Müəllif: Samir VƏLİYEV
Son dövrlərdə istər Avropa İttifaqı, istər Ukrayna, istərsə də onlardan kənarda barəsində çox danışılan məsələ, nəhayət, baş tutub. Başa çatmaqda olan 2023-cü ilin sonuna az qalmış, dekabrın 14-də Aİ-nin Brüsseldə keçirilən sammitində üzv dövlətlərin liderləri Ukrayna ilə Moldovanın quruma üzvlüyü ilə bağlı danışıqlara başlanılması, eyni zamanda Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi haqda qərar qəbul ediblər. Bu üç ölkə ilə bağlı qəbul olunmuş qərarlarla yanaşı, Aİ Bosniya və Herseqovinanın quruma üzvlüyü ilə bağlı da danışıqlara başlanılmasına «hə» deyib. Lakin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, bunun üçün «üzvlük üçün tələb edilən meyarlara tam cavab verilməlidir».
Ümumilikdə sammit son illərin ən çətin, hətta demək olar ki, ən ziddiyyətli gündəliiyi ilə keçib. Hər halda, toplantıyadək məhz gündəlik ətrafında ciddi diskussiyalar və mübahisələr baş verib.
Qeyd olunan məsələlərlə yanaşı, gündəlikdə Avropa İttifaqının vahid hərbi məhsullar bazarının yaradılması layihəsi də yer alıb. Bəziləri hesab edir ki, bu, gələcəkdə Aİ ölkələrinin öz hərbi sənayesinə milli nəzarəti itirməsinə, onların hərbi-sənaye komplekslərinin faktiki olaraq, Brüsselin idarəçiliyinə keçməsinə aparıb çıxara bilər. Eyni zamanda bu, Avropa Ordusunun yaradılması istiqamətində daha bir addım olacaq və Aİ-nin Ukraynaya uzunmüddətli hərbi yardımların göstərilməsi planı ilə tam uzlaşır.
Qeyri-müəyyənlik dövründə «Şərq Tərəfdaşlığı»
Ənənəvi olaraq, sammitdən bir neçə gün əvvəl «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. Son illər bu formatda görüşlərə proqramın iştirakçısı olan 6 ölkədən yalnız 5-i qatılır, çünki Belarus Aİ-nin sanksiyaları qarşısında faktiki olaraq, «Şərq Tərəfdaşlığı»nda iştirakını dayandırıb.
Görüş Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə baş tutub. Orada Aİ-nin genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Oliver Varxeli də iştirak edib.
Məlumata görə, nazirlər əməkdaşlıq sahələrini, o cümlədən nəqliyyat, enerji, «yaşıl enerji»yə və rəqəmsallığa keçid, insan hüquqları, vətəndaş cəmiyyəti, qanunun aliliyi və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı, Borrelin görüşdə səsləndirdiyi bir fikir xüsusilə diqqət çəkir. Borrel Aİ üçün onun şərq sahillərinin yüksək gərginlik zonası olduğunu, Brüsselin bu bölgəyə xüsusi diqqət göstərməsinin vacibliyini bildirib.
«Bizdə bütünlükdə «Şərq Tərəfdaşlığı» çətin vəziyyətdədir: Belarus, Ukrayna, daha sonra isə Qafqaz. Yaxşı xəbər Gürcüstanın üzvlüyə can atmasıdır. Ermənistandakı vəziyyətə isə qəti dəstək verməyimiz lazımdır. Gəlin görək biz onu necə gücləndirə, «Şərq Tərəfdaşlığı»nı gündəliyimizə necə sala bilərik. Azı söhbət bizim şərq sərhədlərimizdən gedir. Şərq sərhədimiz dünyanın qaynar nöqtələrin getdikcə artdığı bölgəsidir», - deyə avropalı diplomat bildirib.
Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə təhlükəsizlik məsələlərində bu ölkə dəstək ifadə edib, Ermənistan-Azərbaycan sərhədindəki 138 nəfərlik Avropa müşahidəçilərinin sayının 209 nəfərə çatdırılması niyyətlərini açıqlayıb. Məlum olduğu kimi, Azərbaycan bu ideyanı bəyənmir və Bakı bunu dəfələrlə açıq şəkildə dilə gətirib. Lakin Aİ rəhbərliyi Bakının mövqeyinə məhəl qoymayaraq, missiyanın tərkibini genişləndirməkdədir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində, bu müşahidəçi missiyanın Bakıda yaratdığı narahatlığı növbəti dəfə Borrelin nəzərinə çatdırıb. Nazir sözügedən missiyadan «Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğunu» deyib, «Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi pozan təşəbbüslərinin Aİ-nin «tərəfsiz vasitəçi» kimi etibarına xələl gətirdiyini» bildirib. C.Bayramov deyib ki, bu cür addımlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə zərər verir.
Avropa İttifaqının Cənubi Qafqazdakı prioritetləri
Sərhəd məsələlərinin həlli üzrə danışıqlar prosesinin fəallaşdığı şəraitdə fknsiyası bəlli olmayan missiyanın üzvlərinin artırılmasının mənası nədir?
Görünür, Brüssel sərhədləri deyil, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesinə müşahidəni gücləndirmək istəyir. Əslində, prosesi iki milli komissiya aparır, faktiki isə Ermənistan tərəfdən onu avropalı müşahidəçilər də izləyir, yaxud hətta prosesdə dolayısı ilə iştirak edir.
Deyəsən, Borrel görüşdə kəskin mövzulardan qaçmaq istəyirdi. O, Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsinə dair əldə olunmuş razılaşmanı alqışlayıb, iki ölkə arasında münasibətlərin normallaşmasının «Şərq Tərəfdaşlığı» proqramının Cənubi Qafqazla bağlı layihələrinin reallaşdırılmasına perspektivlər açacağına ümidini ifadə edib.
Məlum olduğu kimi, Avropa İttifaqı əvvəllər bu proqram çərçivəsində Azərbaycana 2, Ermənistana isə 2,6 milyard avro ayırmağı planlaşdırmışdı. Azərbaycan üçün bu layihələr iqtisadiyyatın şaxələndirilməsi, onun ixrac potensialının gücləndirilməsi, həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin Avropa bazarlarına daha effektiv cəlbi baxımından son dərəcə əhəmiyyətlidir.
Ermənistan isə Azərbaycan və Gürcüstanın Aİ və onun ayrı-ayrı üzvləri ilə birgə həyata keçirdiyi regional təşəbbüslərə qoşulmağa çalışır. Bu mənada, Ararat Mirzoyanın İrəvanın Cənubi Qafqazdan Avropaya «yaşıl enerji dəhlizi» layihəsinə qoşulmaq arzusunu ifadə etməsi maraqlıdır.
Məlum olduğu kimi, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın bu təşəbbüsü ciddi hazırlıq mərhələsindədir. Bu yaxınlarda Budapeştdə ekspertlər qrupunun görüşü də keçirilib və orada layihənin reallaşdırılması ilə əlaqəli məsələlər detallı şəkildə müzakirə edilib. Ermənistanın bu layihəyə necə qoşula biləcəyi aydın deyil. Bununla yanaşı, xarici işlər naziri Mirzoyanın bəyanatı göstərir ki, İrəvan layihədə yer almağa və Aİ-nin bu işdə ermənilərin lobbiçiliyi ilə məşğul olacağına ümid edir. İstənilən halda, İrəvanın bu layihədə mümkün iştirakı haqda danışmaq tezdir. Çünki bunun üçün bütün iştirakçıların, ilk növbədə isə Avropa bazarlarına nəql olunacaq enerjinin sahibi olan Azərbaycanın razılığı vacibdir.
Gürcüstana gəlincə, Borrel Tbilisinin «Aİ vəsiqəsi» almaq cəhdlərini tərifləyib. Bu, Aİ rəhbərliyinin Avropanı Xəzər və Mərkəzi Asiya regionları ilə birləşdirən strateji nəqliyyat və enerji kommunikasiyalarının keçdiyi Gürcüstanla münasibətləri korlamaq istəmədiyinin göstəricisidir.
Kiyev, Kişineu və Tbilisi üçün xoş xəbər
Sammitin başlamasına bir sutka qalmış Avropa Parlamenti Avropa İttifaqı Şurasını Ukrayna və Moldovanın quruma üzv olmasına dair danışıqlara başlamağa çağırıb. Eyni zamanda, Bosniya və Herseqovinanın islahatlar sahəsində lazımi addımları atacağı təqdirdə, onunla da müzakirələr start verilməsi qərara alınıb. Gürcüstana isə namizəd statusunun verilməsi təklif edilib. Bununla yanaşı, Avropa Parlamenti qurumu üzvlüklə bağlı danışıqların bu onilliyin sonunadək başa çatdırılmasına çağırıb. Lakin bu, namizədlərə sürətli üzvlük prosedurunun tətbiqini nəzərdə tutmur.
Baş verənlər fonunda Avropa Parlamenti üzvlərinin Ermənistan hökumətinin Aİ ilə yaxınlaşmaq cəhdlərini alqışlamaları çox maraqlı görünür. Məsələ ondadır ki, Ermənistan 2024-cü ildə başqa bir inteqrasiya birliyinə – Aİİ-yə sədrlik edəcək. Belə bir vəziyyətdə İrəvanın Aİ ilə necə yaxınlaşacağı aydın deyil.
Bu arada, Macarıstanın baş naziri Viktor Orbanın mövqeyi Aİ üçün əsl maneəyə çevrilib. Orban bildirib ki, onun ölkəsi Ukraynanın quruma üzvlüyünə «yaşıl işıq yandırılması»nı tələb edən üzvlərin təzyiqinə boyun əyməyəcək. Bundan başqa, Macarıstanın baş naziri hələ sammitdən xeyli əvvəl bildirmişdi ki, onun ölkəsinin maliyyələşdirilməsinə məhdudiyyətlər tam aradan qaldırılmazsa, o, Aİ-nin qarşıdakı 4 il ərzində Kiyevə 50 milyard avro ayırması planına veto qoyacaq. Söhbət Avropa Komissiyasının Budapeştin qanunun aliliyi ilə bağlı yaşadığı problemlər üzündən «dondurduğu» 10 milyard avrodan gedir. Brüssel bu məsələdə geri çəkilməli olub və sammit ərəfəsində Budapeştin tələbi yerinə yetirilib.
Sammitin başlamasına az qalmış Viktor Orban Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb. Onlar baş naziri Ukraynanın Aİ-yə qəbuluna dəstək verməyə razı salmağa çalışıb, əvəzində, Macarıstan iqtisadiyyatının inkişafına vəsait ayrılacağını bildiriblər. Görünən odur ki, sonda onlar istəklərinə nail olublar. Hər halda, Avropa İttifaqı Şurasının Ukrayna və Moldova ilə danışıqlara başlanılması, Gürcüstana isə namizəd statusunun verilməsi qərarı Macarıstanın fikrindən döndüyünü göstərir.
Doğrudur, KİV iddia edir ki, Aİ liderlərinin Ukraynanın üzvlüyü məsələsini səs qoyduğu vaxt Viktor Orban iclas zalını tərk edib. Səsvermədən əvvəl isə o, Aİ-nin Ukrayna ilə danışıqlara başlamasını yanlış saydıqlarını deyib. Baş nazir ölkəsinin bu prosesdə iştirak etmək istəmədiyini bildirib.
Amma Orbanın səsvermədə iştirak edib-etmədiyindən asılı olmayaraq, Budapeşt prosesə veto qoymayıb. O, buna Aİ fondlarında Macarıstan hökkuməti üçün nəzərdə tutulmuş vəsaitin ödənilməsi qarşılığında gedib.
Avropa Komissiyasının bəyanatında bildirilir ki, «Avropa Komissiyası vəziyyəti diqqətlə qiymətləndirdikdən, Macarıstan hökuməti ilə fikir mübadilələrindən sonra hesab edib ki, Budapeşt üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Bəyanatda deyilir ki, «daha maliyyələşməyə məhdudiyyət qoyulmayacaq və müvafiq olaraq, Macarıstan təxminən 10,2 milyard avronun ödənilməsinə iddia edə bilər».
Daha əvvəl Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşmüşdü. Həmin görüşdən sonra Zelenski Macarıstan baş nazirinin Ukraynanın Aİ-yə üzvlüyünə mane olmaq üçün əsasının olmadığını demişdi. Beləliklə, ABŞ-nin Ukraynaya silah tədarükünü və yardımın miqyasını azaldığı bir vaxtda Aİ-nin bu addımı Kiyev üçün «yeni nəfəs» olub.
Doğrudur, Brüssel Kiyevə uzunmüddətli yardım üçün kredit xətti aça bilməyib. Viktor Orban bu məsələdə geri addım atmayıb. O, «X» sosial şəbəkəsindəki səhifəsində Kiyevə vəsaitin ayrılması qərarının qəbuluna imkan vermədiyini yazıb. «Biz bu məsələyə lazımi hazırlıqlardan sonra gələn ilin əvvəlində keçiriləcək sammitdə qayıdacağıq», - deyə baş nazir bildirib.
Amma danışıqların özü illərlə uzana bilər və davam etməkdə olan müharibə şəraitində onların nəticəsini proqnozlaşdırmaq çətindir. Belə olan vəziyyətdə Ukrayna ilə Aİ-yə üzvlüyə dair danışıqlara başlanılması müharibənin tezliklə bitəcəyinə ümid yaradırmı? Çətin. Bəs bu, gələcəkdə Avropada real geosiyasi transformasiyalara yol açırmı? Güman ki, bəli.
MƏSLƏHƏT GÖR: