Müəllif: NURANİ
Gürcüstan parlamentində oktyabrın 18-də baş verənlər, şübhəsiz ki, ölkənin, bəlkə də regionun siyasi tarixinə düşəcək. Gürcüstan parlamentariləri həmin gün ölkə başçısı Salome Zurabişviliyə impiçment elan etməyə çalışıblar. Bunun formal səbəbi prezidentin hökumətlə razılaşdırmadan Avropa turnesinə çıxmasıdır. Gürcüstan qanunvericiliyinə görə, bu, pozuntudur. Bununla yanaşı, çoxları baş verənləri prezidentlə hökumət arasında ciddi fikir ayrılıqlarının olması ilə əlaqələndirir.
Gürcüstan Konstitusiyasına görə, dövlət başçısının vəzifəsindən kənarlaşdırılması üçün impiçment təşəbbüsünün 150 deputatın 100-ü tərəfindən dəstəklənməsi lazımdır. Lakin bu qərarın lehinə yalnız 86 parlamentari səs verib. Nəticədə, Zurabişvili vəzifəsində qalıb. Bəs bununla hər şey bitibmi? Prezidentin vəzifəsindən kənarlaşdırılması cəhdi rəsmi Tbilisinin siyasətinə necə təsir göstərəcək?
«Rusiya məsələsi» və gürcülərin buna iki cavabı
Prezidentlə hökumət arasında fikir ayrılıqları çoxdan müşahidə olunur. Brüsseldən gəlmiş o qədər də sevindirici olmayan xəbər isə buna əlavə təkan verib. 2022-ci il martın 3-də Gürcüstan Moldova ilə birlikdə, Ukraynadan isə üç gün sonra Avropa İttifaqına üzvlük ərizəsi verib. Lakin Ukrayna ilə Moldova ilkin şərt irəli sürmədən namizəd statusu qazanıbsa, Gürcüstana Avropa Komissiyası 12 tövsiyə, daha dəqiq desək, tələb irəli sürüb: seçki hüququnun təkmilləşdirilməsi, siyasi qütbləşməyə son qoyulması və s.
Məhz bundan sonra Salome Zurabişvili hökumətin hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsinə dair hazırladığı qanun layihəsinə veto qoyub. Daha sonra dövlət başçısı xarici agentlər haqqında qanun layihəsini də rədd edib. Qeyd edək ki, Gürcüstan cəmiyyətinin liberal hissəsi onu Rusiyanın analoji qanununun surəti kimi qiymətləndirir. Bunun ardından ölkədə həmin qanun layihəsinə etiraz olaraq ciddi aksiyalar başlayıb, dövlət başçısı isə etirazçıların tərəfini tutub.
Nəhayət, Gürcüstanla Rusiya arasında aviareyslərin bərpası prezidentlə hökumət arasında daha bir fikir ayrılığına yol açıb. Xatırladaq ki, aviareysləri Rusiya hələ 2019-cu ildə birtərəfli qaydada dayandırmışdı və 2023-cü ilin mayında yenə də birtərəfli şəkildə bərpa edib. Gürcüstanda bununla bağlı hər hansı qərar qəbul olunmayıb, avropapərəst ictimaiyyət isə onun ləğvini tələb edib. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bunun «Rusiyanın suveren hüququ» olduğunu deyib, aviareyslərin Rusiyada qohumları olan gürcülərin həyatını asanlaşdıracağını bildirib. Zurabişvili isə hesab edib ki, Moskvanın bu addımı təxribat və yolverilməzdir. «Nə qədər ki, Rusiya Ukraynaya təcavüzü davam etdirir, Gürcüstan ərazilərini işğalda saxlayır, buna getmək olmaz», - deyə prezident bildirib.
Lakin reyslər bərpa edilib və Zurabişvili Gürcüstanın Müstəqillik Günündə deyib: «Bu gün «uçuş hədiyyəsi»nin (Rusiya ilə) bizə neçə milyon gətirəcəyini hesablamağımız ayıbdır, başadüşülən deyil. Qürurumuz 200, yoxsa 300 milyona satıldı?»
O da qeyd edilməlidir ki, Avropa İttifaqı üzvlüyünə mümkün namizəd olan Gürcüstandan istər rəsmi Brüssel, istərsə də avropapərəst ictimaiyyət onun Rusiya əleyhinə sanksiyalara qoşulmasını gözləyib və gözləyir. Bu da təbii ki, prezidentlə hökumət arasında fikir ayrılığının daha bir əsasıdır.
«Rusiyapərəst «Arzu»?
Belə bir fikir var ki, Gürcüstan hakimiyyətində olan «Gürcü arzusu» rusiyapərəstdir. Hökumət nəinki eks-prezident Mixail Saakaşvilini həbsxanadan buraxmaq istəmir, Fransa əsilli gürcü Salome Zurabişvilini dövlət başçısı postundan kənarlaşdırmağa da çalışır. Lakin hər şey bu qədər birmənalı deyil.
Nə qədər ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayıb, bu ölkədə Rusiyapərəst partiyalar çətin ki, ciddi uğur qazansın. Burada yumşaq və ya sərt xəttin tərəfdarları ola bilər, amma rusiyapərəst siyasi partiyaların ciddi gücə çevrilmək şansı yoxdur. Bəli, «Gürcü arzusu»nu oliqarx Bidzina İvanişvili ilə əlaqələndirirlər. Amma məsələn, onlarla Nino Burcanadze kimi siyasətçilər arasında böyük uçurum var. Üstəlik, bəzilərinin fikrincə, “xəyalpərəstlərin” Rusiyaya həddən artıq yaxınlığının harda bitdiyini və onların rəqiblərinin Gürcüstanın Avropa arzusu ilə oynamaq cəhdlərinin haradan başladığını cavablandırmaq o qədər də asan deyil.
Sanksiyalar məsələsi də sadə deyil. Avropa İttifaqının üzvü olmayan Gürcüstan onlara qoşulmağa məcburdurmu? Doğrudur, bu, tərəfdaşlarla həmrəyliyin nümayişi üçün yaxşı vasitədir. Bəs Gürcüstan bunun əvəzində nə əldə edəcək?
Gürcüstan iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Bu, nə iqtisadiyyat naziri postunu rusiyalı oliqarx Kaxa Bendukidzenin tutduğu Mixail Saakaşvili dönəmində dəyişib, nə də ondan sonra. Turizm, kənd təsərrüfatı məhsulları, şərab ixracı – bütün bunlar Rusiya ilə bağlıdır və buna real alternativ görünmür. Bundan başqa, Tbilisi hansısa NATO üzvü yox, «Aİ üzvlüyünə namizədliyə namizəd»dir. Odur ki, Tbilisinin Moskva trekində kəskin gedişlər etməkdən ehtiyatlanması əsassız deyil. Bundan başqa, ölkədə insanlar 2008-ci ilin avqustunda baş vermiş beşgünlük müharibəni unutmayıb. O zaman Saakaşvilinin başçılıq etdiyi Gürcüstan qərbli müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməmişdi. Odur ki, prinsipcə, Gürcüstan hökumətinin risk etmək istəməməsi anlaşılandır.
Digər sual ondan ibarətdir ki, ictimaiyyət üçün siyasi oyunda Zurabişvilinin tərəfdarları üçün hökumətlə prezident arasındakı fikir ayrılıqlarını bu cür şərh etmək daha əlverişlidir.
«Fransanın planları» və Gürcüstanın reallıqları
Bəs Gürcüstan rəhbərliyindəki parçalanmanın əsl səbəbi nədir? Məsələnin bitdiyini düşünmək olarmı?
Nəzəri baxımdan Salome Zurabişvili qələbə sevinci yaşaya bilər – o, vəzifəsini qoruya bilib. Amma 150 deputatın 86-nın onun vəzifədən getməsinə səs verməsi kifayət qədər ciddi hadisədir. Ola bilsin ki, prezidenti ikinci impiçment cəhdi gözləmir, lakin onun «ağsaq ördəyə» çevrilmə riski kifayət qədər realdır.
Gürcüstan parlament-prezident respublikasıdır. Formal olaraq, dövlət başçısı prezidentdir, lakin əsas idarəçilik səlahiyyətləri baş nazirin əlində cəmləşib. Odur ki, Salome Zurabişvili daha çox rəmzi fiqurdur. Ona impiçmentin elan olunmasını, məsələn, «Votergeyt qalmaqalı» ilə eyniləşdirmək olmaz.
Gürcüstanın «Avropa arzusu»nun rəmzinə çevrilmək üçün Zurabişvilinin hər şeyi var idi. O, Fransada doğulmuş və böyümüş etnik gürcüdür. Zurabişvilinin ailəsi Fransaya 1921-ci ildə Gürcüstanın müstəqilliyini itirməsindən sonra mühacirət edib. Xanım siyasətçi Tbilisiyə Saakaşvilinin prezidentliyi dönəmində Fransanın səfiri kimi qayıdıb, lakin sonradan Gürcüstanın xarici işlər naziri təyin edilib. Lakin Parisdən Kür sahillərinə qayıtmış, ölkəsini işıqlı Avropaya aparmaq istəyən gürcü əsilli fransız xanıma bir məqam mane olur: o, Gürcüstanın siyasi qüvvələri ilə heç cür dil tapa bilmir. Saakaşvilinin komandasında o, uzun müddət duruş gətirə bilməyərək, müxalifətə keçib, sonradan Saakaşvilinin rəqibi olan «Gürcü arzusu»na qoşulub. Son hadisələr isə göstərir ki, onun bu siyasi qüvvə ilə də münasibətləri alınmayıb. Nəticədə, məhz hakim partiya Zurabişviliyə impiçment elan edilməsi təşəbbüsü ilə çıxış edib. Səbəb, çətin ki, xanım siyasətçinin xarakteri olsun. Güman ki, Gürcüstanda Zurabişvilinin siyasət haqda fransızsayağı düşüncələrinə yer yoxdur.
MƏSLƏHƏT GÖR: