Müəllif: NURANİ
Qarabağ ətrafında yaşananlar əvvəlkitək, diqqət mərkəzindədir. Bir yandan Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan rəhbərliyi vəziyyəti gərginləşdirməyə çalışır, digər tərəfdən onlar elə öz «təşəbbüslər»i içərisində «itib-batır». Bu, onların «siyasi yol strategiyası»na da aiddir. Azərbaycan bir neçə güclü və uduş gətirən gediş etməklə nail olub. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin göndərdiyi unla dolu yük maşınları Ağdam yolunda gözləyir. Onların irəliləməsinə elə separatçıların özləri mane olur. Bununla yanaşı, sentyabrın 9-da Komitənin Rusiya nümayəndəliyinin göndərdiyi ərzaq dolu yük maşını Azərbaycan-Rusiya sərhədini keçib. Əvvəlcə güman olunurdu ki, erməni tərəfi, başqa sözlə separatçılar Rusiyadan gələn yükün hərəkətinə mane olmayacaq. Lakin yük maşını Bərdədə «ilişib qalıb». Separatçılar ona da mane olublar. Amma sonda inadlarından əl çəkmək məcburiyyətində qalıblar. Sentyabrın 12-də Rusiyadan gəlmiş yük maşını Ağdam yolu ilə Xankəndiyə yola düşüb. Görünən isə odur ki, bu «taktiki geri çəkilmə» davam edəcək.
Arzulanan «blokada», yoxsa…
Erməni tərəfi, onların çağırılan və çağırılmayan vəkilləri «aclıq», «blokada» haqda fəryad qoparmağı sevirlər. Azərbaycan tərəfi isə deyir ki, bu gün yolun açarı Qarabağ ermənilərinin öz əlindədir. Birincisi, Bakı oraya Ağdam yolu ilə humanitar və kommersiya yükləri göndərməyə hazır olduğunu dəfələrlə bəyan edib. İkincisi, separatçıların Ağdam yolunu açmasından 24 saat sonra Azərbaycan «Laçın» sərhəd buraxılış məntəqəsindən humanitar və kommersiya yüklərinin tranzitinə imkan yaradacaq. Amma bu, təbii ki, lazımi sərhəd və gömrük prosedurları nəzərə alınmaqla baş verəcək. Üçüncüsü, hər iki yolun eyni anda açılacağı da istisna deyil. Lakin bütün hallarda erməni separatçıları danışıqları pozur. Səbəb isə bir neçədir. Bu humanitar və kommersiya yüklərini göndərənlər, hətta Strasburq və Parisdə oturanlar, eyni zamanda almalı olanlar Azərbaycan gömrüyündən keçmək, yüklər üçün «Təyinat yeri – Xankəndi şəhəri, Azərbaycan Respublikası» kimi sənəd yazmaq istəmirlər. Çünki bununla da «müqəddəratı təyin etmə», «miatsum» kimi oyunlara son qoyulacaq. Üstəlik, daha vacib olanı Xankəndidəki marionet «rəhbərliy»in istəyi heç də humanitar və ya kommersiya yükləri yox, əvvəlki «açıq qapı» rejiminin bərpasıdır. Onlar istəyirlər ki, müvəqqəti Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə yenə də istədiklərini daşısınlar – Ermənistan istehsalı olan minalardan tutmuş, Valeri Pekressədək. İndi Ermənistana kimlər gəlmir? Paris meri Ann İdalqo, Strasburqun meri Janna Barseqyan. Onlar üzərində «Arsaxa humanitar yardım» yazılmış yük maşınlarının fonunda şəkillər çəkdirsə də, maşınlar… Xankəndiyə gedib çıxa bilmir. Başqa sözlə, şou nəticə vermir. Bundan başqa, xarici oyunçular da getdikcə mövqelərini itirirlər. Əvvəl Azərbaycandan «Laçın dəhlizi»nin açılması tələb olunurdusa, indi söhbət iki yoldan gedir və çağırışların konkret ünvanı ifadə edilmir. Bu dəyişikliklər isə İrəvan və Xankəndidə çoxlarını qıcıqlandırır. Nəticədə, hər iki şəhərdə kifayət qədər maraqlı hadisələr baş verir.
«Saray çevrilişi»
Sentyabrın 9-da Xanəndidə heç kimin tanımadığı «Dağlıq Qarabağ parlamenti» «növbədənkənar sessiya»sını keçirib. Toplantıda Samvel Şahramanyan qeyri-legitim «Dağlıq Qarabağ prezidenti» seçilib. O, bu «vəzifə»də istefaya getmiş Araik Arutunyanı əvəzləyib.
Bakı bu «prezident seçkisi» tamaşasını təxribat, separatçıların növbəti oyunu kimi qiymətləndirib. Türkiyə, Ukrayna, Gürcüstan, Özbəkistan, Avropa İttifaqı da daxil olmaqla, əksər xarici oyunçu da «seçki»ni tanımadığını elan edib. Bəs kadr arxasında nələr baş verir?
İlk növbədə, qeyd olunmalıdır ki, Xankəndidə «prezident seçkisi», «hakimiyyət dəyişikliyi» rəsmi İrəvanın daha bir təxribatçı əməlinin ardından baş verib. Sentyabrın 2-də Nikol Paşinyan Xankəndiyə «Arsaxın müstəqillik bəyannaməsinin qəbulu günü» münasibətilə şübhəli təbrik ünvanlayıb. Bakı bunu haqlı olaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanat kimi dəyərləndirib. Üstəlik, bu, indiyədək əldə olunmuş razılaşmaların pozulması kimi də qiymətləndirilib. Bakıda xatırladırlar ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına söz vermişdi. Belə bir vəziyyətdə Xankəndidəki xuntaya şübhəli təbrikin ünvanlanması necə başa düşülməlidir?
Baş verənlər fonunda «prezident seçkisi» planlaşdırılan danışıqlar prosesini tam poza bilər. Üstəlik, Azərbaycanda əmindirlər ki, Xankəndidə baş verənlər siyasi tamaşadan başqa bir şey deyil. Onun «quruluşçu rejissorlar»ı isə İrəvandadır. Xankəndidəki «hakimiyyət dəyişikliyi»nin İrəvandakı qüvvələr nisbətinə bilavasitə təsir göstərdiyi şübhə yoxdur.
Qarabağ klanı qayıdır?
Nikol Paşinyanın Xankəndiyə təxribatçı «təbrik müraciəti» ünvanladığı gün İrəvanda «arsaxlı qardaşlarla həmrəylik» mitinqində Qarabağ klanının başçıları Robert Koçaryanla Serj Sarqsyan da peyda olublar. Əksər ekspertlər bunu revanş iddiası kimi qiymətləndirib. Bu halda Xankəndidəki siyasi tamaşa artıq fərqli şəkil alır. Müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazi Qarabağ klanının təbii istehkamıdır. Ermənistanda isə əmindirlər ki, Moskva Koçaryan, Sarqsyan və onların tərəfdarlarını dəstəkləyir. Araik Arutunyan da qarabağlı olsa da, indiki «prezident»dən fərqli olaraq, o, Paşinyanın adamı sayılırdı. İndi baş nazirin öz adamını qurban verərək ən azı Xankəndidə emosiyaları yatırmağa çalışdığı, yoxsa Ermənistanın daxili siyasi arenasında «taktiki geri çəkilmə»nin başladığını yaxın gələcək göstərəcək. İstənilən halda, Ermənistan daxilindəki rəqabətin bu raundunun nəticəsi yalnız İrəvanla Xankəndidə həll olunmayacaq.
Paşinyan qızışıb. Moskva da
Koçaryan və Sarqsyanın ictimaiyyət qarşısına, həmçinin siyasi arenaya növbəti çıxışları Rusiya-Ermənistan münasibətlərində maraqlı proseslərin yaşandığı vaxta «təsadüf edib». Ekspertlər hesab edir ki, bu münasibətlər artıq «qaynama həddi»nə çatıb. Rusiyada ən məşhur erməni lobbiçilərindən olan Viktor Krivopuskov Ermənistana buraxılmayab. İrəvanda düşünürlər ki, indiyədək Rusiyada ermənilərin lobbiçisi sayılan şəxslər bundan sonra Ermənistanda Moskvanın maraqlarını irəli çəkə bilərlər. Bu maraqlar isə heç də hər zaman İrəvanın, xüsusilə də Nikol Paşinyanın maraqları ilə üst-üstə düşmür. Ermənistan açıq şəkildə Fransa və Avropa İttifaqı ilə «oynayır». Eyni zamanda KTMT ilə birgə təlimlərə qatılmaqdan imtina edir, üstəlik, ABŞ ilə birlikdə hərbi təlim keçirir. Ermənistan hökumətinin Roma Nizamnaməsini parlamentə göndərməsi isə açıq-aşkar Vladimir Putinə qarşı getməkdir. Bu azmış kimi, Paşinyanın xanımı Anna Akopyan «birinci ledi və centlmenlərin sammiti»nə qatılmaq üçün Kiyevə səfər edib.
Moskva-İrəvan münasibətlərində əvvəllər də gərgin anlar olub. Hər dəfə İrəvan bir qədər şıltaqlıq etdikdən sonra sakitləşib. Bu dəfə isə Rusiyanın baş verənlərə reaksiyası çox sərt olub. Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, Moskvanın əsas «danışan ağızlar»ı, o cümlədən XİN başçısı Sergey Lavrov Ermənistanın ünvanına kifayət qədər sərt fikirlər səsləndirib. İndi Baqramyan 26 ünvanında ciddi narahatlıq, bəlkə də təlaş hökm sürür. Onlar Ermənistanın Rusiyadan çox asılı olduğunu yaxşı bilirlər. Ölkənin xarici sərhədlərinə, enerji sektoruna, qaz şəbəkələrinə, mobil rabitəsinə, dəmir yollarına Kreml nəzarət edirsə, Qərbə tərəf sürünmək… Üstəlik, Qərb də bütün jest və reveranslara baxmayaraq, Ermənistana ciddi siyasi investisiyalar qoymağa hazır deyil. Onlar ən azı 2013-cü ildə yaşananların təkrarlanmyacağına əmin olanadək gözləməyə üstünlük verirlər. Xatırladaq ki, o vaxt Aİ ilə assosiasiya razılaşmasını imzalamaqdan son anda imtina edərək, Aİİ-yə üzv olmaq qərarı vermişdi.
İstənilən halda, Ermənistan bu dəfə Moskva ilə münasibətləri tam korlayıb. Üstəlik, bu, ən həssas dövrə təsadüf edib – Ermənistan Azərbaycanla sərhədə qoşun toplamaqdadır. Fransa ilə Hindistanın İrəvana verdiyi «bir cüt, iki tək» silahlar çətin ki, Paşinyanda böyük əminlik yaratsın. 44 günlük müharibədə Azərbaycanın Ermənistan ordusuna 5 milyard dollarlıq ziyan vurmasından sonra Fransadan gətirilmiş 50 BTR-in heç bir işə yaramayacağını anlamaq üçün hərbi strateq olmağa ehtiyac yoxdur. Lakin İrəvanda niyəsə əmin idilər ki, Azərbaycan tərəfdən açılan ilk atəşdən dərhal sonra Fransa və ondan sonra Qərbin qalan hissəsi “çox əziyyət çəkən” Ermənistana qahmar çıxacaqlar. Amma…
Sentyabrın ilk həftəsinin sonunda Nikol Paşinyan yenə də dünya liderlərinə zəng etməyə başlayıb: Makron, Şolts, Rəisi, Qaribaşvili… İlk telefon danışığı Makronla olub. Amma deyəsən, Ermənistanın baş naziri nə ondan, nə də Almaniya kanslerindən hər hansı zəmanəti ala bilib. O, həmsöhbətlərini Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlara hazır olduğuna inandırmağa da çalışıb. Putin ilə isə ümumiyyətlə danışa bilməyib. Amma Paşinyanın Kreml rəhbərinə zəng etmədiyinə inanmaq mümkün deyil. Elə isə, bu, «kabab inqilabı»nın lideri üçün çox pis xəbərdir. Görünür, o, geosiyasi manevrləri ilə Moskvanı bezdirib.
MƏSLƏHƏT GÖR: