24 Noyabr 2024

Bazar, 01:21

TARİXİN YAZILDIĞI AN

Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etdi

Müəllif:

01.10.2023

Qarabağ separatçıları özlərini buraxdıqlarını bəyan ediblər. Samvel Şaxramyanın «sərəncam»ına əsasən, separatçıların bütün «dövlət qurum və təşkilatları» 2014-cü il yanvarın 1-dək fəaliyyətini başa çatdıracaq, qanunsuz, heç kimin tanımadığı «Dağlıq Qarabağ Respublikası» mövcudluğuna son qoyacaq.

Separatçıların bu qərarına Azərbaycanın bölgədə 19-20 sentyabr tarixlərində bir sutkadan da az müddətdə apardığı lokal antiterror tədbirləri səbəb olub. Həmin gün Azərbaycan Ordusu dəqiq zərbələrlə Ermənistan Silahlı Qüvvələrinin Qarabağda qalmış hissələrini, həmçinin separatçıların yaratdıqları qanunsuz silahlı birləşmələri darmadağın və tərk-silah edib.

 

«Saatlı bomba»

Müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki separatçı qalıqlar ətrafında gərginlik bir neçə həftə idi ki, artırdı. Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik korpus üçün keçirilən brifinqdə isə sözün əsl mənasında sensasion məlumatlar açıqlanmışdı. Qurumdan verilən açıqlamada deyilirdi ki, «sayı 10 min nəfərdən artıq olan erməni silahlı qüvvələri Azərbaycan Respublikası ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Hazırda Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində 100-dən artıq tank və başqa zirehli texnika, 200-dən çox ağır artilleriya qurğusu, o cümlədən yaylım atəşi sistemləri, onlarla müxtəlif radioelektron mübarizə sistemi, 200-dən artıq minamyot sistemi qalmaqdadır». Qeyd edək ki, söhbət Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan səması ilə uçan təyyarələrə maneə yaratdıqları radioelektron mübarizə sistemləri idi. Təyyarəçilər onların nə qədər təhlükəli olduğunu yaxşı bilirlər.

Əslində, Qarabağ klassik «boz zona» idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vəziyyəti məhz bu cür xarakterizə etmişdi. Tam dəqiq desək, o, sözün əsl mənasında «saatlı bomba» idi. Azərbaycan tərəfi bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin hissələri hələ 2020-ci ilin noyabrında çıxarılmalı idi, çünki bu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları Üçtərəfli Bəyannamədə öz əksini tapmışdı. Bəyannamənin 4-cü maddəsində konkret olaraq deyilir ki, «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir».

Ermənistanın baş naziri Nikol Paşinyan hamını Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinin hissələrinin olmadığına inandırmağa çalışsa da, erməni separatçılarının «administrasiya»sı bunu etiraf etmək məcburiyyətində qalmışdı: «Ermənistan silahlı qüvvələrinin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalmış hissələri və hərbçilərinin oradan çıxarılması, «Dağlıq Qarabağ müdafiə ordusu»nun ləğvi və tam tərk-silah olunması, tezliklə utilizasiya edilməsi üçün ağır texnika və silahların Dağlıq Qarabağ ərazisindən çıxarılması haqda razılığa gəlinib».

Bütün bunlar davam etməkdə olan «yol müharibəsi» fonunda baş verirdi. Separatçılar «blokada» haqda ah-nalədən əl çəkmir, amma eyni zamanda Ağdam-Xankəndi yolunu açmaqdan boyun qaçırırdılar. Halbuki Azərbaycan tərəfi Qarabağ ermənilərinə həmin yolla ərzaq və digər yardımlar göndərməyə hazır olduğunu bildirirdi. Doğrudur, bir mərhələdə ermənilər yolu açaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiyadan göndərdiyi yardımla dolu yük maşınını Xankəndiyə buraxmalı olmuşdular. Bu isə yolun məhz separatçılar tərəfindən bağlandığına şübhə yeri qoymamışdı.

Amma 19 sentyabr səhər saatlarında vəziyyət kökündən dəyişib. Tikilməkdə olan Əhmədbəyli-Füzuli-Şuşa yolunda yük maşınınını tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. Bundan qısa müddət sonra isə azərbaycanlılara məxsus «KamAZ» markalı yük maşını da düşmənin basdırdığı minaya düşüb. Nəticədə, ilk partlayışın baş verdiyi yerə gedən 4 polis əməkdaşı həyatını itirib. Bakı dərhal xatırladıb ki, tunel yolunun çəkildiyi bu ərazi minalardan çoxdan təmizlənmişdi. Demək, 6 nəfərin həyatına son qoymuş minalar erməni diversiya qrupları tərəfindən oraya sonradan basdırılıbmış. Bu isə mina terrorunun yeni, daha təhlükəli mərhələyə keçdiyi demək idi.

Beləliklə, erməni işğalından azad olunmuş ərazilərə qayıtmış insanlara mina terroru təhdidinin yaranması ilə Bakı nəzəri olaraq belə, razılaşa bilməzdi. Azərbaycan mülki aviasiyasına təhlükənin olmasına da imkan verə bilməz. Separatçıların yaratdıqları radioəngəllər isə mülki təyyarələr üçün birbaşa və aşkar təhlükə yaradırdı. Müasir mülki aviasiyada qəzalar hər zaman üçrəqəmli qurban sayı deməkdir. Separatçı hərbçilər isə hər addımları ilə, razılaşmalara əməl etmək niyyətində olmadıqlarını göstərirdilər. Antiterror tədbirlərinə başlanılması üçün daha nə lazım idi ki?

 

Antiterror “blitzkriq»i

Azərbaycan lokal antiterror tədbirlərini 24 saatdan da az müddətdə başa çatdırıb. Bu, hələ də dünyanın aparıcı hərbi akademiyalarının öyrənməyə başladığı 44 günlük müharibənin təcrübəsindən daha çox diqqətəlayiqdir. Azərbaycan Silahlı Qüvvələri, həqiqətən, «XXI əsrin blitzkriqi»ni nümayiş etdirərək, ermənilərin eşelon-eşelon müdafiəsini 1 sutkadan az müddətdə yarıb, separatçıları kapitulyasiyaya məcbur edib. Bununla yanaşı, ordu zərgər dəqiqliyi ilə işləyərək, ilk növbədə, mülki əhali arasında itkilərin olmasına imkan verməyib. Halbuki separatçılar dinc sakinlərdən canlı sipər kimi istifadə etməkdən belə, çəkinməyiblər.

BMT Təhlükəsizlik Şurasının təcili toplantısında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə hərbi əməliyyatların başa çatdığını bildirib, Azərbaycanın mərkəzi hökumət nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında görüşün də keçirildiyini əlavə edib.

Belə görüş əvvəlcə Yevlaxda, daha sonra Xocalıda təşkil olunub, müzakirələrin nəticəsi olaraq Bakıdan Qarabağın erməni əhalisinə yanacaq, ərzaq məhsulları və digər humanitar yüklər göndərilib. Bundan başqa, Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası üçün «yol xəritəsi»ni təqdim edib, onlara Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq, həmçinin təhlükəsizlik zəmanəti verib.

Aydındır ki, bütün problemləri 1-2 görüşlə nəzəri cəhətdən belə, çözmək mümkün deyil. Lakin «buz tərpənib». Azərbaycan bu dəfə də öz işini özü həll edib. İndi söz uzun müddət onlara uzanan əli tutmayan, dialoqu pozmağa çalışan erməni tərəfinindir.

 

«Döyüşdən sonrakı mənzərə»

Əlbəttə ki, bütün bunlardan qaçmaq da olardı. Hələ 2020-ci ilin payızından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində işə başlamaq şansı yaranmışdı. Tərəflər Qarabağ ermənilərinin tədricən Azərbaycanın hüquqi, siyasi, mədəni və sosial həyatına inteqrasiyası prosesinə start verə bilərdi. İnsanlara, nəhayət, sərbəst seçim imkanı verilməli idi: Xankəndidə, Ağdərədə, Xocavənddə qalmaq, Azərbaycan pasportu əldə etmək, Azərbaycanın qanunları ilə yaşamaq, yaxud Ermənistana köçmək. Üstəlik, onlar bu qərarı tələsik deyil, sakit şəkildə qəbul edə bilərdilər.

Lakin təəssüf ki, Xankəndidəki marionet rejim «miatsum» oyununu davam etdirmək, hərbi təxribatlardan əl çəkməmək qərarı vermişdi. Bununla da, onlar, həqiqətən, «qızıl kimi» vaxtı itirirdilər. Qarabağda 3 il əvvəl başlamalı olan bütün proseslərə indi start verilir.

«Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq», - deyə Prezident İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə bildirib.

Azərbaycan təxminən 30 il əvvəl işğal olunmuş ərazilərini öz hüquqi nəzarətinə qaytarır. Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma evlərinə qayıdacaqları günlər də uzaqda deyil.

Ekspertlər əmindirlər ki, indi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işlərin irəli aparılması şansı da var. Amma bu, sonra.

Hələliksə İrəvan Qarabağın erməni əhalisinin oranı kütləvi şəkildə tərk etməsi üçün əlindən gələni edir. Düşünmək olar ki, Ermənistanın on minlərlə «qaçqın»a ehtiyacı yoxdur, çünki onları yedirtmək, işlə təmin etmək, saxlamaq lazım gələcək. Lakin hadisələrin gedişi göstərir ki, söhbət Azərbaycanı etnik təmizləmədə günahlandırmaq planından gedir. Sadə ermənilər Azərbaycanda onlar üçün heç bir təhdidin olmadığını, Azərbaycan tərəfinin onların sərbəst hərəkətini təmin etdiyini, ehtiyacı olanlara humanitar və tibbi yardımların göstərildiyini bildirsələr də, Ermənistan və onun xarici himayədarları Bakını etnik təmizləmədə günahlandırmağa başlayıblar. Üstəlik, bunu 30 ildən artıq müddətdə 1 milyon azərbaycanlının doğma ev-eşiyindən qovulmasını susqunluqla qarşılamış dövlətlər edir.

Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 5-nə növbəti görüş planlaşdırılır. Onun Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutacağı gözlənilir. 44 günlük müharibədən sonra Avropa İttifaqı məkanında belə görüşlər az keçirilməyib. Lakin bu dəfə liderlər yeni «döyüşdən sonrakı mənzərə» fonunda danışmalı olacaqlar.

 

SITAT:

İlham Əliyev: «Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq».



MƏSLƏHƏT GÖR:

95