24 Noyabr 2024

Bazar, 07:05

AYI İLƏ ƏJDAHA ARASINDA

Mərkəzi Asiya müstəqillik savaşı aparır

Müəllif:

01.06.2023

Mərkəzi Asiya (MA) bütün tarixi boyu Şərqlə Avropanı birləşdirən həyati əhəmiyyətli kanal olub, mal və ideya mübadiləsində önəmli rol oynayıb. Özünün zəngin enerji resursları – neft, qaz və kömür – sayəsində bu nəhəng region istər geostrateji, istərsə də geoiqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Odur ki, dünyanın aparıcı fövqəldövlətlərinin region ölkələrinə öz maraqlarına uyğun təsir göstərmək cəhdləri təəccüblü deyil.

Avrasiya İnkişaf Bankının hesabatına görə, son 20 ildə Mərkəzi Asiya ölkələrinin ÜDM yeddi dəfədən çox - orta hesabla 6,2% artıb. Bu, inkişaf etməkdə olan ölkələrin göstəricisindən yüksək olmaqla yanaşı, ümumilikdə dünyadakı artımdan 2 dəfə daha sürətli inkişafdır.

Geniş Avrasiyada MA-nın strateji rolu, həmçinin yaxın qonşuları üçün əhəmiyyəti getdikcə daha da artacaq. Qonşulardan söz düşmüşkən, onların arasında Rusiya ilə Çin tarixən bu bölgədə nüfuzunu təmin etmək, bölgəyə siyasi nəzarəti ələ keçirmək üçün daha ciddi səylər göstərib. Müasir dövrdə də MA ölkələri üçün əsas məqsəd rus ayısı ilə Çin əjdahası arasında manevr edə bilməkdir.

Rusiya Mərkəzi Asiyada hələ də siyasi və hərbi nüfuza malikdir, bölgənin əsas iqtisadi tərəfdaşıdır. Bununla yanaşı, indi o, bölgədə əvvəlkitək hökmranlıq edə bilmir. Bu mənada, Rusiya-Ukrayna müharibəsi keçmiş Sovet respublikalarının siyasi vektorlarına «əl gəzdirmələri» üçün imkan pəncərəsinə çevrilib.

Belə vəziyyətdə Çin MA ölkələri üçün daha cəlbedici təsir bağışlayır. Çünki o, həm iqtisadi inkişaf təklif edir, həm də şaxələndirilmiş, güclü iqtisadiyyat, daxili işlərə ən azı açıq şəkildə müdaxilə etməmək kimi üstünlüklərə malikdir.

 

Nəhəng plan

Mərkəzi Asiya ölkələrinin regiondan kənar dövlətlərlə müntəzəm görüşlər keçirdikləri «5+1» formatı xüsusi bir şey deyil. 2004-cü il keçirilən belə görüşlərin ilk iştirakçısı Yaponiya olub. Sonra Cənubi Koreya, Avropa İttifaqı, ABŞ, indi isə Çin. Çinlə bu formatda görüş çox ləngisə də, o, regionun iqtisadiyyatında onilliklərdir, xüsusi yer tutur. Ticari münasibətlərdə Pekin ən önəmli və ya əhəmiyyətinə görə ikinci ölkədir. O, eyni zamanda regionun maddi və rəqəmsal infrastrukturunun əsas investorudur.

Çinlə Mərkəzi Asiya arasında ikitərəfli ticarətin həcmi ötən il rekord sayılan 70 milyard dollara çatıb. Bu, 2021-ci illə müqayisədə, təxminən, 40% çoxdur. 2023-cü ilin yalnız ilk 4 ayında bu rəqəm 24,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,3% artıqdır.

Mərkəzi Asiyanın Çinlə ticarətə, onun investisiyalarına ehtiyac duyduğu kimi, Pekinin də region ölkələrinin təbii resurslarına ehtiyacı var. Çinin bir çox şəhəri Türkmənistandan gələn qaz və Qazaxıstandan gələn neft kəmərindən asılıdır.

Si Cinpin özünün «Bir kəmər, bir yol» adlı nəhəng proqramına 2013-cü ildə Qazaxıstanda start verib. Bu təşəbbüs çərçivəsində Çin artıq regionda dəmir yollarının, boru xətlərinin və digər infrastruktur layihələrinin icrasına ciddi vəsait xərcləyib.

Bununla yanaşı, Pekin uzun müddət ikitərəfli münasibətlərə üstünlük verib. Doğrudur, ölkələr «Bir kəmər, bir yol» təşəbbüsü kontekstində və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində mütəmadi görüşlər keçirir, lakin bu formatlar diqqətləri bilavasitə Çin-MA münasibətlərinə yönəltməyə imkan vermir.

2020-ci ildə Çin, nəhayət, «5+1» parametrinin öz versiyasını işə salıb və bu, regionda əsasən iqtisadi münasibətlərdən daha sıx siyasi münasibətlərə keçid anlamına gəlir. Həmin il Pekin, bəlkə də, regionda nüfuzunu artırmaq üçün ən əlverişli anı yaxalayıb. Çünki koronavirus pandemiyası üzündən Mərkəzi Asiyada səhiyyə sistemi həddindən artıq yüklənmiş, region ölkələrinin iqtisadiyyatı isə stres vəziyyətinə düşmüşdü.

Ötən il isə Si Cinpin ilə Mərkəzi Asiya ölkələrinin prezidentləri münasibətlərinin 30 illiyini qeyd edib, «ümumi gələcəyi olan Çin-Mərkəzi Asiya birliyi»nin yarandığını bildiriblər.

«5+1» çərçivəsində ilk əyani görüş 19-20 mayda Mərkəzi Çinin Sian şəhərində keçirilib. Sian əsrlər boyu Çini Mərkəzi Asiya və Yaxın Şərqlə birləşdirmiş İpək yolu marşrutunun əsas bəndlərindən olub.

Sammitin Çin üçün nə qədər vacib olduğunu göstərən faktlardan biri Cinpinin MA liderlərinə görüşdən çox əvvəl yazdığı məktublarda region ilə münasibətlərin yaxşılaşdırılması üçün «nəhəng plan» hazırladığını qeyd etməsidir. Bu plan 4 əsas prinsipə əsaslanır ki, onları da Çin lideri görüşdəki açılış nitqində səsləndirib.

«Bir-birinə yardım və müdafiə» kimi təqdim olunan ilk prinsip «strateji qarşılıqlı inam»ın dərinləşdirilməsini, «suverenlik, müstəqillik, milli ləyaqət və uzunmüddətli inkişaf kimi əsas maraqlarla bağlı məsələlər»də qarşılıqlı dəstəyin verilməsini nəzərdə tutur. Daha sonra Si Cinpin «Kəmər və yol» təşəbbüsünün himayəsi altında «ümumi inkişaf»a sadiqliyin vacibliyini vurğulayıb. Üçüncü prinsip «ümumi təhlükəsizliyin» dəstəklənməsi, «rəngli inqilablar» törətməyə çalışan «xarici güclər»ə müqavimət və «üç şər güc»ə sinə gərilməsi ilə bağlıdır. Nəhayət, Cinpin «əbədi dostluğun» və gələcək nəsillər arasında sıx əlaqələr üçün möhkəm təməlin yaradılmasının vacibliyini bildirib.

Həqiqətən, tarixi sayıla biləcək sammitdə 7 ikitərəfli və bir çox başqa sənədlər, o cümlədən müxtəlif sahələrdə əməkdaşlığa dair 100-dən artıq razılaşma imzalanıb.

 

Həmfikir axtarışı

Si Cinpinin regionla bağlı iddialarını onun Rusiya Prezidenti Vladimir Putin ilə dostluğu və bu iki ölkə arasında sıx münasibətlərin olması bir qədər çətinləşdirir. Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiyada əməlli-başlı narahatlıq yaradıb – indi region ölkələri gələcəklə bağlı ciddi narahatlıq yaşayır. Lakin Çin-Mərkəzi Asiya sammitində nə Rusiyadan, nə Ukrayna müharibəsindən birbaşa danışılıb. Çin lideri həmkarlarını sakitləşdirmək üçün yalnız onu deyib ki, «Mərkəzi Asiya ölkələrinin suverenliyi, təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır». Bundan əvvəl Pekin MA təhlükəsizlik qüvvələrinə təlimlərin keçirilməsi üçün regionların antiterror mərkəzinin yaradılması planından da danışmışdı.

Danışıqların gedişində Pekin onun Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsinə bu ölkələrin dəstəyini almağa da çalışıb. Cinpin görüşdən özünün «Kəmər və yol» təşəbbüsünün gücləndirilməsi üçün istifadə etmək imkanını da qaçırmayıb. Məlum olduğu kimi, bu il İtaliyanın investisiya paktından çıxmaq qərarını açıqlaması ilə bu təşəbbüsə zərbə dəyib. Bunadək isə Şərqi və Mərkəzi Avropanın Çin ilə «17+1» formatında əməkdaşlıq formatını üç Baltikyanı ölkə də tərk edib, üstəlik, digər ölkələri də eyni addımı atmağa çağırıb.

MA liderləri də daxil olmaqla, heç kim üçün sirr deyil ki, bu sammit Pekinin ABŞ-ın hökmran olduğunu düşündüyü hazırkı dünya düzəninə qarşı mübarizədə özünə həmfikirlər axtarmaq cəhdi idi. Odur ki, Çin liderinin Sianda qəbul edilən birgə bəyanatda MA liderlərinin bəzi öhdəliklər götürməsinə çalışması da təsadüf deyildi. O, hesab edirdi ki, sənəddə region ölkələrinin Pekinin Sintszyan-Uyğur muxtar rayonu və Honkonqla bağlı siyasətinə, həmçinin Tayvan məsələsinə qarışmayacaqlarına dair bənd də olsun. Görünən odur ki, Cinpin istəyinə nail olub.

 

Ağızdan qaçırılan söz

Şübhəsiz ki, Çin MA ölkələri üçün Rusiya ilə balans yaradılması baxımından faydalıdır. Amma onun potensial yeni hegemon təhlükəsi də var. Bəzi çinli ziyalılar uzun illər Pekinin az qala bütün Qazaxıstan və Tacikistan ərazisinə iddialarından danışıblar. Bu yaxınlarda – apreldə isə Çinin Fransadakı səfiri Lu Şay Pekinin keçmiş Sovet respublikalarının suverenliyinə hörmət etmədiyini açıq şəkildə dilə gətirib. Diplomat bunu həmin ölkələrin «beynəlxalq hüquqda effektiv statusa malik olmamaları» ilə izah edib.

Pekin sonda bu şərhləri inkar edib, lakin MA liderləri üçün bu fərqli anlam verir: sanki Lu Pekinin real fikirlərini ağzından qaçırıb.

Odur ki, MA liderlərinin Si Cinpin ilə görüşə beyinlərində iki ziddiyyətli həqiqətlə yollandıqları aydındır: Pekinlə tərəfdaşlığın genişləndirilməsi hesabına iqtisadi fayda əldə edilməsi və Çinin regionda təhlükəli hegemona çevrilməsi potensialı.

Onların öz maraqlarını qoruya bilib-bilmədikləri, iqtisadi asılılıqla yanaşı, Çinin siyasi təsir dairəsinə də düşüb-düşmədikləri tezliklə məlum olacaq.



MƏSLƏHƏT GÖR:

106