Müəllif: Nigar ABBASOVA
Bu il Fransanın “TotalEnergies” şirkətinin Azərbaycandakı fəaliyyətində dönüş ili olub. İyun ayında bu şirkət hökumətlə Naxçıvan və Şərqi Zəngəzurda 250 MVt gücündə günəş və 250 MVt gücündə külək elektrik stansiyalarının tikintisinin qiymətləndirilməsinə dair Anlaşma Memorandumu imzalamasından sonra “TotalEnergies” “Abşeron” yatağından uzun müddətdir ki, gözlənilən karbohidrogen hasilatına başlayıb. 2020-ci ildən 2023-cü ilə qədər yatağın istismara verilməsi hər il təxirə salınsa da, nəhayət iyulun ilk ongünlüyündə baş tutub.
Hazırda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat həyata keçirilir. Hasil edilən təbii qaz yalnız Azərbaycanın daxili tələbatını ödəmək üçün nəzərdə tutulub.
Doğrulmuş gözləntilər
Bu məsələnin tarixi uzaq 1990-cı illərə gedib çıxır. O zaman neft qiymətlərinin aşağı olması üzündən layihələrin seçiminə daha sərt yanaşma irəli sürülür və bu, kəşfiyyat-qazma işlərinin aparılmasına təsir göstərirdi.
Hər şey 1997-ci ildə ABŞ-ın “Chevron” (30% kapital), Azərbaycanın SOCAR (50%) və Fransanın “Total” (20%) şirkətləri arasında perspektivli “Abşeron” strukturunun kəşfiyyatı və işlənməsi üzrə ilk PSA tipli müqavilənin imzalanması ilə başlayıb. O dövrdə investisiyaların həcmi 3-4 milyard dollar qiymətləndirilirdi, ilkin karbohidrogen ehtiyatları isə 1-3 trilyon kubmetr təbii qaz və 150 milyon ton qaz kondensatı səviyyəsində proqnozlaşdırılırdı.
2000-ci ilin dekabrında “Abşeron”da ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb və bu, 2001-ci il iyulun ortalarında tamamlanıb. İlk kəşfiyyat quyusunun dərinliyi 6700 metri keçib. Xarici səhmdarlar qazma işlərinə təxminən 75-78 milyon dollar xərcləsələr də, yekunda yalnız təbii qaz axını əldə edilib. Nəticələr xarici səhmdarları o qədər məyus etdi ki, onlar Azərbaycan Dövlət Neft Şirkətinə pul kompensasiyası ödəyərək kəşfiyyat qazma işlərinin davam etdirilməsindən imtina etmək qərarına gəldilər və 2005-ci ildə müqavilə ləğv edildi.
O vaxt neftin 1 barelinin qiymətinin 30 dollar səviyyəsində olduğunu nəzərə alsaq, investorların məyusluğunu başa düşmək olar. Neft qiymətlərinin aşağı olması səbəbindən xarici şirkətlər ilk kəşfiyyat işlərindən sonra böyük ehtiyatların aşkar edilmədiyi konkret layihəyə sərmayə qoymaq istəmirdilər. Xəzər dənizdəki yataqlarla bağlı belə nümunələr çoxdur: “Oğuz”, “Yalama”, “Qarabağ”, “Dan Ulduzu-Əşrəfi”, “İnam”, “Naxçıvan”, “Zəfər-Məşəl” və s.
2000-ci illərin əvvəllərində “Abşeron” yatağının yeni “həyat qazanacağı”nı az adam təsəvvür edə bilərdi. Üstəlik, heç kəs bunun keçmiş səhmdarlardan birinin – “Total”ın (indiki “TotalEnergies”) operatorluğu ilə həyata keçiriləcəyinə inanmazdı.
Xatırladaq ki, 2009-cu il fevralın 27-də 30 il müddətinə hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Paritet əsasda səhmdarlar (50% x 50%) SOCAR və “TotalEnergies” şirkətləridir. Kəşfiyyat quyusu bu yataqda 350 milyard kubmetr təbii qaz və 45 milyon ton kondensat kimi qiymətləndirilən əhəmiyyətli karbohidrogen ehtiyatlarının olduğunu təsdiqləyib.
Birinci mərhələ çərçivəsində bu yataqdan gündəlik 4 milyon kubmetr təbii qaz və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır. Ümumilikdə, birinci mərhələdə hasilat həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. İstehsal olunan “mavi yanacağ”ın hamısı Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
“TotalEnergies”in məlumatına görə, pik dövründə ümumi hasilat neft ekvivalentində gündəlik 110 min barel olacaq. Buraya 11 milyon kubmetr təbii qaz (ildə 4 milyard kubmetr), o cümlədən sutkada 35 min barel kondensat (ildə təxminən 2 milyon ton) daxildir. İşlənmə konsepsiyasına təbii qaz və kondensatın emalı, ixracı üçün quruda infrastruktura birləşdiriləcək üç və ya daha çox sualtı quyu daxildir.
Bu, Xəzər dənizinin Azərbaycan sektorunda 11 illik fasilədən sonra istismara verilən ilk qaz-kondensat yatağıdır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid-Babək” blokunun “Ümid” yatağı sonuncu dəfə 2012-ci ilin sentyabrında kommersiya istismarına verilib.
“Abşeron” yatağının əhəmiyyətinə gəlincə, ilk növbədə, bu yatağın işlənilməsi daxili bazarda artan tələbatı ödəmək üçün əlavə təbii qaz tədarükünü təmin edəcək. Digər tərəfdən bu, Azərbaycanın ixrac potensialının artmasına kömək edəcək, çünki növbəti mərhələdən təbii qaz ixrac olunacaq.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev “Abşeron” yatağı haqqında danışarkən qeyd edib ki, onun istismara verilməsi ölkənin enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, ixrac qazının həcmi təkcə “Şahdəniz” yatağı hesabına deyil, həm də “Abşeron” yatağının hesabına ildən-ilə artacaq: “Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən 300 milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq”.
Azərbaycan liderinin sözlərinə görə, “Abşeron” layihəsinin həyata keçirilməsi ölkənin karbohidrogen potensialını bir daha təsdiqləyib: “Yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Yenə də deyirəm, biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”.
Bu arada, SOCAR təbii qaz hasilatı sahəsində “TotalEnergies” ilə əməkdaşlığı genişləndirməyə ümid edir. Xüsusilə də perspektivli “Babək” strukturunun hazırlanmasında Fransa şirkəti iştirak edə bilər.
Azərbaycan Dövlət Neft Şirkətinin planlarından danışan SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, şirkət “Babək” strukturunda kəşfiyyat işlərini sürətləndirmək niyyətindədir və bu məqsədlə xarici tərəfdaşlarla danışıqlar aparır. Bu işlərə başlamaq üçün 2023-cü il mayın 10-da SOCAR “TotalEnergies” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
Perspektivli “Babək” strukturunun ehtiyatları 200 milyard kubmetr qaz olan “Ümid” yatağının ehtiyatlarından iki dəfə çoxdur. Buradakı ehtiyatlar 400 milyard kubmetr qiymətləndirilir. Bunu, həmçinin “TotalEnergies”in bərpa olunan enerji mənbələrinin inkişafına diqqətini və bununla bağlı Azərbaycanla bu sahədə əməkdaşlığa dair imzalanmış memorandumları nəzərə alsaq, Fransa şirkətinin ölkəmizə marağının artdığını söyləyə bilərik.
Yeni köhnə layihələr
İstər daxili bazar üçün, istərsə də Azərbaycandan ixracı artırmaq üçün “Abşeron” sadəcə olaraq ilk işarədir. Hələ gələn il Azərbaycan ehtiyatları 300 milyard kubmetr proqnozlaşdırılan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin qatlarından ilk təbii qazın hasilatını gözləyir.
Ümumiyyətlə, ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən “Qarabağ”, “Ümid-Babək” (ikinci mərhələ) yataqlarının istismara verilməsi planlaşdırılır və bu da ixracı əhəmiyyətli dərəcədə artıracaq.
Eyni zamanda Azərbaycanın “mavi yanacağı”nın tədarük coğrafiyası da genişlənir. Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev 2023-cü ilin sonuna kimi daha iki Avropa ölkəsinin Azərbaycanın təbii qazının idxalçıları siyahısına (Macarıstan və Slovakiya) qoşulacağını bir daha vurğulayıb. Bundan başqa, Albaniya ilə danışıqlar intensivləşib. Xüsusilə, Bakı və Tirana Albaniyaya ildə 700 milyon kubmetr Azərbaycan təbii qazının tədarükü imkanları üzərində işləyir.
Bundan başqa, SOCAR Albaniyada qazpaylayıcı şəbəkənin tikintisi üzərində işləyir. 2023-cü ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma hazır olacaq, bundan sonra maliyyələşməyə başlanacaq.
“Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - İ.Əliyev bildirib.
Cənub Qaz Dəhlizinin imkanlarının iki dəfə genişləndirilməsindən danışan Azərbaycan lideri Azərbaycanın yalnız öz təbii qaz ehtiyatlarına arxalandığına diqqət çəkib. Eyni zamanda Azərbaycan Xəzərin şərq sahilindən təbii qazın tranzit ölkəsi kimi çıxış etmək imkanından şad olardı. Bunun üçün isə müvafiq infrastrukturun – Trans-Xəzər kəmərinin inşasını həyata keçirmək tələb olunur. Amma indiki vəziyyətdə, təəssüf ki, buna imkan yoxdur. Hər halda, İlham Əliyevin çıxışından sonra məlum oldu ki, Azərbaycan bunu qeyri-real hesab edir, çünki hələ də maliyyə mənbələri ilə bağlı aydınlıq yoxdur və ölkə birmənalı olaraq onun inşasına təşəbbüs göstərmək niyyətində deyil.
“Trans-Xəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”, - deyə Azərbaycan dövlət başçısı qeyd edib.
Ümumiyyətlə, Xəzərin şərq sahillərindən təbii qazın Avropaya çatdırılması çox çətin məsələdir. Bunun üçün Trans-Xəzər kəmərinin dəniz dibi ilə çəkilməsi və Bakıdan Avropaya doğru Cənub Qaz Dəhlizi kimi sistemin qurulması tələb olunacaq.
“Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq”, - İlham Əliyev vurğulayıb.
O xatırladıb ki, hazırda Avropa bankları maliyyələşdirməyə hazır deyil və Trans-Xəzər qaz kəməri üçün vəsait cəlb etmək xeyli çətinlik olacaq: “Lakin kimsə Trans-Xəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə, bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.
Bu arada, Türkmənistan Xarici İşlər Nazirliyi rəsmi bəyanatında qeyd edib ki, Aşqabad enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiqdir və Trans-Xəzər boru kəmərinin çəkilməsinin həlli üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.
Xarici İşlər Nazirliyi bununla bağlı heç bir problem görmür və hesab edir ki, bu məsələ hazırda Türkmənistanla Azərbaycan arasında dəniz dibinin delimitasiyası (!) ilə birbaşa bağlıdır.
“Türkmənistan əmindir ki, Trans-Xəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə amili yoxdur. Layihə iqtisadi nöqteyi-nəzərdən özünü doğruldur və Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verə bilər”, - Türkmənistan XİN-in bəyanatında qeyd edilib.
Bu məqamda qeyd edək ki, təşəbbüsü enerji təchizatının şaxələndirilməsi yolu kimi görən Avropa İttifaqı da dəstəkləyib. Aİ ölkələrinin rəsmiləri düşünürlər ki, boru kəmərinin çəkilməsi tranzit tərəfin maraqlarına hörmətlə yanaşılmaqla, Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin edəcək.
Belə ki, Aşqabad Trans-Xəzər qaz kəməri ilə bağlı müzakirələri davam etdirməyə hazır olduğunu bildirib. Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, hər şey Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı həll olunmamış məsələyə əsaslanır. Yəni güman etmək məntiqli olardı ki, növbəti addım Azərbaycanla dənizin dibinin delimitasiyası ilə bağlı ikitərəfli formatda danışıqların aparılması, ardınca isə müvafiq sazişin bağlanması olmalıdır. Bu ilin əvvəlindən bu məsələdə tam sükut yaranıb. Əslində, ötən il də bununla bağlı qızğın müzakirələr aparılmayıb.
Hər halda, Trans-Xəzər kəmərinin təməli qoyularsa, bu, Türkmənistana ölkənin əsas gəlir mənbələrindən biri olan təbii qaz ixracını şaxələndirməyə və artırmağa kömək edəcək. Bu, Azərbaycan iqtisadiyyatına da müəyyən töhfə verəcək. Doğrudur, bunun yaxın gələcəkdə baş verib-verməyəcəyini təsəvvür etmək çətindir. Bəzən sadəcə arzulamaq kifayət etmir, axı, uğurun açarı motivasiya və əzmkarlıqdır.
MƏSLƏHƏT GÖR: