Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan İran ərazisindən keçən Zəngəzur dəhlizinin praktiki yaradılmasına başlayıb. Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında iki ölkə arasında avtomobil körpüsünün, sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi keçirilib.
Tədbirdə qeyd olunduğu kimi, yaradılan avtomobil və sərhəd-gömrük infrastrukturu dövlətlərin ərazisindən tranzit yükdaşımaların artırılmasına, Naxçıvan Muxtar Respublikasına (NMR) giriş/çıxışın asanlaşdırılmasına xidmət edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı zamanı da bu layihədən bəhs edilib.
Sözdən əmələ
Avtomobil körpüsünün inşası “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi çərçivəsində aparılır.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində iştirak edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, dövlət sərhədindəki buraxılış məntəqəsinin, eləcə də 7 hərəkət zolaqlı avtomobil körpüsünün gündəlik qəbul edə biləcəyi yük və digər nəqliyyat vasitələrinin sayı 1,1 min minik avtomobili, 30 avtobus və 15 min insan olacaq: “Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ölkə üçün böyük əhəmiyyət kəsb edən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisinin 80%-nin tamamlandığını bildirmişdi.
Magistral yoldan əlavə, bu ərazidə 3 tunelin, onlarla körpünün, 9 dəmir yolu stansiyasının, müxtəlif təyinatlı 456 mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Üstəlik, bütün işlər bir il ərzində tamamlanmalıdır. O cümlədən Həkəri çayı üzərindən keçən ən uzun dəmir yolu körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək. Onun uzunluğu 418 metr olacaq.
NMR ilə nəqliyyat əlaqəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvanda tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə həyata keçiriləcək. Bununla bağlı artıq Araz çayının məcrasına qayıdan sahil zolağının bərpası istiqamətində işlər aparılıb.
Hər şey mənfi bir
Azərbaycan təcrübədə sübut edib ki, Zəngəzur dəhlizi Ermənistan bu layihəyə qoşulsa da, qoşulmasa da, reallığa çevriləcək. Bütövlükdə bu, Mərkəzi Asiya və Avropa üçün çox vacib layihədir. Buna görə də dünya dövlətlərinin “Şərq-Qərb” dəhlizinin potensialının artırılmasının, eləcə də regionda nəqliyyat əlaqələrinin genişləndirilməsinin qarantı ola biləcək məsələlərə marağı çox böyükdür.
Məlum olduğu kimi, Azərbaycan ərazisindən keçən və regionun əsas nəqliyyat-logistika mərkəzlərindən biri olan “Şərq-Qərb” dəhlizi Avropa, Çin və Qazaxıstan arasında yükdaşımalarda böyük əhəmiyyət kəsb edir. Bu marşrutla həm vaxta, həm də nəqliyyat xərclərinə qənaət ediləcək.
“Zəngəzur dəhlizinin Ermənistan və ya İran ərazisindən keçməsindən asılı olmayaraq, onun multimodal imkanları böyükdür”, - ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç qeyd edib.
“İqtisadi mənfəət baxımından onu qeyd etmək kifayətdir ki, bəhs etdiyimiz marşrut bir tərəfdən Qərblə Türkiyə, digər tərəfdən isə Mərkəzi Asiya ilə Çin arasında ən qısa birbaşa əlaqəni təmin edəcək”, - o əlavə edib.
Bu kontekstdə Ermənistanın real mənfəəti əldən verərək “istəyirəm - istəmirəm” oyununu oynamasını gözləməyə heç bir əsas yoxdur.
Məsələ burasındadır ki, ilkin olaraq, yəni 2020-ci ilin noyabrında Azərbaycanın qələbəsindən sonra Horadiz-Ağbənd avtomobil yolunun Ermənistanın Mehri rayonu ərazisindən davam etdiriləcəyi və daha sonra Naxçıvanın nəqliyyat arteriyaları ilə birləşdiriləcəyi ehtimal olunurdu. Lakin Ermənistan danışıqlar prosesini yubatmaq üçün mümkün olan və olmayan hər şeyi etməyə başladı.
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın “Magyar Demokrata” nəşrinə müsahibəsində bildirib ki, İrəvan özünü iqtisadi mənfəətdən məhrum edir: “Bu cür yanaşma İrəvanı öz iqtisadiyyatını qaydaya salmaq üzrə daha bir imkandan məhrum edəcək. Çünki yol, sadəcə olaraq, Ermənistandan yan keçə bilər. Azərbaycan isə “B” planına malik olan ölkə kimi, bu istiqamətdə işi davam etdirəcək”.
Bu arada, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov vurğulayıb ki, ermənilər bu dəhlizlə bağlı Azərbaycanın düşüncələrini yanlış, yəqin ki, səhv anlayıblar: “Çünki Azərbaycan tərəfi bu ərazilərə iddia etmir və oranı Ermənistanın suveren ərazisi kimi tanıyır”.
Onun sözlərinə görə, söhbət ekstraterritoriallıqdan getmir: “Bu kontekstdə “dəhliz” termininin “Şimal-Cənub”, “Şərq-Qərb” və ya digər dəhlizlərdən heç bir fərqi yoxdur”.
Ermənistandan ancaq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi vasitəsilə maneəsiz hərəkətə etibarlı təminat verməsi tələb olunur.
E.Əmirbəyov qeyd edib ki, onların dəhlizin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir: “Bu, ayrı məsələdir, çünki üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq, hərəkətin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcəklər. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki Rusiya tərəfinə tapşırılan bu rol artıq onları qane etmir”.
Sabitliyin təminatçısı
Hər halda, prosesin nəticəsindən asılı olmayaraq, Azərbaycanı regionun digər ölkələri dəstəkləyir. Belə ki, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində Zəngəzur dəhlizinin Cənubi Qafqazın bütün dövlətlərinin iqtisadi inkişafına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı razılaşma regionda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq: “Belə olan halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan isə ölkənin iki hissəsi arasında fasiləsiz, ritmik nəqliyyat bağlantısına malik olmaq imkanı əldə edəcək”.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da brifinqdə bildirib ki, Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizi layihəsinin strateji məsələ və həyata keçirilməli olduğunu bəyan edib: “İrəvanın dəstəyi olmasa, bu layihə İrandan keçə bilər. Biz bu dəhlizin ən qısa zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin işə salınması strateji məsələdir və həyata keçirilməlidir”.
O, həmçinin qeyd edib ki, Zəngəzur və Laçın nəqliyyat marşrutlarını “sülh dəhlizlərinə” çevirmək zəruridir: “Müharibənin hələ də üzərində hökmranlıq etdiyi dəhliz təsəvvür etmək mümkün deyil. Buna görə də biz həm Zəngəzur, həm də Laçın marşrutlarını sülh dəhlizləri kimi nəzərdən keçirmək istəyiriksə, bu məsələni münaqişəsiz və səs-küy olmadan həll etməliyik”.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz növbəsində qeyd edib ki, magistral Türkiyə ilə Azərbaycan arasında birbaşa quru və dəmir yolu əlaqəsini təmin edəcək və bu, bütün türk dünyası üçün mühüm addım olacaq. Daha əvvəl Türkiyə Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib ki, nəqliyyat dəhlizinin Türkiyə hissəsində - Dilucu, İğdır və Qarsda işlər aparılır və bunların 2023-cü ildə başa çatdırılması planlaşdırılır.
“Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq. Mersin və İsgəndərun limanları vasitəsilə Orta Dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür”, - Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, keçmiş baş nazir Binəli Yıldırım “X” (“Twitter”) sosial şəbəkəsində yazıb.
Bir sözlə, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan tərəflər çoxdan sözdən əmələ keçiblər. Ermənistanın isə yola düşən qatara çata bilməsi üçün çox az vaxtı qalıb.
MƏSLƏHƏT GÖR: