24 Noyabr 2024

Bazar, 07:08

SEVİR-SEVMİR

Avropada yeni «exit»lər olmasa da, o, öz gələcəyi haqda çox ciddi düşünməlidir

Müəllif:

01.06.2023

Avropa İttifaqının parçalana biləcəyi haqda fikirlər onun yarandığı vaxtdan eşidilməkdədir. Bu, xüsusilə Böyük Britaniyanın onu tərk etməsindən sonra daha da artıb. Britaniyanın «Daily Mail» qəzetində dərc olunmuş analitik məqalədə bildirilir ki, yaxın gələcəkdə birdən-birə 5 ölkə – Yunanıstan, İtaliya, Fransa, Macarıstan və İsveç Aİ sıralarını tərk edə bilər. «Brexit»dən sonra həqiqətənmi

 yeni «exit»lər yaşana bilər? 2012-ci ilin dekabrında Norveçin Nobel komitəsi tərəfindən «Avropada sülh, demokratiya və insan haqlarının güclənməsinə töhfələrə görə» yekdilliklə mükafat almış Avropada nə baş verir? Söhbət həqiqətənmi böhrandan gedir?

 

Bədbinlər klubu

«Avrobarometr» tərəfindən keçirilmiş sorğu göstərir ki, hazırda avroskeptizm ən çox Yunanıstanda müşahidə olunur. Ölkə vətəndaşlarının 53%-i bu fikirdədir. Fransada bu 50, Macarıstanda 43%-dir. Brüsselin hakimiyyətinə ən müsbət yanaşan 63%-lə İsveçdir.

Bununla yanaşı, İsveçdə belə, böyüklüyünə görə ikinci partiyanın lideri Cimmi Akesson bildirib ki, «Aİ-yə üzvlüyün yenidən qiymətləndirilməsi üçün ciddi səbəblər var». Miqrasiyaya qarşı sərt mövqeyi ilə tanınan, sağ-mərkəzçi hökumətə ciddi təsir imkanlarına malik İsveç demokratlarının rəhbəri hesab edir ki, Aİ qanunlarının əksəriyyətindən imtinaya nail olmalıdır. Doğrudur, Akesson ölkəsini Avropa İttifaqını tərk etməyə çağırmayıb, lakin bildirib ki, birlik doğru istiqamətdə getmir.

İtaliyaya gəlincə, müşahidəçilərin fikrincə, insanların əhvalına təsir edən əsas amil COVID-19 pandemiyasının fəsadları, Aİ-nin ümumilikdə bu vəziyyətə reaksiyası, ölkəyə hansı yardımların edildiyidir. İqtisadiyyatda və miqrasiya siyasətindəki sistematik problemlər də öz yerində. İtaliya millətçilərinin ötən il keçirilmiş seçkidə qalib gəlmiş lideri Corca Meloni hər zaman anti-Avropa əhvalı ilə məşğul olub və bu üzdən Almaniya mətbuatı tərəfindən «Avropanın ən təhlükəli qadını» adlandırılıb. Lakin dövlətin başına keçdikdən sonra o, mövqeyini yumşaldıb, hətta Aİ-yə dəstəyini ifadə edib. Buna rəğmən, bəzi analitiklər bunun İtaliyanın üzləşdiyi maliyyə problemləri üzündən əl atılan taktika olduğunu düşünür. Onların fikrincə, baş nazir əslində əlverişli məqamı gözləyir. Çünki İtaliya hazırda dövlət borcunun həcminə görə «rekord vurur» (ölkənin dövlət borcu adambaşına bölünərsə, hər vətəndaşa 47,7 min avro düşər). Odur ki, bərpa fondundan və Aİ-nin dayanıqlılığından ciddi asılı olan Romaya belə şəraitdə Brüssellə savaşmaq sərf etmir.

İtaliyanın yaxın qonşusu olan Fransanın isə Aİ ilə münasibətləri hər zaman çətin olub. Halbuki, o, birliyi yaradan ölkələrdən biridir, Fransa liderləri isə ənənəvi olaraq, Brüssel bürokratiyasında vacib rol oynayır. Bununla yanaşı, bəzi fransalı siyasətçilər Aİ-nin qatı tənqidçisidirlər. Onlar hesab edirlər ki, Paris Brüssellə münasibətdə öz suverenliyini itirir. Bu mənada, xüsusilə sağçı populist «Milli cəbhə» partiyasının lideri Marin Le Pen fərqlənir. O, bir vaxtlar Aİ sıralarından ayrılmağı siyasi platformasının əsas hissələrindən birinə çevirmişdi. Le Pen bu plandan yalnız 2017-ci ildəki seçkidə üzləşdiyi məğlubiyyətdən sonra imtina edib, amma avrobürokratlar hakimiyyətinə ittihamlarını dayandırmayıb. Le Penin fikrincə, Aİ-də qalmaq istəyib-istəmədiklərini fransızların özləri müəyyənləşdirməlidirlər. Amma o, bunun nə vaxt və necə baş verməli olduğunu söyləməyib.

Bununla yanaşı, Fransa ictimaiyyətində bir çox narazılığın olduğu aşkardır. Hazırkı prezident Emmanuel Makronun reytinqi antirekord sayılacaq həddə düşüb. Bu, xüsusilə xalq arasında son dərəcə qeyri-populyar olan pensiya islahatları üzündən aylarla davam etmiş nümayişlərdən sonra özünü göstərir.

Yunanıstana gəlincə, onun Aİ ilə bağlı narazılıqları bloka üzv olduğu andan başlayıb və getdikcə daha da artıb. Halbuki o zaman hazırda yaşanmaqda olan problemlərin bir çoxu inanılmaz idi. Ölkənin Aİ-yə inamsızlığı və ondan narazılığının piki 2009-cu ildə borc böhranı üzündən Afina iqtisadi sahədə bir sıra ciddi addımlara məcbur edildiyi zaman yaşanıb. Həmin vaxt Yunanıstana maddi yardımın göstərilməsi üçün qeyd olunan tələblər şərt kimi irəli sürülmüşdü. Yeri gəlmişkən, bu vəziyyəti avrozonadakı kreditor ölkələrlə borcalan ölkələrin münasibətlərindəki ziddiyyət kifayət qədər aydın göstərirdi.

Macarıstan prezidenti Viktor Orban isə Aİ-də xüsusi imicə malikdir. O, ölkəsində demokratik azadlıqları boğmaqda ittiham olunur. Avropa Komissiyası bəyan edib ki, Macarıstan üçün nəzərdə tutulmuş vəsaitin böyük hissəsi ölkəyə yalnız insan haqlarına münasibətin, eyni zamanda sığınacaq və immiqrasiya qanunvericiliyinin, həmçinin LGBT-yə münasibətin dəyişəcəyi təqdirdə veriləcək.

 

Çağırışlar birləşdirir

Bəli, avroskeptiklər mövcuddur və bəzi ölkələrdə onların sayı kifayət qədər çoxdur. Bir yandan COVID-19 və Ukrayna müharibəsi bu tendensiyanın qarşısını əhəmiyyətli dərəcədə alıb. Artıq İtaliyanın timsalında deyildiyi kimi, koronavirus pandemiyası Avropanın bərpa fondlarından həddindən artıq asılı olan bir çox «Köhnə Dünya» ölkəsinin iqtisadiyyatına ciddi zərbə vurub.

Ukrayna müharibəsi, şübhəsiz ki, Aİ ölkələri arasında Moskvaya sanksiyaların tətbiqi, Kiyevə silah göndərilməsi və oradan qaçqınların qəbulu kimi məsələlərdə həmrəyliyi gücləndirib. Bununla yanaşı, ekspertlərin fikrincə, elə eyni səbəblər ABŞ ilə müqayisədə Avropanı çətin iqtisadi vəziyyətə salır, bir çox sahədə «Köhnə dünya»nın «Yeni dünya»dan asılılığını artırır. Almaniyalı politoloq Yoşka Fişer «Project Syndicate» nəşrində yazır ki, Avropa dünya düzəninin yenidən formalaşmasından ən çox uduzan oyunçu ola bilər, çünki Aİ hələ ki, hərbi büdcəsini getdikcə artıran nəhəng dövlətlərlə rəqabət aparmaq gücündə deyil. Məsələ ondadır ki, Avropa, əslində, bir çox məsələlərdə çox fərqli olan suveren milli dövlətlərin konfederasiyası olaraq qalır.

Analitiklərin fikrincə, Avropa enerji xərclərinin artması, rəqəmsal texnologiyalardakı partlayış, «yaşıl gündəm»ə keçid fonunda öz iqtisadi modelini qoruyub saxlamağın yolunu tapmalıdır. Ekspertlər yazır ki, məsələn, ABŞ-ın milli sənayenin bərpasına hesablanmış və yüz milyardlarla dollar dövlət investisiyasının yatırıldığı proqramları «Köhnə dünya»nın əsas diqqəti yönəltmək qərarına gəldiyi «yaşıl» texnologiyaların inkişafını ciddi şəkildə əngəlləyir. Şirkətlər Avropadan ABŞ-a axır. Halbuki Aİ ölkələri bu gün enerjiyə görə ABŞ-a kifayət qədər ciddi vəsait ödəyirlər. Ukrayna müharibəsinədək olan dövrlə müqayisədə mayeləşdirilmiş təbii qaz 4 dəfə bahalaşıb və müxtəlif qiymətləndirmələrə görə, 2030-cu ilə ABŞ Avropaya ən nəhəng təbii qaz tədarükçüsünə çevriləcək. Sonuncu üçün isə bu, işsizlik, sənayedə geriləmə vəd edir. Məsələn, enerji daşıyıcılarının bahalaşması Almaniya iqtisadiyyatına çox zərər verir – istehlakçıların tələbatından tutmuş, sənaye istehsalınadək.

 

Parçalanmanın qiyməti

Bəs Aİ ölkələrinin birliyi tərk etməsi üçün nə lazımdır? Əlbəttə ki, seçici iradəsi. Bunu isə ən parlaq siyasətçilərin belə, təmin etməsi çox çətindir. Aİ ölkələrində dəqiq tarazlıq sistemləri mövcuddur. Bundan başqa, birliyi tərketmə mexanizmləri o qədər də sadə deyil və Böyük Britaniya nümunəsində bunu hər kəs görüb. Üstəlik, onun malik olduğu resursları, məsələn, nə Macarıstan, nə Yunanıstanla müqayisə etmək mümkündür. Odur ki, Orban ölkəsinin Aİ-ni tərk edə bilməyəcəyini açıq şəkildə dilə gətirir, bunu Macarıstanın iqtisadi baxımdan blokla sıx bağlı olması ilə izah edir.

Münxen İqtisadi Araşdırmalar İnstitutnda bu yaxınlarda aparılmış araşdırma göstərib ki, Aİ-nin dağılacağı təqdirdə üzv ölkələrin əksəriyyətində ÜDM ən azı 7% azalacaq, ən çox ziyanı isə kiçik dövlətlər görəcək. Aİ tamamilə dağılarsa, Malta və Lüksemburqda ÜDM təxminən 20%, Estoniya, Slovakiya və Macarıstanda 12, Sloveniya, Çexiya və Latviyada, təxminən, 10% geriləyəcək. Almaniya, Fransa və İtaliya kimi iri dövlətlərin mümkün itkisi nisbətən az olsa da, yenə də söhbət 4-5%-dən gedir. Ümumi göstəricilərdə isə söhbət 100 milyardlarla dollarlıq itkidən gedəcək.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, Aİ-nin parçalanmasının qiyməti çox yüksək olduğundan, bu, baş verməyəcək. Bu, ən azı mütəşəkkil şəkildə olmayacaq. «Exit»ə yalnız Britaniya kimi güclü və zəngin dövlət risk edə bilərdi. Amma vəziyyətə hələ nəzərə alınması mümkün olmayan amillər təsir göstərərsə, bu, başqa məsələdir. Onlar artıq sadalanan problemləri daha da dərinləşdirə bilər və bu halda proses nəzarətdən çıxar. Məsələn, Ukrayna savaşının Rusiya ilə Qərb arasında tammiqyaslı müharibəyə çevrilməsi Avropanı ön cəbhəyə çevirə bilər. Yaxud son dərəcə sürətli və mənfi iqlim dəyişiklikləri güclü quraqlıqlara, daşqınlara yol açarsa, yaxud dünyanın başqa nöqtələrindən nəhəng qaçqın axını başlayarsa və s…

Bunlar, əlbəttə ki, radikal ssenarilərdir. Adətən isə deyirlər ki, Avropanın problemləri var və onlar elə səviyyədədir ki, zaman-zaman hansısa üzvün Aİ-ni tərk edə biləcəyinə dair səslər eşidilir. Amma ümumilikdə belə hallar daha çox populist xarakter daşıyır və daxili auditoriyaya hesablanır. Lakin bu Avropanın dəyişən dünyadakı yeri haqda düşünməli olmadığı anlamına gəlmir.



MƏSLƏHƏT GÖR:

101