24 Noyabr 2024

Bazar, 05:06

BAŞ AŞPAZIN QİYAMI

Ukraynanın əks-hücumu fonunda Rusiyada qəribə çevriliş cəhdi

Müəllif:

01.07.2023

Ukrayna ətrafındakı münaqişə bir anda Rusiya daxilində gərginliyə çevrilməyə başlayıb. Məsələ o həddə çatıb ki, Rusiya daxilində sabitliyin pozulması və tam nəzarətdən çıxması riski belə yaranıb. Hər şey «Vaqner» özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin növbəti videomüraciəti ilə başlayıb. Müraciətdə Priqojin müharibənin rəsmi elan olunmuş səbəbini inkar edib, baş verənlərə görə müdafiə naziri Şoyqunu günahlandırıb və silahdaşlarını Müdafiə Nazirliyi ilə açıq qarşıdurmaya çağırıb.

Rusiya Prezidenti Vladimir Putin bu qiyam çağırışını «arxadan vurulan zərbə» adlandırıb, «Vaqner» rəhbərliyinə qarşı ən sərt addımların atılmasına göstəriş verib. Bu, faktiki olaraq, Rusiya daxilində qarşıdurmanın triggerinə çevrilə bilərdi. Bilərdi, amma çevrilmədi. Cəbhədə vəziyyət də dəyişməz olaraq qalır.

 

Qəribə qiyam

Hər şey «Vaqner»in başçısı Yevgeni Priqojinin iyunun 23-də yaydığı videomüraciətlə başlayıb. O, 8 il ərzində Ukraynanın Donbası bombalamadığını, söhbətin sadəcə, regiondakı Rusiya qüvvələri ilə qarşılıqlı zərbələrdən getdiyini bildirib. Priqojin deyib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) və NATO-nun Ukraynaya hücum etmək niyyəti də olmayıb, xüsusi xidmət orqanlarının da heç bir günahı yoxdur – onlar prezidentə yalan məlumat verməyiblər. Priqojin bütün baş verənlərin günahının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsən nazir, «Qostomel ətrafında minlərlə rus əsgərini məhv etmiş» Sergey Şoyqunun üzərində olduğunu bildirib. Onun fikrincə, bu müharibə, əslində, Rusiyanı idarə edən oliqarxlar klanına lazım idi və məqsəd Medvedçukun Ukrayna prezidenti postuna gətirilməsi idi.

Priqojinin bəyanatı Rusiya KİV-də onun 2024-cü ilə planlaşdırılan hakimiyyətin ötürülməsi planında mümkün rolunun açıq müzakirə edilməyə başlamasından sonraya təsadüf edib. Yerli media bildirir ki, Priqojinin arxasında faktiki olaraq, güc strukturlarının xüsusi hərbi əməliyyatda iştirak etməyən, sonda zəifləmiş hakimiyyəti ələ keçirməyi düşünən mühafizəkar qrupu dayanır. Ən təhlükəlisi isə «Vaqner» başçısının müraciətinin sonunda əsgərlərini (onların sayı nə az, nə çox – düz 25 mindir) Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinə açıq itaətsizliyə çağırması idi.

İyunun 24-ü səhər Rusiyanın dövlət başçısı xalqa müraciət edərək, yaranmış vəziyyətə siyasi qiymət verib. Bununla da, «Vaqner» ilə Rusiya Müdafiə Nazirliyi arasında aylardır davam edən qeyri-müəyyən maraqlar münaqişəsinə son qoyulub.

Xatırladaq ki, bütün bu aylar ərzində «Vaqner» Rusiya qoşunlarının Ukraynada apardığı ümumi əməliyyatların tərkib hissəsi olub, Priqojin zaman-zaman ölkənin ali hərbi rəhbərliyini açıq tənqid etsə də, bu, onun hərbçilərinin müharibədə iştirakına təsir göstərməyib. Bu müharibədə «Vaqner» ümumi planın, komandanın bir hissəsi olub və hətta savaşın aparılmasında xüsusi rol daşıyıb. Priqojin hər zaman müstəsna mövqedə olub – istər cəbhə xəttində, istər «elitaların savaşı»nda, istərsə də informasiya müharibəsində. Ola bilsin ki, son zamanlar o, daha çox improvizasiya edir, bununla süjet xəttini dəyişməyə belə cəhd göstərirdi. Bir müddət buna nail də olurdu, yaxud başqa sözlə desək, ona bu imkan verilirdi. Amma ya o, bu rolda çox şey tələb etməyə başladı, ya da məqsədli şəkildə buna vadar edildi, nəticə ortadadır: Priqojin bu rolunu itirdi. Bəlkə də, o, yaşadığı taleyə heç kimin həsəd aparmadığını anlayaraq, nəyisə dəyişmək, günlərin birində hansısa səngərdə silahdaşları ilə birlikdə ölməkdənsə, «qəhrəman»a çevirmək qərarına gəldi. Amma artıq bütün bunların mənası yoxdur. Əsas məsələ başqadır. Yaranmış vəziyyət dostla düşməni daha yaxşı tanımaq, Rusiya siyasi elitasını birləşdirmək, hakimiyyəti yeni dövrün şərtlərinə uyğunlaşdırmaq imkanını yaratdı.

Hadisələrin sonrakı gedişinə diqqət yetirsək, bu, xüsusilə nümunəvi görünür. Məlumdur ki, iyunun 24-ü səhər «Vaqner» hərbçiləri nəzarətlərində olan Rostovdan Moskvaya doğru hərəkətə başlamışdılar. Onlar Müdafiə Nazirliyi rəhbərliyinin istefasını, orduda islahatlara başlanılmasını və müharibənin məhz «Vaqner»in planı əsasında aparılmasını tələb edirdilər. Çoxları düşünürdü ki, artıq «Vaqner» başçısının qarşısını heç kim ala bilməyəcək. Amma onların Moskva istiqamətindəki inamlı hərəkəti dayandırıldı. Buna Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə nail olundu. Belarus liderinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, «Vaqner» özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin prezident Lukaşenkonun döyüşçülərin Rusiya ərazisindəki yürüşünün dayandırılması, gərginliyi artıracaq addımlardan çəkinilməsi təklifini qəbul edib.

Məlumata görə, o, silahlı dəstələrini cəbhədəki mövqelərinə qaytarmağa da razılıq verib.

Bütün baş verənlər içərisində, yəqin ki, əsas məqam Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bir açıqlamasıdır: Priqojinlə danışıqlarda Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi məsələsi müzakirə olunmayıb.

 

Cəbhədə mövqe dəyişikliyi

Son həftələr ərzində USQ cəbhənin ən azı 4 istiqamətində lokal hücum əməliyyatlarını davam etdirib və müəyyən irəliləyişlərə nail olub. Bununla yanaşı, informasiya məkanında situasiyanın qiymətləndirilməsi və növbəti həmlələrin istiqamətlərinin müəyyənləşdirilməsi üçün əməliyyatlara ara verilməsinin mümkünlüyünə dair fikirlər tirajlanmağa başlayıb. İstər rəsmi şəxslər, istərsə də pabliklər bildirirlər ki, Ukrayna miqyaslı əks-hücum əməliyyatına hələ də başlamayıb. Ukrayna prezidenti Vladimir Zelenski isə əks-hücumun «arzulanandan ləng» gedə biləcəyini etiraf edib. Dövlət başçısı bildirib ki, müharibə «Hollivud filmi deyil» və o, beynəlxalq birliyin gözləntilərini yerinə yetirmək üçün əsgərlərinin həyatını riskə atmayacaq.

Ukrayna prezidenti bu sözləri Vladimir Putinin Kiyevin çoxdan gözlənilən əks-hücumunun intensivliyinin «yatdığı»na dair fikirlərindən sonra işlədib. «Hazırda biz müəyyən səssizlik müşahidə edirik ki, bu ba qəribə deyil», - deyə Putin qeyd edib: «Bu, düşmənin istər şəxsi heyət, istərsə də texnika baxımından ciddi itkilər verməsi ilə bağlıdır».

Putin tezliklə yeni «Sarmat» qitələrarası ballistik raketlərinin Rusiya ordusunun istifadəsinə veriləcəyini də deyib. Söhbət nüvə başlığı daşımağa qadir raketlərdən gedir. Onlar minlərlə kilometrlik məsafədə yerləşən hədəflərə nüvə zərbələrinin endirilməsi üçün nəzərdə tutulur, lakin onların quraşdırılması planlaşdırıldığından ləng gedir.

Ukrayna isə öz növbəsində, iki həftəlik hücum əməliyyatı nəticəsində 10-dan artıq kəndin azad edildiyini bəyan edib. Söhbət sıx minalanmış, havada Rusiya tərəfinin hökmran olduğu rayonlardan gedir. Məlumatda bu amillərin hücum əməliyyatlarını xeyli çətinləşdirdiyi vurğulanır. Ukrayna qüvvələri, eyni zamanda Rusiyanın Luqansk əyalətinin şərqindəki Kremennaya rayonunda və Donetsk əyalətində, Baxmutdan şimalda yerləşən Serebryanka meşəsi istiqamətindəki hücumlarını da dəf edir.

Hərbi mənbələrin məlumatına görə, Moskvanın Ukraynanın cənub istiqamətində irəliləməyə çalışdığı vaxtda həyata keçirdiyi bu hücumlar ukraynalı generalları itkilərin yerini doldurmaq üçün qüvvələri həmin istiqamətə yönəltmək məcburiyyətində qoyub.

Amma Ukrayna tərəfi, hələ ki, bütün ehtiyat qüvvələrini döyüşlərə cəlb etməyib. Ukrayna hərbi komandanlığı əks-hücum üçün 12 briqada yaradıb, onlardan 9-u Qərb fövqəldövlətləri tərəfindən təchiz olunub. Hələlik bu briqadaların yalnız 3-nün cəbhəyə yollandığı deyilir.

Ukrayna prezidenti BBC-yə müsahibəsində bildirib ki, o, ordusuna sadəcə cəbhədə irəliləyiş gözləyən Qərb ölkələrini razı salmaq xətrinə hücum əmri verməyi düşünmür.

Vladimir Putin etiraf edib ki, Ukrayna «hələ bütün hərbi resurslarından istifadə etməyib, düşmənin nə vaxt və hansı istiqamətdə istifadə edəcəyini götür-qoy etməkdə olduğu qüvvələri var».

Kiyev Rusiya hərbçilərinin diqqətini yayındırmaq taktikasını davam etdirir. Rusiya mənbələri bir müddət əvvəl bildirirdi ki, Ukraynaya məxsus 2 pilotsuz uçuş aparatı Moskvanın 30 milliyində vurulub. Onlar yerli hərbi hissəyə məxsus silah anbarına yaxınlaşırlarmış. Rusiya mətbuatının məlumatına görə, üçüncü belə uçuş aparatının qalıqları Rusiya paytaxtının yaxınlığında aşkarlanıb. Müdafiə Nazirliyi bəyan edib ki, dronlar radioelektrik vasitələrin köməyi ilə vurulub. Hər hansı zərər və ya tələfat haqda məlumat verilmir.

İyunun 22-nə keçən gecə USQ Azov dənizindəki Çonqar körpüsünə zərbə endirib. O, Krımdan Melitopola, oradan isə Cənub cəbhəsinə ən qısa yolu təmin etdiyi üçün strateji obyekt sayılır.

Körpüyə zərbə rusların Cənub-Qərb cəbhəsinə hərbi texnika və canlı qüvvə daşınmasının əngəllənməsinə hesablanmış plan kimi qiymətləndirilir. Məlumdur ki, Ukrayna tərəfi hazırda bu istiqamətdə Rusiyanın müdafiə xəttini yarmaq üçün fəal iş aparır.

 

Çətin bərpa yolu

Ukraynanın ölkə iqtisadiyyatına davamlı və miqyaslı dəstək olmadan uğur qazana bilməyəcəyini hər kəs anlayır. İyunun 21-də Londonda Ukraynanın bərpasının maliyyələşdirilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də buradan irəli gəlirdi. Tədbirin əsas nəticəsi donor dövlətlərin müharibənin dağıtdığı ölkəyə 60 milyard avro (66 milyard dollar) ayırmağa razılıq verməsidir.

«Biz bunun yardımların elan ediləcəyi konfrans olduğunu düşünmürdük. Lakin bu gün burada Ukraynaya 60 milyard avroluq dəstəyin göstəriləcəyini bəyan edə bilərik», - deyə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib. Yardım paketinin 50 milyard avroluq əsas hissəsini Avropa İttifaqı 2027-ci ilədək ayırmağı planlaşdırır.

ABŞ isə Ukraynanın xüsusilə enerji və infrastruktur sektoruna dəstək üçün 1,3 milyard dollar ayıracağını bəyan edib. Bununla yanaşı, bildirilir ki, Ukraynaya yaxın və orta perspektivlərdə dəstəyin göstərilməsi hökumətlər və beynəlxalq təşkilatların öhdəliyi olacaq.

Ukraynanın baş naziri Denis Şmıqal forumda bildirib ki, Kiyev bərpa işlərinə artıq bu il başlamağı düşünür – bunun üçün müharibənin bitməsini gözləmək lazım deyil. Ukrayna tərəfinin hesablamalarına görə, yaxın illər üçün ölkənin bu infrastrukturunun bərpasına 6,5 milyard dollar lazımdır. Ümumilikdə bərpa işlərinə isə 600-800 milyard dollar tələb olunur. Bu da Kiyevin hesablamasıdır.

Dünya Bankının açıqladığı rəqəm bir qədər fərqlidir. Vəziyyəti BMT və Avropa Komissiyası araşdırmış Dünya Bankı bu işlərin görülməsi üçün 411 milyard dollara ehtiyacın olduğunu bildirib. Bu, Ukrayna ÜDM-in, təxminən, 260%-i deməkdir.

Denis Şmıqal Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsinə imkan verəcək kompensasiya mexanizminin hazırlanması işinin başa çatdırılmasına da çağırış edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə göstərilən beynəlxalq səylər hüquqi diskussiyalara «ilişib qalıb».

Konfransın məqsədlərindən biri Ukraynaya investisiya yatırılmasına zəmanət verən mexanizmlərin yaradılması ilə bu işə özəl sektorun da cəlb olunması idi. Kleverlinin sözlərinə görə, 42 ölkədən, təxminən, 500 şirkət, o cümlədən «Google», «Siemens», «Vodafone», «Hitachi», «Virgin Group» və «Rolls-Royce» bu işə dəstəyini ifadə edib.

Ukrayna prezidenti Vladimir Zelenski konfransa videoformatda qatılıb. O, çıxışında qarşıya qoyulmuş hədəflərin icrasında hər kəsi daha inadkar olmağa səsləyib: «Biz normal həyatı elə bərpa etməliyik ki, tranformasiyamız təcavüzkarı ideoloji məğlubiyyətə uğratsın. Dünya bunu gözləyir».

Çağırışlar öz yerində, amma hamı yaxşı bilir ki, Ukraynanın bərpası ilə bağlı tələbatı xüsusilə müharibənin davam etdiyi şəraitdə dünyanın heç bir ölkəsi tam ödəyə bilməz. Ukraynalıların özləri hesab edirlər ki, bunun üçün ən real və əsas mənbə Rusiyanın dünyanın müxtəlif ölkələrindəki dondurulmuş aktivləridir. Onun dəqiq məbləği məlum deyil. Ukrayna tərəfinin qiymətləndirməsinə görə, söhbət 500 milyard dollardan gedir. Amma bu belə, Ukraynanın itkilərini tam qarşılamır. Bundan başqa, bu vəsaitə müharibədən zərərçəkmiş rusların arasında da kifayət qədər iddialı var.

Ukraynanın bərpası ilə bağlı növbəti konfrans 2024-cü ildə Almaniyada keçiriləcək və ola bilsin ki, o vaxtadək Rusiyanın dondurulmuş aktivlərinin taleyinə də aydınlıq gəlsin.



MƏSLƏHƏT GÖR:

112