Müəllif: Natiq NAZİMOĞLU
ABŞ-da 2024-cü ilin noyabrına təyin olunmuş prezident seçkisi yaxınlaşdıqca, daxili siyasi mübarizə qızışır. Sabiq prezident Donald Trampın məhkəmə prosesinə də onun tərkib hissəsi kimi baxılır.
İş məhkəməlikdir
Birləşmiş Ştatların 45-ci prezidenti məxfi sənədləri qeyri-qanuni saxlamaqda, onları gizlətməkdə, istintaqın işinə mane olmaqda və yalan ifadə verməkdə ittiham olunur. Söhbət, məsələn, ABŞ-ın nüvə proqramına, onun və müttəfiqlərinin müdafiə potensialına, ABŞ-a hücum ediləcəyi təqdirdə planlaşdırılan cavab zərbələrinə dair sənədlərdən gedir.
İttiham tərəfi hesab edir ki, Trampın məxfi sənədlərə etinasız yanaşdığı, Nyu-Cersidəki qolf klubunun qonaqlarına gizli xəritələri, həmçinin Amerikanın İrana mümkün hücum planını göstərdiyi istisna deyil. Yəni Trampın əməlləri hələ 1917-ci ildə qəbul olunmuş Casusluq haqqında Aktın maddələrinə ziddir. Sənəd milli təhlükəsizliyə dair məxfi informasiyaların qeyri-qanuni saxlanılması və açıqlanmasına görə cəza nəzərdə tutur. Üstəlik, ittiham maddələrinin hər biri üzrə (onların sayı 30-dan çoxdur) söhbət 10 ilədək həbsdən və 250 min dollar cərimədən gedir.
Tramp formal olaraq həbs edilib, Mayamidə məhkəmə qarşısına da çıxarılıb. Lakin tezliklə «qaçmağa meyilli olmadığı üçün» sərbəst buraxılıb. Proses özü isə aylarla çəkə, hətta 2024-cü ilin prezident seçkisinədək təxirə salına da bilər. Federal məhkəmədə ittiham hökmünün çıxarılması üçün isə prisyajnılar prokurorların təqdim etdikləri sübutların əsaslı olduğuna dair yekdil rəyə gəlməlidirlər.
İstənilən halda, Donald Tramp vəzifə başında olarkən və ya sonradan cinayətdə ittiham edilən ilk ABŞ prezidentidir. O özü irəli sürülən bütün ittihamları rədd edib, özünü günahkar saymadığını bildirib. Bundan başqa, Tramp məhkəmə prosesini siyasi təqib, ona qarşı irəli sürülmüş ittihamları isə «seçki prosesinə ən yüksək səviyyədə müdaxilə», «hakimiyyətdən sui-istifadənin dəhşətli nümunəsi» adlandırıb.
Respublikaçılar Partiyası tərəfdarlarının əksəriyyəti əmindir ki, Trampa qarşı açılmış cinayət işi siyasi xarakterlidir. Məqsəd onun yenidən ABŞ prezidenti seçilməsinin qarşısının alınmasıdır. «Trampçılar» xatırladırlar ki, vaxtilə Barak Obama administrasiyasının dövlət katibi Hillari Klinton xidməti yazışmasını öz serverində saxlasa da, cinayət məsuliyyətinə cəlb edilməmişdi. Obamanın dövründə vitse-prezident olmuş Baydenlə bağlı da bənzər hal yaşanıb. Demokratlar administrasiyasının səlahiyyət müddətinin bitməsindən sonra Bayden məxfi hökumət sənədlərini Vaşinqtondan çıxarıb və öz evində saxlayıb. Bu fikirləri rədd edən demokratlar isə Baydenin sənədləri tez bir zamanda geri qaytardığını deyirlər. Tramp isə federal hökumətin tələbindən sonra belə, sənədləri qaytarmaqdan imtina edib.
Maraqlıdır ki, Trampın sözügedən sənədləri hansı səbəbdən özündə saxladığı sualının cavabı hələ də məlum deyil. Bəzi fikirlərə görə, təpədən dırnağa qədər iş adamı, sövdələşmə həvəskarı və peşəkarı olan Tramp düşünüb ki, o, hansısa mərhələdə siyasi mübadilə üçün həmin sənədlərdən istifadə edə bilər. Amma bu, onun ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edilməsilə nəticələnib. Amma bu çəkişmədə eks-prezidentin baş verənləri siyasi təqib kimi qiymətləndirməsinə imkan verən daha bir süjet peyda olub. Söhbət prezident Baydenin oğlu, 100 min dollardan artıq vergidən yayındığını etiraf etmiş Hanterin işindən gedir. Hanter Bayden doğma ştatı olan Delaver prokurorluğu ilə öz günahını etiraf edəcəyinə dair sövdələşməyə də gedib, bu isə ona həbsdən qaçmaq imkanı yaradır. ABŞ-da belə razılaşmalara o zaman gedilir ki, qanun pozuntusunda zorakılıq halı olmasın, eyni zamanda müttəhimin psixoaktiv maddələr qəbul etdiyi sübuta yetirilsin (bu halda söhbət Hanterin narkotikdən asılılığından gedir).
Donald Tramp hazırkı dövlət başçısının oğlu ilə istintaq arasında əldə olunmuş razılaşmanı sərt tənqid edib: «Bu, sistem üçün, Amerika üçün biabırçılıqdır! Ədalətsizlikdir! Bu, prokurorluğun yol verdiyi qanunsuzluq və seçkiyə müdaxilədir!»
Respublikaçılar Partiyasının liderləri Trampın narazılığını bölüşürlər. Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkartni deyib: «Biz Amerikada ikili sistem müşahidə edirik. Sən prezidentin əsas rəqibisənsə, Ədliyyə Nazirliyi səni həbsə atmaq üçün əlindən gələni edir. Yox, əgər prezidentin oğlusansa, istintaqla sərfəli razılaşmaya gedə bilirsən». Makkartni respublikaçı konqresmenlərin Bayden ailəsi ilə bağlı araşdırmaları davam etdirəcəyini də deyib.
Bütün bunların fonunda hazırkı və sabiq prezidentlərin 2024-cü ildə keçiriləcək seçkidə zəfər qazanmaq şanslarına necə təsir göstərəcəyi, ümumiyyətlə, təsir göstərib-göstərməyəcəyi ən aktual suallardandır.
Şanslar
Hüquqi baxımdan Trampın Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmasına heç bir məhkəmə prosesi və ittiham mane ola bilməz. Çünki ölkədə qanun pozuntusuna yol vermiş, hətta həbsxanada olan şəxsin prezidentliyə namizəd olmasını qadağan edən qanun yoxdur. Məhkəmə Trampın hərəkətinə hər hansı məhdudiyyət və ya onun azadlıq müqabilində girov qoyması haqda da qərar çıxarmayıb, demək, sabiq dövlət başçısı sərbəst şəkildə seçki kampaniyası apara, müxtəlif ştatlarda seçiciləri ilə görüşə bilər. Maraqlıdır ki, o, məhkəmədən dərhal sonra Nyu-Cersiyə yollanaraq, oradakı tərəfdarları qarşısında çıxış edib. Çıxışında Tramp prezidentlik uğrunda mübarizəyə hazır olduğunu deyib, «ölkəni dağıdan hakimiyyət»dən onun barəsində qaldırılmış cinayət işinə xitam verilməsini tələb edib.
Görünən odur ki, məhkəmə işi Trampın respublikaçılar düşərgəsindəki mövqeyini laxlatmayıb. Sorğular göstərir ki, onların ən azı yarısı qarşıdan gələn seçkidə məhz Donald Trampı namizəd görmək istəyir. Bununla yanaşı, bir sıra nüfuzlu respublikaçı sabiq prezidenti məxfi informasiya ilə qanunsuz davranışına görə tənqid edir. Onların arasında prezidentliyə iddialı olan sabiq vitse-prezident Mayk Pens, Arkanzasın keçmiş qubernator Asa Xatçinson kimi şəxslər də var. Sonuncu Trampa ünvanlanmış ittihamları «ciddi» adlandırıb, onu prezidentlik yarışından çəkilməyə çağırıb.
Lakin Pens ilə Xatçinsonun Trampa ciddi rəqibə çevrilmək şansları azdır. Bu mənada, Florida ştatının 44 yaşlı qubernatoru Ron Desantisin şansları daha yüksək görünür. O, prezidentliyə namizəd olduğunu rəsmən elan edib. Hazırda respublikaçılar arasında onu dəstəkləyənlər Trampın tərəfdarlarından iki dəfə az olsa da, qarşıdakı aylarda Desantisin populyarlığını artıracağını istisna etmək olmaz.
