Müəllif: Nigar ABBASOVA
Artıq uzun müddətdir ki, Azərbaycan özünü neft, qaz və elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi təsdiqləyib. Ölkə hazırda bərpa olunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir və “yaşıl enerji”nin ixracatçısına çevrilməyi planlaşdırır. Bu məqsədə nail olmaq üçün onun istehsalı üçün obyektlərin tikintisi ilə paralel olaraq müvafiq ixrac infrastrukturunun yaradılması istiqamətində də işlər aparılır. Söhbət Azərbaycanın bərpa olunan enerji mənbələrini Gürcüstan vasitəsilə Avropa ölkələrinin enerji sistemi ilə birləşdirəcək Qara dəniz elektrik enerjisi kabelinin çəkilməsindən gedir (“Black Sea Energy”). Bundan başqa, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, daha sonra Türkiyə və Avropaya “yaşıl enerji”nin çatdırılması istiqamətində işlər aparılır. Bu iki istiqamət üzrə Avropaya 5 GVt-dan çox “yaşıl elektrik enerji”sinin ixracı planlaşdırılır. Doğrudur, bu asan vəzifə deyil. Bu, Avropa ilə Asiya arasında enerji körpüsü planının yalnız bir hissəsidir.
“Yaşıl enerji” sektorunun perspektivlərini və Avropa İttifaqı (Aİ) ölkələrində ona olan tələbatı nəzərə alan Azərbaycan bu enerji resursunun Mərkəzi Asiya ölkələrindən Avropaya tranzitinin təşkilinə hazır olduğunu bildirib. Yeri gəlmişkən, bu istiqamətdə artıq Qazaxıstan və Özbəkistanla müvafiq razılaşmalar əldə olunub. Bu layihənin həyata keçirilməsinin üç ölkənin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəyi gözlənilir. Qara dəniz elektrik kabelinin tikintisi ilə birlikdə bu layihənin əhəmiyyəti daha da artacaq və bu təchizat zəncirində Avropa ilə Mərkəzi Asiya arasında əsas halqa kimi Azərbaycanın rolu güclənəcək. Maliyyə mənbələrinə və texniki aspektlərə gəlincə, onlar birgə işçi qrup tərəfindən öyrənilməlidir. Xatırladaq ki, sadalanan üç ölkənin iqtisadiyyat və energetika nazirləri Bakıda keçirilən görüşdə işçi qrupun yaradılmasına dair razılığa gəliblər.
“Yaşıl tranzit”
Noyabrda Bakıda həmin nazirlərin üçtərəfli görüşü keçirilib və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin Azərbaycan ərazisi ilə Avropaya ixracı perspektivləri müzakirə edilib. Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Xəzər-Qara dəniz-Avropa enerji dəhlizini, o cümlədən Naxçıvan-Türkiyə-Avropa marşrutunu yaratması müzakirə olunub.
Bildirilib ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxışı onların elektrik enerjisi bazarlarının daha da inkişafına, “yaşıl hidrogen” və ammonyakın istehsalı və təchizatı sahəsində əməkdaşlığın, həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
“2030-cu ilədək 7 GVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 GVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Bir kəmər, bir yol”u yaşıl bağlantılarla zənginləşdirəcək”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazirlər Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin Azərbaycanla inteqrasiyasından sonra Xəzər dənizinin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.
“Yaşıl elektrik enerjisi”nin ötürülməsi layihəsinin inkişafı iqtisadiyyatlarımız və enerji sistemlərimiz arasında əlaqələri gücləndirməyə kömək edəcək, həmçinin milli enerji sektorlarını inkişaf etdirməyə imkan verəcək. Biz bu təşəbbüsün uğurla həyata keçirilməsi üçün birgə işlərə töhfə verməyə hazırıq”, - Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov qeyd edib.
Nazirlər iclasın yekunları üzrə birgə kommünike imzalayıblar. Bu sənədlə üç ölkənin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları bildirilib. Üstəlik, sənəddə kabel marşrutunun çəkiləcəyi ölkələrin enerji tərəfdaşlığının və infrastrukturunun inkişafı üçün bu layihənin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, iqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüş Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Bu məqamda qeyd edək ki, bu il Qazaxıstan və Azərbaycan artıq Xəzər dənizinin dibi ilə regionda internet trafikini şaxələndirəcək fiber-optik rabitə xəttinin çəkilişinə başlayıblar.
Qara dəniz marşrutu
“Yaşıl enerji”nin tranziti ideyasının həyata keçirilməsi ilə paralel olaraq 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabeli ilə bağlı işlər aparılır. Bu layihə ilə “yaşıl elektrik enerjisi”ni Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, buradan isə Macarıstana və Avropanın qalan hissəsinə nəqli nəzərdə tutulub.
2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan digər məsələlərlə yanaşı, Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan tərəfdaşlıq sazişi imzalayıblar. Kabelin çəkilməsi 3-4 il çəkəcək.
Hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün konsaltinq şirkəti seçilir. Müsabiqənin nəticələrinin dekabrda açıqlanması gözlənilir. Üstəlik, cari ilin sonunadək layihə üzrə birgə müəssisənin tezliklə yaradılması planlaşdırılır. Bolqarıstanın “Black Sea Energy” təşəbbüsünə qoşulması ilə bağlı proseslərə start vermək üçün dörd ölkənin ötürücü sistem operatorlarının Bakıda görüşü keçiriləcək. Yeri gəlmişkən, Bolqarıstanla yanaşı, Serbiya da bu layihəyə maraq göstərir.
Aİ yeni kabelin təchizatın təhlükəsizliyini yaxşılaşdıracağını və Aİ-nin Rumıniya və Macarıstan vasitəsilə bərpa olunan mənbələrdən elektrik enerjisi alacağını gözləyir. Avropa Komissiyası layihəni maliyyələşdirməyə hazırdır, çünki bu, Aİ və qonşu ölkələrin maraqlarına cavab verir. Aİ dünyada ən uzun kabel xəttinin tikintisinə 2,3 milyard avro ayırmağı planlaşdırır.
“Qara dəniz elektrik kabeli həm də qonşularımız olan Moldovanı və Qərbi Balkan ölkələrini, o cümlədən Ukraynanı elektrik enerjisi ilə təmin etməyə yardım göstərə bilər. Bu, Ukraynaya enerji sistemini tam bərpa etməyə kömək edəcək”, - Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
“Çağırılmamış qonaq”
Bu arada, Brüssel Ermənistanı “Black Sea Energy” layihəsinə qoşulmağa çağırıb. Ermənistanın baş naziri Nikol Paşinyan ilə Ursula fon der Lyayen arasında Qranada görüşündən sonra verilən birgə bəyanatda qeyd olunub ki, Avropa Komissiyası Ermənistanın Qara dəniz elektrik kabeli kimi regional layihələrdə iştirakını dəstəkləyəcək.
Güman ki, Avropa Komissiyası hesab edir ki, Azərbaycan və Ermənistanın birgə fəaliyyəti bu ölkələri daha da yaxınlaşdıracaq və bu, Cənubi Qafqaz regionuna uzun müddətdir ki, gözlənilən sülh və sabitlik gətirəcək.
İrəvan isə bu layihədə iştirak etməklə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verə biləcəyini iddia edir. Yəni Ermənistan özünü Azərbaycanın öz (!) resursları əsasında yaratdığı “yaşıl enerji” dəhlizində enerji ixracatçısı kimi görür.
Erməni ekspertlər hesab edirlər ki, onların ölkəsi böyük həcmdə elektrik enerjisi istehsal etmək və ixrac etmək üçün texniki imkanlara malikdir. Xüsusilə, hazırda Ermənistanın Gürcüstana 1,3 milyard kilovat/saata qədər elektrik enerjisi ixrac edə biləcəyi iddia edilir. İddialara görə, bu ölkədə 2026-cı ildə 3 milyard kilovat/saata qədər enerji ixrac etməyə imkan verəcək yeni infrastruktur qurulur. Bu elektrik enerjisi Gürcüstan vasitəsilə digər ölkələrə, o cümlədən Aİ-yə təkrar ixrac oluna bilər.
Bəs Ermənistana bununla bağlı təşəbbüsü ilk olaraq irəli sürməyə və Gürcüstandan keçməklə Avropaya enerji dəhlizini təkbaşına yaratmağa nə mane olurdu? Göründüyü kimi, özün üçün sıfırdan nəsə yaratmaqdansa, kənardan kiminsə maliyyələşdirdiyi və qurduğu hazır ixrac infrastrukturuna “soxulmaq” daha asandır. Əsas odur ki, hər hansı siyasi tədbir zamanı Ermənistan, XİN rəhbəri vasitəsilə Azərbaycanın təşəbbüskarı olduğu layihəyə maraq göstərdiyi deməlidir. Daha çox inandırıcı görünmək üçün Ermənistan Qara dəniz elektrik kabeli vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə nə qədər əhəmiyyətli töhfə verə biləcəyini qeyd etməlidir.
Hər halda, bu layihənin həyata keçirilməsi zamanı Cənubi Qafqazın üç ölkəsinin iqtisadiyyatı üçün nə qədər parlaq perspektivlər açılsa da, münasibətlər normallaşdırılmadan və sülh sazişi imzalanmadan Azərbaycanın Ermənistanın bu layihədə iştirakına razı olacağını təsəvvür etmək olduqca çətindir. Bundan başqa, ilk növbədə məhz Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin ixracı üçün dəhliz yaradılır. Bu məqsədlə ölkədə istehsal gücünün artırılması istiqamətində fəal iş aparılır.
Enerji potensialı
Azərbaycanda “yaşıl enerji” potensialının enerji sisteminə inteqrasiyası üzrə dövlət proqramı hazırlanır. Qiymətləndirmə, inkişaf üzrə icra müqavilələrinə uyğun olaraq ölkədə 4 GVt gücündə külək enerjisi və hidrogen istehsalı layihələrinin həyata keçirilməsi, Neftçala, Biləsuvar və Qobustan rayonlarında günəş elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bu işlərin nəticəsi olaraq enerji sektorunda bərpa olunan enerji mənbələrinin payı 33%-ə çatacaq, onun elektrik enerjisi istehsalında payı isə hazırkı 7%-dən 25%-ə yüksələcək.
Azərbaycan hakimiyyəti 2030-cu ilə qədər “yaşıl enerji” sahəsində 7 GVt generasiya gücü yaratmağı planlaşdırır. Lakin ixrac tələbatından asılı olaraq 2037-ci ilə qədər bu rəqəmin əhəmiyyətli dərəcədə artması mümkündür. 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə qədər artacağı gözlənilir.
Xatırladaq ki, bu ilin oktyabrında BƏƏ-nin “Masdar” şirkətinin inşa etdiyi “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi olub. Onun fəaliyyəti Azərbaycanın enerji sistemində quraşdırılmış bərpa olunan enerji potensialının payını 16,5%-dən 21,2%-ə çatdırmağa imkan verəcək. Bu layihə həm də Azərbaycanın istilik enerjisi istehsalından asılılığını azaltmağa və bərpa olunan enerji mənbələrinin inkişafına yardım göstərəcək.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə Azərbaycanda gücü 240 MVt olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını 2025-ci ildə istifadəyə verəcək. Bundan başqa, Böyük Britaniyanın BP şirkəti 2024-cü ildə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Yaponiyanın TEPSCO enerji şirkəti tərəfindən aparılan ilkin araşdırmalara görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bərpa olunan enerji mənbələri sahəsində mühüm potensiala malikdir. Xüsusilə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi potensialı 7,2 min MVt-dan çox, Laçın və Kəlbəcər rayonlarında isə külək enerjisi potensialı təxminən 2 min MVt qiymətləndirilir. Yəni işğaldan azad edilmiş ərazilər hesabına Azərbaycan bərpa olunan enerji mənbələrini inkişaf etdirmək imkanlarını artırıb.
Bir sözlə, qeyd olunan layihələrin həyata keçirilməsi Azərbaycanı Avropaya əsas elektrik enerjisi istehsalçısı və ixracatçısına çevirəcək və Avropa tərəfdaşlarının enerji təchizatının “yaşıl elektrik enerjisi” və hidrogenlə şaxələndirilməsində ölkənin rolunu gücləndirəcək.
MƏSLƏHƏT GÖR: