Müəllif: İlqar VƏLİZADƏ
Bitmək bilməyən qeyri-sabitlik, ağır geosiyasi kataklizmlər dövründə hər bir xalq və ölkə üçün sabit, müstəqil inkişafın qarantı olan silahlı qüvvələrin əhəmiyyəti və rolu qat-qat artır. Son illər türk dövlətlərinin müdafiə potensialını gücləndirməsi, həmçinin onların əməkdaşlıqda hərbi-siyasi komponentə daha ciddi yer ayırmaları məhz bununla əlaqələndirilir. Bununla yanaşı, diqqətçəkən məqam ondan ibarətdir ki, proses təhlükəsizlik məsələlərinin həllində koordinasiyanın gücləndirilməsinə dair razılaşma çərçivəsində baş verir.
Türk təhlükəsizlik sistemi: ilk addımlar
Türk dövlətləri arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın təşkili üçün vahid platformanın yaradılmasına dair konkret razılaşma yoxdur. Lakin onlar arasında təhlükəsizliklə bağlı dialoq davamlı xarakter daşıyır və bu sahədə inkişaf tendensiyası müşahidə olunur.
Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci ilin noyabrında Səmərqənddə keçirilən IX sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev üzv dövlətləri təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı artırmağa çağırmışdı. İştirakçılar isə bu ideyada həmrəy olduqlarını bildirmiş, növbəti müzakirələrdə məsələnin detallı müzakirəsinin vacibliyini vurğulamışdılar.
TDT üzvlərinin müxtəlif hərbi-siyasi bloklarda təmsil olunduqlarını (Türkiyə NATO, Qazaxıstanla Qırğızıstan isə KTMT-də) nəzərə alsaq, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi-siyasi ittifaqın vahid siyasi-hüquqi mexanizminin formalaşdırılmasında müəyyən çətinliklər var. TDT hərbi-siyasi blok deyil və təhlükəsizlik məsələlərinin həlli onun gündəliyində əsas yeri tutmur. Bununla yanaşı, mövzu ildən-ilə xüsusi aktuallıq qazanmaqdadır.
Amma bu, hərbi və təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli dialoqun qurulması imkanlarını məhdudlaşdırmır. Odur ki, yaxın gələcəkdə TDT üzvləri qeyd olunan sahədə daha sistemli, strukturlu əməkdaşlığa başlaya bilərlər. Hazırda onlar hərbi sahədə təcrübə mübadiləsi, silahlı qüvvələrin hərbi-texniki təchizatının gücləndirilməsi kimi praktik məsələlərin həlli ilə məşğuldurlar.
İnstitusional əsaslar
Bu, beynəlxalq təhlükəsizlik sisteminin dağıldığı, hər bir dövlətə kənardan təhlükələrin artdığı indiki şəraitdə çox vacibdir. TDT üzvlərinin də yer aldığı hərbi-siyasi bloklar daxilində ziddiyyətlərin yaranması (Türkiyə-Yunanıstan, Qırğızıstan-Tacikistan), onların az qala açıq münaqişə həddinə çatması nadir hadisələr deyil. Bundan başqa, bu və ya digər dövlətin qlobal qarşıdurmaya bilavasitə cəlb olunması riski milli maraqlara cavab verməyə bilər, bu qarşıdurmalardan uzaq dayanmaq üçün isə öz gücünə arxalana bilmək lazımdır.
Digər türk dövlətləri üçün model olan Türkiyə Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacib şərtdir. Türkiyə ordusu nümunəsində qurulmuş, onun öncül texniki, təşkilati qərarlarından istifadə edən Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi uğur digər türk dövlətlərinin ciddi marağına səbəb olub. Onlar Azərbaycan-Türkiyə hərbi tandemini türk dövlətlərinin gələcək hərbi və hərbi-texniki əməkdaşlığı üçün nümunə kimi qəbul edirlər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti hərbçilərinin iştirakı ilə keçirilmiş ilk birgə hərbi təlim buna nümunə sayıla bilər. O, Türkiyənin İsparta şəhərində, xüsusi təyinatlı qüvvələrin təlim mərkəzində keçirilib. Yeri gəlmişkən, təlim TDT-nin Səmərqənd sammitindən cəmi bir neç gün sonraya təsadüf edib. Məqsəd türk dövlətlərində baş verə biləcək mümkün böhranlar zamanı fəaliyyətin koordinasiyasının məşqi idi. Təlimdə yaşayış məntəqələrində terrorçuların məhvi əməliyyatları da məşq olunub.
Türk Şurasının 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş VIII sammitində qəbul edilmiş «2040-cı ilədək Türk dünyası konsepsiyası»nda «Mülki müdafiə mexanizmi»nin yaradılması planlarından danışılırdı ki, bu da türk dövlətlərinin ümumi təhlükəsizlik sisteminin formalaşdırılması konsepsiyasına uyğundur.
O, təcrübədə ilk dəfə Türkiyənin cənub-şərqində 2023-cü ilin fevralında baş vermiş zəlzələ zamanı sınanıb. Türk dövldətlərinin fövqəladə hallar nazirliklərinin səylərilə dağıntıların aradan qaldırılması, yaralılara yardımın göstərilməsi işi koordinasiya edilib. Türk dövlətlərinin fövqəladə vəziyyətlərə məsul bir neçə strukturunun nümayəndələri bir neçə həftə Türkiyədə qalıb.
«Dron diplomatiyası»
Hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində formalaşmaqda olan trenddə hərbi-texniki əməkdaşlıq ayrıca istiqamətdir. Burada da Türkiyənin müdafiə sənayesinin özünəməxsus flaqman rolu oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Türkiyənin pilotsuz uçuş aparatları istehsal edən «Baykar» zavodunun əsas sifarişçiləridir. Bununla yanaşı, Türkmənistanla Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında onların ilk alıcılarıdır. Mərkəzi Asiya ölkələri sırasında ən çox «Bayraktar» dronları almış ölkə Qırğızıstandır. Qırğızıstanla Tacikistan arasında 2022-ci ilin sentyabrında baş vermiş sərhəd münaqişəsindən sonra onların tədarükü əhəmiyyətli dərəcədə artıb.
Qırğızıstanla qonşu olan Qazaxıstan da sözügedən dronların alqı-satqısı ilə bağlı bir neçə razılaşma imzalayıb. Artıq o da «Bayraktar»ın daimi alıcısına çevrilib. Nəticədə, «dron diplomatiyası» ifadəsi də yaranıb. O, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlıq planlarının reallaşdırılmasında Türkiyə silahlarının satışının rolunu ifadə edir.
Əlbəttə, bu, TDT ölkələrinin işi yalnız Türkiyədən dron almaqla bitirdikləri anlamına gəlmir. Amma o, bütün region ölkələrinə Türkiyə lisenziyası ilə istehsal olunacaq aparatların hazırlanması üçün ümumi texnoloji platforma yaratmaq imkanı verir. Burada söhbət heç də yalnız «Baykar»dan getmir.
2022-ci ildə Qazaxıstan Türkiyənin daha bir dron tədarükçüsü olan TUSAŞ ilə birgə istehsala dair razılaşma imzalayıb. Bu, Qazaxıstanı Türkiyədən kənarda «Anka» dronları istehsal edən ilk ölkəyə çevirir.
Bu regional tendensiyadan hələ ki, yalnız Özbəkistan kənar durur. O, Amerika, Çin və Rusiya dronlarından istifadəyə üstünlük verir. Özbəkistan öz pilotsuz uçuş aparatlarının istehsalına da çalışır.
NATO standartları yolunda
Türk dövlətlərinin Türkiyədən hərbi texnika almaq, yaxud öz ərazisində onları istehsal etmək marağı yalnız dronlarla məhdudlaşmır. Məlum olduğu kimi, Azərbaycan Türkiyədən hərbi sənaye məhsulları almaqla kifayətlənmir, özü də Türkiyə lisenziyası ilə hərbi qayıqlar, dronlar, zirehli texnika istehsal edir. İndi isə bu prosesə Qazaxıstan da böyük maraq göstərir.
Eyni zamanda pilotsuz uçuş aparatları istehsalçılarından sonra, Türkiyənin «Otokar» müdafiə sənayesi şirkəti də region ölkələri ilə əməkdaşlığa maraq göstərir. Bu mənada, Mərkəzi Asiya regionunda, məsələn, Qazaxıstanda zirehli maşınların istehsalı imkanları nəzərdən keçirilir. Bu ölkədə baş ofisi Astanada yerləşən «Otokar Central Asia» şirkəti hələ 2019-cu ildə yaradılıb. O, gələcəkdə bu regionda fəaliyyətini genişləndirmək niyyətindədir.
Bu ilin iyulunda isə Qazaxıstanın «Zenit» zavodu Türkiyənin ASFAT və «YDA Group» şirkətləri ilə ölkənin dəniz donanması üçün hərbi gəmilərin inşasına dair müqavilə imzalayıb.
Daha bir Türkiyə şirkəti – «Dearsan Shipyard» hərbi-dəniz quruculuğu sahəsində Türkmənistanın əsas tərəfdaşıdır. Türkmənbaşıda o cümlədən hərbi qayıqlar istehsal edən gəmiqayırma və gəmi təmiri zavodu onun iştirakı ilə tikilib, sonradan isə tam müasirləşdirilib.
Beləliklə, türk dövlətləri arasında hərbi sahədə əməkdaşlıq üçün siyasi-hüquqi baza sürətlə inkişaf edir. Tərəflər yalnız hərbi-texniki əməkdaşlıq deyil, kadrların hazırlanması, şəxsi heyətinin döyüş qabiliyyətinin artırılması işində də əlaqələri gücləndirir.
Türk dövlətləri hələ ki, vahid ordu və ya hər hansı birgə hərbi korpus yaratmaq niyyətində deyillər. Hələlik hərbi qurumların sıx əməkdaşlığı üçün vahid siyasi-hüquqi məkanın, şəraitin yaradılması işləri görülür. KİV-də fəal müzakirə olunan Türk ordusunun yaradılması məsələsi ilə praktik baxımdan maraq yaratmır. Bəlkə də, əsas vəzifə belə bir addım ehtimalı halında ictimai rəyi öyrənmək və ya hazırlamaqdır. Amma bəlkə də, məqsəd bu fikri ləkələmək və prosesləri sanki regional təhlükəsizlik sistemini təhdid edən və türk dövlətlərinin Türkiyənin hərbi-siyasi tabeçiliyinə aparılması kimi təqdim etməkdir.
Bu dövlətlərin özləri üçün hazırda ən vacib olanı müasir silahlı qüvvələrin yaradılması sahəsində dünyanın ən öncül təcrübələrinin öyrənilməsi, ona uyğunlaşmaqdır. Yəni silahlı qüvvələr mövcud çağırışlar və riskləri nəzərə almaqla, dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsi vəzifəsinin öhdəsindən gələ bilməlidir. Bu kontekstdə praktik olaraq, bütün regionun məqsədi silahlı qüvvələrini NATO standartları səviyyəsinə çatdırmaqdır. Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıq bu hədəfə effektiv şəkildə nail olunmasına imkan yaradır. Türkiyəyə isə bu, əlavə geostrateji üstünlüklər qazandırır, istər regional, istərsə də beynəlxalq miqyasda onun rolunu gücləndirir.
MƏSLƏHƏT GÖR: