22 Noyabr 2024

Cümə, 03:15

“SÜRPRİZ” BAŞ TUTDU

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatı və ixracında könüllü ixtisarın müddətini bu ilin sonuna qədər uzatmaqla, bazarda qiymətləri artırır

Müəllif:

15.09.2023

Payızın ilk ayı bəzi nəticələrə yekun vurmaq və yeni layihələrə başlamaq vaxtıdır. Bu qaydanı neft bazarına tətbiq etsək və “OPEC+”un yayda qəbul etdiyi qərarlarının nəticələrini qiymətləndirsək, əminliklə söyləyə bilərik ki, onlar çox effektli olub.

Məhz iyunda “OPEC+”un əsas istehsalçıları tərəfindən neft hasilatının könüllü şəkildə azaldılması ilə bağlı qərarları sayəsində neft bazarında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Neftin qiyməti son iki ayda orta səviyyədə artmağa davam edərək, 1 barel üçün 75-85 dollar diapazonunda qalıb.

Bundan başqa, sentyabrda Səudiyyə Ərəbistanının hasilatın könüllü ixtisarını 2023-cü ilin sonuna qədər uzatmaq planları ilə bağlı xəbərlər nəticəsində “Brent” markalı neftin qiyməti keçən ilin noyabrından bəri ilk dəfə 1 barel üçün 91 dolları ötüb. Bu xəbər yayılana qədər “Brent” markalı neft 88,4 dollara, WTI isə 85,3 dollar satılırdı. Belə davam edərsə, 100 dollara qədər qiymət artımı “proqnoz” statusundan reallığa çevriləcək.

Rusiyanın 2023-cü ilin dekabr ayının sonuna qədər dünya bazarlarına neft tədarükünü könüllü olaraq gündəlik 300 min barel azaltmaqla bağlı qərarı bu prosesə töhfəsini verib.

 

İkiqat sürpriz

Sentyabrın 5-də Rusiya və Səudiyyə Ərəbistanı bu ilin sonuna kimi neft hasilatını və ixracını azaldacaqlarını açıqlamaqla bütün dünyaya “sürpriz” etdilər. Nəticədə, neftin qiyməti son 10 ayın ən yüksək həddinə çatıb. Beləliklə, ümumi ixtisar gündəlik 1,3 milyon barel təşkil edir. Bu isə gündəlik qlobal tələbatın 1%-dən çoxu deməkdir.

Səudiyyə Ərəbistanı neft hasilatının gündəlik 1 milyon barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadıb. Bu isə o deməkdir ki, bu dövrdə ölkədə neft hasilatının faktiki səviyyəsi gündəlik 9 milyon barel səviyyəsində qalacaq.

“Neft hasilatının azaldılması ilə bağlı könüllü qərara hasilatın azaldılması və ya artırılması ehtimalı nəzərə alınaraq hər ay yenidən baxılacaq”, - Krallığın dövlət agentliyi Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən məlumat yayıb.

İlk dəfə olaraq Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman “OPEC+” nazirlərinin iyunda keçirilən iclasından sonra ölkəsinin hasilatı 2023-cü il iyulun 1-dən etibarən könüllü olaraq gündəlik əlavə 1 milyon barel azaldacağını elan edib və bu qərarı “Saudi lollipop” adlandırıb.

Moskva da Sədiyyə Ərəbistanını dəstəkləyib və dünya bazarlarına neft tədarükünün gündəlik 300 min barel azaldılması qərarını ilin sonuna kimi uzadıb. Xatırladaq ki, Rusiya ilk dəfə dünya bazarına neft tədarükünü avqustun 1-dən gündəlik 500 min barel azaltmağa başlayıb. Sentyabr ayından isə hasilatın azaldılmasını gündəlik 300 min barel səviyyəsində saxlamağı qərara alıb. Rusiya baş nazirinin müavini Aleksandr Novakən sözlərinə görə, hasilatın azaldılmasının əsasını may-iyun aylarındakı ixracın orta səviyyəsi təşkil edəcək.

O qeyd edib ki, Rusiya neftinin tədarükünün azaldılması neft bazarlarının sabitliyini və balansını qorumaq üçün “OPEC+” ölkələrinin həyata keçirdiyi ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır. Yeri gəlmişkən, Ər-Riyad da bununla bağlı qərarını oxşar şəkildə izah edib.

Bütün bunlar apreldə elan edilmiş və 2024-cü ilin sonuna qədər davam edəcək hasilatın gündəlik 500 min barel azaldılmasına əlavə olaraq həyata keçirilən addımlardır. Qlobal bazarda gedən proseslərdən asılı olaraq tərəflər hər ay hasilatla bağlı vəziyyəti nəzərdən keçirmək niyyətindədirlər.

 

Üçrəqəmli səviyyə

Bu məqamda qeyd edək ki, baş verənlər bir çox bazar iştirakçılarını təəccübləndirib. Belə ki, daha əvvəl hasilatın azaldılmasının bir ay müddətinə və ya oktyabra qədər uzaldılması gözlənilirmiş. Bazar iştirakçılarının təəccübünə isə bunun dərhal ilin sonuna qədər uzadılması səbəb olub. Hər halda, açıq və aydındır ki, bu “sürpriz” alınıb: neftin qiyməti 1 barel üçün 91 dollar səviyyəsindən yuxarı qalxıb.

“Bu, neft bazarında qiymətlərinin düşməsi yolu ilə əməliyyatlar aparan investorlar üçün ciddi bir xatırlatma idi ki, onlar “neft Mərkəzi Bankı”na qarşı oynamağa çalışmamalıdırlar”, - “Citygroup”un analitiki Mayk Tran bildirib.

Son həftələrdə qiymətlər 85-90 dollar səviyyəsində qalıb. Əlbəttə ki, bu, daha çox Səudiyyə Ərəbistanı və ona qoşulan Rusiyanın neft hasilatını könüllü şəkildə azaltması ilə bağlıdır. Bu qərarlar olmadan, belə artım üçün ciddi səbəblər yoxdur.

“Tədarüklə bağlı gələcək məhdudiyyətlər neft qiymətlərinin artmasına dəstək verəcək”, - “ANZ Group Holdings Ltd.”nin analitikləri hesab edirlər.  

“Biz bu məhdudiyyətlər nəticəsində neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasının şahidi olacağıq”, - onlar düşünürlər.

Hazırda “Brent” markalı neftin 1 bareli 90,54 dollara, WTI isə 87,36 dollara satılır. Bazarın diqqəti tədricən dünyanın aparıcı mərkəzi banklarının sentyabr iclaslarına yönəlir.

“Neft rallisi bütün epitetlərə layiqdir, lakin onun üçün çox maraqlı dövr başlayır. Bazar mərkəzi bank qərarlarının vəziyyətə necə təsir edəcəyini qiymətləndirdiyi üçün kotirovkalar qeyri-müəyyən səviyyədə olacaq”, - “PVM Oil Associates Ltd”nin eksperti Con Evans vurğulayıb.

“Goldman Sachs”ın ekspertləri isə 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanı neftinin tədarükünün dördüncü rübdə sutkada 500 min barel az olacağı təqdirdə, 2023-cü ilin dekabrında “Brent” markalı neftin qiymətinin investisiya bankının hazırkı proqnozundan (86 dollar) 2 dollar yüksək ola biləcəyini düşünür.

Eyni zamanda “Goldman Sachs”ın proqnozuna əsasən, əgər “OPEC+” razılaşdırılmış məhdudiyyətləri 2024-cü ilin sonuna qədər saxlasa və Səudiyyə Ərəbistanı neft hasilatını tədricən gündəlik 10 milyon barelə çatdırsa, “Brent” markalı neftin 2024-cü ilin dekabrında qiyməti 100 dolları ötə bilər. Lakin bank bunu əsas ssenari kimi qəbul etmir.

“Black Gold Investors LLC” investisiya şirkətinin rəhbəri Harri Ross isə hesab edir ki, Çində artan turizm aktivliyi və “OPEC+” ölkələrinin hasilatı azaltması fonunda neftin qiymətləri artmağa davam edə bilər. Onun fikrincə, “Brent” markalı neftin qiyməti 2023-cü ilin sonuna qədər 1 barel üçün 90-100 dollar ola bilər.

“Çinin daxili hava nəqliyyatının həcmi artıq COVID-19-dan əvvəlki səviyyələrin 110%-ni təşkil edir və beynəlxalq daşımalar isə pandemiyadan əvvəlki səviyyələrin 75%-nə qədər bərpa olunub. Güman ki, aviasiya yanacağına tələbatda əhəmiyyətli artım müşahidə edəcəyik. Bu da təkcə Çində gündəlik təxminən 500 min barel neftin istehlak ediləcəyi deməkdir. Avtomobil səyahəti ilə bağlı fəallığın müsbət istiqamətdə olduğu görünür. Uzun məsafələrə səyahətlər əsasən benzinlə işləyən avtomobillər vasitəsilə həyata keçirilir”, - H.Ross qeyd edib.

Onun sözlərinə görə, “OPEC+” ölkələrinin hasilatın azaldılması ilə bağlı müddəti uzatması qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

 

Müsbət və mənfi məqamlar

Neft bazarının iki əsas xammal ixracatçısının qərarlarına reaksiyası Moskva və Ər-Riyadı sevindirməyə bilməzdi. Həm Rusiyaya, həm də Səudiyyə Ərəbistanına daha çox büdcə gəlirləri əldə etmək üçün yüksək neft qiymətləri lazımdır. Bu isə yaxın 6 ayda qiymətlərin düşməməsi deməkdir.

Səudiyyə Ərəbistanı qlobal tədarükü azaldır. Neft hasilatını könüllü şəkildə azaltmağa başlayan Ər-Riyad avqustda Avropa və Aralıq dənizində öz neftinin qiymətinin əhəmiyyətli dərəcədə artdığını elan edib, həmçinin gözlənilmədən Asiyaya tədarükün qiymətini qaldırıb. Bundan sonra o, Asiya və Avropada sentyabr ayı üçün, demək olar ki, bütün qiymətləri qaldırıb.

Ər-Riyadın məqsədi tamamilə aydındır: yüksək qiymətlər səbəbindən Səudiyyə Ərəbistanı maliyyə vəziyyətini gücləndirir və valyuta ehtiyatlarını artırır.

İndiki vəziyyət Rusiya büdcəsi üçün çox əlverişlidir. Analitiklərin fikrincə, Rusiyanın hasilatı könüllü şəkildə azaltmaqla bağlı qərarını uzatması üçün əlavə stimulu var, çünki məlum olduğu kimi hazırda “Urals” indi diskontla satılır.

Müvafiq olaraq, Rusiya neft markaları və çeşidlərinin daha yüksək qiymətlərində maraqlı olması ilə yanaşı, onların qiymətlərinin artması “Urals”ın nəinki bahalaşmasına, hətta diskontun azalmasına səbəb olur. Neftin qiymətinin qalxması fonunda Rusiya “qara qızılı” üçün qiymət tavanının effektivliyi əhəmiyyətli dərəcədə azalır. London Fond Birjası Qrupunun (LSEG) məlumatına görə, Rusiya nefti iyulun ortalarından 60 dollardan yuxarı qiymətə satılır və hazırda Rusiyadakı neft terminallarından 1 barel üçün 67 dollardan göndərilir.

Avqustda neftin qiyməti 90 dollara qalxıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, “Urals” neftinin qiyməti orta hesabla 1 barel üçün 74 dollar olub.

Əslində, dünya bazarında neftin qiymətinin yüksək olması Azərbaycan üçün də çox sərfəlidir. Maliyyə Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə neftin orta qiyməti 1 barel üçün 60 dollar olduğu halda, Dövlət Neft Fondunun gəlirləri 16,3 milyard manat təşkil edəcək: 70 dollar olduğu halda 17,5 milyard manat, 80 dollar olduğu halda isə 18,7 milyard manat olacaq.

Dövlət Neft Fondunun aktivləri 2024-cü ilədək neftin orta qiymətinin 1 barel üçün 60 dollar olması və planlaşdırılan xərclərin 100% maliyyələşdirilməsi şərtilə 51,7 milyard dollara çatacaq. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5% artım deməkdir.

Beləliklə, beynəlxalq institutlar hesab edir ki, 2023-cü ildə “Brent” markalı neftin qiyməti 1 barel üçün 75 dollardan aşağı olmayacaq. Azərbaycan hakimiyyəti isə dövlət büdcəsində neftin orta qiymətini 1 barel üçün 60 dollar səviyyəsində müəyyənləşdirib. İndi məlum olduğu kimi, neftin qiyməti proqnozlaşdırılandan da yüksəkdir. Doğrudur, neft qiymətlərinin ilin sonuna qədər belə yüksək səviyyədə qalıb-qalmayacağını söyləmək çətindir. Yalnız güman etmək olar ki, neft qiymətlərinin artmasına səbəb olan ölkələr onu bu göstəricidə saxlamaq üçün hər şey edəcək. Bununla belə, unutmaq olmaz ki, neftin yüksək qiymətinin büdcə gəlirləri və neft hasil edən ölkələrin milli iqtisadiyyatları üçün bütün üstünlükləri ilə yanaşı, 100 dollardan yuxarı artım ixracatçı ölkələr daxil olmaqla, digər dövlətlərdə inflyasiyanın yeni dalğasına səbəb olacaq.



MƏSLƏHƏT GÖR:

110