Müəllif: Samir VƏLİYEV
İsraillə HƏMAS arasındakı savaş ABŞ-ın Ukraynaya maddi dəstək planlarına ciddi təsir göstərir. Ağ Ev rəsmisi Con Kirbi ölkəsinin Kiyevə ayırdığı 60 milyard dollardan artıq yardımın 96%-ni xərclədiyini etiraf edib.
Ümumilikdə son dövrlər gəlməkdə olan məlumatlar mövcud tendensiya haqda daha aydın təsəvvür yaradır. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi, daha dəqiq desək, Vaşinqtonun Kiyevə dəstəyi məsələsində ABŞ siyasi isteblişmentinin fikrini dəyişən təmsilçiləri getdikcə artır. Söhbət, ilk növbədə, ABŞ-nin qanunverici orqanındakı respublikaçılardan gedir. Qeyd edək ki, onlar faktiki olaraq, artıq 2024-cü il seçkisinə hazırlaşmaq kursu götürüblər.
Respublikaçılar demokratlara qarşı
Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərinin əsas fəaliyyət elementlərindən biri ABŞ administrasiyasının xarici siyasətini tənqid etməkdir. Amma siyasi elitanın Baydenin xarici siyasətindən narazılığı yalnız Ukraynanın əks-hücum əməliyyatlarında ciddi nailiyyətlərin olmaması ilə bağlı deyil. Dövlət başçısının oğlu Xanter və digər ailə üzvlərinin bəlkə də prezidentin də «bulaşdığı» korrupsiya sxemi, Meksika ilə sərhəddəki miqrasiya böhranı, üstəlik, Yaxın Şərqdə münaqişənin yenidən qızışması fonunda Co Bayden kifayət qədər çətin durumdadır. İndi o, Ukrayna və İsrailə yardımlar arasında «parçalanmalı», eyni zamanda, digər istiqamətlərdəki uğursuzluqlarla bağlı tənqidlərə cavab verməlidir.
Amma Bayden üçün xoşagəlməzliklər bununla da bitmir. Hələ oktyabrın sonunda ABŞ Konqresi Nümayəndələr palatasının yeni spikeri Mayk Conson Ukrayna və İsrailə 106 milyard dollarlıq ümumi yardım paketini dəstəkləmədiyini bəyan edib. Respublikaçı çoxluq Kiyevə yardımın davam etdirilməsini Ukrayna rəhbərliyinin Vaşinqtonun əvvəldən tələb etdiyi «ev tapşırığı»nı necə yerinə yetirəcəyi ilə əlaqələndirir. Söhbət prioritet islahatlar siyahısından gedir. Vaşinqton hələ o vaxt bildirmişdi ki, onun Ukraynaya gələcək yardımları tez və effektiv ayırması bu islahatların həyata keçirilmə səviyyəsindən asılı olacaq. Onlardan əsası ölkənin korrupsiya ilə mübarizəni qısa müddətdə gücləndirməsidir. Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını faktiki olaraq dayandırması ABŞ administrasiyasının tənqidçilərinə Kiyevə yardımın azaldılması tələbini irəli sürmələri üçün əlavə arqument verir.
Lakin prezident bildirib ki, Konqres onun Ukraynaya yardımla bağlı şərtlərini nəzərə almazsa, o, parlamentarilərin rəyinə qulaq asmayacaq.
Yenə impiçment?
Bu mövqe respublikaçı çoxluq tərəfindən cavabsız qala bilməzdi. Baydenə ünvanlanmış çoxsaylı tənqidlərin və sualların cavabsız qaldığını nəzərə alan respublikaçılar Nümayəndələr palatasının spikeri Mayk Consonun dilindən prezidentə impiçment elan olunması məsələsinin qaldırıla biləcəyini elan edib. Spiker bu haqda qərarın yaxın zamanlarda qəbul olunacağını deyib.
Qərarın əsas səbəblərindən biri kimi, korrupsiya qalmaqalı göstərilir. Onun mərkəzində isə prezidentin oğlu olan Xanter Baydenin «iş»i yer alır. Oğul Beyden bir sıra maddələrlə ittiham olunur, o cümlədən Ukraynada fırıldağa əl atmaqda günahlandırılır. Üstəlik, prezident Baydenin bu fırıldaqlardan məlumatlı olduğu, hətta işin içərisində yer aldığı iddia olunur.
Məlum olduğu kimi, Donald Tramp ABŞ prezidenti olduğu vaxt Vladimir Zelenskiyə müraciət edərək, bir neçə il qaz hasil edən «Burisma» şirkətinin Direktorlar Şurasında yer almış Xanter Baydenin fəaliyyətinin araşdırılmasını istəmiş, Zelenski öz növbəsində, «oğul Baydenin işi»nin detallarını bilmədiyini söyləmişdi. 2020-ci il sentyabrın 23-də isə Ukrayna işi «cinayət tərkibinin olmadığı» səbəbilə bağlamış, təxminən 1 ay sonra isə Xanterin atası ABŞ prezidenti seçilmişdi.
Amma ABŞ-da iş bağlanmayıb və baş prokurorun araşdırdığı məsələlər arasında prioritetlərdəndir. Apreldə Amerikanın məşhur «Newsweek» həftəliyində Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampın Ukraynanın dövlət başçısı Zelenskidən Co Baydenin oğlu ilə bağlı araşdırmanın aparılmasından imtina etdiyi üçün qisas almağı düşündüyünə dair məqalə dərc edilib. Konqresdəki respublikaçı çoxluq arasında isə Trampın tərəfdarları kifayət qədər çoxdur. Belə bir vəziyyətdə Ukrayna və İsrailə yardımın azaldılması tələbinin onlardan gəldiyini də istisna etmək olmaz.
İstənilən halda, Konqresin Nümayəndələr palatası oktyabrın 3-də İsrailə yardım haqqında qanun layihəsini təsdiqləyib və sənəddə Ukraynanın adı çəkilməyib. Bu, Vaşinqtonun siyasi olimpində ehtirasların coşduğunun göstəricisidir. Ukrayna isə sadəcə, bəhanədir. Əsas hədəf Bayden, daha doğrusu, onun növbəti müddətə prezident seçilməsinin əngəllənməsidir.
Zalujnının vaxtsız «müdaxilə»si
Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi, general Valeri Zalujnının Britaniyanın «The Economist» nəşrində dərc edilən müsahibəsi ciddi rezonans doğurub. General müsahibəsində Ukraynanın cəbhə xəttində yaranmış «dalan»dan və ondan mümkün çıxış yollarından danışıb. O, faktiki olaraq, Ukraynanın əks-hücum əməliyyatı planının iflasa uğradığını etiraf edib. Baş Qərargah rəisinin sözlərindən belə çıxıb ki, hazırkı qüvvələr nisbəti şəraitində cəbhədən tezliklə böyük qələbə xəbərləri gözləməyə dəyməz. Zalujnı deyib ki, plana əsasən, USQ Rusiyanın müdafiə xəttini yararaq, gündə təxminən 30 kilometr irəliləməli idi. Belə vəziyyətdə 4 ay sonra ordunun Krıma çatacağı gözlənilirdi. Lakin əks-hücum əməliyyatlarının ilk günlərindəcə bəlli olub ki, qarşıda ordunu presedenti olmayan minalı ərazilər gözləyir və bu, faktiki olaraq, əməliyyatın «dondurub».
Generalın açıqlamalarının ölkənin ali rəhbərliyi ilə razılaşdırıldığına şübhə yoxdur. Hər halda, prezident Baş Qərargah rəisinin cəbhədəki vəziyyətlə bağlı Qərb mətbuatına danışacaqlarından xəbərsiz ola bilməzdi. Lakin Ukraynada müsahibənin tənqidlə qarşılanması, öz ictimaiyyətlərini cəbhədə işlərin planlaşdırıldığı kimi getdiyinə inandırmağa çalışan Qərb ölkələrinin rəsmi Kiyevə ünvanladığı çoxsaylı suallar Zelenskinin ofisini məsələyə yanaşmasını dəyişmək məcburiyyətində qoyub.
