Müəllif: Samir VƏLİYEV
Son günlər beynəlxalq ictimaiyyətin diqqəti tam şəkildə yenidən Ukraynaya yönəlib. Buna iki hadisə səbəb olub: Ukrayna ordusunun gözlənilən əks-hücuma başladığını göstərən aşkar əlamətlər və Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin partladılması nəticəsində min hektarlarla ərazinin su altında qalması, yüzlərlə ailənin ev-eşiyini tərk etmək məcburiyyətində qalması.
USQ aktiv fəaliyyətə keçir
İyunun 5-də dünyanın informasiya agentliklərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhə xəttini bir neçə hissədən yardığına dair xəbərlər yayılıb. Ukrayna hökuməti anonsu çoxdan verilmiş əks-hücum əməliyyatına başladıldığı faktını rəsmən təsdiqləməsə də, əksər KİV baş verənləri məhz belə qiymətləndirib. İddialar Ukrayna hərbçilərinin ciddi şəkildə minalanmış əraziləri keçməsinə, ilk sutkadaca cəbhənin bir neçə istiqamətində 5-10 kilometr irəliləməsinə əsaslanır. Ekspertlər hesab edir ki, Ukrayna ordusu quru dəhlizi kəsərək, hücumu Mariupol, Melitopol və Rusiyanın nəzarətində olan digər ərazilərədək davam etdirə bilər.
Elə həmin gün prezident Vladimir Zelenski USQ-nin ünvanına təriflər yağdırıb. Bunun ardınca hərbi əməliyyatların aktivləşməsinin Kiyevin çoxdan gözlənilən əks-hücumun başlanğıcı olduğuna dair fikirlər daha da çoxalıb. Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırkin bildirib ki, ordu «Baxmutun altında irəliləməkdədir».
Rusiya tərəfi isə deyilənləri təkzib edib, Ukraynanın əks-hücum cəhdinin qarşısının alındığını bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, son günlər ərzində Rusiya qoşunları Cənubi Donetsk istiqamətində bir neçə miqyaslı əks-hücumun qarşısını alıb, nəticədə, Ukrayna ordusu ciddi itki verib.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə bildirib ki, Kiyev cəbhənin müxtəlif istiqamətlərində «əks-hücum əməliyyatları həyata keçirir», lakin bu, «miqyaslı əməliyyatın bir hissəsi deyil».
Baş verənlər ətrafında intriqa Zelenskinin Kanadanın baş naziri Castin Tryudo ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında söylədiklərindən sonra da davam edib. «Əks-hücum və müdafiə əməliyyatları keçirilir, amma onların hansı mərhələdə olduğu haqda detallı danışmaq istəmirəm. İndi hamı pozitivə köklənib», - deyə o, qeyd edib.
Hərbi əməliyyatların keçirildiyi bölgələrdən gələn informasiyalara əsaslanan ekspertlər və analitiklər hesab edirlər ki, USQ, həqiqətən də, əks-hücuma başlayıb, sadəcə o, böyük minalı ərazilərin keçilməli olduğu, eyni zamanda müdafiə xəttində möhkəmləndirmə işlərinin aparılması üzündən ləng gedir.
Ukrayna telekanallarının əks-hücuma başlanıldığı xəbərinin yayılmasından bir gün əvvəl yaydığı görüntülərdə bir neçə ukraynalı əsgər tam hərbi hazırlıq vəziyyətində barmağını dodaqlarına yaxınlaşdırır və ekranda bu sözlər yazılır: «Planlar sakitliyi sevir. Start elan olunmayacaq». Bunun ardından səmada hərbi təyyarələr peyda olur və qarşı tərəfə şığıyır…
Bununla yanaşı, bəzi ekspertlər düşünürlər ki, söhbət həlledici zərbə öncəsi vəziyyətin miqyaslı şəkildə «test edilməsi»ndən gedir. Onların fikrincə, cəbhə xətti boyunca müxtəlif istiqamətlərdə hərbi əməliyyatların aktivləşməsi məhz bunun göstəricisidir.
Bunun həqiqətən belə olub-olmadığını yaxın vaxtlarda biləcəyik.
Kaxovka faciəsi
İyunun 6-da Kaxovka SES-in bəndi partladılıb. Nəticədə, nəinki yaxınlıqdakı yaşayış məntəqələri, həm də Rusiyanın Dneprin sol sahilindəki istehkam qurğuları su altında qalıb. Kiyevdə hesab edirlər ki, bu, USQ-nin cənub-şərq istiqamətində gözlənilən əks-hücumunun qarşısını almağa çalışan Rusiyanın əməlidir. Qarşı tərəf isə iddia edir ki, partlayışın törədilməsində məqsəd Rusiyanın Dneprin sol sahilindəki mövqelərinin su altında qalması, bununla da onun Xerson vilayətindəki müdafiə xəttinin zəiflədilməsidir.
Zelenski bildirib ki, hadisə əks-hücuma başlanılması imkanlarını məhdudlaşdırmayıb. Bununla yanaşı, infrastruktura, ən əsası isə təbiətə dəhşətli zərbə dəyib.
Məsələ ondadır ki, Kaxovka SES-in bəndinin uçması nəticəsində təbiət və insanlar üçün təhlükəli maddələrin saxlandığı anbarlar, həmçinin Sibir xorasından qırılmış mal-qaranın basdırıldığı ərazi də su altında qalıb. Bu, daşqının baş verdiyi bölgəni xüsusi təhlükəli əraziyə çevrib.
Dünya ictimaiyyətinin məsələyə reaksiyası özünü çox gözlətməyib. BMT-nin baş katibi Antoniu Qutyerreş bildirib ki, SES-in bəndinin partladılması «Rusiyanın Ukraynaya təcavüzünün daha bir dağıdıcı nəticəsidir». Almaniya kansleri Olaf Şolts isə deyib ki, stansiyanın dağıdılması «Rusiya-Ukrayna müharibəsinə yeni ölçü gətirəcək». Qutyerreş kimi, o da baş verənlərə görə məsuliyyəti birbaşa Rusiyanın üzərinə qoymasa da, bildirib ki, baş verənlər «Rusiya prezidenti Vladimir Putinin müharibəni necə apardığını göstərən məqamlardandır».
Ukraynanın dövlət başçısı isə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə BMT-ni Ukraynanın Kaxovka SES-lə bağlı sorğularına cavab vermək istəməməkdə, hadisəyə həddindən artıq diplomatik yanaşmaqda günahlandırıb. Bununla yanaşı, o, faktiki olaraq hər iki təşkilatı fəaliyyətsizlikdə ittiham edib, onların hələ də hadisə yerinə nümayəndə göndərmədiklərini bildirib. Zelenski bir sıra dövlət rəhbərlərini də tənqid atəşinə tutub, deyib ki, onlar faciəyə etinasız yanaşır, «Moskvanın törətdiyi bu terror aktını pisləmirlər».
Görünür, hadisənin əsl səbəbini tezliklə öyrənə bilməyəcəyik. İyunun 7-nə keçən gecə BMT Təhlükəsizlik Şurası bu hadisə ilə bağlı toplantı keçirib. Səhəri gün BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin əməkdaşları vəziyyəti yerində qiymətləndirmək üçün Xersona yollanıblar. Bundan başqa, yardımların yerli hökumət qurumları ilə koordinasiyası ilə məşğul olan daha 5 agentlik və qeyri-hökumət təşkilatının üzvləri də Xersona gəliblər.
Təcrübə göstərir ki, belə hallarda hadisənin əsl səbəbinin üzə çıxarılmasına aylar lazım gəlir. Və bu səbəblərin hər şeyə aydınlıq gətirəcəyinə də zəmanət yoxdur. «Şimal axını-1» boru xəttinin partladılması zamanı olduğu kimi…
Əks-hücum – bu, yalnız başlanğıcdır
Ukrayna tərəfinin cəbhənin ayrı-ayrı hissələrində lokal hücum əməliyyatları keçirmək cəhdləri Rusiya qoşunlarının ciddi müqavimətilə qarşılaşır. Bunu Qərbin aparıcı KİV də təsdiqləyir. CNN amerikalı məmurlara istinadən xəbər verir ki, Ukrayna ordusu həm ağır texcnika, həm də canlı qüvvə itirir. Bu, Rusiya tərəfinin müdafiə xəttini yaxşı möhkəmləndirməsi və əraziləri minalaması ilə izah olunur.
Bununla yanaşı, Baxmutda bir neçə rayonun nəzarətə götürüldüyü bildirilir və deyilir ki, bu, gələcək hücum üçün əlverişli şərait yarada bilər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov cəbhədəki hərbi aktivlikdən danışarkən USQ-nin əks-hücum mərhələsinə başladığı haqda deyilənləri təkzib edib. Ukrayna tərəfi bildirir ki, söhbət mövqe döyüşlərindən gedir və dolayısı ilə əks-hücuma hazırlıq hələ davam edir. Eyni zamanda, ukraynalı ekspertlər USQ-nin Kaxovka SES-in cənub-şərqində, Zaporojye vilayətinin Orexov şəhəri istiqamətindəki hücum xəritələrini həvəslə paylaşırlar.
Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri iddia edirlər ki, əks-hücum cəbhənin 4 hissəsində həyata keçirilir. Xüsusi şiddətli döyüşlərin Baxmut və Donetsk istiqamətlərində getdiyi bildirilir.
Bu arada, məlum olub ki, kontr-admiral Mixail Ostroqradski adına dəniz piyadalarının 35-ci əlahiddə briqadasının hərbçiləri Donetsk vilayətinin Velikonovosyolkovsk rayonunun Storojevoye kəndini azad edib. Bu, son hərbi əməliyyatlar çərçivəsində əldə olunmuş ilk ciddi nailiyyətdir.
Baş verənlər fonunda iyunun 9-da «Rusiya Federasiyasının Avropada adi silahlı qüvvələrə dair müqaviləni ləğv etməsi haqqında» Qanun qüvvəyə minib. Rusiya prezidenti onu mayın 29-da imzalamışdı. Məlum olduğu kimi, bu sənəd iştirakçı ölkələrin üzərinə beş kateqoriyadan olan adi silahların sayı ilə bağlı məhdudiyyət öhdəliyi qoyurdu: döyüş tankları, hərbi zirehli maşınlar, artilleriya, hərbi təyyarələr və hərbi vertolyotlar.
Moskva isə bildirirdi ki, 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmiş müqavilə Qərb dövlətləri tərəfindən ratifikasiya olunmamışdı və praktik olaraq, ona heç zaman əməl edilməyib. Ukrayna müharibəsi şəraitində tərəflərin münaqişə zonasında silahlanmanı gücləndirdiyi vaxtda isə onun heç bir mənası qalmır.
Bununla yanaşı, NATO-nun mənzil-qərargahında fərqli mövqedədirlər. Orada hesab edirlər ki, uzun illər ərzində müqavilənin yaratdığı öhdəliklərə məhz Rusiya əməl etməyib. Məsələn, 2007-ci ildə o, heç bir hüquqi əsas olmadan sənədin reallaşdırılmasını dayandırıb. Rusiya-Ukrayna müharibəsi və Belarusun onda iştirakı isə ümumiyyətlə, sənədin məqsədləri ilə ziddiyyət təşkil edir.
NATO Moskvanın qərarına cavab olaraq bəyan edib ki, qurum hərbi risklərin azaldılması, anlaşılmazlıqların və münaqişələrin qarşısının alınması, inam və etimadın gücləndirilməsi, bununla da sülh və təhlükəsizliyə töhfə verilməsi prinsiplərinə sadiqdir. Qurumdan o bildirilib ki, müttəfiqlər Rusiyanın müqavilədən çıxmasının mümkün fəsadları, onun Şimali Atlantika Alyansının təhlükəsizliyinə mümkün təsiri ilə bağlı məsləhətləşmələri davam etdirirlər.
Alyansdan verilən açıqlamalardan o da bəlli olur ki, NATO yaranmış vəziyyətə yalnız sözdə reaksiya ilə kifayətlənməyi düşünmür. Blok iyunun 13-23-də Almaniyada tarixinin ən miqyaslı hərbi-hava təlimini («Air Defender 23») keçirir və bu, üzv dövlətlərin üzləşəcəkləri hərbi risklərə birlikdə effektiv cavab hazırlamağa hazır olduqlarını göstərir.
Aydındır ki, mesaj Moskvaya ünvanlanıb. Yalnız onu qeyd etmək kifayətdir ki, təlimdə 25 ölkədən 10 min hərbçi, həmçinin 250 hərbi təyyarə iştirak edir. Yalnız ABŞ təlimə Milli Qvardiyadan 2 min hərbçi və təxminən 100 təyyarə göndərib.
Görünür, NATO münaqişənin coğrafiyasının genişlənə, ona Alyans üzvlərinin də cəlb oluna biləcəyini düşünməyə başlayıb. Təlimin ssenarisinə görə, üzv dövlətlər onlardan hər hansına ediləcək hücuma reaksiyanın modelini hazırlamalıdırlar.
Bu ssenarinin yaxın gələcəkdə gerçəkləşmə ehtimalının nə qədər olduğunu söyləmək çətindir. Lakin USQ-nin əks-hücumunun nəticələrini təxmin etməyin mümkün olmadığı, beynəlxalq təhlükəsizlik sisteminin tam eroziyaya uğradığı bir şəraitdə heç nəyi istisna etmək olmaz.
MƏSLƏHƏT GÖR: