Müəllif: İlqar VƏLİZADƏ
Türkiyədə keçirilmiş prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan rəqibi Kamal Kılıçdaroğlu üzərində inamlı qələbə qazandı. Bəzən ölkə liderinin seçilməsi, sadəcə, səsvermə nəticəsi yox, həm də tarixi seçim olur. Ərdoğanın qələbəsi bunu təsdiqləyir. O, ölkəyə tarixi dövrdə rəhbər seçilib və «Türkiyə Cümhuriyyəti» adlı gəminin sükanını inamla tutduğunu sübut edib.
Məlum olduğu kimi, seçicilərin 52,14%-i Ərdoğana, 47,86%-i isə onun rəqibinə səs verib. Maraqlıdır ki, artıq seçkinin ilkin nəticələrinin açıqlanması ilə Ərdoğan əksər dövlət başçılarından təbriklər almağa başlayıb ki, bu da səsvermənin nəticələrinin beynəlxalq səviyyədə legitim sayıldığının göstəricisidir.
Müxalifətin namizədi də mübarizəni davam etdirəcəyini deməklə, faktiki olaraq, məğlubiyyətini etiraf edib. Demək, Ərdoğana qarşı qurulmuş koalisiya artıq 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkisinə hazırlaşmağa başlayacaq.
Seçimi millətçilər edir
Türkiyə prezidenti postu uğrunda mübarizədə ikinci tur ərəfəsində xüsusi intriqa yaranmışdı. Əsas intriqa ilk turda üçüncü olmuş namizəd Sinan Oğanın ikinci turda kimi dəstəkləyəcəyi ilə bağlı idi. Məlum olduğu kimi, o, sağçı və ultrasağçı partiyalardan ibarət ATA Alyansını təmsil edirdi.
Sinan Oğan ilk turdakı məğlubiyyətdən sonra prezident vəzifəsinə iddialılara bir sıra şərtlər irəli sürmüşdü. O, şərtlərini müzakirə etmək üçün namizədlərlə görüşmüş, ikinci turda elektoratını kimə səs verməyə çağıracağını bu yolla müəyyənləşdirməyə çalışmışdı. Kılıçdaroğlunun kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) ilə əməkdaşlıqdan imtina etmək niyyətində olmadığına görə Oğan sonda hazırkı dövlət başçısını dəstəkləmək qərarına gəlmişdi. O, qərarını seçkiyə 1 həftə qalmış – mayın 22-də açıqlamışdı.
Qərar tamamilə gözlənilən idi. Almaniyanın «Sueddeutsche Zeitung» nəşri iddia edirdi ki, Türkiyənin növbəti prezidentinin kim olacağını məhz sağçıların səsləri müəyyənləşdirəcək. «Artıq kralları kürdlər yox, onların düşməni olan qatı sağçılar müəyyənləşdirir. İndi «millətçilərin hegemonluğu»ndan danışmaq olar», - deyə yazıda bildirilir.
Bu, müəyyən dərəcədə doğru fikirdir. İlk turdan sonra seçicilərin seçim spektri nəzərəçarpacaq dərəcədə dəyişmiş və aşkar millətçi çalar qazanmışdı.
Maraqlıdır ki, Türkiyədə millətçi siyasi spektrin maraqlarının əsas ifadəçisi nə Ərdoğandır, nə də Kılıçdaroğlu. Onlar əsasən koalisiyadakı müttəfiqlərinin dəstəyinə arxalanırlar. Prezidentliyə namizədlərin siyasi alyansların dayağını məhz millətçi partiyalar təşkil edir. Məsələn, Ərdoğanın başçılıq etdiyi Cümhur İttifaqında ikinci partiya Dövlət Bağçalının Millətçi Hərəkat Partiyasıdır (MHP). Kılıçdaroğlunun Millət İttifaqında isə millətçi elektoratın maraqlarını Meral Akşenerin İyi Partiyası ifadə edir. Yeri gəlmişkən, o, siyasi karyerasını MHP-də qurub, lakin partiya sədrliyinə seçkini uduzduqdan sonra 2017-ci ilin oktyabrında yenə də millətçi ideologiyaya əsaslanan öz siyasi təşkilatını qurub.
Sinan Oğan da 2017-ci ilədək MHP sıralarında yer alıb. Odur ki, ikinci turda millətçilərin dəstəyi olmadan heç bir namizədin keçinə bilməyəcəyi əvvəldən məlum idi.
Tarixə nəzər salsaq, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) üçün onu millətçi elektoratla yaxınlaşdıran dönüş anı 2015-ci ildə olub. O zaman kürdpərəst XDP 13%-dən artıq səs yığaraq, parlamentə düşmüşdü. Belə bir vəziyyətdə XDP-nin böyük nüfuza malik olduğu parlamentdə azlıqda qalmamaq üçün ƏİP MHP ilə koalisiya qurmaq qərarına gəldi. Amma Bağçalının islamçı ƏİP-lə birləşmə qərarı onun partiyasında parçalanmaya yol açdı. Nəticədə, bu qərarı dünyəvi düzəndən imtina sayan Meral Akşener köhnə
silahdaşlarından ayrılaraq, İyi Partiyanı yaratdı, Bağçalı isə əksinə, kifayət qədər çevik siyasətçi olduğunu və reallığı əsas götürdüyünü nümayiş etdirdi. Reallıq isə göstərirdi ki, neoislamçılarla millətçilərin səyləri birləşdirməsi elektoratı gücləndirəcək, bənzər ideyaların xarici siyasətdə önə çəkilməsini təmin edəcəksə, buna gedilməlidir. Belə bir vəziyyətdə Meral Akşenerin Ərdoğan-Bağçalı tandeminin rəqibi Kamal Kılıçdaroğlu ilə yaxınlaşmaqdan başqa yolu qalmadı və o, buna xüsusi həvəsli görünməsə də, belə qərar verdi.
Ziddiyyətli «altılıq»
Altı müxalifət partiyasından ibarət ittifaqın nə qədər ziddiyyətli olduğunu Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyasının (CXP) solçu qüvvələr və kürdlərin maraqlarını ifadə etməsindən də anlamaq mümkündür. İdeoloji baxımdan onun ruhuna kürdpərəst solçu XDP də yaxındır. İslamçı Səadət Partiyası isə əksinə, qatı sağçı, islamçı, üstəlik, antiavropa mövqeyi ilə tanınan təşkilatdır.
Alyansda yer alan digər iki siyasi hərəkat – Əhməd Davudoğlunun Gələcək Partiyası ilə Əli Babacanın Demokratiya və Sıçrayış Partiyası ƏİP-in «şinelindən çıxıb». Onlar iqtisadi liberallaşma və azlıqların hüquqlarının müdafiəsi ideyalarına sadiq avropapərəst siyasi təşkilatlar sayılırlar. Meral Akşenerin İyi Partiyası isə əksinə, açıq avropapərəst kursdan uzaq dayanmağı vacib sayır.
Aydındır ki, burada söhbət daha çox vəziyyətə uyğun qurulmuş ittifaqdan gedir və onların ortaq məqsədi Ərdoğanı hakimiyyətdən kənarlaşdırmaq, ölkənin mövcud siyasi sistemini dəyişməkdir. Daha dəqiq desək, bu ittifaq Türkiyədə keçmişdə mövcud olmuş parlament idarəçiliyi sisteminin bərpasını istəyir. Bu mənada, ittifaqın ömrü hazırkı prezident və onun partiyasının hakimiyyətdə nə qədər qalacağından daha çox asılıdır. Ərdoğan nə qədər hakimiyyətdə olacaqsa, «altılıq» o qədər davam edəcək.
Amma o, o qədər də möhkəm təsir bağışlamır. Sinan Oğanın Ərdoğanı dəstəkləyəcəyi məlum olar-olmaz, Gələcək Partiyasında ciddi dəyişikliklər başlayıb. Partiyanın 11 yüksəkrütbəli nümayəndəsi, o cümlədən təşkilatın yaradıcılarından olan şəxslər istefa verib, müxalifət alyansa müraciət ünvanlayaraq, onu vədlərə əməl etməməkdə günahlandırıblar.
Əli Babacanın Demokratiya və Sıçrayış Partiyasında da analoji, amma daha az əhəmiyyət daşıyan istefalar olub.
Belə bir vəziyyətdə Kılıçdaroğlunun seçkini uduzduğunu nəzərə alsaq, daha dramatik ssenariləri, hətta ayrı-ayrı partiyaların koalisiyadan ayrılacağını istisna etmək olmaz.
Seçkinin coğrafiyası
Səslərin bölünməsi coğrafiyasına nəzər salsaq görərik ki, Türkiyənin sahilyanı regionları, həmçinin Şərqi və Cənub-Şərqi Anadolunun əksər əyalətləri ənənəvi olaraq, müxalifətə səs verir. Bu, kürd azlığın kompakt yaşadığı bölgələrdir. Həmin bölgələrin seçimində bu dəfə də ciddi dəyişiklik olmayıb.
Bununla yanaşı, maraqlıdır ki, zəlzələdən əziyyət çəkən bölgələrin sakinləri də səsini Ərdoğana verib. Aydındır ki, burada həmin bölgələrin bərpası istiqamətində görülən miqyaslı işlər və Türkiyə liderinin ev-eşiyindən məhrum olmuş insanların böyük əksəriyyətinin gələn ilin əvvəllərində yeni evlərə köçürüləcəyinə dair vədi öz sözünü deyib.
Cənub-Şərqi Anadolunun inkişafı ilə bağlı uzunmüddətli proqramın (Güneydoğu Anadolu Projesi, GAP) 50-dən çox yaşı var. Lakin onun icrasında məhz hazırkı hakimiyyətin dövründə ciddi nəticələr əldə edilib. GAP çərçivəsində tikilmiş bəndlər ölkə iqtisadiyyatına, təxminən, 200 milyard lirə qazandırıb. Son illərdə burada yeni iş yerləri yaradılıb və buna, o cümlədən miqyaslı infrastruktur layihələri, yüz minlərlə hektar əkin sahələrinin istifadəyə verilməsi ilə nail olunub.
Yerli əhali dövlət investisiya proqramlarının qorunub saxlanılmasını və artırılmasını istəyir. Çünki onlar işsizliyi aradan qaldırır, regionun sosial-iqtisadi problemlərinin həllinə yardım edir. Mövcud hakimiyyətin davam etməsi isə yerli əhali üçün bu proqramlara hər hansı təhlükənin olmadığına dair özünəməxsus zəmanətdir.
Yeri gəlmişkən, səslərin bölünmə coğrafiyası göstərir ki, kürd regionlarının heç də hamısı müxalifətə səs verməyib. Ölkənin şərqində yaşayan kürdlərin bir hissəsi Ərdoğanın Şərqi və Cənub-Şərqi Anadolunun iqtisadi inkişafı ilə bağlı planlarını dəstəkləyib. Söhbət iqtisadi fəallığı stimullaşdıran, yeni iş yerlərinin yaranmasına imkan verən planlardan gedir. Onların islamçı kürd təşkilatları kontektsində birləşmiş digər hissəsi isə ƏİP-i artıq ideya müttəfiqi kimi dəstəkləyir.
Hakimiyyətin əleyhdarlarına gəlincə, onların əksəriyyəti iri sahilyanı şəhərlər və əyalətlərin sakinləridir. Bu, yüksək inflyasiyanın həmin bölgələrin sosial-iqtisadi vəziyyətinə təsiri ilə əsaslandırıla bilər. Hökumətin kredit dərəcələrinin azaldılması siyasəti istehlakı stimullaşdırsa da, istehlak inflyasiyası göstəricilərinin yüksəlməsinə səbəb olur. Türkiyədə illik qiymət indeksi 2022-ci ildə 64,27% təşkil edib. 2022-ci ilin sentyabrında isə illik inflyasiya ölkədə 1998-ci ildən bu yana ilk dəfə 85%-i ötüb.
Ərdoğanın faiz dərəcələrinin bir qədər də azaldılacağı vədi fonunda ötən ilin sentyabrında Türkiyə lirəsinin dəyəri dollara nisbətdə tarixin ən aşağı həddinə düşüb. Hökumətin iqtisadi siyasətinə artıq «Ərdoğanomika» adı da verilib.
Bu yanaşma daha çox neofişerizm nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyənin banisi amerikalı iqtisadçı İrvinq Fişerdir. O, iddia edirdi ki, inflyasiya hədəf səviyyəni aşdıqda və bunun əksi baş verdikdə Mərkəzi Banklar nominal faiz dərəcələrini artırmalıdır. Neofişeristlər isə əksinə, hesab edirlər ki, yüksək inflyasiya şəraitində faiz dərəcələri aşağı həddə saxlanılmalıdır. Bu siyasət bir tərəfdən istehlak xərclərini artırır, digər yandan isə inflyasiyaya yol açır.
Şəhər sakinləri üçün bu, həyatı bahalaşdırır, idxal olunan yanacağın bahalaşması fonunda isə onların xərcləri daha da artır. Üstəlik, urbanizasiya mərkəzlərində qiymətlər kənd rayonlarındakından kəskin dərəcədə fərqlənir.
Avropapərəst elektorat da ənənəvi dəyərlərin qorunub saxlanmasını istəyən, xarici siyasətdə daha çox müstəqilliyə can atan Ərdoğanla müqayisədə, Kılıçdaroğlunu dəstəkləməyə üstünlük verib.
Ola bilsin ki, 2024-cü ildə keçiriləcək növbəti bələdiyyə seçkiləri uzun illərdir müşahidə olunan nümunəni təkrarlasın - yerli özünüidarəetmə orqanlarına seçkilər prosesində səslərin yenidən bölüşdürülməsi ilə ölkədə siyasi paritet əldə olunsun. Ən azından yaxın illərdə ölkədə başqa seçkilər olmayacaq.
MƏSLƏHƏT GÖR: