Müəllif: Natiq NAZİMOĞLU
Görünən odur ki, «Quran» kitabının yandırılması aksiyası getdikcə müasir Qərbin həyatında özünə möhkəm yer edir. Bu sahədə növbəti dəfə İsveç «fərqlənib». «Qərb demokratiyası»nın əsl simasını göstərən bu hallara müsəlman dünyasının münasibəti birmənalıdır. Baş verənlər Avropada dini, irqi, milli, ideoloji-siyasi zəmində nifrətin hansı səviyyədə olduğunu göstərir və bu üzdən də onun müzakirəsinə ciddi ehtiyac var.
Sataşma azadlıq kimi təqdim olunanda
İyunun 28-də, müsəlmanların Qurban bayramının ilk günündə İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun əsas məscidinin bağçasında «Quran» kitabına od vurub. Üstəlik, o, bunu maksimum nümayişkaranə şəkildə edib: əvvəlcə müqəddəs kitabın vərəqlərini cıraraq onunla ayaqqabılarını silib, daha sonra kitabın içərisinə bir tikə donuz əti qoyaraq, onu yandırıb. Bunun nifrət zəminində aşkar vandallıq olduğu ortadadır.
Düşünmək olar ki, mədəni, demokratik, nifrətin, irqçilik və ksenofobiyanın istənilən formasının qəbuledilməzliyini bəyan edən Avropada belə aksiyaya yer ola bilməz. Amma İsveç hökuməti nəinki belə hallarla mübarizə aparmır, əksinə bu halda əsasında islamofobiyanın dayandığı belə nifrət aksiyalarının həyata keçirilməsinə imkan yaradır. Hər halda, məlum olub ki, Stokholmun mərkəzində «Quran»ın yandırılması aksiyasının keçirilməsinə İsveç polisi tərəfindən icazə verilib. İraqlı immiqrantın əməlinə Qərbin siyasi mərkəzlərinin reaksiyası da göstərir ki, onlar belə aksiyaların keçirilməsində ən azı hüquqi baxımdan problem görmürlər. Amma məsələ yalnız hüquqdurmu?
Avratlantik dairələr sanki birağızdan eyni şeyi deyir. Krallığın baş naziri Ulf Yalmar Kristersson bildirir ki, İsveç polisinin aksiyaya icazə verməsi qanunsuz deyil, çünki «söz azadlığı demokratiyanın bir hissəsidir». Bununla yanaşı, o, «Quran»ın yandırılmasının «yersiz olduğunu» da əlavə edib.
«Qanunsuz olmayan əməlin yersiz ola biləcəyini» ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel də dilə gətirib. Avropa İttifaqı da təxminən eyni mövqedədir: «Quran»ın və ya hər hansı digər müqəddəs kitabın yandırılması təhqir, hörmətsizlik və aşkar təxribatçılıqdır, amma ifadə azadlığı müdafiə olunmalıdır».
NATO-nun baş katibi Yens Stoltenberq də eyni fikirdədir. O, guya «bu insidentin yaratdığı hissləri, emosiyaların dərinliyini anlayır», lakin «təhqir olan, pislənməyə layiq bu əməl suveren hüquq sistemində qanunsuz deyil».
Yeri gəlmişkən, Stoltenberq bu haqda «Quran»ın yandırılmasının Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verib-verməyəcəyi kontekstində danışıb. Baş katib deyib ki, İsveç hökumətinin bu aksiyanın keçirilməsinə icazə verməsində pis heç nə yoxdur. Türkiyə isə məsələyə fərqli yanaşır. Ankaranın İsveçin bloka qəbuluna «yox» deməsi yalnız onun kürd terror təşkilatları tərəfdarlarını dəstəkləməsi ilə deyil, həm də «Quran»ın yandırılması aksiyasını təşviq etməsi ilə bağlıdır.
«Kilsənin, sinaqoqun və ya digər ibadət məkanlarının yandırılmasında sərbəstliyin olmadığı kimi, «Quran»ın yandırılmasında da sərbəstlik olmamalıdır. Bu, Qərbdə bədxassəli şiş kimi yayılan, müsəlmanlara, islama düşmənçilik ifadə edən yeni xəstəlikdir», - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan bu haqda hələ yarım il əvvəl, danimarkalı ultrasağçı millətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında «Quran»ı yandırdığı zaman da danışmışdı. O zaman dövlət başçısı demişdi ki, belə vəziyyətdə İsveç NATO-ya üzvlük məsələsində Ankaradan dəstək gözləməməlidir. Bu dəfə isə o, «İsveçin NATO üzvü olmağı çox arzulamadığının hiss olunduğunu» söyləyib.
Nəzərə alsaq ki, İsveçdə ölkənin təhlükəsizlik sahəsində ənənəvi neytrallıq siyasətindən uzaqlaşmasını istəməyən nüfuzlu qüvvələrin olduğunu nəzərə alsaq, Türkiyə lideri real vəziyyəti yaxşı anlayır. İslamofob aksiyaların da əsasən bu millətçi dairələrin səyləri ilə həyata keçirildiyi istisna deyil. Ola bilsin ki, onlar bunu Türkiyənin qəzəblənərək, ölkənin NATO-ya gedən yolunu bağlayacağını düşündükləri üçün edirlər. Yeri gəlmişkən, İsveçin baş nazir Kristerssonun başçılıq etdiyi hakim Mötədil Partiyası belə, bəzən ultrasağçı ideoloji baxışları dəstəkləyir. Bir müddət əvvələdək o, Sağçı Qüvvələri Milli Təşkilatı, sonra isə Sağçı Partiya adlanırdı. Bu qüvvələr üçün İsveçin gələcək taleyinin ənənəvi müsəlman ölkəsi olan Türkiyədən asılı hala düşməsi qəbuledilməzdir. Odur ki, «Quran»ın yandırılması aksiyası və nəticədə, Türkiyə-İsveç münasibətlərinin gərginləşməsi ilə Ankaranın bu ölkənin Alyansa yolunu bağlaması ittihamları arasında birbaşa əlaqə ola bilər.
Ümumilikdə isə Avropada «Quran»ın yandırılması aksiyalarının artmasından danışarkən diqqət yalnız İsveçə çəkilməməlidir. Burada söhbət ümumilikdə müasir Qərb ölkələri və cəmiyyətlərində prioritet təşkil edən dəyərlərdən gedir.
İslamofobiya Qərb qlobalizminin xidmətində
Maraqlıdır ki, müqəddəs kitabı yandıran, milyonlarla müsəlmanın hissləri ilə oynayan şəxs Stokholm məscidinin qarşısındakı aksiyasını «söz azadlığının müdafiəsi» ilə izah edib. Belə çıxır ki, İsveç hökuməti iraqlı immiqrantın «Quran»ın yandırılması ilə azadlığın eyniləşdirilməsi fikrini bölüşür. Onlar nəinki məscid nümayəndələrinin, xüsusilə də müsəlmanlar üçün müqəddəs sayılan gündə aksiyanın əngəllənməsi çağırışlarına məhəl qoymayıb, aksiyanın başqa yerdə keçirilməsi təklifini də cavabsız buraxıblar. Bu bir daha təsdiqləyir ki, bu aksiya müasir Qərb cəmiyyətinin meyarları və dəyərləri ilə heç bir ziddiyyət təşkil etmir. Onlar düşünürlər ki, «Quran»ın təhqir olunması söz və ifadə azadlığının, demokratiyanın göstəricisidir. Bu vandallığın qiymətləndirilməsində isə «qanuni, lakin yersiz» kimi kobud söz birləşməsindən istifadə olunur. Bəs demokratiyanın «bir nəfərin azadlığı digərinin azadlığının başladığı yerdə bitir» kimi məşhur izahı necə olsun? Bir vətəndaşın digərinin dəyərlərini, hisslərini təhqir etməsi demokratiya göstəricisi sayıla bilərmi?
Müasir Qərb cəmiyyətlərinin rəhbərləri, əlbəttə ki, elementar demokratiya normalarını yaxşı bilirlər. Odur ki, onlar «Quran»ın yandırılmasının demokratiya göstəricisi deyil, dini və irqi zəmində nifrətin ifadəsi, sadə desək, islamofobiya olduğunu da yaxşı anlayırlar. Amma buna göz yumulur. Çünki onun Qərb sivilizasiyasının xarakterini müəyyənləşdirən hallardan biri kimi möhkəmlənməsində maraqlıdırlar.
Kitabların yandırılması Avropa tarixinin ən qorxulu və biabırçı səhifələrini yada salır: inkvizasiya tonqalları, nasist yanğınları, dahi yazıçıların, mütəfəkkir və alimlərin dəyərinin ölçülməsi mümkün olmayan əsərlərinin yandırılması. Bu vəhşi təcrübənin bərpasının – müqəddəs kitabların, ilk növbədə, «Quran»ın yandırılmasının əsasında isə Yaradana inamı, ənənəvi əxlaqi dəyərlərə sadiqliyi təbliğ edən dinin rədd edilməsi dayanır. Müasir Qərb xristian ölkələri və xalqlarının cəmiyyəti yalnız şərti olaraq hesab olunur. Əslində isə o, xristianlığı inkar etmiş, indi isə özü üçün ən ciddi təhdidlərdən birini islamda görməyə başlamış sivilizasiyadır.
Ənənəvi dinlər, ilk növbədə, islam (mövcud miqrasiya prosesləri fonunda Avropada müsəlmanların sayı getdikcə artır) ümumilikdə Qərbdə qlobalizmə, dünya miqyasında Avratlantik siyasi-iqtisadi sistemin hökmranlığına əngəl kimi qiymətləndirilir. İslama bütün mümkün yollarla hücumların təşkili, yaşananların isə «söz azadlığı və demokratiyanın ifadəsi» kimi təqdim olunması məhz bunun nəticəsidir.
Bunu başqa ənənəvi dinlərin nümayəndələri də anlayır. Məsələn, «Quran»ın yandırılmasını Roma Papası Fransisk açıq şəkildə pisləyib. «Mən qəzəbliyəm. Belə əməllərə nifrət edirəm. Xalqın müqəddəs saydığı istənilən kitaba hörmətlə yanaşılmalıdır. Söz azadlığından başqalarının təhqir olunması üçün istifadə edilməsi yolverilməzdir», - deyə Katolik kilsəsinin başçısı Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan «Əl-İttihad» qəzetinə müsahibəsində bildirib.
Müsəlman dünyasının qınağı
Qərbdə özünü həm də «Quran»ın yandırılması ilə göstərən islamofobiyanın getdikcə güclənməsi, şübhəsiz ki, beynəlxalq vəziyyətə, dünyanın taleyi üçün son dərəcə əhəmiyyətli olan sivilizasiyalararası dialoqa da mənfi təsir göstərir və göstərəcək. İslam cəmiyyətləri müsəlmanların hislərinin, dəyərlərinin təhqir olunmasını birağızdan pisləyir. İsveç paytaxtında «Quran»ın yandırılmasını Türkiyə ilə yanaşı, başqa müsəlman ölkələri də kəskin qınayıb. Məsələn, Misir Xarici İşlər Nazirliyinin açıqlamasında «bəzi Avropa ölkələrində «Quran»ın yandırılması halının təkrarlanması, islamofobiyanın güclənməsindən narahatlıq» ifadə olunub. Nazirliyin bəyanatında bildirilir ki, «Misir müsəlmanların dini inancına toxunan bu iyrənc əməlləri rədd edir».
Səudiyyə Ərəbistanının xarici siyasət idarəsi isə bəyan edib ki, «təkrarlanan bu cür nifrət aksiyalarına onların əsaslandırılması üçün irəli sürülən bəhanələrdən ayrı yanaşmaq mümkün deyil. Onlar dözümün, birgəyaşayışın yayılmasına, ekstremizmlə mübarizəyə yönəlmiş beynəlxalq səylərlə birbaşa ziddiyyət təşkil edir».
Məsələyə İordaniya XİN də münasibət bildirib. Nazirlik bəyan edib ki, «Quran»ın yandırılması «təhlükəli nifrət aktı, zorakılığa təhrik edən islamofobiyadır». Bəyanatda deyilir ki, baş verənlər «söz azadlığı hesab oluna bilməz». Livan XİN-in açıqlamasında isə bildirilir ki, «müsəlmanların müqəddəs kitabına əl uzadılması, onların hisslərinə qarşı təxribatçı addımların atılması dözümlülük, dinlərin, sivilizasiyaların birgəyaşayışının möhkəmləndirilməsi prinsipinə zidd olmaqla, islamofobiyanı dərinləşdirir».
Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, «Quran»ın yandırılması «yalnız milyonlarla müsəlmanın hisslərinə toxunan, dinlər arasında hörmət və sevgi hissinə zidd olan cinayət yox, həm də Qərb hökumətlərinin yuvarlandıqları əxlaqsızlığın göstəricisidir».
Yəmən XİN isə «ifadə azadlığı ilə heç bir əlaqəsi olmayan cinayət» və «dünyanın müxtəlif hissələrində yaşayan 2 milyard müsəlmana qarşı təxribat olan hadisə»yə görə məsuliyyəti birbaşa İsveç hökumətinin üzərinə qoyub.
İranın xarici siyasət idarəsi diqqəti İsveç hökumətinin aksiyaya icazə verməsinə çəkərək, bunun həmin ölkədə baş vermiş ilk belə hadisə olmadığını xatırladıb, aksiyaların Məkkə ziyarəti və Qurban bayramı günlərinə təsadüf etdiyini vurğulayıb: «Müqəddəs kitabların təhqir olunması «insan haqları» anlayışında yer alan nəcib dəyərlərə ziddir. Bu, qəbuledilməzdir, düşüncəsizlik və təxribatdır». İran XİN bəyan edib ki, Tehran baş verənlərə etiraz olaraq, İsveçə yeni səfir göndərməyəcək.
İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş İsveçdəki səfirlərini geri çağırıblar. İraq XİN isə aksiyanı həyata keçirmiş immiqrantın bu ərəb respublikasında mühakimə edilməsi üçün İsveçdən onun ekstradisiyasını tələb edib.
İsveçdə müqəddəs «Quran»ın yandırılması Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə də qəti şəkildə pislənilib. Hərəkata üzv dövlətlərin nümayəndələri bu cür cinayətlərin yolverilməz olduğunu, islamofobiya ilə daha ciddi mübarizə aparılmasının vacibliyini bildiriblər. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev islamofobiya və ksenofobiyanın artmasından narahatlığını ifadə edib, bildirib ki, «Danimarkada, Niderlandda, İsveçdə müqəddəs «Quran»ın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir».
Türkiyə «hə» dedi
Son dövrlər İsveçin mərkəzində yer aldığı hadisələrə daha bir əhəmiyyətli fakt əlavə olunub. NATO-nun Vilnüs sammiti ərəfəsində Türkiyə bu ölkənin Alyansa üzvlüyünə razılıq verib. Amma qurumun baş katibi Stoltenberqin də toplantıdan bir neçə gün əvvəl dediyi kimi, İsveç NATO-ya Litva paytaxtında üzv ola bilməyib.
Vilnüsdə Stoltenberq, Kristersson və Ərdoğanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə NATO-nun baş katibi bildirib ki, Türkiyə prezidenti İsveçin Alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya olunması üçün ölkəsinin parlamentinə göndərməyə razılıq verib. Türkiyə mediası yazır ki, bu, İsveçin kürd terror təşkilatlarına dəstəyi dayandırmağa hazır olduğunu bildirməsindən sonra mümkün olub. Bu, əksini ölkə Konstitusiya və qanunvericiliyinə edilmiş dəyişikliklərdə də tapıb.
İsveçin NATO-ya qəbuluna Türkiyənin razılıq verməsi prosesinin bitdiyini söyləmək tezdir. Stoltenberq də bunu «tarixi addım» adlandırsa da, İsveçin Şimali Atlantika Alyansına nə vaxt qoşulacağını dəqiq söyləməyin mümkün olmadığını bildirib, bunun Türkiyə parlamentindən asılı olduğunu söyləyib. Türkiyə Böyük Millət Məclisinin isə sənədi payızda ratifikasiya edəcəyi gözlənilir. Bütün bunlarla yanaşı, görünən odur ki, Ankaranın bu işə «hə» deməsi Türkiyə ilə Qərbin aparıcı mərkəzləri arasında daha geniş razılaşmanın bir hissəsidir.
Bu mənada, Ərdoğanın bir bəyanatı da maraqlıdır. O, bildirib ki, Avropa İttifaqı Türkiyənin Aİ-yə gedən yolunu Ankaranın İsveçin NATO yolunu açmasından daha əvvəl təmizləməlidir. «Mən Türkiyəni 50 ildən artıqdır Aİ-nin qapısında gözlədən ölkələrə müraciət edirəm. Əvvəlcə siz Türkiyənin Avropa İttifaqına yolunu açın, daha sonra biz Finlandiya kimi, İsveçin də NATO-ya yolunu açaq», - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. İndi Aİ-nin bu məsələdə Ankaraya bəzi güzəştlərə gedəcəyi istisna deyil. İsveçin özü isə Türkiyənin Aİ-yə üzvlüyünə, o cümlədən Gömrük İttifaqının yenilənməsinə və vizasız rejimin tətbiqinə fəal dəstək olacağını bildirib.
Ərdoğanın «İsveç qərarı» ilə Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlığın gözlənilən fəallaşması arasında da əlaqə axtarmaq mümkündür. ABŞ prezidenti Co Bayden Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Türkiyəyə «F-16» qırıcılarının tədarükü Vaşinqtonun maraqlarına uyğundur. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan isə məsələyə münasibət bildirərkən deyib ki, Bayden mövqeyini aydın ifadə edib. Sallivanın sözlərinə görə, onlar hesab edir ki, «F-16» təyyarələrinin satışı istər NATO üçün, istərsə də ABŞ ilə Türkiyə arasında ikitərəfli münasibətlər baxımından əhəmiyyətlidir. Güman ki, Ankaranın İsveçin NATO-ya qəbulu ilə bağlı mövqeyini yumşaltmasına təsir göstərmiş önəmli amillərdən biri də budur.
MƏSLƏHƏT GÖR: