24 Noyabr 2024

Bazar, 01:44

MÜHARİBƏ BİTDİ. QƏLƏBƏ XATİRƏSİ ƏBƏDİDİR

Xankəndidə keçirilmiş hərbi paradın nəticələri haqda

Müəllif:

15.11.2023

2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən parad çox böyük hadisədir. Həmin gün Azərbaycan yalnız 44 günlük müharibədə qazandığı zəfərin üçüncü ildönümünü qeyd etməyib. Rəsmi Bakı bütünlükdə regionda ciddi «tektonik hərəkət»ə imza atıb. Azərbaycan sentyabrın 19-20-də həyata keçirdiyi sürətli antiterror tədbirləri nəticəsində Xankəndidəki qeyri-qanuni xuntanı ləğv edib, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində özünün dövlət suverenliyinin tam bərpasına nail olub.

Beləliklə, keçmiş SSRİ ərazisindəki ən köhnə, sanki hər kəsin Ermənistanın təcavüzü adlandırmaqdan yayınmağa çalışdığı, siyasi nəzakət naminə (utana-utana) «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» adlandırılan problem tarixin arxivinə gedib. Beləliklə, Azərbaycan ərazisində təzyiq vasitəsi kimi istifadə olunacaq «boz zona», gərginlik ocağı qalmayıb.

Paradda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik».

 

Paradlar tarixi

Keçmiş SSRİ-dən fərqli olaraq, Azərbaycanda hər il hərbi parad keçirmək ənənəsi yoxdur. Qoşunların hər təntənəli keçidi həm hərbi-siyasi sahədə hansısa tərəqqinin qeyd olunması, həm də siyasi mesajdır. 90-cı illərin hərbi məğlubiyyətindən sonra Bakıda bir müddət paradlar keçirilməyib. Nəhayət, o, 2008-ci il iyunun 26-da baş tutub. Azadlıq meydanında keçirmiş həmin paradda Azərbaycan ilk dəfə yeni Ordusunu nümayiş etdirərək, İrəvana, həmçinin onun xarici himayədarlarına aşkar mesaj göndərmişdi: Bakı münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, onun hərbi yolla həlli hüququnu da özündə saxlayır. Ən əsası isə, bu, özünü sadəcə sözdə deyil, Azərbaycan Milli Ordusunun yaradılması istiqamətindəki konkret fəaliyyətdə də göstərirdi.

Növbəti parad 2011-ci ildə keçirilib. Bu dəfə Azərbaycan Ordusunun sahib olduğu silah növlərini şüurlu şəkildə nümayiş etdirib. Ermənistanın bəzi uzaqgörən analitikləri artıq o zaman həyəcan təbili çalmağa başlamışdılar: indi Azərbaycan Silahlı Qüvvələri 90-cı illərin hrdusu deyil, üstəlik, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür! Amma onları dinləyən yox idi. Ermənilər «döyüşən silahlar yox, insanlardır», «hərbi büdcə generalların villalarına xərclənəcək» və s. kimi fikirləri səsləndirənləri daha çox dinləyirdilər. 2013-cü il və yeni parad, yeni silah nümunələri. Ermənistan bu mesajı da almır, lazımi nəticələr çıxarmırdı…

2018-ci ilin 26 iyununda Milli Ordunun 100 illiyi və sentyabrın 15-də Bakının bolşevik və daşnaklardan təmizlənməsinin 100-cü ildönümü münasibətilə təşkil olunmuş paradlar, əlbəttə ki, xüsusi vurğulanmalıdır. Həmin paradlarda iş növbəti yeni silahlar silsiləsinin nümayişi ilə bitmirdi. Meydana iki il əvvəl Lələtəpə yüksəkliyində ucaldılmış Azərbaycan bayrağı da gətirilmişdi. Bəli, 2016-cı ilin aprel döyüşlərindən sonra münaqişənin hərbi yolla həllinin olduğuna şübhə yeri qalmamışdı. O dövrdə artıq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq və strateji tərəfdaşlıq da yeni səviyyəyə yüksəlmişdi.

Lakin Ermənistan bu dəfə də mesajı qulaqardına vurdu. Nəticədə, onlar 2020-ci il dekabrın 10-da Qələbə paradı və Ermənistan ordusundan qənimət kimi götürülmüş hərbi texnikaları izləməli oldular.

Xankəndi paradına gəlincə, o, aviasiyanın iştirakı olmadan, ən son silah nümaünələri təqdim edilmədən keçirilib. Amma bu parad yeni geosiyasi düzənin çevrəsini cızıb. Azərbaycan Ordusu sentyabrda son dərəcə çətin vəzifənin öhdəsindən gəlib – dağlıq, qayalıq ərazilərə hücum, 6 müdafiə xəttinin, milyondan artıq minanın basdırıldığı böyük bir ərazinin keçilməsi və bütün bunların cəmi 23 saat 43 dəqiqədə həyata keçirilməsi! Bu, həqiqətən də, XXI əsrin blitskriqi idi! Azərbaycan ərazisində ölkəyə təzyiq vasitəsi kimi istifadə olunacaq münaqişə ocağı qalmayıb. İndi Azərbaycan Ordusu ilə hesablaşmağın vacibliyinə şübhə də yoxdur!

 

Hərbi nailiyyətlərin diplomatik davamı

Xankəndidəki parad həm də diplomatiyada tamamilə yeni vəziyyətin yarandığının təsdiqidir. Söhbət Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında yaranmış yeni situasiyadan gedir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi dəyişməzdir. O, əvvəlkitək, müqavilənin 5 məlum prinsip əsasında mümkün qədər tez imzalanmasını istəyir. Bu prinsiplər arasında ilk yerdə sərhədlərə və ərazi bütövlüyünə hörmət, Azərbaycanın hər hansı regionu ilə bağlı «xüsusi status»dan danışmağın yolverilməzliyi şərti gəlir. Amma ümumi vəziyyət dəyişib.

2020-ci ilədək danışıqlar işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı işğal olunmuş rayonlarından çıxarılması idi və bu, İrəvanda «ərazilər müqabilində status»a müəyyən ümidlər yaradırdı. Doğrudur, bu «status» heç zaman müstəqilliyi nəzərdə tutmayıb ki, Ermənistan da bununla heç vaxt barışmayıb. Ermənilərin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra isə vəziyyət dəyişib. Başqa sözlə, Ermənistan «alver mövzusu»nu itirib və bununla da Bakı öz beş şərtini irəli sürüb. Amma görünən odur ki, bu şərtlər erməniləri qane etmir. Güman ki, Ermənistan tərəfi bunu açıq şəkildə dilə gətirməsə də, separatçılıq layihəsini yenidən canlandırmağı planlaşdırırmış. İlkin mərhələdə onlar belə şanslarının olduğunu da düşünürdülər: Laçın dəhlizi «açıq qapı» rejimində işləyir, Ermənistan ordusunun 10 minlik hissəsi Qarabağda qalır, qeyri-qanuni xuntanın strukturları fəaliyyətini davam etdirirdi…

Amma indi hər şey fərqlidir. Prezident İlham Əliyevin də xatırlatdığı kimi, 2023-cü ilin aprelində Azərbaycan Laçında sərhəd-keçid məntəqəsi qurub, sentyabrda isə ümumiyyətlə, xuntanın mövcudluğuna son qoyub. İndi onun keçmiş rəhbərləri Bakının müvəqqəti saxlama təcridxanalarından birindədirlər. Bütün bunlar isə danışıqların atmosferini kökündən dəyişir. Həm də tək ermənilər üçün yox, həm də vasitəçilər üçün. Azərbaycanın mövqeyi dəyişməzdir. Lakin indi Bakı Ermənistanın onun şərtlərini qəbul etməsinədək gözləyə bilər.

 

Vasitəçilərsiz danışanlar

Qarabağ danışıqlarında hər zaman vasitəçilər olub. Əvvəlcə müxtəlif variasiyalarda Minsk qrupu, müharibədən sonra Rusiya, daha sonra İrəvanın təşəbbüsü ilə Avropa İttifaqı. Sonda ABŞ da ortaya çıxıb.

Bu gün Avropanın təşəbbüsü sıfır nöqtəsindədir ki, bunun da səbəbi vasitəçi rolunda İrəvana kömək etmək istəyidir. ABŞ bu işə hələ də tam gücü ilə qoşulmayıb. Rusiyanın vasitəçiliyindən isə İrəvan imtina edir.

Amma ən önəmlisi odur ki, indi vasitəçilərə Bakının da münasibəti dəyişib. İlkin dövrlərdə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara, həmçinin Rusiya, ABŞ və Fransa kimi nüfuzlu fövqəldövlətlərə müəyyən ümidlər bağlayır, onların Ermənistana öz qoşunlarını Azərbaycan ərazisindən çıxarması üçün təzyiq göstərəcəyini, bununla da münaqişənin sülh yolu ilə həllinə nail olunacağını düşünürdü. Amma bu, baş vermədi. 44 günlük Vətən müharibəsindən sonra da onların Ermənistana təzyiq göstərmək, İrəvanı yeni reallıqlarla barışmağa məcbur etmək şansları var idi. Amma ümidlər bu dəfə də özünü doğrultmayıb. Əksinə, vasitəçilərin mövcudluğu İrəvanda təhlükəli xülyalar yaratmışdı: məsələni xarici oyunçular çözəcəklərsə, onlar Azərbaycanı İrəvanla razılaşdırılmış sənədi imzalamağa məcbur edəcəklər. Aydındır ki, bu taktikanın nəzəri baxımdan belə, uğur qazanmaq şansı yox idi və Kazan danışıqları bunu təsdiqləyib. Amma istənilən halda, bu xülyalar danışıqlar trektində çətinliklər yaradırdı.

Nəticədə, bu gün Azərbaycanda vasitəçilərsiz danışıqların tərəfdarları daha çoxdur. İndi Ermənistan anlamalıdır ki, hərbi darmadağından sonra o, Rusiya və ya Avropa İttifaqı ilə deyil, məhz Azərbaycanla razılaşmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının rəhbəri Pia Kaumanı qəbul edərkən bildirib ki, hazırda regionda sülh gündəmi üçün çox yaxşı imkanlar var. Dövlət başçısı deyib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bu yerdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müsahibələrinin birində ifadə etdiyi müdrik fikri xatırladaq: «Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır». O zaman söhbət «Avroviziya»dan gedirdi. 10 il sonra Ermənistan hələ də öz məğlubiyyətini və başqasının, bu halda Azərbaycanın qələbəsini dərk edə bilmir. Burada isə hədəf «Avroviziya» müsabiqəsindəkindən daha yüksəkdir.



MƏSLƏHƏT GÖR:

89