Müəllif: Samir VƏLİYEV
NATO-nun Litva paytaxtında keçirilən sammitində əsas intriqa Ukraynanın Alyansa üzvlüyü ilə bağlı hansı qərarın qəbul ediləcəyi ilə bağlı idi. Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirakı da bundan asılı idi. Lakin Türkiyənin gözlənilmədən İsveçin NATO-ya qəbuluna «hə» deməsi son günlərin əsas intriqasını müəyyən müddətə ikinci plana keçirib. Odur ki, nəticələrindən asılı olmayaraq, bu sammiti «boş» hesab etmək olmaz.
İrəliləyiş var
Bu arada, cəbhədə vəziyyət hər iki tərəf üçün kifayət qədər ağırdır. Ukrayna Silahlı Qüvvələri (USQ) ağır keçən hücum əməliyyatları nəticəsində bəzi istiqamətlərdə müəyyən ərazilərə nəzarəti ələ keçirsə də, düşmən ukraynalıları əldən salmaq, ona mümkün qədər çox zərər vermək üçün əlindən gələni edir.
Ukrayna ordusu Rusiyanın silsilə sədlərdən ibarət olan və piyada və tankəleyhinə minalanmış müdafiə xəttini yarmağa çalışır. Amma o, buna arzuladığı sürətlə nail ola bilmir. Məlumata görə, USQ əks-hücum əməliyyatlarına başladığı andan 253 kvadrat kilometr əraziyə nəzarəti geri qaytarıb. Əlbəttə ki, Ukrayna rəhbərliyi NATO sammitinə daha ciddi nəticə ilə yollanmaq istərdi, lakin müharibənin öz məntiqi, öz qanunları var və onlarla hesablaşmamaq mümkün deyil.
Bundan başqa, görünən odur ki, ukraynalılar yaranmış operativ vəziyyətə uyğun olaraq, hərbi əməliyyatların aparılması taktikasını dəyişməyə də çalışır. Məsələn, USQ Zaporojye istiqamətində miqyaslı hücumdan lokal hücumlara keçib. Hadisələr göstərir ki, bu taktika bəhrəsini verir. Lakin onun uzun müddətdə hansı effekti verəcəyini söyləmək çətindir.
Hesab olunur ki, Ukraynanın uğurlu əks-hücum əməliyyatları Qərbin Kiyevə dəstəyinin davam etdirilməsində vacib rol oynayır. Döyüş meydanında irəliləyiş olmazsa, Ukraynanı qane etməyən şərtlərlə olsa belə, sülh danışıqlarına başlanılması çağırışları daha geniş xarakter ala bilər. Avropa ölkələrində, həmçinin ABŞ-da keçiriləcək seçkilərdə isə bu, Ukraynanın «lazım olduğu qədər» dəstəklənməsinə o qədər də meyilli olmayan siyasi partiyaların xeyrinə işləyəcək.
Lakin indi Kiyevə hərbi və iqtisadi yardımın kəskin azaldılması məsələsi müzakirə mövzusu deyil. Çünki Ukraynanın məğlubiyyəti bütün bu dövrdə bu ölkəyə yardımı davamlı olaraq artırmış Qərb siyasi qüvvələrinin də məğlubiyyəti sayılacaq. Odur ki, onlar buna getməyəcəklər.
Daha çox dəstək, daha çox qeyri-müəyyənlik
Qərb dövlətləri Kiyevə döyüşlərin davam etdirməsi üçün getdikcə daha müasir, daha mükəmməl vasitələr verir. ABŞ Ukraynaya kasetli bombaların verilməsinin mümkünlüyündən danışır, Fransa artıq bu ölkəyə uzaqmənzilli raketlərin tədarükü haqda qərar qəbul edib, Almaniya isə 700 milyon avro dəyərində yeni «Leopard» tankları və digər yardımlar vəd edir.
Sammit ərəfəsində Aİ üzvü olan Fransa ilə Almaniya, həmçinin Böyük Britaniya ilə ABŞ Ukraynanın uzunmüddətli maliyyələşdirilməsi, hərbi tədarüklərin təmini, hərbçilərin hazırlığı və s. məqsədlə ikitərəfli razılaşmaların əldə edilməsi istiqamətində səyləri artırıblar. Məqsəd, əlbəttə ki, effektiv hərbi əməliyyatların davam etdirilməsinə yardım göstərilməsidir.
Amma bu, güman ki, Kiyevi sakitləşdirmək, onda Qərbin davamlı dəstəyinə əminlik yaratmaq üçün atılan müvəqqəti addımlardır. Aİ-nin neytral üzvlərindən olan İrlandiya, Malta və Avstriya Kiyevə dəstək «öhdəliyi»nin nələri nəzərdə tutduğuna aydınlıq gətirilməsini istəyirlər. Məsələn, İrlandiyanın baş naziri Leo Varadkar deyib: «Biz maddi və siyasi dəstək veririk (Ukraynaya). Biz təhlükəsizlik sahəsində üzərimizə daimi öhdəlik götürməkdən məmnunuq. Amma qarşılıqlı müdafiə öhdəliyi götürə bilmərik. Çünki bu, bizim neytrallıq siyasətimizə ziddir».
Beləliklə, hərbi-siyasi və iqtisadi qeyri-müəyyənlik şəraitində Avropa eyni vaxtda bir neçə ssenariyə hazırlaşmalıdır.
Əlbəttə, Ukraynanın döyüş meydanında uğur qazanması münaqişənin onun əvvəlki sərhədlərinin bərpası ilə birdəfəlik həllinə aparıb çıxara bilər. Amma Aİ daha real ssenariləri nəzərdən keçirir ki, bu da öz növbəsində, qeyri-sabit iqtisadi və siyasi şəraitdə ictimai rəyin dəstəklənməsi üçün davamlı siyasi gedişlər tələb edir.
Unutmaq olmaz ki, 20 ölkəni əhatə edən avrozonada 2022-ci ilin sonlarında ressesiya başlayıb və davam edir. Yarım il ərzində ümumilikdə avrozonada ÜDM 0,1% azalıb, 20 ölkənin 7-ni isə resessiya bürüyüb.
«S&P Global» tərəfindən verilən iqtisadi proqnoza görə, 2023-cü ilin üçüncü rübü üçün avrozonada resessiya riski hələ də yüksəkdir. Faiz dərəcələrinin artırılmasının tələbə gözlənilən təsiri və iqtisadi tənəzzül üzündən yarana biləcək işsizlik prosesi uzadıla bilər.
Belə bir vəziyyətdə mütəxəssislər uzaq perspektiv üçün proqnoz verməkdən çəkinir, çünki davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi qeyri-müəyyənliyin aradan qalxmasına imkan vermir. Odur ki, iqtisadi təlatümlərin daha da güclənəcəyi istisna deyil. Qaz bazarındakı qarışıqlıq və defisit riski də xüsusilə 2023/2024-cü illərin qışı üçün müəyyən təhdidlər yaradır.
Əhval dəyişir, tələsmək lazımdır
Avrozonadakı çətin iqtisadi vəziyyət Avropa İttifaqının Ukraynaya hərbi və iqtisadi yardımına təsirsiz ötüşə bilməz. Odur ki, bir çox ölkədə Ukraynaya yardımların göstərilməsinə ictimai dəstəyin azaldığı müşahidə olunur. Çünki müharibə Aİ ailələrinə xüsusilə inflyasiya vasitəsilə mənfi təsirlərini göstərir. Müharibənin davam etdiyi və Ukrayna ordusuna, iqtisadiyyatına dəstəyin davam etdiyi bir şəraitdə Aİ vətəndaşlarının yaşayışının çətinləşməsi Aİ liderlərini bu işə Rusiyanın dondurulmuş aktivlərinin cəlbi imkanlarını nəzərdən keçirməyə vadar edir. Bəzi məlumatlara görə, söhbət 200 milyard avrodan gedir.
Amma bəzi ölkələrdə düşünürlər ki, bunun üçün hüquqi əsaslar həddindən artıq zəifdir və bu, onlarda narahatlıq yaradır. Avropa Mərkəzi Bankı isə bəyan edib ki, Rusiya aktivlərinin müsadirəsi və ya onlardan gəlir götürülməsi avronun imicinə ciddi zərbə ola bilər. Prosesə start verilməsinə mane olan məhz bu narahatlıqlardır. Bəzi avropalı məmurlar isə Ukraynanın bərpası zamanı indidən proqnozlaşdırılması mümkün olmayan xərclər üçün əlavə vəsaitin ayrılmasını təklif edir və bu da Avropa ictimaiyyətində qıcıq yaradır. Belə bir vəziyyətdə Ukraynaya yardımın göstərilməsinə ictimai dəstəyin getdikcə azalacağı riski var. Əgər döyüş meydanından gələn xəbərlər müharibənin hələ çox uzanacağını göstərəcəksə, bunu istisna etmək olmaz.
Bu narahatlığı Çexiya prezidenti Pyotr Pavel də dilə gətirib. O, NATO sammiti ərəfəsində verdiyi açıqlamada bildirib ki, Ukraynanın cəbhədə nəticələr əldə etməsi üçün açılmış imkanlar pəncərəsi «ilin sonuna bu və ya digər dərəcədə qapana bilər». Prezident bunu ABŞ və digər ölkələrdə keçiriləcək seçkilərlə əsaslandırıb və deyib ki, seçkilərdən sonra Kiyevə dəstək azala bilər.
Qəbul etməsələr də… dəstəkləyirlər
Bütün bunlar NATO-nun Vilnüs sammitinin gedişinə və orada qəbul olunmuş qərarlara təsirsiz ötüşə bilməzdi. ABŞ prezidenti Co Bayden sammitdəki çıxışında İsveçin Alyansa qəbulu qərarını alqışlayıb, Ukraynanın Alyansa yolunun konturlarının müəyyənləşdirilməsi üçün isə hələ çox işləmək lazım olduğunu deyib. Amerika lideri xoş məram olaraq, Ukraynanın NATO-ya üzvlük üzrə fəaliyyət planında iştirakdan azad edilməsini təklif edib. Bununla yanaşı, ABŞ administrasiyasında bildirirlər ki, Kiyevin NATO-ya qəbulu yalnız müharibənin başa çatmasından sonra aktual olacaq.
Ukrayna prezidenti Vladimir Zelenski isə öz növbəsində, sammit ərəfəsində ölkəsinin quruma qəbulu üçün qrafikin olmamasını «absurd» adlandırıb. O, danışıqların aparılması şəklindən məyusluğunu da ifadə edib: «Ukraynanın NATO-ya dəvəti və üzvlüyü ilə bağlı müddətin müəyyənləşdirilməməsi görünməmiş absurd haldır».
NATO rəhbərliyi hesab edir ki, kompromis kimi, qurumun baş katibi Yens Stoltenberqin təklifi dəyərləndirilə bilər. O, NATO-Ukrayna Şurası vasitəsilə uzunmüddətli dəstək paketinin qəbulunu, siyasi əlaqələrin gücləndirilməsini, eyni zamanda Kiyev üçün Alyansa qəbul üzrə fəaliyyət planından imtinanı təklif edib. Amma bu, Ukrayna üçün çox zəif təskinlikdir. Sammit iştirakçıları yekun kommünikedə Stoltenberqin təklifini dəstəkləyərək bildiriblər ki, Alyans Kiyevə hərbi operativ uyğunlaşmada, demokratik islahatların, həmçinin təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsində yardım göstərəcək.
Zelenskinin sammitdəki çıxışını isə iştirakçılar «ürəkağrısı ilə» dinləyib, bəlkə də fikirlərində dəstəkləyiblər. Amma onun çıxışınadək bütün vacib təkliflər artıq dilə gətirilmiş, əsas qərarlar isə qəbul olunmuşdu.
Sonda NATO növbəti dəfə genişlənib – Finlandiya ilk dəfə sammitə blokun tamhüquqlu üzvü kimi qatılıb. Növbədə İsveçdir. Ukraynaya isə bu növbədə yer tapılmayıb.
MƏSLƏHƏT GÖR: