24 Noyabr 2024

Bazar, 03:51

ANKARANIN SURİYA PLANI

Türkiyə-Suriya barışığı qarşısındakı maneələr və ya Tel-Rıfat niyə vurulur?

Müəllif:

01.07.2023

Suriyanın şimalında, Türkiyə ordusunun əməliyyat zonasında gərginlik yenidən artıb. İyunun ortalarında Türkiyə ordusu Menbic və Tel-Rıfat rayonları, eləcə də Azez-Cerablus əməliyyat zonasında PKK/YPG terror təşkilatı silahlılarına qarşı əməliyyatlar keçirib. Türkiyə ordusu 2016-cı ilin avqustunda bu ərazidə “Fırat Kalkanı” əməliyyatı keçirmişdi.  Türkiyə Müdafiə Nazirliyi əməliyyatlar nəticəsində 40-dan çox terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

 

Yeni əməliyyat hazırlığı, yoxsa sahə anlaşılmazlığı?

Həmin günlərdə Rusiya ordusuna məxsus bir zirehli avtomobil vurulub. Nəticədə, 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb. Yerli mənbələr rusiyalılara məxsus zirehli avtomobilin Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) və ya artilleriya tərəfindən vurulduğunu yazsa da, hadisə ört-basdır edilib.

Türkiyə ordusu həmin günlərdə sərhəd bölgəsindəki ərazilərdə YPG mövqelərinə zərbələr endirib. Maraqlıdır ki, 2019-cu ildən bəri ilk dəfə Türkiyə artilleriyası Suriya-Türkiyə sərhədindən 38 kilometr məsafədə yerləşən hədəflərə atəş açıb. Zərbələr Hələbin şimalındakı Ahdas kəndi yaxınlığındakı kürd mövqelərinə endirilib. Amma bundan əvvəl Türkiyə rəsmi olaraq bəyan etmişdi ki, Ankaranın əsas məqsədi Türkiyə-Suriya sərhədində 30 kilometr dərinliyə qədər zolağı terror təşkilatlarından təmizləməkdir. Görünür, bu dəfə əhatə dairəsinin artırılmasına qərar verilib. Bu arada, mayın 31-də Türkiyə ordusunun İdlibə 17 maşından ibarət karvan göndərdiyi barədə məlumat yayılıb.

Türkiyə ordusunun Suriyanın şimalında YPG-yə qarşı əməliyyatına kürdlər rusiyalılar əleyhinə aksiyalar keçirməklə cavab veriblər. YPG tərəfdarları Moskvanı hərbi qüvvələrini bu zonadan çıxarmaqla Türkiyəyə əlverişli şərait yaratmaqda ittiham edirlər. Güman etmək olar ki, Rusiya geri çəkilərək Türkiyəyə Tel-Rıfatda əməliyyat keçirməsi üçün “yaşıl işıq” yandırıb, çünki məlumdur ki, üç ölkənin hərbçiləri Suriyanın şimalında öz hərəkətlərini açıq şəkildə əlaqələndirirlər. Belə şəraitdə bir ölkənin hərbi texnikasının digər ölkənin nümayəndələri tərəfindən kor-koranə şəkildə məhv edilməsi ehtimalı azdır. Görünür, Rusiya hərbi texnikası bu ölkənin geri çəkilməsini “əsaslandırmaq” üçün qəsdən vurulub.

Bu hadisədən bir neçə gün sonra Rusiya aviasiyası Suriya müxalifətinin İdlibdəki mövqelərini atəşə tutmağa başlayıb. Bu, İran, Rusiya və Türkiyə arasında iyunun 20-21-də Astanada keçirilən 20-ci görüş ərəfəsində baş verib. Belə bir hiss var idi ki, tərəflərin hər biri əlində ciddi kartlarla Astanaya getmək istəyir. Lakin hər şey o qədər də sadə deyil.

 

Astanada tərtib edilən “yol xəritəsi”

Suriya mətbuatının məlumatına əsasən, Astana formatında keçirilən XX beynəlxalq görüşün əsas gündəmi Türkiyə-Suriya barışığı və ya Türkiyə ordusunun ölkədən çıxarılması olub. Toplantıda Rusiya, Türkiyə, İran xarici işlər nazir müavinlərinin rəhbərlik etdiyi heyətlərlə yanaşı, Suriya XİN müavini Ayman Susan, müxalifət tərəfdən Əhməd Tumanın rəhbərlik etdiyi heyət, nəhayət, BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Qeyr Pedersonla yanaşı İraq, İordaniya və Livan təmsilçiləri də iştirak ediblər. İlk dəfə olaraq bu sayda iqtidar, müxalifət, eləcə də qonşu dövlətlərin nümayəndələri Astana prosesində iştirak etmişdi. 

Rəsmi açıqlamada qeyd olunub ki, Astana prosesi çərçivəsində keçirilən bu toplantıda Suriya ilə bağlı siyasi vəziyyət, terrorla mübarizə, əsirlərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı, dağılmış yaşayış məntəqələrinin yenidən bərpası və qaçqınların geri qaytarılması kimi mövzular müzakirə olunub. Lakin toplantının əsas mövzusu Rusiya, Türkiyə, İran və Suriya hökuməti təmsilçiləri arasında Suriya-Türkiyə əlaqələrinin bərpası ilə bağlı “yol xəritəsi”nin hazırlanması olub.

Bəziləri üçün gözlənilməz xəbər Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumışın Suriya ilə bağlı hazırkı görüşün Astana formatı çərçivəsində sonuncu görüş olacağı barədə açıqlaması idi. Onun sözlərinə görə, 6 il əvvəl danışıqlar prosesinin əvvəlində qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Eyni zamanda K.Tumış 2023-cü ilin ikinci yarısında Suriya məsələlərinə dair daha bir görüşün keçiriləcəyini bildirib, lakin görüşün harada keçiriləcəyi barədə məlumat verməyib.

 

Türkiyə və Suriya arasındakı barışığa mane olan amillər

Həm Türkiyə, həm də Suriya rəhbərliyi barışığa meyilli olsa da, iki ölkə arasında barışığın əldə olunması yolunda ciddi maneələr hələ də qalır. Baxmayaraq ki, artıq ordu, kəşfiyyat və XİN başçıları səviyyəsində Türkiyə-Suriya təmasları baş tutub. Qeyd edək ki, hər iki ölkənin həm ümumi maraqları, həm də bəzi məsələlərdə fikir ayrılığı var.

Dəməşqin Ankara qarşısında əsas tələbi Türkiyə ordusunun Suriya ərazisindən çıxarılmasıdır. Hələ mayın 29-da, yəni Türkiyədə keçirilən seçkilərdən bir gün sonra Suriyanın XİN başçısı Faysal Mikdad iki ölkə arasında münasibətlərin normallaşmasının yalnız bu şərt yerinə yetirildikdən sonra mümkün olacağını bildirib.

İyunun 12-də İran xarici işlər nazirinin müavini Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Suriya Prezidenti Bəşər Əsəd də bu mövqeyi bir daha təsdiqləyib. O bəyan edib ki, ölkəsinin Ankara ilə müzakirələrdə əsas tələbi Türkiyə ordusunun Suriya ərazisindən çıxarılmasıdır.

Türkiyə ordusunun Suriya ərazisindən çəkilməsi təkcə bu ölkədəki xarici ordulardan birinin çıxarılması demək deyil. Burada ABŞ-ın böyük hərbi kontingenti var və Dəməşq hələ amerikalıları ölkədən necə çıxaracağını bilmir. Məsələ ondadır ki, Türkiyə qoşunları Suriyanı tərk edərsə, bu, Dəməşqin əl-qolunu açacaq və İdlibdəki müxalifəti çarəsiz vəziyyətə salacaq. Nəticədə, Əsəd ərəb hərbi-siyasi müxalifətini məhv etmək imkanı əldə edə bilər.

Aydındır ki, Türkiyə indiki şəraitdə və qeyd olunan şərtlərdə ordusunu Suriya ərazisindən çıxarmaq istəmir. Ankaraya bağlı müxalifət qruplarının, o cümlədən “Azad Suriya Ordusu”nun mövcudluğu, ilk növbədə, Türkiyədən, daha doğrusu, onun ordusundan asılıdır. Onlarla bağlı siyasi razılaşma olmadan Türkiyə ordusunu geri çəkə bilməz. Əks halda Rusiya və Suriya qoşunları İdlibə nəzarəti ələ keçirəcək. Üstəlik, Türkiyədəki 4 milyona yaxın suriyalı qaçqının geri qayıtması ilə bağlı ilkin plan hazırlanmadan Türkiyənin ordusunu çəkməsi qaçqın məsələsində uğursuz nəticəyə səbəb ola bilər.

İndiki vəziyyətdə bu, Vaşinqtonun da maraqlarına cavab vermir. Xatırladaq ki, ABŞ son aylar Suriyanın kürdlərin nəzarətində olan şimal bölgəsində, xüsusən də ölkənin cənubunda hərbi gücünü artırıb.

Beləliklə, ABŞ Suriyanın şimal-şərqində kürdlərin yaşadığı Deyr əz-Zor və ətraf rayonlardakı neft-qaz istehsal olunan əraziləri qoruyub saxlamağa, həmçinin Əlbukamal istiqamətində İraq ərazisindən Suriyaya keçid yollarına nəzarəti əlində saxlamağa çalışır. Bu, İranın İraqdan keçməklə Suriyaya silah və texnika daşımaq cəhdlərini dayandırmalıdır. Bu planlarını həyata keçirmək üçün ABŞ ölkənin cənubundakı Tənafa bölgəsindəki hərbi bazasını Deyr əz-Zorla birləşdirməyə səy göstərir.

Hətta mediada amerikalıların yerli ərəb qəbilələrinin başçıları ilə görüşləri barədə xəbərlər yayılmışdı. Başqa sözlə, amerikalılar indi bu məsələ üzərində çox çalışırlar. Buna səbəb bu ilin əvvəlində İrana bağlı yaraqlıların Tənafaya qəfil hücumu olub. Bu, onu göstərir ki, bu ərazidəki ABŞ qüvvələri risk altındadır. Türkiyənin mövcudluğunun ABŞ-ın bu ölkədəki əsas müttəfiqi olan kürdlər üçün ciddi təhlükə yaratmasına baxmayaraq, Vaşinqton Türkiyənin Suriyadan çəkilməsində maraqlı deyil.

Digər tərəfdən Türkiyənin geri çəkilməsi Suriya və Rusiya silahlı qüvvələri tərəfindən İdlibdəki müxalifətin məhv edilməsinə və sıradan çıxarılmasına səbəb ola bilər. Bu isə hələ də Suriyada siyasi dəyişikliklərə ümid edən Qərb üçün sərfəli deyil.

Türkiyənin Suriya məsələsini həll etməsinə mane olan digər əngəl ABŞ-ın Dəməşqə tətbiq etdiyi sanksiyalardır. Onlar Ankara ilə istənilən koordinasiyanı faydasız edir, qaçqınların Suriyanın şimalına qayıtması və yeni qəsəbələrin salınması kimi layihələrin icrasını daha da ləngidir.

 

Ankaranın qısa və uzunmüddətli hədəfləri

Ankara qarşısındakı əsas hədəflər Suriya hakimiyyəti ilə münasibətlərin normallaşdırılması, qaçqınların geri qaytarılması prosesinin başladılması, onların yerləşdirilməsi üçün tikinti və infrastruktur layihələrinin həyata keçirilməsidir. Mayın sonunda Türkiyə hökumət rəsmiləri Qətər İnkişaf Fondu tərəfindən maliyyələşdirilən Suriyanın şimalındakı Cerablus bölgəsində 28681 yaşayış binasının tikintisi layihəsinin birinci mərhələsi olan 5000 mənzilin təməlqoyma mərasimində iştirak ediblər. Ərdoğan hökuməti Qətərin dəstəyi ilə 1 milyon suriyalını vətənlərinə göndərməyi planlaşdırır. Bu proses artıq başlayıb.

Bu arada, Moskva və Tehran Dəməşqlə barışıq üçün Ankaraya təzyiq edir. Digər tərəfdən Ərdoğanın artıq münasibətləri yaxşılaşdırdığı Fars körfəzi ölkələri də Bəşər Əsədlə münasibətlərin normallaşdırılmasına başlayıb. Bütün bunlar Türkiyəni onunla barışmağa sövq edir.

Lakin bunun üçün həm də bir sıra taleyüklü məsələlər həll olunmalıdır. Türkiyə hakimiyyəti suriyalı qaçqınları geri qaytarmaqla yanaşı, İdlibin və müxalif qrupların taleyini müəyyən etmək, ordakı qrupların təhlükəsiz şəraitdə qalmasına nail olmaq istəyir, həmçinin kürd problemini həll etdikdən sonra Suriyanı tərk etməyi düşünür.

Maraqlıdır ki, kürd məsələsində Ankara ilə Dəməşqin mövqeləri tamamilə üst-üstə düşür. Hər iki paytaxt Suriyanın şimalında, yəni Türkiyənin cənub sərhədlərində PYD-nin hakimiyyəti altında kürd muxtariyyəti görmək istəmir. Məhz buna görə də Əsəd hökuməti Ankaranın kürdlərə qarşı hərbi əməliyyatından xüsusi narahat deyil və hətta buna göz yummağa hazırdır. Həqiqətən də, ABŞ-dan birbaşa hərbi dəstək alan kürdlər Suriyanın şimalında ən güclü hərbi-siyasi qrupdur. Onların təsirini zəiflədə biləcək yeganə qüvvə isə Türkiyədir. Türkiyə hakimiyyətinin bu illər ərzində ABŞ qarşısında dəfələrlə PKK-nın terror  fəaliyyəti ilə bağlı mövzunu qaldırdığını nəzərə alsaq, Ağ Evin Ankaranın bu məsələyə həssaslığını yaxşı başa düşdüyünü söyləyə bilərik.

Son aylar Vaşinqton Suriyadakı yerli ərəb icmaları ilə münasibətləri yaxşılaşdırmaq üçün bəzi addımlar atıb. Yəni kürdlərin növbəti Türkiyə-Suriya-Rusiya barışığı üçün qurban kimi seçilmə ehtimalı yüksəkdir.

Bu vəziyyət həm də Moskvaya sərf edir, çünki bu ölkə Ukraynada ağır durumda olmasına baxmayaraq, Rusiya hakimiyyəti Suriyadakı mövqelərini güzəştə getmək fikrində deyil.

Nəticədə, Türkiyə hakimiyyəti hazırkı şəraitdə Suriyanın şimalında, Tel-Rıfat daxil olmaqla, YPG-nin nəzarətində olan əraziləri azad etmək, burada suriyalı qaçqınlar üçün yeni yaşayış massivlərinin inşası prosesini sürətləndirmək, həmçinin Rusiyanın vasitəçiliyi ilə Bəşər Əsəd hakimiyyəti ilə danışıqlar aparmağa çalışacaq. Əsədin kürd məsələsində zəif mövqeyi isə Ankaraya bir qədər çeviklik verir.

Lakin hazırkı şərtlərdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesini Ankara-Qahirə əlaqələrinin normallaşdırılması ilə eyniləşdirmək çox çətindir. Hətta hər iki dövlətin ortaq maraqları belə Ankara ilə Dəməşq arasında yekun sülhün bərqərar olması üçün yetərli sayıla bilməz.



MƏSLƏHƏT GÖR:

113