Əvvəlcə, prezident ofisi rəhbərinin müavini İqor Jovkva müsahibədə cavabdan çox sualın olduğunu bildirib. Sonradan ona Zelenski də qoşulub. Dövlət başçısı deyib ki, «hər hansı pat vəziyyətindən söhbət gedə bilməz». O, müharibənin başladığı ilk ayları xatırladaraq, indikindən kritik mərhələləri aşdıqlarını söyləyib. «Amma biz çox inandıq, mübarizə apardıq və qələbə qazandıq… Bir neçə inamlı fənd, gediş, hərbi əməliyyat və Xarkov regionu azad olundu, yəqin xatırlayırsınız. Xersonda yaşananlar da yaddaşlardadır. Odur ki, bəli, çətinliklər var, müxtəlif rəylər də var. Amma mən hesab edirəm ki, bizim əllərimizi yanımıza salmaq haqda düşünmək haqqımız belə, yoxdur. Başqa alternativ varmı? Siz deyin!» - deyə Zelenski qeyd edib.
Əlbəttə, müxtəlif fikirlər ola bilər. Amma Zalujnı «müxtəlif fikir» sayıla bilməz. O, bir vaxtlar Ukrayna prezidentinin ofisində çalışmış, bu gün hakimiyyəti tənqid edən Arestoviç deyil. Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir və demək, cəbhədəki vəziyyətlə yaxşı tanışdır! Söhbət cəbhədəki vəziyyətə görə bilavasitə məsuliyyət daşıyan şəxsdən gedir!
Görünən odur ki, Ukrayna rəhbərliyində hadisələrin gələcək inkişafı və fəaliyyət strategiyası ilə bağlı kifayət qədər ciddi fikir ayrılıqları var. Üstəlik, zaman keçdikcə bu fikir ayrılıqlarının daha da dərinləşəcəyi istisna deyil.
Danışıqlar başlayıb?
Baş verənlərin fonunda Qərb KİV-də ABŞ ilə Rusiya arasında mümkün danışıqlara dair məqalələr peyda olmağa başlayıb. Məsələn, «NBC News» öz mənbələrinə istinadən xəbər verir ki, amerikalı və avropalı məmurlar Ukrayna rəhbərliyi ilə Rusiya ilə mümkün sülh danışıqlarına dair müzakirələrə başlayıblar. Hətta iddia olunur ki, tərəflər Kiyevin hərbi əməliyyatların dayandırılması üçün nələrdən imtina edə biləcəyini belə, müzakirə edir. İddialara görə, «təcili sülh danışıqları»na başlanılmaması üçün Ukraynanın çox az vaxtı qalıb – ilin sonunadək, yaxud bir qədər çox.
Bütün bunlar hətta NATO-ya üzv olmadan, Alyansın Ukraynaya «bəzi təhlükəsizlik zəmanətləri» verməsi müqabilində baş tuta bilər. ABŞ İsrail-HƏMAS qarşıdurması üzündən ictimaiyyətin Rusiya-Ukrayna müharibəsinə marağının azalmasından da narahatdır.
Amma bütün bu məlumatlara hələ ki, real faktlarla təsdiqini tapmayıb. Üstəlik, hər kəs anlayır ki, ən azı formallıq baxımından, danışıqlarla bağlı istənilən qərarı Ukrayna qəbul etməlidir. Əlbəttə ki, Rusiya da o cümlədən. Moskva ilə Kiyevin danışıqlara hazır olmadıqları bir şəraitdə bu haqda danışmaq fərziyyədən başqa bir şey deyil.
Hazırkı vəziyyətdə tərəflərdən hər hansının təmiz hərbi qələbə qazanması mümkün görünmür. Rusiya iqtisadi, hərbi, təşkilatı və səfərbərlik baxımından daha güclüdürsə, Ukraynanın yardım gözlədiyi tərəfdaşları Moskvanın Kiyev üzərində tam qələbə qazanmasını əngəlləmək üçün əllərindən gələni edirlər. Məsələn, noyabrın 8-də «Böyük yeddilik» ölkələrinin xarici işlər nazirlərinin toplantısında Ukraynaya tam dəstək ifadə olunub. Amma bu gün Kiyev üçün sadəcə vəd verilməsi işə yaramır. Digər yandan «Böyük yeddilik», ilk növbədə isə ABŞ üçün heç olmasa bir cəbhədə sabitliyə tam nail olunması vacibdir. Hələlik İsrail HƏMAS-ın öhdəsindən təkbaşına gəlir, amma bunu Vaşinqtonun ciddi hərbi və diplomatik dəstəyi ilə edir. Demək, Ukrayna bir qədər gözləməli olacaq. Bəs Rusiya gözləyəcəkmi?
MƏSLƏHƏT GÖR: