Müəllif: NURANİ
BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə çağırılmış növbədənkənar iclası İrəvan üçün son dərəcə vacib idi. Rəsmi versiyaya görə, toplantıda erməni təbliğat maşınının aylardır haqqında göz yaşı axıtdığı humanitar vəziyyətin müzakirəsi nəzərdə tutulurdu. Yəqin ki, hər şey planlaşdırılmışdı: mifik «Artsaxın blokadası» haqda ah-nalə, göz yaşı. Hər halda, dünya birliyi, o cümlədən peşəkar diplomatlar «aclıq», «humanitar böhran» sözlərinə instinktlə reaksiya verir və demək, İrəvan toplantıda Azərbaycan əleyhinə sənədin qəbuluna ümid edirdi. Amma onlar üçün bir pis məqam da var idi: Ermənistan aclıq və humanitar fəlakətin yaşandığını təsdiqləyən heç bir real sübuta malik deyildi. Əvəzində, Azərbaycan ortaya kifayət qədər kozır qoya bilib…
Ermənistan başlayır… və məğlub olur
İrəvan, ilk növbədə, onu unutmamalıdır ki, BMT Azərbaycanı öz sıralarına hazırkı sərhədləri ilə qəbul edib və təşkilat apriori suveren dövlətdən dünya tərəfindən tanınan sərhədlərini açıq qapıya çevirməsini tələb edə bilməz.
İkincisi, Azərbaycan uzun müddətdir ki, Qarabağ ermənilərinə humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşına biləcəyini deyir və bunu təklif edir. O, Gorus-Laçın-Xankəndi yolundan daha qısadır, daha böyük buraxılış gücünə malikdir və bu yolda başgicəlləndirici aşırımlar yoxdur. Bundan imtina edən məhz erməni tərəfidir.
Bundan başqa, Azərbaycan dəfələrlə Qarabağın erməni icmasının nümayəndələri ilə danışıqlara başlanılması təklifini də verib. Onlar Bakıya dəvət də olunublar. Lakin qarşı tərəf bundan da imtina edir.
Nəhayət, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev müzakirələrin kulminasiyası olaraq, Xankəndi sakinlərinin sosial şəbəkə paylaşımlarını nümayiş etdirib və bu, kifayət qədər effektiv olub. Paylaşımlarda təntənəli ailə ziyafətləri, qonaqlıqlar, üstü dolu masalar, o cümlədən dəbdəbəli tortlar və s. əks olunub. Bu, Qarabağda söhbətin hansı «aclıq»dan getdiyini hər kəsə göstərib. Nəticədə, BMT TŞ-nin iclasında heç bir sənəd qəbul olunmayıb. Formal olaraq, «məhsuldar heç-heçə», reallıqda isə erməni diplomatiyasının növbəti iflası.
Bu, bəlkə də, «dünya daha əvvəlki kimi olmayacaq» demək deyil. Amma erməni təbliğatının bundan sonra «aclıq», «humanitar fəlakət» və s. haqda ah-nalə çəkə bilməyəcəyi, yaxud onun effekt verməyəcəyi artıq hər kəsə məlumdur.
Proqramlaşdırılmış məğlubiyyət
Bəs Ermənistanın BMT TŞ-də uğur qazanmaq üçün real şansı var idimi? Ekspertlər (yalnız azərbaycanlılar yox) bunun 25 ildən artıq müddətdə elə həmin BMT TŞ-nin Qarabağla bağlı 4 qətnaməsinə məhəl qoymayan Ermənistan olduğunu xatırladırlar. Nikol Paşinyan sən demə, həmin qətnamələrin ciddi sənədlər olduğunu yalnız 44 günlük müharibədəki darmadağından sonra etiraf edib. Bununla yanaşı, İrəvan diskussiya təşəbbüsü ilə TŞ-nin daimi üzvləri arasında parçalanmanın hökm sürdüyü bir vaxtda çıxış etmişdi. BMT-yə real sübutlar olmadan çıxmaq, yəqin ki, özünə əminliyin pikidir.
Bəs niyə?
Diplomatik arenada qüvvələr nisbətini real qiymətləndirmək, təbii ki, İrəvanın güclü tərəflərindən deyil. Bu ölkənin rəhbərliyi nədənsə əmindir ki, sivil, daha dəqiq desək, xristian dünyası «iztirablı» Ermənistan qarşısında xüsusi öhdəliklərə malikdir. Sanki o, istənilən məsələdə ilk növbədə, İrəvanın maraqlarını müdafiə etməyə borcludur. Üstəlik, Ararat Mirzoyanın idarəsi bu gün Ermənistanın Rusiya, ABŞ və Böyük Britaniyanın vecinə olmadığını da anlaya bilməyib. Ola bilsin ki, BMT TŞ-nin fövqəladə toplantısı erməni diplomatiyası üçün müəyyən mənada, ümidsizlik aktı idi.
Güclü gediş
Bakı isə növbəti güclü gedişini edib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə Ağdam-Xankəndi yolu ilə 40 ton un dolu yük maşınları göndərib. Xatırladaq ki, bu, separatçıların Ruben Vardanyanın «dövlət naziri» olduğu dövrdə bağladıqları yoldur. AQAC bununla, separatçıları praktik olaraq, çıxılmaz vəziyyətə salıb. Yüklərin qəbulu TŞ-dəki səs-küylü məğlubiyyətdən sonra siyasi kapitulyasiya və «miatsum» oyunundan imtina olacaqdısa, bundan imtina «blokada», «humanitar fəlakət», «çörək qıtlığı» və s. haqda ah-nalənin sonu sayılacaqdı. Çünki həqiqətən ac olan insanlar ərzaq gətirən maşınların yolunu sadəcə, daşınma marşrutu ilə razı olmadıqları üçün bağlamaz.
«Humanitar fəlakət» yazılır, «status» oxunur
Baş verənləri rusiyalı jurnalist Yelena Romanova özünün «Facebook» səhifəsində çox dəqiq ifadə edib: «Blokada o zaman olur ki, əllərində pulemyot tutmuş insanlar ərazini mühasirəyə alsın və insanları oradan çıxmağa qoymasın. Amma siz Azərbaycandan gələn ərzağı qəbul etməyərək övladlarınızı qırırsınızsa, bu, blokada yox, tamaşadır». Məsələ ondadır ki, humanitar vəziyyət, status və digər təsirli məsələlər Ermənistan rəhbərliyini o qədər də maraqlandırmır. Sadəcə, İrəvan bir problemlə qarşı-qarşıya qalıb: onlar öz tələblərini normal ifadə edə bilmirlər.
Qarabağ separatçıları «blokada» haqda ah-nalə çəkməyə, ağlamağa hələ ötən qış, Laçın-Xankəndi yolu üzərində, Şuşa şəhərinin girişində ekofəalların piketi başlayan zaman start vermişdilər. Hələ o zaman ermənilər bütün səviyyələrdə hansısa aclıq, humanitar fəlakət və s. haqda danışmağa çalışırdılar. Həkəri çayı üzərində «Laçın» sərhəd keçid məntəqəsinin yaradılmasından sonra isə bu isteriya pik həddə çatmışdı.
Amma istər piketin, istər sərhəd buraxılış məntəqəsinin ortaya çıxmasına müəyyən hadisələr səbəb olmuşdu. Qarabağın minalardan təmizlənməsi zamanı ərazidən Ermənistanda 2021-ci ildə istehsal edilmiş minalar tapılırdı, Ermənistandan olan çağırışçılar bu bölgəyə daşınır, Vova Vartanyan kimi «peşəkar» terrorçu, İrandan olan hərbi təlimatçılardan ibarət qrup Xankəndiyə gəlir, hətta Fransa prezidentliyinə namizəd Valeri Pekress qanunsuz olaraq Azərbaycan sərhədini keçirdi. Bakı isə öz növbəsində, dünya birliyinin, ilk növbədə, sülh prosesi vasitəçiləri və moderatorlarının diqqətini mütəmadi olaraq bu hallara çəkir, Laçın yolundan təyinatı üzrə istifadə edilmədiyini bildirir, tədbirlər görülməsini tələb edirdi. Amma reaksiya yox idi. Belə vəziyyətdə Bakının özünün bu işə əncam çəkməkdən başqa yolu qalmadı.
Hadisələrin bu cür inkişafında məşhur Ruben Vardanyanın «Qızılbulaq» və «Dəmirli» mədənlərinin fəaliyyətini bərpa etmək cəhdlərini az rol oynamayıb. Azərbaycan, təbii ki, resurslarının talanı ilə barışmaq niyyətində deyildi.
Və ən əsası, bütün razılaşmaların, o cümlədən 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin ziddinə olaraq, müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə hələ də Ermənistan Silahlı Qüvvələrinin 10 minədək hərbçisi qalmaqdadır. Rusiya sülhməramlıları onların bölgədən çıxarılması və ya tərk-silah edilməsi istiqamətində heç bir addım atmır. Halbuki Üçtərəfli Bəyannamədə bu haqda kifayət qədər açıq danışılır: «Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə Ermənistan Silahlı Qüvvələrinin oradan çıxarılması ilə paralel yerləşdirilir».
Dünyanın heç bir dövləti öz ərazisində «saatlı bomba»nın qalması ilə razılaşmaz.
İrəvan, əlbəttə ki, «biz Qarabağa minalar, silah və yaraqlılar daşımaq, oradan geri isə qızıl filizləri gətirmək istəyirik» deyə bilməz. Odur ki, ortada olan yalnız blokada, «ağır humanitar böhran» və s. haqda yalançı göz yaşları, ah-nalədir. Bununla erməni tərəfi ən azı Laçın-Xankəndi yolunun «açıq qapı» rejimində işləməsinə nail olmaq istəyir. Daha böyük hədəf isə Qarabağ erməniləri üçün hansısa beynəlxalq təhlükəsizlik zəmanətinin alınması, bölgəyə Rusiyanın deyil, başqa beynəlxalq güclərin daha uzun müddətə yerləşməsidir. Bundan sonra «xilas olmaq üçün ayrılmaq» haqda da danışmaq olar. İrəvan və Xankəndi separatçıları humanitar yüklərin daşınması ilə bağlı hər hansı konkret məsələnin müzakirəsindən məhz bu səbəbdən boyun qaçırırlar.
Ermənistan rəhbərliyi 35 il əvvəl – Qarabağ iddiaları baş qaldırmağa başlayan zaman da təxminən belə davranırdı. İctimaiyyətə hansısa sosial-iqtisadi problemlərdən, məktəblərdə, kitablarda və s. ermənilərin hüquqlarının tapdandığından danışılır, təcrübədə isə Azərbaycandan ayrılmaq və Ermənistana birləşməkdən başqa heç nəyin müzakirəsinə razılıq verilmirdi.
Bu gün Ermənistan öz siyasi dələduzluğunu bu dəfə fərqli qüvvələr nisbəti fonunda oynamağa çalışır. Sərhədlər və ərazi bütövlüyü ciddi məsələdir. «Dövlət sərhəddən başlayır» ifadəsi də boş yerə ortaya çıxmayıb. Öz sərhədlərini qorumaq, onlara nəzarət etmək, sərhəd və gömrük nəzarətini həyata keçirmək istənilən dövlətin suveren hüququdur. Demək, yaxşısı Azərbaycanın Laçındakı sərhəd keçid məntəqəsini «geri itələməyə» çalışmaqdansa, reinteqrasiya, hüquqlara zəmanət, sosial sahənin inkişafı və dövlət investisiyaları təklif edən Bakı ilə razılığa gəlməkdir.
MƏSLƏHƏT GÖR: