24 Noyabr 2024

Bazar, 07:01

BÜROKRATLAR VƏ TEXNOKRATLAR

Ərdoğan yeni komandasını hansı meyarlara görə formalaşdırıb?

Müəllif:

15.06.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibini açıqlayıb. Ciddi müzakirə və təhlillərə mövzu olan yeni komanda bir sıra xüsusiyyətlərinə görə diqqət cəlb edir.

İlk növbədə, qeyd edək ki, parlament seçkilərində namizəd olmamış səhiyyə naziri Fəxrəddin Qoca, həmçinin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy istisna olmaqla, hökumət üzvlərinin hamısı yenilənib. Bir sıra müşahidəçilərin fikrincə, Ərdoğan deputat seçilmiş nazirlərdən bəzilərini ötən seçkilərdən fərqli olaraq, bu dəfə hökumətə daxil etməməsinin səbəblərindən biri AKP-nin parlamentdəki mandat sayının əvvəlki illə müqayisədə az olması və parlament çoxluğunu qoruyub saxlamaq istəyi olub.

 

Bürokrat-texnokrat komandası

Digər tərəfdən bununla Ərdoğan seçkilərdən əvvəl elan etdiyi kimi, kabineti böyük ölçüdə yeniləyib. Əvvəlkindən fərqli olaraq, Türkiyənin yeni hökumətində, demək olar ki, heç bir siyasətçi yoxdur, əksəriyyəti bürokrat və texnokratdır. Yeni hökumətə parlamentdən, yəni birbaşa siyasətdən gələn bir neçə nəfər var. Onlardan biri vitse-prezident Cövdət Yılmazdır. O, ciddi siyasi karyerası olan şəxsdir. 2011-2015-ci illərdə Türkiyənin inkişaf naziri, 2015-ci ildə formalaşdırılmış hökumətdə baş nazir müavini olan Yılmaz AKP sədrinin müavini və 27 çağırış parlamentdə Plan və büdcə komissiyasının sədri olub. Siyasi karyerası ilə yanaşı, Yılmaz eyni zamanda iqtisadçıdır, yeni maliyyə naziri Məhmət Şimşəyə yaxın şəxs hesab olunur. Bu, həm də yeni hökumətdə iqtisadi blokun prioritet təşkil edəcəyini göstərir.

Yeni hökumətdə siyasətdən gələn ikinci şəxs 5 dəfə deputat seçilmiş ədliyyə naziri Yılmaz Tunç olub. Eyni zamanda buna qədər Böyük Millət Məclisində            Ədliyyə komissiyasının sədri, AKP fraksiyasının sədr müavini postlarını tutub.

Hökumətə siyasət və bürokratiyadan “transfer” olan daha iki şəxs ticarət naziri Ömər Bolat və əmək və sosial təhlükəsizlik naziri Vedat İşıkhan olub. Ö.Bolat buna qədər MÜSAİD (Müstəqil Sənayeçi və İş adamları Dərnəyi) sədri və AKP İdarə Heyətinin üzvü idi. V.İşıkhan isə Türkiyə Prezident Administrasiyasında sosial siyasət qurumunun üzvü olub.

Bu arada, Türkiyənin yeni Nazirlər Kabinetinin yeganə qadın üzvü Mahinur Özdemir Göktaşdır.  2019-cu ildən Türkiyənin Əlcəzairdəki səfiri postunu tutub. O, 2009-cu ildə Belçikanın Xristian Demokrat Partiyasından bu ölkənin parlamentinə deputat seçilmişdi.  

Yeni hökumətdə yer alan nazirlərin bir neçəsi isə bundan əvvəlki hökumətlərdə nazir və ya nazir müavini postlarını tutub. Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bundan əvvəlki hökumət kabinetində nazir müavini postlarında təmsil olunublar. Yəni başqa sözlə, onlar “kənardan deyil, içəridən təyinat alanlardır”.

Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu da müəyyən mənada eyni sistemin adamı sayıla bilər. Belə ki, buna qədər Uraloğlu Avtomobil Yolları İdarəsinə rəhbərlik edib.

Eyni şəkildə təhsil naziri vəzifəsi Yusuf Təkinə həvalə olunub. O, təhsil nazirinin müavini (2013-2018) və HBV Universitetinin rektoru vəzifələrində çalışıb.

 

Təhlükəsizlik və xarici siyasətdə yeni era

Ərdoğan 2018-ci ildə olduğu kimi bu dəfə də müdafiə naziri postuna baş qərargah rəisini gətirib. O, ordu generalı Yaşar Güləri müdafiə naziri təyin edib. Xatırladaq ki, 2018-ci ildə də müdafiə naziri postuna ozamankı baş qərargah rəisi ordu generalı Hulusi Akar təyin olunmuşdu. H.Akar hazırda deputatdır.

Ərdoğan 2016-cı ildən bu yana daxili işlər naziri postunu tutan Süleyman Soylunu yeni kabinetə daxil etməyib. Doğrudur, Soylunun geri dönəcəyi ilə bağlı mətbuatda və sosial mediada çoxlu spekulyasiyalar olub. Lakin prezident Ərdoğan daxili işlər naziri postuna daha əvvəl daxili işlər və səhiyyə nazirliklərində müxtəlif postlar tutmuş, bir sıra vilayətlərdə vali və son 5 ildə İstanbul valisi vəzifəsində çalışmış Əli Yerlikayanı təyin edib.

Hökumətin əsas strateji postlarından biri hesab olunan xarici işlər naziri vəzifəsinə isə 13 ildir Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edən Hakan Fidan təyin olunub. O, MİT rəhbəri postunda olduğu illərdə xarici siyasətdə aktiv olub. H.Fidan son illərdə Ankaranın Qahirə və Dəməşqlə münasibətlərinin normallaşması prosesinə rəhbərlik edib. Onun Xarici İşlər Nazirliyinə rəhbər təyin olunması onu deməyə əsas verir ki, Türkiyə region ölkələri, o cümlədən İranla aktual problemlərin həllinə daha çox diqqət yetirəcək.

Yəqin ki, ən çox rezonans doğuranlar təyinatlardan biri də Məhmət Şimşəyin maliyyə və xəzinə naziri postuna təyinatı sayıla bilər. O, 2007-2018-ci illər arasında Türkiyə hökumətində maliyyə naziri və daha sonra iqtisadiyyat sahəsinə cavabdeh baş nazir müavini postunu tutub və daha əvvəl isə Qərb ölkələrində uğurlu maliyyəçi karyerasına sahibdir. Seçkilərdən əvvəl Ərdoğan iki dəfə Şimşəklə görüşərək hökumətdə post təklif etsə də, ikinci imtina etmişdi. Ancaq görünür ki, seçkilərdən sonra üçüncü dəfə Şimşəklə görüşən Ərdoğan onu maliyyə naziri postuna razı salıb. Türkiyə mətbuatının yazdığına görə, onun Türkiyə üçün belə həlledici məqamda vəzifəyə başlaması prezidentin ona tam müstəqillik və öz komandasını yaratmaq hüququ verəcəyi vədi ilə bağlı olub.

Mehmet Şimşəyin maliyyə naziri təyin olunması Türkiyədə iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı ümidləri artırıb. Çünki Şimşək daha əvvəl maliyyə sahəsində yaxşı nümunə ortaya qoyub, Qərb maliyyə institutları ilə ciddi əlaqələrə malik kadrdır. Şimşekin Qərb maliyyə qurumlarını yenidən Türkiyəyə cəlb edə biləcəyi güman edilir.

Bundan başqa, Hakan Fidanın qalan vakant vəzifəsinə prezident onun mətbuat katibi və on ilə yaxın xarici siyasət üzrə baş müşaviri vəzifələrində çalışmış İbrahim Kalını təyin edib. Kalın daha əvvəl prezident administrasiyasına tabe olan bu qurumların fəaliyyətinə nəzarət etdiyi və Hakan Fidana yaxın adam hesab edildiyi üçün bu təyinat kəşfiyyat və xarici işlər orqanlarının birgə işinin davam etdiyinə sübutdur.

 

Yeni, qalmaqaldan uzaq komanda

Qeyd edildiyi kimi, Ərdoğanın yeni kabineti siyasi proseslərdən uzaq olan, böyük qalmaqallara qarışmayan bürokrat və ekspertlərdən ibarətdir. Komandanın əksər üzvləri Qərbdə təhsil almış və ya elmi iş müdafiə etmiş şəxslərdir. Bundan başqa, seçkilərə qədər qatı antiqərb ritorikası ilə seçilən Süleyman Soylu, Mövlud Çavuşoğlu kimi şəxslərin yeni komandada yer almaması qarşıdakı dövrdə Qərblə əlaqələrin yumşalmasına işarədir.

Komandanın iqtisadi blokunun qarşısında duran əsas vəzifə ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq, Qərb investorlarını cəlb etmək və nəticədə, kəskin inflyasiyanın qarşısını almaqdır.

Xarici siyasət və təhlükəsizlik sahəsində prioritet isə Qərb ölkələri də daxil olmaqla, xarici əlaqələri inkişaf etdirmək, xüsusən də qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq, Misir, Suriya, Fars körfəzi ölkələri ilə barışıq prosesini sürətləndirmək olacaq.

Nəhayət, ən əsası yeni komandada ciddi siyasi iddiaları olan, digər siyasi qüvvələrlə yaxınlığı olan şəxslər, demək olar ki, yoxdur. Komanda Ərdoğana sadiqdir və çalışqandır. Bu isə həm də növbəti 5 illik üçün hazırlıqdır. Çünki növbəti seçkilər Türkiyədə parlament və prezidentin dəyişməsi ilə nəticələnəcək. Başqa sözlə, qarşıdakı 5 ildə həm də Ərdoğanın siyasi varisi və AKP-nin gələcəyi müəyyən olunacaq. Bu mənada hökumətin yeni komandası çox diqqətlə seçilib.



MƏSLƏHƏT GÖR:

111