24 Noyabr 2024

Bazar, 03:47

DÖVLƏT MİQYASINDA QARIŞIQLIQ

Polisin əlcəzairli yeniyetməni öldürməsi Fransada görünməmiş iğtişaşlara yol açıb

Müəllif:

15.07.2023

Müasir Fransa üçün küçə iğtişaşları yenilik, yaxud qeyri-adi hal deyil. Lakin iyunun sonu, iyulun əvvəllərində iğtişaşların miqyası elə həddə çatıb ki, ona tez-tez rast gəlindiyini demək çətindir. Minlərlə miqrant və onlara qoşulmuş yerli gənclər bir neçə gün davamlı olaraq Fransa şəhərlərini sözün əsl mənasında dağıdıblar. Səbəb iyunun 26-da Parisin Nanter qəsəbəsində 17 yaşlı Nael Merzukun öldürülməsidir. Əlcəzairdən olan yeniyetmə avtokuryer işləyirmiş. O, yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən «saxla» əmri alsa da, asayiş keşikçilərinin versiyasına görə, qaçmağa çalışıb. Bu zaman polis əməkdaşlarından biri ona atəş açıb.

Bu hadisə genişmiqyaslı qiyama haqq qazandırmasa da, hər halda, onun səbəbini izah edə bilər. Problem ondadır ki, etiraz aksiyaları qısa vaxtda əsl talana çevrilib – hədəf və xüsusi tələblər olmadan. Marsel, Qrenobl, Lion, Tuluza, Strasburq, Lill, Paris və digər şəhərlərdə qəzəbli kütlə vitrinləri, qarşılarına çıxan hər şeyi dağıdıb, yandırıb və talan edib. Yüzlərlə nəqliyyat vasitəsinə – şəxsi və polis maşınlarına, avtobuslara, həmçinin məktəblər, muzeylər, kitabxanalar daxil olmaqla, müxtəlif binalara od vurulub. Asayiş keşikçiləri və digər dövlət nümayəndələri daş-qalaq edilib, onların üzərinə fişəng atılıb və s. L'Ay-le-Roz şəhərinin merinin evinə hücum edən kütlə onu yandırmağa çalışıb və bu zaman merin xanımı və övladı xəsarət alıblar. Lionda bir nümayişçi zabitlərə tüfəngdən atəş belə açıb, nəticədə, 7 nəfər yaralanıb. Vəziyyətin nəzarətə götürülməsi üçün iyulun 2-nə keçən gecə bütün ölkə ərazisində 45 min polis və jandarm, həmçinin minlərlə yanğınsöndürən səfərbər olunub.

İğtişaşlar zamanı polis təxminən 3400 nəfəri saxlayıb. BBC xəbər verir ki, saxlanılanlar arasında feldşerlər, restoran işçiləri, zavod əməkdaşları, tələbələr və işsizlər var.

Xatırladaq ki, Fransanın nəhəng şəhərlərində həyatın digər rayonlardan kəskin fərqləndiyi gettolar hələ də qalmaqdadır. Məsələn, bu mənada məşhur olan Klişi-su-Bua, yaxud BBC-nin yazdığı kimi, Parisin Nanter qəsəbəsi – polisin güllələdiyi əlcəzairli Nael məhz bu qəsəbədə yaşayırdı. Nanterin qonşuluğundakı ultramüasir La-Defans rayonunda insanların yaşayış səviyyəsi çox fərqlidir. Nümayişçilər əmindirlər ki, polis bu rayonda eyni vəziyyətdə hər hansı gəncə atəş açmağa cürət etməzdi. Yoxsul rayonların sakinləri ilə polis arasında insidentlər isə adi haldır. Getto sakinləri bunu qaradərililərə və ərəblərə qarşı irqçilik kimi qiymətləndirirlər.

 

Submədəniyyətin mənzərəsi

Fransa cəmiyyətində paradoksal vəziyyət yaranıb. Bir tərəfdən köklü fransızlar miqrantlardan və onlarla əlaqəli kriminaldan bezdiklərini deyir, digər yandan hökumət davamlı olaraq multikultural cəmiyyətdən, tolerantlıq və insan haqlarından danışır. Amma bütün bunlar yalnız sözdədir. Əməldə miqrantların cəmiyyətə real inteqrasiyası üçün çox az iş görülür. Əgər uşaqlıqdan yaxşı nümunə görmürsənsə, yaxşı məktəbə gedə bilmir, keyfiyyətli təhsil ala bilmirsənsə, necə qanunlara tabe olan yaxşı vətəndaş ola bilərsən? İstisnalar təbii ki, var, amma ümumilikdə vəziyyət məhz belədir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravina Şamdasani bildirib ki, «Fransa üçün iğtişaşlar hüquq-mühafizə orqanlarındakı irqçilik, ayrı-seçkilik kimi problemlərlə ciddi məşğul olmaq zamanının çatdığını göstərir». Amma o da unudulmamalıdır ki, irqçiliyə, ayrı-seçkiliyə son qoyulmasının əsasında iqtisadi, sosial və mədəni hüquqlar, yaxşı düşünülmüş təhsil proqramları, mənəvi dəyərlər dayanmalıdır. Lakin beynəlxalq insan hüquqları sistemində sanki məsələnin məhz bu tərəfinə əhəmiyyət verilmir. Nəticədə, açılması mümkün olmayan ziddiyyətlər düyünü yaradır və elə görünür ki, eyni vaxtda hamı günahkardır və ya heç kimin günahı yoxdur. Bu vəziyyətdən əziyyət çəkənlərin sayı isə gündən-günə artır.

Bütün sadalananlar öz yerində, bəs Fransada bu cür yüksək səviyyədə təşkil olunmuş gənc bandalar necə peyda olub? Bu haqda polisin əvvəldən məlumatı olubmu və olubsa, bu istiqamətdə hansı addımlar atılıb? Avropanın digər şəhərlərində də belə bandalar varmı? Axı onların əksəriyyətində hüquq mühafizə orqanlarının uzaq durmağa çalışdığı miqrant məhəllələri var. Belə çıxır ki, həmin rayonların öz qanunları olur? Bu, dövlət içərisində dövlətdir, ya necə? Fransa və Avropa İttifaqı qanunvericiliyini nəzərə alsaq, bunu başqa cür necə ifadə etmək olar? Fransa prezidenti Emmanuel Makronun zorakılıq hallarına görə «videooyunlar»ı təqsirləndirməsi son dərəcə maraqlıdır. O, hesab edir ki, «Snapchat» və «TikTok» nəinki etirazçıları koordinasiya edir, həm də onları zorakılığa səsləyir. Necə deyərlər, şərhsiz… Sadəcə, bir sual yaranır – bu uşaqların bu oyunlara alternativi niyə yoxdur?

 

«Keçmiş»in borcları

Daha bir vacib məqam qətlə yetirilmiş Naelin əslən Əlcəzairdən olmasıdır. Ötən əsrin ortalarında Əlcəzairdə baş vermiş səkkiz illik müharibənin xronikası ilə tanış olanlar Fransada bu günlərdə yaşananlara, əlbəttə ki, fərqli kontekstdə yanaşırlar. Müxtəlif məlumatlara görə, Fransanın Əlcəzairdə hökmran olduğu dövrdə, yəni 1830-1962-ci illər arasında 1,5 milyondan artıq insan qətlə yetirilib. Əlcəzairin azadlıq savaşı iştirakçılarının kəllə sümükləri hələ də hərbi qənimət kimi, Paris muzeyində saxlanılır. Fransa Əlcəzairdə nüvə sınağı da keçirib və ölkə ərazisini, demək olar, başdan-başa minalayıb. Əlcəzair müharibəsi isə Fransa müstəmləkəçiliyi tarixinin sadəcə kulminasiyası olub.

XX əsrdə Fransa Mərakeş, Tunis, Mali, Seneqal, Nigeriya, Çad, Madaqaskar, Kamerun kimi ölkələrdə də «fərqlənib». Amma bu da tam siyahı deyil. İndi həmin ölkələrdən Avropaya üz tutan miqrantlar Parisin onlara borclu olduğunu da deyirlər. Maraqlıdır ki, fransızların bir hissəsi də belə düşünür.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən nazirlər görüşündə bildirib ki, neomüstəmləkəçilik siyasətini hələ də davam etdirən dövdətlərdən biri Fransadır. O, özünü insan haqları və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Parisin hələ də başqa ölkələrin daxili işlərinə qarışdığını xatırladıb. İlham Əliyev hesab edir ki, Parisin bu yaxınlarda Mali və Burkina-Fasodan qoşunlarını çıxarması «onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi».

«Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və «Oriyentalizm» müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır… Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil... Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır. Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan, biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı «hüquq mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə» çağıran bəyanatını dəstəkləyirik», - deyə Azərbaycan Prezidenti bildirib.

Bənzər fikirləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da səsləndirib. O, bildirib ki, Fransada zorakılığın baş qaldırmasının əsasında «müstəmləkəçi keçmiş» və «institusional irqçilik» dayanır. Ərdoğan bu yaxınlarda «Titanik»in batdığı yerə enərək ona baxmaq istəyən 5 zəngin turistin ölümünü də yada salıb. Onların bir neçə gün nəticəsiz davam edən axtarışını bütün dünya mediası izləyib, hər yanda çoxsaylı müsahibələr, ekspert rəyləri yer alıb, bütün informasiya agentlikləri turistlərin nə qədər sağ qala biləcəyinə dair ehtimallar yazıb, onların mümkün ölümü ilə bağlı kədərli ssenarilər dərc ediblər. Bu hadisədən bir müddət əvvəl isə Yunanıstan sahillərində Afrikadan gələn və içərisində yüzlərlə miqrantın olduğu qayıq batsa da, bu haqda kütləvi müzakirə müşahidə edilməyib. Bəlkə də, səbəb bunun ilk belə hal olmamasıdır. Bu faciələr hər dəfə çox tez unudulur.

 

Siyasi mübarizə vasitəsi kimi

Bəs bütün bunlar iğtişaşlara əsasdırmı? Zorakılığa haqq qazandırırmı? Əlbəttə ki, yox! İğtişaşlarda iştirak edənlər də bu faktlara istinad etmir və onlar ümumiyyətlə, çətin ki, yaxşı təhsil almış, tarixi yaxşı bilən şəxslər olsun. Etirazçıların nə lideri, nə də konkret tələbləri var. Bu, daha çox iğtişaş xətrinə törədilmiş iğtişaş təsiri bağışlayır. Bəzən daşmaması üçün qazanın qapağını götürmək lazım gəlir.

Bu yerdə qarşımıza Fransada baş verənlərlə bağlı daha bir nüans çıxır. Fransadakı miqrant icmaları həm də siyasi mübarizə vasitəsidir və bu mənada, kifayət qədər yaxşı vasitədir. Məsələn, 2005-ci il talanları zamanı daxili işlər naziri Nikola Sarkozi vəziyyətin öhdəsindən gəlmiş, sonra bundan özünün prezident seçkisi kampaniyasında istifadə etmişdi. Görünür, Makron da eyni yolu getməyi düşünür.

Üstəlik, iğtişaşlar Fransa hökuməti üçün lideri və bəlli istiqaməti olmayan etirazçı kütlədən daha ciddi təhlükə sayılan «sarı jiletlilər» problemini arxa plana keçirib. İnsanlar qeyri-populyar pensiya islahatlarından narazıdırlar və iqtisadi böhrandan beziblər. İyunun sonu, iyulun əvvəlində baş verən nümayişlər kimi hadisələr isə sadə vətəndaşları yorur və hətta onlarda qorxu yaradır. Belə vəziyyətdə insan hər şeyin əvvəlki kimi qalması üçün istənilən şərtə razılaşır. Onlar istəyir ki, yenə sakitlik olsun, sevgili cütlüklər Eyfel qülləsi ətrafında rahat şəkildə gəzişsin, dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlər Notr-Dam yaxınlığındakı küçələrdə yerləşən yay kafelərində heç yerə tələsmədən şərablarını içsin və s.

Hazırda Fransada vəziyyət sanki normallaşıb. Amma iğtişaşlara yol açmış səbəblər qalır. Üstəlik, suallar da cavabını tapmayıb.



MƏSLƏHƏT GÖR:

97