Desantisin xeyrinə işləyən amil yalnız gənc olaraq, Amerika siyasətində yeni simaya çevrilməsi deyil (əslində, o, artıq 5 il Nümayəndələr Palatasında əyləşib, iki dəfə isə Floridanın qubernatoru seçilib). Məsələ ondadır ki, onun qubernatorluğu dövründə Florida davamlı olaraq ciddi nailiyyətlər əldə edir, ştatın iqtisadi göstəriciləri yüksəlir, sosial sahədə, həmçinin turizmdə ciddi irəliləyişə nail olunur. Bütün bunlar mühafizəkar ideyaların tərəfdarı olan Desantis kimi siyasətçinin uğuru sayılır. Desantislə Tramp arasındakı rəqabətdə önə çıxan daha bir amil birincinin praktik olaraq Amerika millətçiliyinə, ənənəvi dəyərlərə istiqamətlənmiş mühafizəkar siyasətin yürüdülməsində sabiq prezidenti arxada qoya biləcəyini göstərməsidir.
Lakin hazırda Donald Tramp respublikaçılar arasında ən populyar namizəddir. Buna onun barəsində açılmış cinayət işi və irəli sürülmüş ittihamlar da mane olmur.
Trampın əsas rəqibi olan prezident Baydenə gəlincə, o, növbəti dəfə prezident seçilmək niyyətini hələ apreldə açıqlayıb. Görünən odur ki, Ağ Ev sahibinin oğlu ilə bağlı ittihamlar nə onun planlarına, nə də Demokratlar Partiyasındakı mövqeyinə təsir göstərəcək. Prezidentin reytinqinin davamlı olaraq azalması isə faktdır. Məhz bu amilə əsaslanan bəzi ekspertlər güman edirlər ki, 2024-cü ildə 2020-ci il seçkisinin ssenarisi təkrarlana bilər – o zaman ayrı-ayrı kateqoriyadan olan seçicilər seçimlərini Baydenə olan simpatiyalarına görə deyil, Trampı istəmədikləri üçün etmişdilər. Həmin zümrə bu dəfə Baydenin postunda qalmasını arzulamaya bilər. Amma seçkidə alternativ yenə Tramp olarsa, onlar 2020-ci ildə olduğu kimi, bu dəfə də demokratların tərəfində dayana bilərlər.
Bu, respublikaçılar arasında Trampın rəqiblərinin xeyrinə işləyəcək amillərdəndir. Beləliklə, bir şey dəqiqdir: ABŞ-da keçiriləcək növbəti prezident seçkisi əvvəlkilərdən sərt və təxminedilməz olacaq. Onun nəticəsi isə ABŞ-ın qlobal hegemon olduğu son onilliklərdəki kimi, bütünlükdə beynəlxalq siyasətə ciddi təsir göstərəcək.
Amerikalı seçicilərin seçiminə təsir edəcək amillərdən biri Ukrayna müharibəsinin gedişidir. Aydındır ki, Co Bayden onun ölkəsində keçiriləcək prezident seçkisinədək başa çatmasını istəyir. Üstəlik, söhbət, təbii ki, savaşın Rusiyanın məğlubiyyəti ilə bitməsi istəyindən gedir. Tramp da növbəsində, seçki kampaniyasında Ukrayna mövzusundan fəal istifadə edir. Məsələn, o, bildirib ki, Ağ Evə rəhbərlik etdiyi illərdə Rusiya prezidenti Vladimir Putini Ukraynaya tammiqyaslı hücumdan çəkindirməyə nail olubmuş. Trampın sözlərinə görə, o, həmkarını «bunun faciə olacağına» inandıra bilibmiş. Tramp deyir ki, o, dövlət başçısı postunda qalsaydı, Ukrayna müharibəsindən qaçmaq olarmış. Bununla yanaşı, bildirir ki, Ağ Evə qayıdacağı təqdirdə, «qan axıdılmasının qarşısını cəmi bir sutkada asanlıqla alacaq».
Trampın opponentləri, təbii ki, bu nikbinliyi bölüşmürlər. Amma bu ziddiyyət özü də ABŞ-da getdikcə qızışan daxili siyasi çəkişmənin tərkib hissəsidir.
MƏSLƏHƏT GÖR: