Müəllif: NURANİ
Azərbaycanla Ermənistan arasındakı postmüharibə nizamlanmasında ağırlıq mərkəzi diplomatiyaya tərəf keçib. İki ölkənin şərti sərhədində mütəmadi silahlı təxribatların törədilməsinə, Qarabağın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin həmlə cəhdlərinə baxmayaraq, vəziyyəti kökündən dəyişmək, Bakını yeni müharibəyə təhrik etmək mümkün olmur.
Danışıqlar prosesinin hazırkı mərhələsi ATƏT-in Minsk qrupu çərçivəsində 44 günlük Vətən müharibəsi ərəfəsində aparılan danışıqlardan köklü şəkildə fərqlənir. Səbəb isə yalnız Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması məsələsini hələ 2020-ci ilin payızında həll etməsi deyil. İndi danışıqların tempi də diqqət çəkir: mayın 26-da Moskvada, iyunun 1-də Kişineuda keçirilmiş görüşlərin ardından artıq iyulun 21-də Avropa İttifaqının Brüssel sammiti çərçivəsində danışıqların növbəti raundunun olacağı anonsu verilib. Üstəlik, indi görüşlər «görüşmək xətrinə» keçirilmir. Tərəflər Azərbaycanın gələcək sülh müqaviləsi ilə bağlı təklif etdiyi 5 prinsip üzərində real danışıqlar aparır.
Kişineu raundu – kadr arxasında nələr var?
44 günlük müharibənin başa çatmasından sonrakı danışıqların heç bir raundu Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Kişineu görüşü qədər qəti və bir-birinə zidd proqnozlarla müşahidə olunmamışdı. Bəziləri Moldova paytaxtında az qala yekun sülh müqaviləsinin, yaxud hansısa sülh razılaşmasının imzalanacağını deyirdi, digərləri ümumiyyətlə, danışıqların baş tutacağını şübhə altına alırdı.
Görüş isə baş tutdu. Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev «Twitter» sosial şəbəkəsində yazıb ki, «Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb».
Kartları ənənəvi olaraq yekun bəyanatla çıxış edən Şarl Mişel də bir qədər açıb: «Biz mayda Brüsseldə müzakirə etdiyimiz bütün mövzulara toxunduq – kommunikasiyalar, təhlükəsizlik və hüquq, sərhədlərin delimitasiyası, sülh müqaviləsi». Ş.Mişel bildirib ki, «bu görüş iyulun 21-də Brüsseldə aparılacaq növbəti danışıqlara yaxşı hazırlıq oldu». «Biz Aİ olaraq, kömək, yardım göstərmək, münasibətlərin normallaşdırılmasında daha ciddi irəliləyişlərə nail olmaq üçün əlimizdən gələni edəcəyik», - deyə o, vurğulayıb.
Moldova paytaxtında aparılmış danışıqların nəticələrini müxtəlif cür qiymətləndirmək olar. Kimlərəsə o, «məhsuldar heç-heçə» kimi, kimlərəsə sülhə aparan çətin yolda vacib mərhələ kimi görünə bilər. Amma onun nəticələrinə real qiymət vermək üçün bir qədər geri – Aİİ-nin Moskva sammitinə qayıtmaq lazımdır.
Paşinyan ağzından nə qaçırdı?
Burada daha çox sammitin özünü, hətta cəmi 20 dəqiqə sürmüş və hər hansı birgə sənədin imzalanmadığı üçtərəfli görüşü xatırlamaqdan çox Paşinyanın Azərbaycan Prezidenti ilə «söz atışması» cəhdinə diqqət yetirmək yerinə düşər. Çünki bu, vəziyyətlə bağlı daha çox informasiya verir.
Gah Zəngəzur dəhlizindən, gah İlham Əliyevin erməni işğalından azad edilmiş ərazilərdə tikilmiş aeroportlar haqda dediklərindən danışan Paşinyanın müvazinətinin niyə pozulduğunu demək çətindir. Lakin fakt odur ki, reqlamenti pozan baş nazir Zəngəzur dəhlizini heç bir əlaqə olmadan… Ermənistana qarşı ərazi iddiaları ilə əlaqələndirməyə çalışıb. Azərbaycan Prezidentinin ona cavabı sərt olub: «Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim «dəhliz» sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq «Şimal-Cənub» dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə «Şərq-Qərb» dəhlizinə münasibətdə də istifadə olunur. «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar, yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər». Bundan sonra daha bir neçə «həmlə» və cavab olub, nəhayət, söhbətə qarşıdakı üçtərəfli görüş haqda düşünmək məcburiyyətində olan Putin son qoyub.
Paşinyanın səriştəsizliyi və həmsöhbətinin sözlərindən orada olmayan məna çıxarmaq cəhdləri ilə yanaşı, daha bir vacib məqam vurğulanmalıdır. O, İlham Əliyevlə «söz atışması»nda istəmədən ağzından bəzi sözlər qaçırıb. Ermənistan ortaya «etnik təmizləmə», «soyqırımı», «blokada» və s. kimi fikirlər atmaqla, Azərbaycana beynəlxalq təzyiqlərin göstərilməsinə ciddi cəhdlər edir, bununla da, Bakının Laçın rayonunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsini sökəcəyini düşünürmüş. Qeyd edək ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarına dair vədi belə, birmənalı səslənmir. O, bu məsələni alver vasitəsinə çevirməyə çalışır, əvəzində nə az, nə çox – Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra orada «beynəlxalq mexanizmlər»in qurulmasına, «beynəlxalq missiya»nın yerləşdirilməsinə nail olmaq istəyir.
Alınmır. Ermənistanın hansısa xarici oyunçularla ilkin razılaşmalar əldə edib-etmədiyini demək çətindir. Hər halda, Avropa İttifaqının Ermənistana missiya göndərməsi nələrdənsə xəbər verir. Amma həyat göstərir ki, razılıq Fransa və ya Avropa İttifaqı deyil, Azərbaycanla olmalıdır. Azərbaycanın isə öz «qırmızı xətt»i var və bu, birmənalıdır.
Laçın: son şans?
28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın rayonuna səfər edib. Orada dövlət başçısı iki elektrik yarımstansiyasının açılışını edib, çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoyub, Aqro və Sənaye parkında, həmçinin Laçının turizm infrastruktur obyektlərində aparılan işlərlə tanış olub.
Əlamətdar hadisə Laçına qayıtmış ilk 20 keçmiş məcburi köçkün ailəsinə mənzillərin təqdimatı olub. Erməni işğalından azad olunmuş şəhərə həyat qayıdır.
Prezident İlham Əliyev məhz bu mərasimdə Qarabağ separatçılarına birmənalı ismarışlar göndərib: «Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. «Miatsum» kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə». Dövlət başçısı çıxışına belə davam edib: «Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağda – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə «parlament» buraxılmalıdır, özünü «prezident» adlandıran ünsür təslim olmalıdır, bütün «nazirlər», «deputatlar» və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər».
Azərbaycan Prezidentinin bu bəyanatına İrəvandan və separatçıların başçılarından kifayət qədər həyəcanlı reaksiyaların gələcəyi gözlənilən idi. Bəli, Ermənistan yenidən mifik «etnik təmizləmə», «soyqırımı» haqda fəryad etməyə başlayıb. Amma Azərbaycanın ünvanına tənqid gözlədikləri ABŞ-dan məsələyə tam əksinə, müsbət reaksiya gələcəyinə isə ermənilər hazır deyildilər. Necə olmalı idi ki?! Axı prezident amnistiya təklif edir! Nəticədə, İrəvan və Xankəndidəki separatçılar ABŞ-dan inciyib, amma bu, nəyisə dəyişmir. Bunu yenə də Azərbaycanın müəyyənləşdirdiyi gündəlik üzrə keçən Kişineu danışıqları da göstərib.
MƏSLƏHƏT GÖR: