22 Noyabr 2024

Cümə, 02:45

MUXTAR İSLAHATLAR

Hökumət Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi islahatlarla bağlı planının təfərrüatlarını açıqlayıb

Müəllif:

01.10.2023

Ötən il Naxçıvan Muxtar Respublikasında (MR) biznes mühitinin yaxşılaşdırılmasına, istehsalın və ixracın genişləndirilməsinə yönəlmiş genişmiqyaslı inzibati və kadr islahatlarına start verilib. Bu il Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində detallı tədbirlər planı qəbul edib. Buraya xüsusilə muxtariyyətdə azad iqtisadi zonanın (AİZ) yaradılması, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye, filiz-mədən və turizm sahələrində yeni layihələrin həyata keçirilməsi daxildir.

 

İkimərhələli proqram

NMR-də inzibati islahatların son məqsədi məqsədyönlü iqtisadi islahatların aparılması və muxtariyyətin davamlı inkişafının sürətləndirilməsidir. Regiona yerli və beynəlxalq investorların cəlb edilməsi ilə enerji və nəqliyyat infrastrukturunun əsaslı şəkildə modernləşdirilməsi, yeni aqrar-sənaye, emal və filiz-mədən müəssisələrinin yaradılması, digər strateji layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Bütün bunlar Naxçıvanın əsas parametrlərini ölkənin sosial-iqtisadi inkişafının ümumi göstəricilərinə uyğunlaşdırmaq, bu gün 460 minə yaxın əhalinin yaşadığı regionda əmək ehtiyatlarından daha fəal istifadə etmək məqsədi daşıyır.

İslahatların əsas mərhələsini bu il iyunun əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təşkil edib. Onun həyata keçirilməsi iki mərhələdə - 2023-2024 və 2025-2027-ci illər üçün nəzərdə tutulub. 11 əsas istiqaməti özündə əks etdirən sənədlə, ilk növbədə, kənd yerlərinin inkişafı, əlverişli biznes mühitinin yaradılması, investisiyaların cəlb edilməsi və yeni daimi iş yerlərinin yaradılması yolu ilə ixracyönümlü dəyər zəncirinin inkişafını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ən mühüm prioritetlər sırasında ticarət və vasitəçilik xidmətlərinin inkişafının sürətləndirilməsi, ixracyönümlü sənayenin və kənd təsərrüfatı məhsullarının emalı sektorunun formalaşdırılmasıdır. Üstəlik, əsas istiqamətlər siyahısına turizm və balneologiya sektorunun təşviqi, elektrik enerjisi istehsalının və ixracının artırılması, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, sosial sektorun və insan kapitalının inkişafı, institusional inkişaf və ətraf mühitin mühafizəsinin gücləndirilməsi daxildir.

 

Enerji bloku

NMR-in inkişafı üçün ən perspektivli vektorlardan biri burada güclü enerji istehsalı və tranzit infrastrukturunun formalaşdırılması, SCADA mərkəzinin yaradılması, həm muxtariyyətin artan tələbatını ödəmək, həm də elektrik enerjisinin ixracı üçün nəzərdə tutulmuş paylayıcı şəbəkənin və digər obyektlərin modernləşdirilməsidir. Xüsusilə muxtar respublikanın  elektrik ötürücü sisteminin təkmilləşdirilməsi, burada 330/110 kilovoltluq “Şahtaxtı” yarımstansiyasının tikintisi və 255 kilometr uzunluğunda elektrik xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin 330 kV-ın 400 kV-a transformasiyası üçün NMR-in Türkiyə ilə sərhədində daha bir yarımstansiyanın tikintisi nəzərdə tutulur. Belə ki, buradan da Türkiyəyə 230 kilometrlik ikidövrəli 400 kilovoltluq elektrik xətti çəkiləcək.

MR-də ötürücü sistemin modernləşdirilməsi ölkənin əsas hissəsindən böyük həcmdə elektrik enerjisini, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdan kiçik su elektrik stansiyalarında, günəş və külək stansiyalarında hasil edilən “yaşıl elektrik” enerjisini qəbul etməyə və onu Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, daha sonra Türkiyə və Avropa ölkələrinə tranzitlə ötürməyə imkan verəcək. İxrac üçün əhəmiyyətli miqdarda elektrik enerjisi NMR-də istehsal olunacaq. Burada 5 kiçik və orta su elektrik stansiyası, eləcə də Babək və Culfa rayonlarında iki günəş elektrik stansiyası var.

Bundan başqa, Nazirlər Kabinetinin tədbirlər planında muxtariyyətin hidroenergetika potensialının daha da inkişafına mühüm diqqət yetirilir. Belə ki, 2024-cü ildə 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və 15,6 MVt gücündə “Tivi” Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək. 2023-2024-cü illərdə Biləv Su Elektrik Stansiyasının su təchizatı sisteminin əsaslı təmiri, o cümlədən rayonun ən qədim su elektrik stansiyası olan Araz SES-in yenidən qurulması və 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri planlaşdırılır.

Yeri gəlmişkən, Azərbaycan Energetika Nazirliyindən məlumatına görə, yaxın vaxtlarda muxtar respublikada bərpa olunan enerji mənbələri sektorunda yeni nəsil qurğular yaradılacaq. “Nobel Energy Management” şirkəti ilə 400 MVt gücündə günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır və Fransanın “TotalEnergies” şirkəti isə ümumi gücü 500 MVt olacaq külək və günəş elektrik stansiyaları tikmək niyyətindədir.

Beləliklə, yaxın illərdə NMR-də xarici investorların cəlb edilməsi yolu ilə ümumi gücü 1,5 min MVt olan külək və günəş elektrik stansiyalarının inşası, elektrik enerjisinin təxminən üçdə ikisinin ixracı nəzərdə tutulur.

Dövlət proqramı çərçivəsində əsası sentyabrın 25-də Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə qoyulmuş 97,5 kilometr uzunluğunda İğdır-Naxçıvan təbii qaz kəmərinin tikintisi də eyni dərəcədə mühüm addım olacaq.

“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, - Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Yeni boru kəməri ildə 730 milyon kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Bu da NMR əhalisinin və sənayesinin “mavi yanacağ”a olan tələbatını tam ödəyəcək.

 

Azad zona

Digər sahələrdə də böyük dəyişikliklər nəzərdə tutulur. Söhbət NMR-də innovativ texnologiyalardan istifadə etməklə aqrar-sənaye klasterinin yaradılmasından, həmçinin dövlət-özəl tərəfdaşlıq sxemlərinin tətbiqindən gedir. Gələcək investorlara - hüquqi və fiziki şəxslərə vergi və sosial sığorta sahəsində güzəştlər verilir. Üstəlik, regional ticarət habının formalaşdırılması və xarici bazarlara ixracın dəstəklənməsi üçün NMR ərazisində xüsusi gömrük zonası və logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmçinin investorlar və ixracatçılar üçün “Invest in Nakhchivan” saytının hazırlanması və yaxın vaxtlarda beynəlxalq forumun keçirilməsi planlaşdırılır.

Gələcəkdə Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zona (AİZ), sənaye parkı, o cümlədən Şərur sənaye məhəlləsi yaradılacaq. Artıq bu işlər üçün hazırlıqlara başlanılıb. Nazirlər Kabinetinin planına əsasən, NMR-də kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması stimullaşdırılacaq - ət-süd kombinatları, meyvə-tərəvəz emalı üzrə konserv fabrikləri və sexlər açılacaq. Üstəlik, arıçılıq və bal qablaşdırma istehsalının inkişafı da gözlənilir. Şəkər və nişasta istehsalı, dəri və yun emalı müəssisələri, o cümlədən tara və müxtəlif qablaşdırma istehsalı zavodları yaradılacaq. Həm kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılmasının daha da artırılması, həm də NMR-də güclü aqroparkların yaradılması Dövlət Proqramının əsas vektoru kimi müəyyən edilib. Muxtariyyətdə heyvandarlığın inkişafı potensialının qiymətləndirilməsi də 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır.

Perspektivli sahələr arasında mədən sənayesi və tikinti materialları istehsalı müəssisələri də var. Naxçıvanda 21 filiz yatağı - molibden, polimetallar, arsen, qızıl, yüksək keyfiyyətli qaya duzu yataqları, mineral sular (“Badamlı” və “Sirab”) və karbohidrogenli mineral sular var. Bu il “AzerGold” QSC 2566 kvadrat kilometr sahədə kəşfiyyat işlərinə başlayacaq və məsafədən peyk üsulu ilə hiperspektral zondlama üzrə tədqiqatlar aparılacaq. Şirkət həmçinin, NMR-in Culfa rayonunda yerləşən “Ortakənd” (qızıl), “Başkənd” (mis-qızıl) yataqlarında, “Paradaş” (mis) və “Göydağ” (mis-molibden) sahələrində kəşfiyyat və tədqiqat işləri aparır.

Bu arada, beşillik dövlət proqramının icrasına nəqliyyat rabitəsinin inkişafı da daxildir. Buraya muxtar respublikanın Türkiyənin Qars şəhərinə çıxışı olacaq dəmir yolu infrastrukturunun yenidən qurulması, inzibati mərkəzdə isə tramvay xəttinin layihələndirilməsi daxildir. Aşağı büdcəli hava nəqliyyatı və sərnişindaşıma şirkətlərinin NMR-ə cəlb edilməsi, regional xarici hava limanları ilə müntəzəm reyslərin və yükdaşımaların təşkili, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında aerovağzalın genişləndirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu, avtomobil və hava əlaqəsinin təkmilləşdirilməsi bu regionda turizmin inkişafında mühüm elementə çevrilməlidir. Nazirlər Kabinetinin məlumatına görə, bu ilin sonuna kimi Batabat gölünün yaxınlığında (yaxınlıqda astrofizika rəsədxanası yerləşir) və Ordubad şəhərində tematik turizm mərkəzləri layihələndiriləcək. Dağ cığırları əsasında isə piyada gəzinti marşrutlarının xəritələri hazırlanacaq, muxtar respublikanın turizmə yararlı qəsəbələrinin yerləşdiyi ərazilər müəyyənləşdiriləcək, qış mövsümü, kənd və ekoturizm ilə bağlı layihələr hazırlanacaq.

Bir sözlə, görünən odur ki, Azərbaycan hökuməti sadalanan layihələri qısa müddət ərzində yerinə yetirmək niyyətindədir. Buna görə də artıq bir ildən çoxdur ki, NMR-də kadr dəyişiklikləri və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadi potensialdan istifadənin səmərəliliyinin artırılması, sosial-iqtisadi sahədə şəffaflığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin inkişafı istiqamətində işlər aparılır.



MƏSLƏHƏT GÖR:

112