsi, daha dəqiq desək, general-leytenant Məhəmməd Hamdan Daqaludur. Gəncliyində dəvəçi olan general-leytenant ÇDQ-nin şəriksiz lideri, qruplaşmanın tabe olduğu əsas fiqurdur. Hazırda ÇDQ-nin 100 minə yaxın silahlı döyüşçüsü var.
Darfurda üsyanın yatırılmasından sonra Daqalu bu bölgədə möhkəmlənib, ərazidəki məhdud sayda mədən ehtiyatlarının istismarı və digər iqtisadi fəaliyyətləri nəzarəti altına alıb. 2018-ci ildə Sudanın 30 illik diktatoru Ömər əl-Bəşirə qarşı xalq etirazları başlayanda Daqalunun rəhbərlik etdiyi birləşmə ilk aylarda əl-Bəşiri dəstəkləyib. Lakin sonradan vəziyyət dəyişəndə o və ordu komandanlığı əl-Bəşirə dəstəyi dayandırıb və apreldə Ömər əl-Bəşiri istefaya getməyə məcbur edib.
Həmin vaxt artıq ordu və ÇDQ xalqın yanında idi. Beləliklə, hərbi çevrilişin müəllifi formal olaraq ÇDQ komandanı Daqalu və ordu komandanı general Əbdülfəttah əl-Burhan olub. Tezliklə əl-Burhan Hərbi Keçid Şurasının sədri, Hamdan Daqulu isə onun müavini olub. Hətta onlar 2021-ci il inqilabından sonra hərbi çevrilişə rəhbərlik edib və ordunu hakimiyyətə gətirib.
Ancaq həmin dövrdə Sudanda əl-Burhanın formal rəhbərliyi ilə yanaşı, Hamdan Daqulu qardaşlarının görünməyən hakimiyyəti var idi. Buna ÇDQ-nin 100 minlik ordusu, ölkə rəhbərliyinə bağlı olan iri mədən və digər iqtisadi resurslar, həmçinin xarici dəstək kömək edib. Daqalu formal olaraq Sudanın hərbi komandanlığında ikinci şəxs olsa da, onun fəaliyyəti ciddi narazılıqlara səbəb olub. Bu narazılığı və Daqalu ilə əl-Burhan arasında gizli hakimiyyət mübarizəsini gücləndirən başqa bir amil isə 2022-ci ildə keçid mülki hakimiyyət haqqında çərçivə sazişinə ÇDQ-nin Sudan ordusuna inteqrasiyası ilə bağlı maddənin daxil edilməsi idi. Tərəflər arasında artan qarşıdurmanın münaqişənin qaynar mərhələsinə keçməsinə səbəb olan son addım ÇDQ-nin Sudan ordusuna birləşdirilməsi haqqında qanunun qəbul edilməsi olub.
Xarici amil
Ərazisinə görə Afrika qitəsinin üçüncü böyük ölkəsi olan Sudan çox böyük enerji və mineral ehtiyatlara sahib deyil. İllərdir davam edən müharibələrdən sonra ölkənin əsas neft bölgələri 2011-ci ildə müstəqilliklərini elan edərək Cənubi Sudan Respublikası kimi ayrılıb. Bir zamanlar vahid olan dövlətin qalan hissəsində isə cüzi karbohidrogen ehtiyatları var. Hazırda Sudanın sərəncamında yalnız müəyyən miqdarda qızıl və digər qiymətli metal mədənləri var. Lakin ölkə Afrikanın digər 7 dövləti və Qırmızı dənizlə həmsərhəd olduğu üçün strateji cəhətdən əlverişli coğrafi mövqe tutur. Sudanın son dərəcə həssas qonşularına Misir, Efiopiya, Mərkəzi Afrika Respublikası və Çadı aid etmək olar. Yəni Sudanda münaqişənin kəskinləşməsi bu ölkələrə də ciddi təsir göstərə bilər.
Nəhayət, Sudanı Fars körfəzinin ərəb ölkələri üçün cəlbedici edən daha bir amil ucuz hərbi qüvvələrdir. ÇDQ-nin döyüşçüləri daxil olmaqla, sudanlı muzdlular bir müddət Yəməndə husilərə qarşı döyüşlərdə BƏƏ tərəfində iştirak ediblər. Təbii ki, bunun qarşılığında ÇDQ rəhbərliyi böyük məbləğdə maliyyə vəsaiti əldə edib, ona dəstək göstərilib və indi də göstərilir.
Sudanda fəal olan daha bir ölkə Rusiyadır. Bəzi məlumatlara görə, Rusiyaya məxsus “Vaqner” özəl hərbi birləşməsi 2017-ci ildən Sudanda fəaliyyət göstərir. Hətta 2018-2019-cu illərdəki üsyan zamanı “Vaqner”in Ömər əl-Bəşiri qoruduğu haqqında xəbərlər yayılmışdı. Sudanda “Vaqner”ə və Rusiya hakimiyyətinə yaxın iki qızıl istehsal edən şirkətə qarşı bu yaxınlarda ABŞ və Avropa İttifaqı tərəfindən sanksiya tətbiq olunub. Bu şirkətlər qaçaqmalçılıqda ittiham olunur.
Digər tərəfdən Rusiya dünya ticarətində və enerji resurslarının daşınmasında əsas paya sahib olan Qırmızı dəniz sahilindəki Port Sudanda 300 hərbçi və 4 gəmidən ibarət hərbi-dəniz bazası yaratmağa çalışır. Belə ki, bu ilin fevralında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Darfura səfər edərək faktiki dövlət başçısı Sudan Suverenlik Şurası sədri general Əbdülfəttah əl-Burhan, onun müavini Məhəmməd Həmdan Daqulu və xarici işlər naziri Əli əs-Sadiqlə görüşüb.
Qeyd edək ki, hazırda Port Sudandan Xartuma gedən yollara əsasən ÇDQ nəzarət edir. Bu səbəbdən də, bəzi media orqanları Rusiyanın ÇDQ komandanlığını gizli şəkildə dəstəklədiyini iddia edirlər.
Eyni zamanda hazırkı faktiki dövlət başçısı general Əbdülfəttah əl-Burhan Qərblə yaxın əlaqələrə malikdir. Maraqlıdır ki, bir-biri ilə mübarizə aparan hər iki general 300 min insanın həyatına son qoyulduğu, genişmiqyaslı qətliama səbəb olan Darfur üsyanının yatırılmasında iştirak ediblər. Lakin bu, əl-Burhanın 2019-cu il inqilabı nəticəsində hakimiyyətə gəldikdən sonra Qərblə yaxşı münasibətlər qurmasına mane olmayıb. 2020-ci ildə o, həmçinin ABŞ-ın təşəbbüsü ilə Baş nazir Benyamin Netanyahu ilə görüşərək İsraillə ərəb ölkələri arasındakı barışıq prosesində iştirak edib. Bundan sonra Qərb ölkələri əl-Bəşirin prezidentliyi dövründə Sudana qarşı tətbiq edilən bir sıra sanksiyalar və embarqoları ləğv edib. Lakin 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra Sudana qarşı müəyyən sanksiyalar yenidən tətbiq olunub. Buna baxmayaraq, əl-Burhan 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Qərbin tərəfini saxlayıb və bu, iki hərbi lider arasında dünya siyasi rəqabət mərkəzlərinin cəlb olunduğu silahlı münaqişəyə səbəb olub. Maraqlıdır ki, Rusiya ilə yaxın əlaqələri olan Misir hakimiyyəti general əl-Burhanı dəstəkləyir.
Bəs sonra?
Xartumda iki silahlı qruplaşma arasında başlayan toqquşmaların arxasında hakimiyyət uğrunda siyasi mübarizənin dayandığı aydındır. Bir tərəfdə ordu komandanı, faktiki dövlət başçısı general əl-Burhan, digər tərəfdə 100 min nəfərlik xüsusi hərbi birləşmənin komandanı, güclü maliyyə və xarici dəstəyə malik Həmdan Daqulu dayanır. Həmdan Daqulu yaxşı bilir ki, onun hərbi qruplaşmasının orduya birləşdirilməsi gücünü və imkanlarını itirməsi deməkdir. Bu səbəbdən də, müqavimət göstərir. Əlbəttə ki, onun arxasında daxildə və xaricdə ciddi dəstək var. Buna görə də orduya qarşı müqavimət göstərir.
İndi çoxlarına aydındır ki, Sudanda baş verənlər Afrikada hakimiyyət uğrunda adi mübarizədir. Hakimiyyət uğrunda silahlı mübarizə “qara qitə” ölkələrində, xüsusən də müxtəlif inqilablardan sonra uzun müddətdir ki, adi hal alıb. Ümumiyyətlə, Sudan qonşusu Misir kimi uzun illər ərzində hərbçilər tərəfindən idarə olunub. Sonuncu dövlət başçısı Ömər əl-Bəşir də hərbi komandan olub. 2019-cu ildə əl-Bəşirə qarşı etirazları xalq başlatsa da, sonda hakimiyyəti ələ keçirən məhz ordu komandanlığı olub. Üstəlik, hərbi komandanlıq üsyanın ilk günlərində vəd edildiyi kimi, hakimiyyətin seçilmiş mülki hökumətə verilməsini ləngidib, sonra isə hərbi çevrilişlə hakimiyyəti yenidən ələ keçirib. Əlbəttə ki, ordu komandanlığı üçün xarici təzyiqləri azaltmaq, formal da olsa legitimliyi təmin etmək üçün mülki siyasi qüvvələrlə masa arxasında oturmaq lazımdır. Lakin hərbçilərin son illərdəki davranışı göstərir ki, onlar hakimiyyəti mülki siyasi qüvvələrə təhvil vermək istəmirlər.
Təbii ki, Afrikanın ən kasıb ölkələrindən biri olan, çoxsaylı silahlı münaqişələrdən və sərt sanksiyalardan əziyyət çəkən Sudanın hazırkı hərbi rəhbərliyi xarici yardımlardan məhrum olmamaq və beynəlxalq ictimaiyyətdən tam təcrid edilməmək üçün beynəlxalq vasitəçilik təkliflərini rədd edə bilməz. O, atəşkəsə razılaşır, həm də formal da olsa, danışıqlarda iştirak edir. Lakin həm hakimiyyət uğrunda daxili rəqabət, həm də ölkədə xarici qüvvələrin mövcudluğu Sudanda davamlı sülhün bərqərar olmasına və hakimiyyətin mülki siyasi qüvvələrə verilməsinə ciddi maneədir. Bu isə o deməkdir ki, bu ölkədə münaqişələr davam edəcək. Tərəflərdən biri məğlub olub hakimiyyətini itirməyənə qədər Sudanda sülhün yaranması mümkün olmayacaq.
MƏSLƏHƏT GÖR: