24 Noyabr 2024

Bazar, 03:15

TORTUN ÜZƏRİNDƏKİ ALBALI

ABŞ vs Çin – kim güzəştə gedəcək?

Müəllif:

01.07.2023

«O, inanılmaz dərəcədə yaxşı iş görüb», - deyə ABŞ prezidenti Co Bayden reportyorların dövlət katibi Entoni Blinkenin Pekinə iyunun 18-19-da baş tutmuş səfəri haqda sualını cavablandırarkən bildirib. Çin sədri Si Cinpin isə öz növbəsində, tərəflərin ötən il Balidə keçirilən sammitin kuluarlarında əldə olunmuş «ümumi razılıqlara əməl etmək əzmini ifadə etdiyini», başqa məsələlərdə də irəliləyişlərə nail olduğunu deyib. «Bu, çox yaxşıdır», - deyə o, qeyd edib.

Təmasların bərpasının uğur sayılması dünyanın ən nəhəng iki iqtisadiyyatı arasında münasibətlərin nə dərəcədə pisləşdiyinin daha bir göstəricisidir. Onlar arasında fikir ayrılıqları ən müxtəlif sahələri əhatə edir – Tayvan, insan haqları, koronavirusun mənbəyi, yarımkeçiricilər sahəsində məhdudiyyətlər siyasəti və s. Belə bir vəziyyətdə qarşılıqlı inam getdikcə azalır.

Si Cinpin Tayvanla «birləşmə»ni əsas hədəflərindən biri elan edib, bildirib ki, Çin lazım gələcəyi təqdirdə adaya nəzarəti güc yolu ilə təmin etməyə hazırdır. Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana ötən ilin avqustunda etdiyi səfərdən sonra Pekin hərbi sahədə Vaşinqtonla rəsmi əməkdaşlığı dayandırıb.

Bundan başqa, Co Baydenin bu yaxınlarda açıqladığı Milli Təhlükəsizlik Strategiyasında Pekin mövcud dünya düzəninə Moskvadan daha böyük təhlükə kimi göstərilir. Üstəlik, Vaşinqton Çinin Tayvana mümkün təcavüzü haqda ehtimal deyil, real perspektiv kimi danışmağa başlayıb.

Bütün bunlar azmış kimi, iyunda iki ölkə arasında Tayvan boğazı və Cənubi Çin dənizində təhlükəli hərbi qarşıdurma da yaşanıb. Çin milli suverenliyinin müdafiəsi ilə məşğul olduğunu deyirsə, Birləşmiş Ştatlar hərbçilərinin beynəlxalq hava məkanında və beynəlxalq sularda fəaliyyət göstərdiyini bildirir.

 

Məngənə sıxılır

Son dövrlərədək Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyəti tərəflərdən hər hansını dəstəkləməkdən çəkinir, hər iki ölkə ilə birgə hərbi təlimlərə qatılır. Onlar ABŞ ilə Çinin münasibətlərdəki gərginliyi aradan qaldıra bilib-bilməyəcəyini diqqətlə izləyir. Cənubi Koreya, Filippin və Sinqapurda keçirilmiş son sosioloji sorğular göstərir ki, bu ölkələrin əhalisinin 90%-i Vaşinqtonla Pekin arasındakı geosiyasi qarşıdurmadan narahatdır. Bununla yanaşı, ümumi rəyi soruşulanların 66%-nin istər Çinə, istərsə də ABŞ-a münasibəti yaxşıdır. Amma onlar tərəflərdən birini seçmək məcburiyyətində olduqlarını düşünürlər.

Belə bir vəziyyətdə Pekin ABŞ-ın Cənub-Şərqi Asiyanın ən sıx əhaliyə malik ölkələri – İndoneziya və Filippinlə müdafiə əlaqələrini getdikcə gücləndirməsini narahatlıqla izləyir. Ötən payız İndoneziya, ABŞ və daha 12 ölkə birlikdə miqyaslı hərbi təlim keçiriblər. Bundan başqa, Birləşmiş Ştatlar Filippindəki hərbi bazalarının sayını 5-dən 9-a qaldırıb.

Bir çox Avropa ölkəsi də özünü bu gərginliyə cəlb olunmuş sayır. Avropa İttifaqı olan 12 ölkədə keçirilmiş sorğuya qatılanların 63%-i bildirib ki, Çinlə ABŞ arasında yeni «soyuq müharibə» qızışır. Onların əksəriyyəti hesab edir ki, ölkələri burada neytral mövqe tutmalıdır.

Normalda ABŞ dövlət katibinin Çinə səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verməli idi. Lakin indi ekspertlərin əksəriyyəti hesab edirlər ki, bu səfər ən yaxşı halda münasibətlərin daha da pisləşməsinin qarşısını ala bilər. Səfərin məqsədilə fundamental fikir ayrılıqlarının aradan qaldırılması yox, «hərarətin azaldılması» idi.

Bundan başqa, səfər həm də mümkün münaqişədən narahat olan ölkələrə onların gərginliyi aradan qaldırmağa çalışdıqlarının mesajı idi.

Lakin bütün baş verənlərin nə ilə nəticələnəcəyi sualı xüsusilə hər iki ölkədə daxili təzyiqlərin getdikcə artdığı bir şəraitdə, hələ ki, açıq qalır.

 

Atalar günü

Çin iqtisadiyyatı kovid məhdudiyyətlərindən hələ də özünə gəlməyib və ağır vəziyyətdədir. May ayı üzrə pərakəndə satış və sənaye istehsalı göstəricilərinin çox aşağı olması bunun daha bir təsdiqidir. «Goldman Sachs» iyunda dünyanın ikinci iqtisadiyyatının bu il üçün artım proqnozunu 6%-dən 5,4%-ə endirib.

Çin üçün xarici investorların iş yerlərinin yaradılmasına, innovasiyalar və texnologiyalar sahəsinə vəsait yatırımını davam etdirmələri, vergi ödəmələri vacibdir. Lakin Çinə bu yaxınlarda tətbiq edilmiş sanksiyalar xarici şirkətlərin bəzilərini qorxudub. Pekin bütün dünyaya, o cümlədən əlbəttə ki, Amerika şirkətlərinə açıq olduğunu bildirir. Son aylar ərzində ABŞ-ın ən böyük iş adamları, o cümlədən «Tesla» və «SpaceX» şirkətlərinin baş direktoru İlon Mask, «JPMorgan»ın rəhbəri Ceymi Daymon və «Apple» şirkətinin başçısı Tim Kuk Çinə səfər ediblər. İyunun ortalarında isə Si Cinpin «Microsoft»un həmtəsisçisi Bill Geyts ilə danışıqlar aparıb, bu zaman Amerika və Çin xalqları arasında dostluğun vacibliyini vurğulayıb.

Bu, beynəlxalq auditoriya üçündür. Daxil üçün isə ABŞ dövlət katibinin Pekin səfəri fərqli təqdim olunur: Çin digər güclərdən nəinki özünə hörmət tələb edən, hətta bu hörməti görən qlobal fövqəldövlətdir. Bununla yanaşı, vurğulanır ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Pekinə aylarla israrlı dəvət xahişindən sonra gələ bilib.

Prinsipcə, kənardan bu, elə belə də görünür – Blinken Çinə hələ fevralda səfər etməli idi. Lakin ABŞ ərazisində Çin aerostatının vurulması ilə bağlı insidentdən sonra Pekin səfəri qeyri-müəyyən vaxta təxirə salmışdı.

Nəhayət, amerikalı diplomat Pekinə yollanıb, amma bu, əsasən Si Cinpinin öyüd-nəsihətlərini dinləmək üçün edilib. Ona Çinin maraqlarına hörmətlə yanaşılmalı olduğu öyrədilib. Sədrin qəbulu məhz bu cür təşkil edilib: görüşdə tərəflər yanaşı kreslolarda deyil, uzun masa arxasında əyləşiblər. Halbuki Blinkenin sələfləri Mayk Pompeo və Reks Tillersonun Pekinə səfərləri zamanı əksinə olmuşdu. Bu dəfə tərəflər uzun masa arxasında üz-üzə də əyləşməyiblər. Si Cinpin masanın başında, amerikalı qonaq isə «işçilər»in oturduqları yerdə əyləşib.

Bundan başqa, Blinkenin Çin sədri ilə görüşəcəyi əvvəldən deyil, görüşdən cəmi 1 saat əvvəl elan edilib. Sanki atanın icazəsi gözlənilib. Niyə ata? Səfər nədənsə Beynəlxalq Atalar Gününə «təsadüf etmişdi». Çinlilər sosial şəbəkələrdə məhz bu məqama xüsusi diqqət çəkiblər.

Qalan şeylər plan üzrə gedib. Aeroportun uçuş zolağında qonaq xüsusi qırmızı xalı olmadan, tamamilə «quru» qarşılanıb. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi onun əlini üzündə heç bir təbəssüm olmadan sıxıb. Vətənpərvər Çin auditoriyası üçün «tortun üzərinə albalı da qoyulub» - iclas masası arxasında bir ata mühazirəsi oxunub.

Bütün bunların sonunda Entoni Blinkenin təyyarəsi Pekini tərk edər-etməz, Çin XİN qəzəb dolu bəyanatla çıxış edib, tərəflər arasında münasibətlərin korlanmasına görə günahı ABŞ tərəfinin üzərinə yıxıb, amerikalı diplomatın qəbulunu isə sadəcə «nəzakət göstəricisi» adlandırıb.

 

Prezidentdən kazus

Maraqlıdır ki, az sonra ABŞ Çin XİN-in haqlı olduğunu təsdiqləyən gediş edib. Amerikalı diplomat Çinə səfər zamanı iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün «casus şarı haqda səhifə»ni qapadığını demişdisə, səfərdən cəmi bir gün sonra ABŞ prezidenti məsələni yenidən gündəmə gətirib. Üstəlik, o, bunu Çin sədrinin xoşuna gəlməyəcək formada edib. Seçki kampaniyası üçün ianələrin toplanması çərçivəsində Kaliforniyada çıxış edən Bayden niyəsə şar məsələsini yada salıb, bildirib ki, bəlkə də, Si Cinpinin baş verənlərdən xəbəri olmayıb. «Diktatorlar üçün baş verənlərdən xəbərsiz olmaq böyük biabırçılıqdır», - Co Bayden qeyd edib.

Pekinin cavabı özünü çox gözlətməyib. Ölkə XİN Baydenin sözlərini «son dərəcə absurd və məsuliyyətsiz» fikir adlandırıb, ABŞ prezidentini «Çinin siyasi ləyaqətini təhqir etməkdə» günahlandırıb, bunun «açıq siyasi təxribat» olduğunu bəyan edib.

Ağ Ev rəsmisinə isə prezidentin bəyanatının ABŞ administrasiyasının rəsmi mövqeyi olmadığını söyləməkdən başqa yolu qalmayıb.

 

İkipartiyalı konsensus

Amma Baydenin sözləri onun daxildəki rəqibləri – respublikaçıların çox xoşuna gəlib. «Bayden haqlıdır: Si diktatordur və biz ona bu cür yanaşmalıyıq», - Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri, respublikaçı Maykl Makkol bildirib: «Administrasiya Pekini razı salmaq cəhdlərinə son qoymalı, rəqabətqabiliyyətli qərarları irəli çəkməlidir».

Konqresin respublikaçı üzvləri isə ümumiyyətlə, Blinkenin Çinə səfər etməsini tənqid atəşinə tutublar. Onların fikrincə, bu, Bayden administrasiyasının zəifliyini göstərir və Amerikanın milli təhlükəsizliyinə təhdid yaradır.

Vaşinqtonda Çinin ciddi təhlükə kimi qəbul olunması ikipartiyalı konsensusun olduğu nadir mövzulardandır. Bunun izahı var. Son ictimai rəy sorğusu göstərib ki, hazırda amerikalıların 80%-i Çinə mənfi münasibətdədir. 10 il əvvəl bu göstərici cəmi 40% idi.

 

Kanalın açılması

Bütün bunlarla yanaşı, Vaşinqtonda hesab edirlər ki, Entoni Blinkenin Pekinə səfəri vacib idi, çünki iki fövqəldövlət, dünyanın ən böyük iqtisadiyyatlarına və silahlı qüvvələrinə malik ölkələri arasında davamlı diplomatiyanın dəstəklənməsi açıq münaqişənin qarşısının alınması üçün həlledici əhəmiyyətə malikdir. Münasibətlərdəki sabitliyə yalnız bu iki ölkənin hökumətləri yox, onların müttəfiqləri və digər dövlətlər də arzulayır.

İndi onların hərbi əməkdaşlığı bərpa edib-etməyəcəyi məlum deyil və bu, narahatlıq predmeti olaraq qalır. Ekspertlər hesab edir ki, bu, çətin olacaq, çünki liderlərin heç biri güzəştə gedən tərəf kimi görünmək istəmir.

Bununla yanaşı, Sakit okeanın hər iki tayında etiraf edirlər ki, son 5 ildə yüksəkrütbəli amerikalı siyasətçinin Pekinə ilk səfəri ən azı rəsmi ikitərəfli təmas kanalını bərpa etdiyi üçün gözləntiləri doğruldub.



MƏSLƏHƏT GÖR:

99