Müəllif: Nigar ABBASOVA
2023-cü ilin son ayları dünya neft bazarına arzuolunan sabitliyi gətirməsə də, sürprizlərlə zəngin olub.
“OPEC+” formatı çərçivəsində öhdəlikləri olan neft hasil edən ölkələr noyabrın 30-da keçirilən son iclasda əvvəllər təsdiq edilmiş 2024-cü il üçün rəsmi hasilat kvotalarını dəyişməz saxlayıblar. Bir sıra ölkələr isə 2023-cü ilin aprel ayından başlayan hasilatın könüllü azaldılmasını davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Üstəlik, ötən il neft üfüqünün yüksələn “ulduzu” olan Braziliya “OPEC+”a qoşulub. Digər tərəfdən 16 ildir ki, OPEC-in üzvü olan Anqola gözlənilmədən qurumdan çıxmaq qərarını açıqlayıb.
Bu arada, etalon markalı neftin qiymətləri yüksək olaraq qalır: “Brent”in 1 bareli 80 dollar, “WTI” markalı neftin 1 bareli 74,62 dollar təşkil edir. Doğrudur, ötən ilin dekabrında neft qiymətləri ilə bağlı vəziyyəti “yuxarı-aşağı” hərəkətdə olan xaotik durum kimi daha dəqiq təsvir etmək olardı.
Yerli neft sənayesi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yeni “Mərkəzi-Şərqi Azəri” platformasını işə salmağa hazırlaşır. Platformada artıq ilk istismar quyusunun qazılmasına başlanılıb. Bu məqamda qeyd edək ki, 2023-cü il dekabrın 12-də AÇG neft yatağının “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasil edilib.
Bu arada, Norveçin “Equinor” şirkəti AÇG layihəsindən çıxmaq qərarına gəlib. Belə ki, Norveç şirkəti həm AÇG yatağındakı, həm “Qarabağ” platformasındakı, həm də Bakı-Tbilisi-Ceyhandakı (BTC) payını SOCAR-a satıb. Lakin onun SOCAR ilə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair memorandumu icra etməsi onu deməyə əsas verir ki, “Equinor”in Xəzər regionuna marağı itməyib, əksinə bu şirkətin prioritetləri “təmiz enerji”nin xeyrinə dəyişib.
Sabitlik naminə
Ötən il noyabrın 30-da keçirilən danışıqlarda “OPEC+” ölkələri 2024-cü il üçün kvotalara dair, demək olar ki, heç bir dəyişiklik etməyib. 2024-cü ildəki hasilatın həcmi ilə bağlı alyans üzvlərinin hələ ötən ilin iyun ayında qəbul etdikləri bütün qərarlar təsdiqlənib. Dəyişikliklər yalnız üç Afrika ölkəsinə - Anqola, Konqo və Nigeriyaya təsir edib. Belə ki, Anqola üçün yeni kvota 1,11 milyon barel (bundan qabaq 1,28 milyon barel idi), Konqo üçün 277 min barel (bundan qabaq 276 min barel idi), Nigeriya üçün 1,5 milyon barel (bundan qabaq 1,38 milyon barel idi) müəyyən edilib. 2024-cü il yanvarın 1-dən dekabrın 31-dək olan dövr üçün “OPEC+” üzrə razılaşdırılmış ümumi hasilat, demək olar ki, dəyişməyib və sutkada 40, 45 milyon barel təşkil edib.
Bütün bunlarla yanaşı, Rusiya 2023-cü ilin fevralından könüllü olaraq hasilatı sutkada 500 min barel azaldır. Daha sonra bu məhdudiyyətlərə bir neçə “OPEC+” ölkəsi, o cümlədən Səudiyyə Ərəbistanı (500 min barel), İraq, Küveyt, Qazaxıstan, Oman və Əlcəzair (ümumilikdə 1,66 milyon barel) qoşulub. Beləliklə, neft hasilatına dair bu məhdudiyyətlər 2024-cü ili də əhatə edəcək.
Belə ki, 2024-cü ilin birinci rübündə bu ölkələr tələbatın mövsümi azalması dövründə neft bazarında tarazlığa nail olmaq üçün könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldacaq.
“Daha sonra bazarda sabitliyi qorumaq üçün bu könüllü ixtisarlar şəraitdən asılı olaraq tədricən geri qayıdacaq”, - OPEC-in açıqlamasında qeyd edilib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə qeyd edib ki, bəzi “OPEC+” ölkələrinin noyabrın 30-da keçirilən iclasda qəbul etdiyi əlavə könüllü ixtisarlarla bağlı qərar bazar üçün müsbət məlumatdır. Onun sözlərinə görə, tələbin aşağı olduğu dövrlərdə tələb və təklifi tarazlaşdırmaq və neft sənayesinin stabil fəaliyyətini təmin etmək üçün dünya bazarlarına tədarük azalacaq. A.Novak həmçinin “OPEC+” tərəfindən qəbul edilən qərarlara gələcəkdə düzəlişlər ediləcəyini istisna etməyib.
Qeyd edək ki, növbəti “OPEC+” iclası 2024-cü il iyunun 1-də Vyanada planlaşdırılıb, lakin razılaşmanın tərəfləri daha əvvəl müdaxilə üçün bazara nəzarət edəcəklər.
Qeyd etmək lazımdır ki, qəbul edilən qərarlar bazara o qədər də böyük təəssürat yaratmayıb. Belə ki, neft qiymətlərində nəzərəçarpacaq artım müşahidə edilməyib, əksinə etalon neftlərin 1 bareli 73 dollara qədər ucuzlaşıb. Yalnız dolların zəifləməsi, ABŞ neft ehtiyatlarının azalması və s. kimi bir sıra amillərə görə kotirovkalar 1 barel üçün 75 dollara qədər yüksəlib.
“Görünür, treyderlər ya “OPEC+” ölkələrinin razılaşdırılmış şərtlərə əməl edəcəyinə inanmır, ya da hasilatın kifayət qədər azaldılmadığını hesab edirlər”, - OANDA-nın baş analitiki Kreyq Erlam bildirib.
Hücumlar bahalaşma səbəbi kimi
“Brent” neftinin qiymətinin 1 barel üçün 80 dollara yüksəlməsi Yəmən husilərinin Qırmızı dənizdə və bu dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazında gəmilərə hücumları ilə əlaqələndirilir.
Xatırladaq ki, qlobal dəniz nəqliyyatının təxminən 12%-i və karbohidrogen resursları ilə bağlı daşımaların təqribən 5%-i bu marşrut vasitəsilə Aralıq dənizinə göndərilir.
Husilərin Qırmızı dənizdən keçən gəmilərə hücumlarının artması neft təchizatında fasilələrin yaranması riskini artırır. Bu marşrutun əvəzinə gəmiləri Afrika ətrafında uzun bir marşrutla istiqamətləndirmək lazımdır. Təbii ki, bu da daşıma xərclərinin və çatdırılma müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Yeni nəqliyyat və sığorta xərcləri, təchizatda fasilələr və limanlardakı növbələr istər-istəməz istehlakçılar üçün qiymətlərin artması ilə nəticələnəcək: həm yanacaqdoldurma məntəqəsində benzin, həm də mağazalardakı məhsullar bahalaşacaq. Yeri gəlmişkən, bir sıra ən böyük Qərb konteyner daşıma operatorları artıq ənənəvi marşrutdan istifadə etməyi dayandırıblar.
“Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı geosiyasi risklər yaxın perspektivdə bazara təsir göstərəcək”, - “Maybank” analitiki Çak Reunqsinpinya bildirib. Ekspertin fikrincə, bu məsələdə çəkindirici amillər yüksək ehtiyatlar, həmçinin ABŞ-də istehsalın artımı olaraq qalacaq.
“Bu hücumlar yeni deyil, lakin onların intensivliyi artıb. Husilərin bölgəni blokadaya almaq üçün kifayət qədər gücü yoxdur, amma onlar gəmilərlə yükdaşımalarını poza və risk qiymətləndirmələrini dəyişə bilərlər”, - “Schneider Electric”in əməkdaşı Robert Freyzer söyləyib.
“JTD Energy Services” konsaltinq şirkətinin təsisçisi Con Driskollun isə hesab edir ki, əsas ticarət yolları ilə bağlı problemlər adətən müvəqqəti xarakter daşıyır və güman ki, ABŞ təhdidləri aradan qaldırmaq üçün daha qətiyyətli hərbi addımlar atacaq.
Bu proqnozların nə dərəcədə real olacağını isə zaman göstərəcək. Ümid edək ki, bu problem sülh yolu ilə həll olunacaq və Avropa ilə Asiya arasında əsas ticarət yolunun bağlanması uzun sürməyəcək. Əks halda, mövcud vəziyyət dünya ticarəti üçün çox ciddi nəticələrə və enerjidaşıyıcılarının qiymətlərinin artmasına səbəb ola bilər.
Braziliya ilə bağlı zəfər
“OPEC+”un son iclasında bəlkə də ən böyük sürpriz Braziliyanın bu ilin yanvarından alyansa qoşulması olub. Bu, yalnız bir məqsədlə - qiymətlərin aşağı düşməsinin və bazarda enerji resursunun həcminin həddən artıq çox olmasının qarşısını almaq üçün ittifaqda birləşmiş neft hasil edən ölkələr üçün yaxşı xəbərdir. Braziliya neft hasilatını fəal şəkildə artıran ölkələr sırasındadır. OPEC-in məlumatına görə, təşkilata daxil olmayan ölkələr arasında ABŞ, Kanada, Braziliya, Qayana, Norveç və Qazaxıstan 2024-cü ildə neft tədarükünün artımı baxımından, əsas hərəkətverici qüvvələr olacaq.
Braziliyanın Dağ-Mədən və Energetika Nazirliyi neft-qaz sektoruna investisiyaların artırılması və ölkəni dünyanın dördüncü ən böyük neft istehsalçısı etmək üçün proqram hazırlayır. Braziliyanın neft, təbii qaz və bioyanacaq üzrə Milli Agentliyinin məlumatlarına istinad edən IEA-nın son hesabatına görə, bu ölkədə neft hasilatı sutkada 3,7 milyon barel təşkil edib.
Aydındır ki, “OPEC+”a üzv olmaqla Braziliya digər iştirakçılar kimi öhdəliklər götürəcək. Amma onun üzərinə hansı öhdəliklər götürəcəyi hələ dəqiq məlum deyil. Braziliyanın yeni ilin birinci rübündə alyansın könüllü ixtisarlarında iştirak etməyəcəyi təsdiqlənib.
Anqolasayağı gediş
Qlobal neft bazarı üçün daha bir sürpriz ən böyük neft istehsalçılarından biri olan Anqolanın OPEC-dən çıxmaq qərarı olub. Buna səbəb kimi onun təşkilatdakı kiçik rolu ilə razılaşmaması göstərilir.
Anqolanın neft, təbii qaz və mineral sərvətlər naziri Diamontino Azevedo bildirib ki, OPEC-ə üzvlük öz hədəflərinə diqqət yetirmək niyyətində olan dövlətinin milli maraqlarına cavab vermir. OPEC-in mütəmadi olaraq müəyyən etdiyi kvotalara hələ də təsir etmədiklərini vurğulayan nazir bu öhdəliklərə sadiq qalmalı və təşkilatın qərarlarının yükünü daşımalı olduqlarına görə alyansı tənqid edib. O əlavə edib ki, Anqola üzv olaraq qalardısa, ölkəsi gec-tez neft hasilatını azaltmağa məcbur ola bilərdi: “Bu da ölkənin maraqlarına zidd olardı”.
Qeyd edək ki, Anqola 16 il ərzində OPEC-in bir hissəsi idi. O, alyansı tərk etdikdən sonra neft ixrac edən ölkələrin təşkilatının 12 üzvü qalacaq.
Yeri gəlmişkən, “OPEC+” nazirlərinin 2023-cü il noyabrın 30-da keçirilən görüşündən əvvəl neft hasilatına dair kvotadan narazı qalan Nigeriya və Anqola ilə ciddi danışıqlar aparılıb. Üstəlik, ən böyük fikir ayrılığına Anqolada hasilatın səviyyəsi səbəb olub. Bəlkə də son qərar Luandanı “neft klubundan” ayrılmağa vadar edən son damla idi.
2023-cü il ərzində Anqola OPEC-dən neft hasilatına dair kvotaları artırmağı istəyirdi. Lakin o, əks-effektlə üzləşdi: ötən ilin iyununda bu ölkə ilə bağlı 2024-cü il üçün neft hasilatının hədəf səviyyəsi sutkada 175 min barelə, noyabrda isə 170 min barelə qədər azaldıldı.
Doğrudur, onun OPEC ölkələri arasında hasilat payı cəmi 2%-ni təşkil edirdi. Odur ki, onun təşkilatdan çıxması “neftçilər” üçün fəlakət olmayacaq. Amma eskpertlərin fikrincə, bu, neft ölkələri alyansının imicinə ciddi zərbə olacaq. Bununla OPEC-in qiymətlərin formalaşdırılmasındakı rolu azalır. Üstəlik, hazırda təşkilatda birlik yoxdur, bunun əvəzində alyans üzvləri arasında ziddiyyətlər var.
Anqolanın OPEC-dən ayrıldıqdan sonra Qərbin böyük neft şirkətləri ilə əməkdaşlığı artırmaq üçün daha geniş imkanlara malik olacağı gözlənilir. Neft və təbii qaz bu ölkənin ümumi ixracının təqribən 90%-ni təşkil etdiyinə görə, o, OPEC-in tələb etdiyi kimi, hasilatı azaltmaq imkanına malik deyil.
Azərbaycan sürprizləri
Son iclasda “OPEC+” Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotasını sutkada 551 min barel səviyyəsində saxlayıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov nazirlərin görüşünün yekunlarını şərh edərkən bildirib ki, qəbul edilən qərarlar neft bazarında sabitliyin qorunmasına yönəlib. Yəni Bakı razılaşma üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir problem görmür.
Əslində, bununla bağlı problemlər olmamalıdır, çünki son illər ölkədə yeni neft yataqları kəşf edilməyib və bütün səylər yalnız neft hasilatını sabit səviyyədə saxlamağa yönəlib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni, sayca yeddinci platformanın - “Azəri-Mərkəzi-Şərqi” platformasının istismarı ilə bağlı hazırlıqların aparılmasına baxmayaraq, 2024-cü il də istisna olmayacaq. Bununla əlaqədar “BP Azerbaijan” ötən il dekabrın 4-də yeni platformadan ilk hasilat quyusunun qazılmasına başlayıb və 2024-cü ilin əvvəlində oradan neft hasil edəcəyini gözləyir.
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, “Azəri-Mərkəzi-Şərqi” layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Bu layihə ilə gündəlik 100 min barel neft və 350 min kubfut təbii qaz hasilatı üçün 48 quyunun qazılması nəzərdə tutulur. Yeni platformanın işə salınması bu blokda son illərdə müşahidə olunan neft hasilatının azalmasını müəyyən dərəcədə kompensasiya edəcək.
OPEC də öz növbəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının istismara verilməsi ilə gələn il yataqlar blokunda hasilatla bağlı əlavə artım olacağını gözləyir.
Qeyd etdiyimiz kimi, bir milyardıncı barel neft “Qərbi Azəri” platformasından hasil edilib. Bu, blokda ümumi neft hasilatı baxımından 1 milyard barel həddini keçən ikinci platformadır. Bu həddə 2021-ci ilin iyulunda “Mərkəzi Azəri” platforması çatmışdı. Hazırda “Qərbi Azəri”də gündəlik hasilat 85 min bareldir.
2023-cü ilin sonunda Norveçin “Equinor” şirkəti daha bir sürpriz addım ataraq AÇG blokunun, BTC-nin, eləcə də “Qarabağ” yatağının işlənmə layihələrindəki payının SOCAR-a satıldığını elan edib.
Bununla bağlı müqaviləni Bakıda SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyö bağlayıb. İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq. Amma satışla bağlı qiymət açıqlanmayıb. Bu o deməkdir ki, Azərbaycanda aktivlərin satışının nə dərəcədə sərfəli olduğunu öyrənmək üçün “Equinor”un illik hesabatını gözləməliyik. Bu iki şirkət 1994-cü ildən iri neft və təbii qaz layihələrində əməkdaşlıq edir. “Equinor”un Azərbaycanın ən böyük neft layihəsi olan AÇG-dəki payı daxil olmaqla, öz aktivlərini satmaq imkanını araşdırdığı faktı 2023-cü ilin avqustunda məlum olub. O zaman “Bloomberg”in mənbələri Norveç şirkətinin aktivlərinin dəyərini təxminən 1 milyard dollar qiymətləndirmişdi.
“Equinor” beynəlxalq neft və qaz biznesini yenidən təşkil etmək prosesindədir və Azərbaycandakı aktivlərin satışı bizim beynəlxalq portfelimizi cəmləşdirmək strategiyamıza uyğundur”, - F.Matyö SOCAR ilə sövdələşməyə münasibət bildirərkən qeyd edib.
“Son 30 il ərzində Azərbaycan “Equinor”in beynəlxalq portfelinin mühüm hissəsi olub. SOCAR və AÇG üzrə digər tərəfdaşlarla birlikdə biz tərəfdaşlıq və Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli dəyər yaratmışıq. SOCAR-ın uzunmüddətli perspektivdə aktivlərinin dəyərini artırmaq üçün yaxşı imkanları var və biz bu illər ərzindəki sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, - o vurğulayıb.
Maraqlıdır ki, səhmlərin alqı-satqısına dair imzalanmış sənədlərdən sonra SOCAR və “Equinor” arasında dekarbonizasiya və “yaşıl enerji” sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Buradan belə nəticə çıxır ki, şirkət Azərbaycanı tamamilə tərk etmək niyyətində deyil, sadəcə olaraq, fəaliyyətinin vektorunu dəyişir.
Yeri gəlmişkən, bərpa olunan enerji mənbələrinin inkişafı “Equinor” üçün əsas prioritetlərdən biridir. Şirkət 2050-ci ilə qədər neft-qaz emissiyalarının azaldılması daxil olmaqla, karbon neytrallığına nail olmağı öhdəsinə götürüb. Norveç şirkəti bu strategiyanın bir hissəsi olaraq, 2035-ci ilə qədər bərpa olunan enerji portfelini 12-16 GVt-a çatdırmağı planlaşdırır. Azərbaycanın bərpa olunan enerji mənbələrinə dair potensialı və bu sahəni inkişaf etdirmək istəyi BP və TOTAL şirkətlərinin nümunəsində investisiya layihələrinin həyata keçirilməsində qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır.
Beləliklə, hadisələrlə zəngin olan 2023-cü neft ili 2024-cü ildə də bunun layiqli davamını, yeni layihələr və bazarda aktivlik vəd edir.
MƏSLƏHƏT GÖR: