24 Noyabr 2024

Bazar, 08:50

RƏQƏMSAL TENDER

Yeni qanunun tətbiqi ilə dövlət satınalmaları sektoru daha şəffaf, kiçik və orta biznes üçün əlçatan olacaq

Müəllif:

01.10.2023

2024-cü il yanvarın 1-dən bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Dövlət satınalmaları haqqında” Qanun qüvvəyə minəcək və ölkəmizdə bu sektorla bağlı yeni səhifə açılacaq. Sirr deyil ki, bir vaxtlar bu sektor ölkənin dövlət maliyyəsinin idarə olunmasında ən problemli və qeyri-şəffaf halqalardan biri hesab olunurdu. Beynəlxalq və yerli ekspertlər ədalətli və rəqabətli tenderlərin keçirilməsinə təsir göstərən normativ-hüquqi bazanın zəif səviyyədə olduğunu dəfələrlə qeyd ediblər. Bazar iştirakçıları haqqında lazımi məlumatlara sərbəst çıxışın olmaması və seçilmiş şirkətlərin himayə olunması üçün imkanların mövcudluğu rəqabət mühitinin yaradılmasına mane olurdu. Yeni qanun isə seçim mərhələlərinin rəqəmsallaşdırılması yolu ilə qaliblərin seçilməsi zamanı çatışmazlıqların və insan amilinin mümkün qədər aradan qaldırılması üçün nəzərdə tutulub.

 

Mənfi təcrübə

Ötən il Dünya Bankı hesabatlarından birində Azərbaycanda dövlət satınalmaları sektorunda bir neçə problem aşkar edib. Buraya eyni mənbədən bağlanan birbaşa müqavilələrin həddindən artıq çox olması, açıq hərraclarda uğursuzluq qazanan iştirakçıların sayının çox olması, mövcud elektron satınalma sisteminin məhdudiyyətləri və bununla bağlı çevikliyin olmamasıdır. Beynəlxalq təşkilatın nümayəndələri həmçinin ölkədə satınalma ilə bağlı lazımi ictimai nəzarətin və məlumatlara çıxışın olmadığını, bu sahədə ekspertlərin peşəkarlığının artırılmasının vacibliyini qeyd ediblər.

Ədalət naminə qeyd etmək lazımdır ki, bu sahədə nöqsanlar əvvəllər də yerli ekspertlər, deputatlar, dövlət qurumlarının nümayəndələri tərəfindən vurğulanıb və vaxtaşırı olaraq bu sistemdəki mövcud vəziyyətlə bağlı tənqidi fikirlər səsləndiriblər. Belə ki, bu sahədə mühasibat uçotu və hesabatlarla bağlı səhvlərin çoxluğu Hesablama Palatasının müxtəlif qurumlarda aparılmış audit yoxlamalarının nəticələrinə əsasən verdiyi hesabatların birində də əks olunub. Dövlət vəsaitlərinin təyinatının dəyişdirilməsi ilə əlaqədar alınmış məhsul və materialların istifadə olunmaması, bəzi xərc sahələri üzrə vəsaitlərin (xüsusən investisiya) istifadə edilməməsi, tələbatın da düzgün müəyyən edilməməsi halları müəyyən olunmuşdu.

Hesablama Palatasının ekspertlərinin diqqət çəkdiyi digər maraqlı məqam odur ki, kompüterləşdirmə informasiyaya (tenderlər haqqında) çıxışı təmin etsə də, öhdəliklərini yerinə yetirmək qabiliyyəti şübhəli olan iştirakçılar tərəfindən satınalmalarda qalib gəlmə riski mövcuddur. Bu, son nəticədə bütün iş prosesini ləngidir, təqdim olunan malların (işlərin və xidmətlərin) keyfiyyətinin qeyri-qənaətbəxş olmasına gətirib çıxarır. Bu, hətta bəzi hallarda qalibin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi ilə nəticələnə bilər.

Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, Azərbaycanda dövlət satınalmaları üzrə bir neçə stereotip formalaşıb: “Bəzən məmurlar hansısa şirkətin xeyrinə satınalmalara təsir göstərir. Yaxud vəzifəli şəxs birbaşa zəng vurub tenderin nəticəsini ləğv elətdirir və özünə yaxın adamın şirkətinin və yaxud öz şirkətinin tenderdə qalib gəlməsini təmin edir”.

Digər deputat Qüdrət Həsənquliyev isə əlavə edib ki, tenderlərdə mallar çox vaxt istehsalçıdan deyil, vasitəçidən alınır. O, tender elan olunmamışdan 2 ay əvvəl yaradılmış bəzi şirkətlərin milyonluq tenderi udduğu ilə bağlı faktların olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin sözlərinə görə, təkcə keçən il dövlət təşkilatlarının davranışlarında yol verildiyi qanun pozuntuları ilə bağlı 14%-ə yaxın protokol ləğv edilib.

Bu çatışmazlıqlar təbii olaraq bu sektorun statistik göstəricilərinə mənfi təsir göstərir. Hesablama Palatasının “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəyində qeyd edilib ki, hesabat ilində ÜDM-in artımı və dövlət büdcəsi xərcləri fonunda satınalmalara cəlb olunan vəsaitlərin həcmində artım müşahidə olunub: “Əvvəlki illə müqayisədə satınalmaların ÜDM-ə nisbəti 1,5 faiz bəndi, xərclər nisbəti isə 0,8 faiz bəndi azalaraq müvafiq olaraq 5% və 21,1%-ə düşüb. Bu rəqəmlər son illərin ən aşağı göstəriciləridir”.

Əgər birinci bənddə azalma yüksək neft qiymətləri ilə ifadə olunan ÜDM-in artması ilə izah oluna bilərsə, digər göstəricinin aşağı düşməsi suallar yaradır. Fakt budur ki, əksər ölkələrdə dövlət satınalmaları büdcənin 30-42%-ni təşkil edir. Bu aşağı göstəricilərin bir mənbədən satınalma üsulu ilə bağlı qeydiyyat və uçotun olmamasının nəticəsi olduğu müəyyən edilib.

Bu sektorda o qədər problemlər var idi ki, hətta yeni qanunun və nəzarət mexanizminin tezliklə qəbul edilməsi zərurəti belə, müzakirə olunmurdu.

 

Yeni qanunun təfərrüatları

Azərbaycanda dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni qanunvericilik aktı 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Yeni sənədlə nəzərdə tutulan əsas məqam odur ki, bundan sonra satınalmalar yalnız rəqəmsal platformalar vasitəsilə həyata keçiriləcək.

M. Abbasbəylinin sözlərinə görə, artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik: “Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkar edilməsi üzrə tərəfdaş şirkətlərlə işləyirik”.

Bütün bunların proseslərin avtomatlaşdırılmasına və sürətləndirilməsinə, şəffaflığın artırılmasına və tender prosedurlarının bütün iştirakçılarına bərabər imkanların yaradılmasına kömək edəcəyi gözlənilir. Üstəlik, bu qanunla yeni nəzarət mexanizmlərinin tətbiqi, həmçinin prosedurların sadələşdirilməsi və bürokratik maneələrin azaldılması nəzərdə tutulur. Bu da tədarükçülər arasında rəqabəti artıracaq, daha yaxşı biznes şəraitini təmin edəcək. Qanun çərçivəsində tenderlərdə iştiraka görə dövlət rüsumlarının və digər ödənişlərin məbləğinin azaldılması da nəzərdə tutulub.

Bundan başqa, sənəddə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və onun məsuliyyəti, tədarükçünün tələblərə uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, hesabatın hazırlanması və müqaviləyə dair digər tələblər, o cümlədən satınalmalara xitam verilməsi şərtləri aydın şəkildə göstərilib.

Qeyd edək ki, bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmada iştirakını məhdudlaşdıra, onlar arasında ayrı-seçkilik yaradan tələbləri, meyarları və prosedurları müəyyən edə bilməz. Beləliklə, satınalma təşkilatından hüquqi, maliyyə və ya təşkilati asılılığı olan təchizatçıların satınalmada iştirakına icazə verilmir. Bu qayda təşkilat və təchizatçı eyni müəssisədə yerləşdikdə, təchizatçılardan biri digərinin benefisiar sahibi olduqda və ya azı iki təchizatçı eyni benefisiar tərəfindən idarə olunduqda tətbiq edilir. Satın alan təşkilatın rəhbəri ilə qohumluq əlaqəsi olan iştirakçılar üçün də tenderdə qalib gəlmək imkanı istisna edilir.

Bundan başqa, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, qanun layihəsində dövlət satınalmalarına daha səmərəli nəzarəti təmin etmək məqsədilə nəzarət orqanının səlahiyyətləri genişləndirilir.

Burada mühüm məqamlardan biri əsaslandırılmış qərar əsasında təchizatçıların etibarsız tədarükçülər reyestrinə daxil edilməsi, satınalma müqaviləsi qüvvəyə minənədək satınalma nəticələrinin qanuna uyğun olaraq ləğv edilməsinin mümkünlüyü, satınalma komissiyası sədrinin və ya digər üzvlərinin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə fərdi məsuliyyətə cəlb edilməsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinə “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb. Bu mənada

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti sahibkarları tenderlər zamanı pozuntular barədə məlumat verməyə çağırır.

“Bəzən mənə dostlarım zəng edir ki, filan problemi həll et. Mən onlara bildirirəm ki, bu, zənglə həll olunası məsələ deyil və deyirəm ki, məktub yazsınlar. Mən hər kəsə bildirirəm ki, hüququn pozulubsa, bunu rəsmi şəkildə həll etməlisən. Məktub yaza bilərsən ki, şikayətinə baxılsın. Amma cavabında deyir ki, məktub göndərmək istəmirəm, sonra həmin qurum və ya şirkətlə işləyə bilərəm?” - M. Abbasbəyli vurğulayıb.

O hesab edir ki, Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir: “Dövlət təşkilatında vicdansız tender komissiyasının üzvü oturubsa, onu ifşa etmək çətin olur. Biz hər otağa kamera qoya bilmərik. Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq”.

Ümumiyyətlə, ekspertlər sahibkarlıq subyektlərinin satınalma prosesinə cəlb edilməsi, keyfiyyətli xidmət göstərilməsi və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması baxımından yeni qanuna böyük ümidlər bəsləyirlər.

“Qanun mükəmməldir, əsas məsələ onun işlək olmasıdır. Əminliklə söyləmək olar ki, maraqlı dairələr və tərəflər qanunun imitasiyasına və sui-istifadə hallarına yol verməsə, dövlət satınalmaları zamanı şəffaflığı təmin etmək mümkün olacaq”, - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edib.

Beləliklə, deyə bilərik ki, ölkəmizdə sahibkarlığın inkişafı, fiskal şəffaflığın təmin edilməsi və bunun nəticəsində büdcə gəlirlərinin artması üçün mühüm problemlərin həlli istiqamətində daha bir addım atılıb. Ekspertin söylədiyi kimi, əsas məsələ qanunun işlək olmasıdır.


MƏSLƏHƏT GÖR:

110