Müəllif: İrina XALTURİNA
Asiya ilə Yaxın Şərq yeni, miqyaslı iqtisadi-nəqliyyat layihəsinin astanasındadır. Söhbət Hindistan-Yaxın Şərq-Avropa (India-Middle East-Europe Economic Corridor, IMEC) dəhlizindən gedir. Onun həyata keçirilməsinə dair razılaşma bu yaxınlarda Yeni Dehlidə keçirilmiş G20 sammitində Aİ, ABŞ, Səudiyyə Ərəbistanı və Hindistan arasında əldə edilib. Hindistanın baş naziri Narendra Modi marşrutun açılması prosesinə start verildiyini bəyan edib, iştirakçı ölkələrin qarşılıqlı anlaşma memorandumunu isə Ağ Ev açıqlayıb.
Dəhliz dəmir yolu şəbəkəsinin, limanların, konteyner anbarları, terminallar, məlumatların sürətlə ötürülməsini təmin edəcək kabellərin sürətli inkişafını, enerji daşıyıcılarını nəql edəcək boru xətlərinin çəkilməsini və s. nəzərdə tutur. Layihədə regionun BƏƏ, Avropa ölkələri, İordaniya, İsrail və s. dövlətlərin də iştirakı nəzərdə tutulur. Dəhlizin Asiya, Fars körfəzi və Avropa ölkələri arasında ticarət əlaqələrinin və inteqrasiyanın gücləndirilməsi hesabına iqtisadi inkişafın rəmzinə çevriləcəyi gözlənilir. Layihə iştirakçıları ümid edir ki, IMEC daşıma xərclərinin azalmasına, yeni iş yerlərinin açılmasına imkan yaradacaq, hətta havaya zəhərli qazların buraxılmasını azaldacaq. Məsələn, Hindistanla Səudiyyə Ərəbistanı yaxın illərdə ikitərəfli ticarətin həcmini 52 milyard dollardan 100 milyard dollara qaldıra biləcəklərini düşünürlər.
Sənəddə bildirilir ki, IMEC özündə iki ayrı dəhlizi birləşdirəcək: Hindistanı Fars körfəzi ölkələri ilə birləşdirən şərq və Fars körfəzi ilə Avropa ölkələrini birləşdirəcək şimal dəhlizi. Yeni marşrutla Hindistandan Avropa ölkələrinə yükləri Süveyş kanalından yan keçməklə daha asan daşımaq mümkün olacaq. Layihənin detalları məlum olmasa da, IMEC üçün bu yolda yerləşən bir neçə limanı birləşdirəcək çoxsaylı marşrutlar nəzərdən keçirilir. Onlar arasında İsrailin Hayfa şəhəri, Yunanıstanın Pirey şəhəri, Hindistan, Füceyrə, Cabal-Əli və Əbu-Dabi sahillərindəki limanlar və s. də var.
İnkişaf etməkdə olandan inkişaf etmişə
IMEC layihəsinin Hindistandan yüklərin Avropaya daşınma müddətinin 40%, daşıma xərclərinin isə 30% azaldılmasına imkan verəcəyi gözlənilir. Belə bir halda Hindistanın bu layihədə maraqlı olması, əlbəttə ki, heç bir sual yaratmır. Ekspertlər bildirirlər ki, dəhliz Hindistanın 2047-ci ilə inkişaf etməkdə olan dövlətdən inkişaf etmiş dövlətə çevrilməsinə imkan yaradacaq. Bununla yanaşı, aydındır ki, bu cür layihələr iqtisadiyyatdan çox geosiyasi əsaslar üzərində qurulur. Bu halda, ilk növbədə, iqtisadiyyatı getdikcə böyüyən Hindistan Çinin məşhur «Bir kəmər, bir yol» layihəsinə ciddi alternativ yaratmaq istəyir. Məlumdur ki, o, bəlli səbəblərdən bu layihədə yer almır. Hindistan xüsusilə «Kəmər və yol» layihəsinə Çin-Pakistan İqtisadi Dəhlizinin (ÇPİD) qoşulmasından narahatdır. Bəzi versiyalara görə, Çin liderinin G20 ölkələrinin Yeni Dehlidə keçirilən sammitinə qatılmaması da bu ziddiyyətdən irəli gəlir. Yeri gəlmişkən, beynəlxalq şərhçilər artıq IMEC layihəsini «Yeni bahalı ədviyyat» adlandırırlar ki, bu da çox gözəl səslənir. Tarixən Yer üzünün ən qədim marşrutlarından olan, Hindistan, Maluku adaları və Şərqi Afrikanı Aralıq dənizi regionu ölkələri ilə birləşdirmiş quru yolunu «ədviyyat yolu» adlandırıblar. Regionda bəzi müşahidəçilər düşünürlər ki, IMEC uğurlu alınarsa, Hindistan bu yaxınlarda Səudiyyə Ərəbistanı, İran, Efiopiya, Misir, Argentina və BƏƏ-nin hesabına genişlənmək qərarı vermiş BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) sıralarını tərk edə bilər. Hesab olunur ki, BRHÇC tam çinyönümlü təşkilatdır və ümumilikdə anti-Qərb xarakterlidir. Üstəlik, o, getdikcə daha çox siyasi ittifaqa bənzəməyə başlayır. Eyni zamanda Hindistanın «Təhlükəsizlik üzrə dördtərəfli dialoq» (Quad Group of Nations, QUAD) adlı anti-Çin alyansında da yer aldığı məlumdur. Sonuncu özünü Avstraliya, Hindistan, ABŞ və Yaponiya arasında Hind-Sakit okeanı regionunun təhlükəsizlik məsələləri ilə bağlı strateji dialoq meydanı kimi təqdim edir. Faktiki olaraq isə birliyin əsas hədəfi Çinin Hind və Sakit okean regionlarında güclənməsinin qarşısının alınmasıdır. Bundan başqa, ABŞ ilə Hindistan arasında kəşfiyyat məlumatlarının mübadiləsi kanalları da fəaliyyət göstərir, onlar davamlı olaraq birgə hərbi təlimlər keçirir, Hindistanın Çin və Pakistanla sərhəd böhranlarında Vaşinqton birincini dəstəkləyir və s.
Bu mənada, Hindistanın maraqları və addımları, əlbəttə ki, onu ABŞ ilə yaxınlaşdırır. Vaşinqtonun IMEC layihəsinə birmənalı və qəti dəstəyi də məhz onun Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə alternativ ola biləcəyi ilə bağlıdır. Hər halda, Ağ Ev layihə haqda razılaşmanı əbəs yerə «tarixi razılaşma» adlandırmayıb. Birləşmiş Ştatların əsas məqsədi Hindistanı Rusiya və İranın nüfuz dairəsindən uzaq tutmaqdır. Məlumdur ki, sonuncular Yeni Dehlini «Şimal-Cənub» dəhlizinə qoşmaq üçün əllərindən gələni edirlər. Bu mənada, IMEC ABŞ-ın regionda mövcudluğunu gücləndirir, qlobal oyunçu rolunu daha da artırır. Eyni sözləri Hindistanın ikinci ticarət tərəfdaşı olan Avropa haqda da demək olar. Bu layihənin gerçəkləşdirilməsi ilə o, Fars körfəzində geoiqtisadi nüfuzunu artırmaq imkanı qazanacaq.
Geosiyasi və geoiqtisadi amillər
Layihəyə Səudiyyə Ərəbistanının marağı da aydındır. Görünür, o, karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirin bir hissəsinin tranzit dəhlizlərinə xərclənməsinin, xarici investorların cəlbinin doğru olacağını anlayır. Belə bir vəziyyətdə Fars körfəzi dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşması da tam yerinə düşür. Xatırladaq ki, regionun dəmir yolu şəbəkələri ilə «bağlanması» ideyasını məhz o təklif edib. Nəzərə alsaq ki, bütün bunlar məhz ABŞ-ın vasitəçiliyi ilə baş verir, qarşıda sözün əsl mənasında ideal mənzərə yaranır. Amma beynəlxalq geosiyasətdə və geoiqtisadiyyatda ideal heç nə olmur. Belə ki, Çin hələ ki, rəqiblərinin bu gedişinə təmkinli reaksiya göstərir. Görünür, Pekində əmindirlər ki, IMEC elə də tezliklə reallaşmayacaq, rentabelli olmayacaq, logistika baxımından onun reallaşdırılması çox çətindir, çünki yüklər daim gəmilərdən qatarlara və əksinə yüklənməli olacaq və s. Başqa çatışmazlıqlar da qeyd olunur. Məsələn, layihədə dövlət və özəl sektorun iştirakı mexanizmi yoxdur. Bundan başqa, aydındır ki, marşrut Qərb-İran münasibətləri, Suriyanın vəziyyəti və ərəb-İsrail münaqişəsi üzündən o qədər də sabit olmayan geosiyasi durumdan çox asılı olacaq.
Digər tərəfdən Çin özünün «Bir kəmər, bir yol» layihəsinə çox əmindir. Ona artıq dünya əhalisinin 75%-ni özündə cəmləyən, beynəlxalq ÜDM-in yarıdan çoxunun istehsal olunduğu 150-dən çox ölkə qoşulub. Doğrudur, Şri-Lanka kimi ölkələrin borc problemi «Bir kəmər, bir yol» layihəsinin imicini bir qədər korlayıb, amma bu qəbildən olan layihələr arasında hələ də ən güclüsü, realı və iştirakçılara çox şeylər vəd edəni məhz «Bir kəmər, bir yol»dur. Üstəlik, Çinin Fars körfəzi ölkələrində özünün «Huawei» şirkəti, strateji limanlardakı payı, hətta hərbi-dəniz bazası vasitəsilə də mövcud olduğu unudulmamalıdır.
Rusiyaya gəlincə, o, gözlənilmədən IMEC layihəsinə müsbət reaksiya göstərib. Prezident Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışı zamanı bildirib ki, dəhliz Moskvaya logistikanın inkişafı məsələsində kömək edəcək, ümumiyyətlə, Hindistanın da aparıcı iştirakçılarından olduğu «Şimal-Cənub» dəhlizinə əlavəyə çevriləcək.
Beləliklə, yeni tranzit yolu uğrunda qlobal savaşda yeni aspektin yarandığı ortadadır. Ümumilikdə IMEC layihəsi hələlik onu göstərir ki, region ölkələri əlaqələrini şaxələndirir və sonda daha uğurlu olacaq layihədə iştirak etmək üçün hər yola əl atırlar. Fövqəldövlətlərin savaşdıqları bir vaxtda daha kiçik və ya zəif ölkələr maraqlarını təmin etmək, öz şərtlərini irəli sürmək üçün vəziyyətdən istifadə edirlər. Eyni zamanda Hindistanın tamhüquqlu geosiyasi qütbə çevrilmək iddiaları ortadadır. Aydındır ki, yaxın vaxtlarda bu oyunun daha bir tərəfi Afrika olacaq. Belə ki, Avropa İttifaqı G20 sammitində IMEC ilə yanaşı, Trans-Afrika dəhlizini yaratmaq iddiasını da ortaya qoyub. Söhbət Anqola, Zambiya və Konqo Demokratik Respublikasını birləşdirəcək nəqliyyat şəbəkəsindən gedir.
Ən əsası, bu layihələrin investisiyaların cəlbi, yeni iş yerlərinin açılması ilə regionların rifahının yaxşılaşmasına xidmət etməsidir.
MƏSLƏHƏT GÖR: