24 Noyabr 2024

Bazar, 03:25

İKİ DAŞ ARASINDA

ŞƏT və «G20»yə sədrlik edən Hindistan Vaşinqtonla Moskva arasında manevr etməyə çalışır

Müəllif:

15.07.2023

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 4-də keçirilən virtual sammiti Hindistanın müasir beynəlxalq siyasətdəki rolunu çox yaxşı şəkildə ortaya qoyub. Hesab olunur ki, dünyanın güc mərkəzləri arasında sərt qarşıdurmanın getdiyi şəraitdə o, həm Qərb dövlətləri, həm də onların siyasi opponentləri ilə «oynayaraq», bundan maksimum faydalanmağa çalışan azsaylı ölkələrdəndir. Üstəlik, Hindistan bunu son dərəcə orijinal üslubda edir.

 

Qəribə sammit

Koronavirus pandemiyası ilə bağlı bütün məhdudiyyətlər çoxdan götürülsə də, ŞƏT-in növbəti sammiti də onlayn rejimdə keçirilib. Bunun bir neçə izahı var. Bu, ilk növbədə, Hindistanın qonşuları Çin və Pakistanla yaşadığı ziddiyyətlə bağlıdır. Son dövrlərdə bu ziddiyyətlər daha kəskin xarakter almağa başlayıb. Belə bir vəziyyətdə Hindistanın baş naziri Narendra Modi, yəqin ki, sevmədiyi liderləri Yeni Dehlidə görmək arzusu ilə alışıb-yanmır. Eyni zamanda, yəqin ki, Çin sədri Si Cinpinlə Pakistanın baş naziri Şahbaz Şərif də Hindistan paytaxtına səfər etməyə xüsusi maraq göstərmirlər.

Sammit təşkilatçılarının onun onlayn keçirilməsi qərarı verməsinin daha bir səbəbi Haaqa Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsindən sonra onun beynəlxalq səfərlərdən imtinası ola bilər. Lakin Hindistan mənbələri bu qərarı liderlərin qrafikinin razılaşdırılmasının çətinliyi ilə izah edir.

Bütün bunlarla yanaşı, sammitin təşkililə bağlı vəziyyətin özü qurumun aparıcı üzvləri arasında ziddiyyətlərin olduğunu göstərir. Amma Hindistanla Pakistanın ŞƏT-ə qəbulundan sonra təşkilatda əsas məsələlərin razılaşdırılmasının asan olacağını onsuz da heç kim gözləmirdi. Daha bir problemli ölkə – İranın da ŞƏT-ə qoşulması ilə isə o, Qərb təşkilatlarının antipodunu xatırlatmağa başlayıb.

Lakin ŞƏT üzvlərinin əksəriyyəti belə analogiyadan uzaq dayanmağa çalışır. Onlar hesab edirlər ki, ŞƏT-in «anti-NATO», yaxud «anti-Aİ» təşkilatına çevrilməsinə ehtiyac yoxdur. Qurumun əksər üzvü ABŞ və Avropa İttifaqı ilə konstruktiv münasibətləri qoruyub saxlayır və nəticədə, ŞƏT-də blok psixologiyası yaranmır.

Elə Hindistanın baş naziri Narendra Modi özü rəsmi səfərlə yollandığı ABŞ-dan yeni qayıdıb. Vaşinqtonda onu yaxın tərəfdaş kimi qarşılayıblar və baş nazir də öz növbəsində, buna qarşılıq verib. Bundan sonra onun ABŞ və ölkəsinin qərbli tərəfdaşlarının ünvanına hər hansı sərt gedişlər gözləməyə dəyməzdi.

Bu il həm ŞƏT, həm də «G20»yə sədrlik edən Hindistan faktiki olaraq, diplomatik kanal üzərində hərəkət edir və demək, Vaşinqtonla Moskva arasında balansı tutmalıdır. Bununla yanaşı, Birləşmiş Ştatlarla münasibətlər onun üçün xüsusi dəyər daşıyır. Yalnız onu qeyd etmək kifayətdir ki, Modinin rəhbərliyi dövründə ABŞ Hindistanın bir nömrəli iqtisadi-ticari tərəfdaşına çevrilib. Statistikaya görə, martın 31-də bitmiş 2022-2023-cü maliyyə ilində ABŞ Hindistanla ticarət dövriyyəsində birinci pilləyə yüksəlib. Hindistanın statistika idarəsi xəbər verir ki, qeyd olunan dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 7,65% artaraq 128,55 milyard dollara çatıb. Bir il əvvəl bu rəqəm 119,5 milyard dollar təşkil edirdi.

Bu iki ölkə arasında münasibətlər son dövrlərdə o qədər güclənib ki, Amerika lideri hindistanlı həmkarını noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinə dəvət edib. Hindistan bu təşkilatın üzvü deyil, lakin ona qoşulmaqda maraqlı olduğunu göstərir. Ola bilsin ki, Bayden də sentyabrda «G20» liderlərinin Hindistanda keçiriləcək sammitinə qatılsın.

Yeri gəlmişkən, sentyabrda Yeni Dehlidə keçiriləcək «G20» sammitinə Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinin də qatılacaqları gözlənilir. Bu halda onlar «Böyük iyirmilik» üzvü olan digər Qərb dövlətlərinin liderləri ilə üz-üzə gəlməli olacaqlar.

Qərblə dialoqu inkişaf etdirən Hindistan, eyni zamanda Rusiyanı Ukrayna müharibəsinə görə günahlandırmaqdan çəkinir. Son il ərzində o, bu ölkə ilə də ikitərəfli ticarətin həcmini xeyli artırıb. Buna əsasən Rusiyadan rekord həcmdə neftin alınması ilə nail olunub ki, bu da Hindistanın qərbli tərəfdaşlarında qıcıq yaradır. Amma bu vəziyyət Yeni Dehli-Vaşinqton münasibətlərinə mənfi təsir göstərmir. Əksinə, Hindistan getdikcə ABŞ-ın daha əlverişli tərəfdaşına çevrilir, çünki regionda Çinə ondan yaxşı rəqib tapmaq mümkün deyil. Üstəlik, Yeni Dehlidən tərs Pakistana təzyiq amili kimi də istifadə etmək mümkündür.

 

Yeni şəraitdə köhnə problemlər

Modi ŞƏT sammitindəki çıxışında Pakistana eyham vuraraq bildirib ki, bəzi dövlətlər öz siyasətində alət kimi transsərhəd terrorçuluğundan istifadə edir və təşkilat onları tənqid etməkdən çəkinməməlidir. Pakistanın baş naziri Şahbaz Şərifin də iştirak etdiyi sammitdə Modi hamını terrorçuluqla mübarizədə qəti addımlar atmağa çağırıb. O, deyib ki, Hindistanın Əfqanıstanla bağlı narahatlığını, bu ölkədən gözləntilərini əksər ŞƏT üzvü də bölüşür. Bununla da, Modi İslamabadın Pakistanda terror təşkilatları ilə «oynamasının» regional təhlükəsizliyə təhdid yarada biləcəyinə eyham vurub.

Şahbaz Şərif deyilənlər qarşısında susmayıb. Bildirib ki, terrorçuluqdan «diplomatik xal qazanmaq üçün dəyənək kimi istifadə etmək lazım deyil». «Eyni zamanda dini azlıqları şeytan kimi qələmə vermək və daxili siyasi məqsədlərə çatmaq üçün onları təqib etmək də olmaz», - deyə o, Hindistan hökumətinin müsəlman əhali ilə davranışını üstüörtülü şəkildə tənqid edib.

Perspektivlərdən də danışan Modi bildirib ki, Hindistan ŞƏT-də islahatların, müasirləşmənin davam etdirilməsi tərəfdarıdır. O, eyni zamanda İranı təşkilatın yeni üzvü qismində salamlayıb. İndiki vəziyyətdə Yeni Dehlinin Tehranla münasibətlərindən istifadə edərək, nüvə razılaşmasının bərpası üçün İranla ABŞ arasında əlaqələrin qurulmasına çalışacağı istisna edilmir.

Rusiya-Ukrayna müharibəsinin qızğın vaxtında əlavə qlobal gərginliyi heç kim arzulamır. Xüsusilə söhbət qonşu dövlətdən gedirsə. Bəli, Çin lideri Si Cinpin kollektiv Qərblə, xüsusilə Avropa ilə tərəfdaş münasibətlərinin inkişaf etdirilməsinə sadiqliyini bildirir, çünki Pekinin əsas iqtisadi-ticari tərəfdaşı ŞƏT üzvləri yox, məhz Qərb ölkələridir. Cinpin üçün Qərblə əməkdaşlıq daha asandır, amma  Rusiya prezidenti ilə tez-tez keçirilən şəxsi görüşlərlə Qərbi qıcıqlandırmadan. Xüsusilə nəzərə alınmalıdır ki, liderlər arasında ən vacib razılaşmalar şəxsi görüşlərdə və kluarlarda aparılan müzakirələrdə əldə edilir, nəinki milyonluq auditoriya qarşısında onlayn rejimdə keçirilən tədbirlərdə.

ŞƏT uzun müddət Rusiya ilə Çinə Mərkəzi Asiyada qüvvələr balansının formalaşdırılmasında, regiona digər oyunçuların, xüsusilə Qərb güclərinin girməsi riskinin «hamarlanmasında» kömək edib. Lakin inkişaf etməkdə olan «Mərkəzi Asiya + ABŞ» və «Mərkəzi Asiya + Aİ» formatlarını nəzərə alsaq, qurum bu funksiyanın öhdəsindən o qədər də uğurla gəlməyib.

 

Dialoq üçün platforma, yoxsa formallıq?

Əvəzində ŞƏT vahid coğrafiyada yerləşən müxtəlif iştirakçılar arasında dialoq platforması rolunun öhdəsindən yaxşı gəlir. Belə olmasaydı, onunla əməkdaşlığa, hətta üzvlüyə maraq göstərən dövlətlərin sayı getdikcə artmazdı. Son sammitdə Belarus da ŞƏT-ə qoşulmaq niyyətini açıqlayıb. Artıq Minsk 2024-cü ildə quruma üzv olması üçün üzərinə öhdəliklər götürüb və bununla bağlı memorandum da imzalayıb. Belarusun ŞƏT-ə marağı Rusiya-Ukrayna müharibəsində birincini dəstəkləməklə, faktiki olaraq Qərb tərəfindən təcrid duruma salınması ilə izah edilə bilər. Digər dövlətlərin ŞƏT ilə dialoqa hazır olmaları isə onların panasiya siyasi və iqtisadi əlaqələr sisteminə daha sıx inteqrasiya olunmaq istəyindən irəli gəlir. Məsələn, mayın 5-də ŞƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Panaci şəhərində keçirilən iclası zamanı Küveyt, Maldiv, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandumlar imzalanıb.

Maraqlıdır ki, həm Modi, həm də Cinpin Ukraynada münaqişənin tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edib. Bununla yanaşı, onların heç biri Rusiya liderinə təzyiq göstərməyə çalışmayıb. Halbuki ŞƏT-in son sammitlərində qəbul olunmuş bəyannamələrdə «dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət etməsi», «güc tətbiq etməməsi və ya güc tətbiqi ilə hədələməməsi» prinsipləri dəstəklənib.

Yeni Dehli sammitinin sonunda qəbul edilmiş bəyannamədə ŞƏT-in yeni üzvlərin qəbulu ilə genişləndirilməsi dəstəklənib. Sənəddə ədalətli dünya düzəninin formalaşmasında BMT-nin rolu vurğulanır, «ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupu tərəfindən qlobal raketdən müdafiə sistemlərinin birtələfli və məhdudiyyətsiz genişləndirilməsi»nin dünya düzəninə mənfi təsiri vurğulanıb. Bununla yanaşı, bəyannamədə NATO-nun genişləndirilməsi, Qərbin Ukraynaya hərbi yardımı kimi məsələlərə diqqət çəkilmir.

Əfqanıstandakı vəziyyətdən narahatlıq ifadə edən liderlər hesab edirlər ki, orada «bütün etnik, dini və siyasi qrupların təmsilçilərinin iştirakı ilə inklüziv hökumətin yaradılması vacibdir».

Bundan başqa, qurumun Hindistan istisna olmaqla, bütün üzvləri Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək ifadə edib. Söhbət Çini Asiya, Avropa və digər ölkələrlə birləşdirən Böyük İpək Yolunun bərpası layihəsindən gedir.

Maraqlıdır ki, ŞƏT ölkələri və onların dialoq üzrə tərəfdaşlarını birləşdirən digər layihə – «Şimal-Cənub» layihəsi haqda bir kəlmə də danışılmayıb. Halbuki sammitə ev sahibliyi edən Hindistan məhz həmin layihənin tamhüquqlu iştirakçısıdır.

Ümumilikdə sammitin keçirilməsi Yeni Dehli üçün formal öhdəlik deyildi (yeri gəlmişkən, o bu işin öhdəsindən lazımınca gələ bilib). O həm də Hindistanın burulğanların yaşandığı beynəlxalq siyasətdə balans saxlama səylərinin effektivliyini göstərib. Bəs ölkə bunu nə qədər davam etdirə biləcək?



MƏSLƏHƏT GÖR:

94