22 Noyabr 2024

Cümə, 03:12

İLK DƏFƏ BAKIDA

SPECA-nın Zirvə görüşü regionda yeni ticarət-iqtisadi imkanlar açır

Müəllif:

01.12.2023

Son illər Mərkəzi Asiya, Cənubi Qafqaz və Orta Şərq regionları ölkələrinin əməkdaşlığı ciddi intensivliyi ilə xarakterizə olunur ki, bu da heç də təsadüf deyil. Dünya siyasəti və iqtisadiyyatında yaşanmaqda olan çətin proseslər regional oyunçuları ticarət-iqtisadi əlaqələri gücləndirmək üçün əməkdaşlığın fərqli formalarını tapmağa, yaxud mövcud platformaları böyütməyə, yeni kooperasiya formaları düşünməyə vadar edir. Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı ilə yanaşı, BMT-nin SPECA proqramı da iştirakçı ölkələrin iqtisadi inkişafına, əməkdaşlığına, Avropa və Asiya iqtisadiyyatına inteqrasiyasına kömək etməyi hədəfləyir.

Hazırda o, özündə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir. Proqramın xüsusiliyi onun BMT-nin təşəbbüslərinin bir hissəsi olmasıdır. O, başqa ixtisaslaşmış qurumlarla sıx koordinasiya şəklində icra olunur. Söhbət BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasından gedir.

 

Regional tərəfdaşlıq tarixindən

SPECA 25 ildir fəaliyyətdədir. Lakin bu müddət ərzində onun üzvü olan ölkələrin liderləri heç vaxt bir sammitdə bir araya gəlməmişdilər. Odur ki, SPECA-nın Bakıda təşkil olunmuş ilk sammitinin əksər müşahidəçilər tərəfindən tarixi hadisə kimi qiymətləndirilməsi təsadüf deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu, onun region dövlətlərinin liderləri ilə dostluq münasibətləri, həmçinin Azərbaycanın ölkə olaraq regional və beynəlxalq arenadakı şöhrəti sammitin məhz Bakıda keçirilməsini mümkün etmişdi. Qeyd olunmalıdır ki, bu proqramın ilk anonsu hələ 1998-ci ildə Daşkənd forumunda verilmişdi. O, iştirakçı ölkələrin milli proqramlarını beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyası üçün vacib şərt idi. Həmin illərdə bu, qeyd olunan ölkələr üçün daha ciddi problem sayılırdı. Sovet İttifaqının dağılması, köhnə təsərrüfat əlaqələrinin yoxa çıxması azmış kimi, sənaye və sosial infrastruktur çox zəif, istehsal olunan məhsulların keyfiyyəti, həmçinin istehsal gücü çox aşağı idi. Sənaye məhsullarına nəinki xaricdə, bu ölkələrin özlərində belə, tələbat yox idi, idxal həcminin böyüklüyü isə ticarət balansına mənfi təsir göstərirdi.

BMT mütəxəssisləri Mərkəzi Asiya ölkələrinin hökumətləri ilə birlikdə ötən illər ərzində ən müxtəlif sahələrə aid bir çox proqram hazırlayıb və təklif ediblər. Onlar region ölkələrinin iqtisadi böhrandan çıxmasına kömək edib, qeyd edilən dövlətlərlə BMT arasında əməkdaşlıq üçün effektiv platformanın yaradılmasına imkan verib.

Son illər proqramın fəaliyyəti COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, iqtisadi tranformasiya və dayanıqlı inkişaf, dayanıqlı enerji keçidi, rəqəmsal transformasiya, qadınların hüquq və imkanlarının genişləndirilməsi və s. kimi prioritet sahələrdə əməkdaşlıq strategiyasının formalaşdırılmasına yönəldilib.

 

Böyük dialoq həftəsi

Azərbaycanın SPECA-ya sədrliyi proqrama ciddi inkişaf stimulu verib. Bu il onun 25 yaşı tamam olub və bu, geniş şəkildə qeyd edilib. Məsələn, noyabrın 20-24-də Bakıda SPECA günləri təşkil olunub, onun çərçivəsində Azərbaycan paytaxtında «SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi» adlı iqtisadi forumu və «SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq» sərgisi keçirilib. Bütün bu tədbirlər isə iştirakçı ölkə liderlərinin sammiti ilə başa çatıb.

İqtisadi forum zamanı mütəxəssislər qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edib. Tədbirdə nəqliyyat-logistika mərkəzi olan Azərbaycanın təşəbbüsləri ətrafında da müzakirələr aparılıb.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan təmsilçiləri ənənəvi və bərpa olunan enerji, nəqliyyat və s. sahələrdə tərəfdaşlığın inkişafı ideyalarını bölüşüblər. Tədbirlərdə Gürcüstan, Macarıstan, həmçinin Körfəz Əməkdaşlıq Şurasından qonaqlar da iştirak edib ki, kənar oyunçular üçün regionun əhəmiyyətinin artdığını göstərir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumdakı çıxışında bildirib ki, Bakı 2022-ci ilədək keçən uzun dövr ərzində SPECA ölkələri ilə ticarət dövriyyəsini 3,6 dəfə – 1,3 milyard dollaradək artırıb. Bu ilin yanvar-oktyabr ayları ərzində isə ticarət dövriyyəsinin həcmi 1,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur.

Bu arada, Böyük Avrasiyada müharibə və münaqişələr nəticəsində bu ölkələrin ərazisindən keçən marşrutların coğrafiyasının dəyişməsi üzündən, nəqliyyat sektoru SPECA üzvləri üçün xüsusi maraq doğurur. Dənizə çıxışı olmayan ölkələr isə iqtisadiyyatlarının qlobal bazarlara çıxışını təmin etmək üçün yeni arteriyaların yaradılması işində qüvvələrini birləşdirməyə çalışırlar.

Coğrafi mövqeyi ilə əlaqədar Qərb bazarlarına çıxışı məhdud olan Mərkəzi Asiya regionu müxtəlif iddialı layihələri dəstəkləməklə, iqtisadi şaxələndirməyə nail olmağa çalışır. Belə layihələr arasında Çinin «Bir kəmər, bir yol» təşəbbüsü (BRI) və «Orta dəhliz» kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) adını çəkmək olar.

 

SPECA və «Orta dəhliz»

Bu gün «Orta dəhliz» «Şimal dəhlizi» ilə müqayisədə xeyli qənaətcil və sürətli yoldur. Məlum olduğu kimi, Rusiyaya tətbiq olunmuş sanksiyalar üzündən «Şimal dəhlizi» Çindən Avropaya yüklərin daşınmasının öhdəsindən gələ bilmir. «Orta dəhliz» isə nəinki məsafəni 2000 km qısaldır, həm də daha təhlükəsizdir. Marşrut özündə təxminən 4250 km dəmir və 500 km dəniz yolunu birləşdirir. Dəhlizin son məntəqəsi Türkiyə və Qara dənizdən keçməklə, Avropadır. Üstəlik, o, iqlimi daha yumşaq ərazilərdən keçir və dəniz yolları ilə müqayisədə yüklərin mənzil başına 15 gün tez çatmasına imkan verir. «Orta dəhliz» Asiya üçün böyük imkanlar açır, Türkiyə limanlarının inteqrasiyası sayəsində buradan yüklərin Yaxın Şərqə, Şimali Afrikaya, Aralıq dənizi bölgəsinə çatdırılmasına imkan verir.

Proqnozlara görə, «Orta dəhliz»dən effektiv istifadə olunarsa, o, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə Çinlə Avropa arasındakı illik 600 milyard dollarlıq ticarətdən ciddi gəlir gətirəcək. Məsələn, Azərbaycan, Qazaxıstan və Türkmənistanda logistika mərkəzlərinin, azad ticarət zonalarının yaradılması Trans-Xəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edəcək.

Azərbaycanla Qazaxıstan Çinlə Avropa arasındakı Şərq-Qərb əlaqəsinin vacib bəndləridirlər. Onların strateji mövqeləri «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat layihələrinin bir-birinə bağlanması anlamında hər iki ölkəyə müstəsna tranzit imkanları yaradır. Bu ilin iyununda Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu idarələri vahid tarifin tətbiqi və birgə logistika şirkətinin yaradılması haqda razılığa gəliblər. Payızda Tbilisidə vahid operatorun yaradılması qərarı da qəbul edilib.

Dənizə çıxışı olmayan Özbəkistan da öz daxili nəqliyyat şəbəkələrini «Orta dəhliz»ə inteqrasiya etməyə çalışır. Bu ölkənin ticarəti logistika zəncirlərinin qırılmasından, xərclərin artmasından çox əziyyət çəkir. Çünki onun dənizə çıxışı yoxdur və müvafiq olaraq, azad ticarət marşrutlarından asılı vəziyyətdədir. Bundan başqa, Şərqlə Qərb arasında getdikcə güclənən əlaqələr Özbəkistanda istehsal olunan məhsulların ixrac yollarının şaxələndirilməsinə də imkan verir.

 

Regional əməkdaşlığın perspektivləri

Bu və digər əlaqəli mövzular Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstanın dövlət başçısı Sadır Japarov, Tacikistan lideri Emoməli Rəhmon, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Macarıstan hökumətinin başçısı Viktor Orban, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradovun iştirakı ilə keçirilən sammitdə də detallı şəkildə müzakirə olunub. Toplantıda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının icraçı katibləri Tatyana Molçan ilə Armida Salsiya Alişahban, həmçinin Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casmin Məhəmməd əl-Budayvi də iştirak ediblər.

İlham Əliyev öz çıxışında bildirib ki, iqtisadi forum ölkələr arasında işgüzar əlaqələrin inkişafına böyük töhfə verir, Bakı Ekspo Mərkəzində təşkil olunmuş sərgi isə üzv ölkələrin inkişaf prosesini açıq şəkildə nümayiş etdirir. «Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm», - deyə dövlət başçısı qeyd edib.

Forumun yekununda Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi qəbul edilib. O, real vaxt rejimində fasiləsiz informasiya mübadiləsinin həyata keçirilməsinə, BMT-nin rəqəmsal standartlarından, eləcə də SPECA üzv ölkələrində hüquqi alətlərdən istifadə etməklə nəqliyyatın səmərəliliyini artırmağa imkan verəcək.

“Yol xəritəsi”, digər məsələlərlə yanaşı, müxtəlif nəqliyyat növləri üzrə məlumatların qarşılıqlı əlaqəsini təmin etmək üçün rəqəmsal standartların istifadəsini və UNECE Konvensiyasına əsaslanan beynəlxalq eTIR sistemi də daxil olmaqla intellektual nəqliyyat həllərinin tətbiqini nəzərdə tutur.

Region üçün ən önəmli mövzulardan biri də enerji düyünü, daha ekoloji və dayanıqlı enerji mənbələrinə keçiddir. Sammitin gedişində su və enerji resurslarının qarşılıqlı əlaqəsi, iqlim dəyişikliyi məsələləsi də müzakirə olunub. İştirakçılar transsərhəd sularında daha sıx tərəfdaşlıq, iqlim dəyişikliyi səbəbilə yaranan miqrasiya problemi, şəhərlər səviyyəsində əməkdaşlığın vacibliyi kimi məsələləri də müzakirə ediblər.

Sammitin yekununda qəbul olunmuş Bakı bəyannaməsi qarşıdakı illər üçün əsas prioritet istiqamətləri müəyyənləşdirib. Məsələn, SPECA-nın institusionallaşması prosesinin dəstəklənməsi, rəqəmsallaşmanın sürətləndirilməsi, tranzit marşrutlarının «yaşıl transformasiyası»nın dəstəklənməsi, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi proseslərə dəstək ifadə olunub. Qəbul edilmiş qərarların reallaşdırılması üçün SPECA-ya müvafiq maliyyə mexanizmi imkanlarının verilməsi niyyəti də ortaya qoyulub. Söhbət BMT-nin himayəsi altında Çoxfunksiyalı trast fondundan gedir.

Ümumilikdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin uzunmüddətli maraqlarının üst-üstə düşməsi onların gündəlikdə olan vacib məsələlərə münasibətdə səyləri birləşdirməsinə imkan verir. Bakı sammiti onların problemləri əməkdaşlığı gücləndirməklə aşmağa hazır olduqlarını ortaya qoyub. Bu gün bu proses kifayət qədər aktiv gedir və qəbul olunan qərarlar onun yaxın gələcəkdə də intensiv xarakter daşıyacağını təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

90