24 Noyabr 2024

Bazar, 00:43

2024: ÜMİD SONDA ÖLÜR

Yeni ildə gözlənilən hadisələr dünyada sülh və sakitliyin hökm sürəcəyinə ümid etməyə imkan vermir

Müəllif:

01.01.2024

2023-cü il dolğun və çətin keçdi. Dünya arenasında müharibələr, təbii fəlakətlər, beynəlxalq münasibətlər sisteminin getdikcə daha çox çalxalanması, yeni çağırışlar gələcəklə bağlı müsbət proqnoz verməyi çətinləşdirir.

Lodonun Beynəlxalq Strateji Araşdırmalar İnstitununun (IISS) dekabrın əvvəlində açıqladığı hesabatına görə, 2023-cü ildə qlobal miqyasda təxminən 183 regional hərbi münaqişə baş verib ki, bu da son 30 ilin ən böyük rəqəmidir. Nəticədə, il ərzində ölənlərin sayı 17, zorakılığa məruz qalanların sayı isə 28% artıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında isə bildirilir ki, dünyada bu və ya digər dərəcədə regional hökmranlığa malik olan 459 silahlı qruplaşma var.

 

Ukrayna

Ukrayna müharibəsi 2023-cü ildə də davam edib. BMT-nin məlumatına görə, 2022-ci ilin fevralında başlamış münaqişə nəticəsində 6,5 milyondan çox ukraynalı ev-eşiyini tərk etməli olub, ən azı 10 min dinc sakin dünyasını dəyişib. Qərbin Kiyevə milyardlarla dollarlıq hərbi yardımına və ciddi informasiya dəstəyinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları ciddi uğur gətirməyib və artıq müharibəni diplomatik yolla dayandırmağın vacib olduğu haqda danışanların sayı xeyli artıb. Bununla yanaşı, müşahidəçilərin əksəriyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin «vaxt uzatmaq» strategiyasından çıxış edərək, ABŞ-də prezident seçkisi ilə əlaqədar, Ukraynanın arxa plana keçəcəyinə ümid edir. Analitik tədqiqatlar isə göstərir ki, Rusiya-Ukrayna savaşı regional və qlobal təhlükəsizliyi getdikcə daha çox dəyişir, eyni zamanda iqtisadi düzənə ciddi təsir göstərir və bunun nəticələri hələ özünü tam büruzə verməyə başlamayıb.

 

İsrail-Qəzza sektoru

Oktyabrda gözlənilmədən ərəb-İsrail münaqişəsi kəskin şəkildə qızışıb. Bu, Fələstinin HƏMAS hərbi qruplaşmasının İsrailə görünməmiş miqyasda hücumundan sonra baş verib. Hücum zamanı ən azı 1200 israilli qətlə yetirilib, aralarında uşaqlar və qocalar olmaqla, 200-dən çox insan girov götürülüb. İsrail buna Qəzza zolağını bombardman etməklə cavab verib və indi yəhudi dövləti əməliyyatları HƏMAS-ın tamamilə darmadağın edilməsinədək davam etdirəcəyini bildirir. Oktyabrın 27-də İsrail bölgədə yerüstü əməliyyatlara da başlayıb. Yəhudi dövlətinin rəhbərliyi savaşın bütün hədəflərə nail olunanadək davam edəcəyini deyir. Müharibə nəticəsində Qəzzanın şimalı, demək olar ki, tamamilə dağılıb, ölənlərin sayı 20 mini ötür və onların arasında çox sayda uşaq da var. Təxminən 2 milyon insan ev-eşiyini itirərək, qaçqına çevrilib. Baş verənlər fonunda dünyanın müxtəlif ölkələrində sntisemitizmin gücləndiyi müşahidə olunur. Məsələn, oktyabrın 29-da Rusiyanın Mahaçqala şəhərinin aeroportunda böyük antisemit iğtişaşı baş verib. Bəziləri düşünür ki, Qəzza sektorundakı savaş bütünlükdə Yaxın Şərqdə daha miqyaslı qarşıdurmaya yol aça bilər.

Dekabrda Yəmən husiləri Qırmızı dənizdə İsraillə əlaqəli ticarət gəmilərinə qarşı raket və pilotsuz uçuş aparatlarından istifadə ediblər. İsrailin əməllərini İran da sərt tənqid edir. Lakin Tehran Yaxın Şərqdəki əsas düşməninə qarşı hər hansı birbaşa addım atmır. Buna baxmayaraq, Vaşinqton Qırmızı dənizdə kommersiya gəmilərinə edilmiş hücumun təşkilinə İranın da «ciddi şəkildə cəlb olunduğunu» bəyan edib.

Bu münaqişə böyük müharibə riski yaratmaqla yanaşı, Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizini və «İbrahim razılaşması»nın taleyini də təhlükə altına salıb. Bundan başqa, İsrail-HƏMAS müharibəsi ərəb ölkələri arasında və ümumilikdə islam dünyasında fikir ayrılıqlarının olduğunu da ortaya çıxarıb.

 

«Vaqner»dən Myanmayadək

2023-cü ildə münaqişələr, kütləvi iğtişaşlar və etiraz aksiyaları sırasına Myanmadakı vətəndaş müharibəsi, Qayana-Venesuela böhranı, Fransanı Nanterdə ərəb əsilli yeniyetmənin qətlindən sonra bürümüş iğtişaşlar, Dublində əlcəzairli emiqrantın məktəblilərə hücumundan sonra aranın qarışması da daxil olub. İsrail tarixində məhkəmə islahatlarına etiraz olaraq ən miqyaslı nümayişlərin keçirilməsini, İyunda Rusiyada Yevgeni Priqojinin «Vaqner» özəl hərbi şirkətinin silahlılarının dövlətə qarşı qiyam qaldırmasını da buraya əlavə etmək olar. Ekspertlərin fikrincə, o zaman Moskva istiqamətində hərəkətə keçmiş böyük hərbi kolonna ölkədə vətəndaş qarşıdurmasına da yol aça bilərdi. Həmin vaxt yalnız Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi nəticəsində Priqojinin dəstəsi Moskvanın cəmi bir neçə yüz kilometrliyində dayanmışdı. Bundan iki ay sonra isə Priqojin və yaxın silahdaşlarının da göyərtəsində olduğu təyyarə Tver vilayətində qəzaya uğradı…

 

Afrika

Kəskin yoxsulluq, əhalinin səfalət içərisində olması, artmaqda olan etnik gərginlik, ekoloji problemlər, sosial ədalətsizlik – Afrika qitəsində vəziyyət getdikcə daha çox qarışır. 2023-cü ildə Afrikanın silsilə dövlət çevrilişləri və iğtişaşlarla yadda qalması təsadüf deyil – Niger, Qabon, Konqo və s. Somalilend milli ordusu ilə Xatumo muxtar ştatının gücləri arasındakı toqquşma yüzlərlə insanın ölümünə, yüz minlərlə insanın köçünə səbəb olub. Onların təxminən 100 mini qonşu Efiopiyaya üz tutub ki, bu ölkənin özü də etnik münaqişələrdən əziyyət çəkməkdədir.

Sudanda baş vermiş şiddətli vətəndaş müharibəsi təxminən 5 milyon insanı ev-eşiyini tərk etmək məcburiyyətində qoyub. Qeyd edək ki, payızda Fransa yerli hökumət və xalqın mənfi münasibəti üzündən, keçmiş müstəmləkələri olmuş Burkina-Faso və Nigerdən öz qoşunlarını çıxarmalı olub. 2022-ci ildə isə Fransa Mali və Mərkəzi Afrika Respublikasındakı hərbçilərini geri çağırmalı olmuşdu.

 

Təbii fəlakətlər, demoqrafiya, iqlim, xəstəliklər

2023-cü ildə çox sayda təbiət kataklizmləri də baş verib. Onlardan ən böyüyü fevralda Suriyada və Türkiənin cənub-şərqində baş vermiş və təxminən 56 min insanın həyatına son qoymuş zəlzələdir (7,5 və 7,8 bal). Bu zəlzələ nəticəsində 105 minədək bina dağılıb və ya zərər görüb, təbii fəlakətin iqtisadi ziyanı milyardlarla dollarla ölçülür. İndi Türkiyədə planetin ən böyük şəhərlərindən olan İstanbulda dağıdıcı zəlzələnin baş verə biləcəyinə dair proqnozlar səsləndirilir.

Sentyabrda Mərakeşdə 6,8-7 bal gücündə baş vermiş zəlzələ ölkə tarixində qeydə alınmış ən gücdü yeraltı təkandır. Təbii fəlakət təxminən 3000 insanın həyatına son qoyub, 5600-dan çox sakin yaralanıb.

Bundan başqa, 2023-cü il tarixin ən isti illərindən biri kimi də yadda qalıb. Şimal yarımkurəsində anomal istilər hələ apreldən başlayıb. Avropanın şimal-qərbində, Şimali amerikada, Asiyanın bir sıra ölkələrində, Avstraliyanın şərqində və Sibirdə də orta illik hərarət yüksəlib. Nəticədə, planetin müxtəlif yerlərində qasırğalar, quraqlıqlar, yanğınlar və daşqınlar yşanıb. Məsələn, Yunanıstanda baş vermiş «Daniel» qasırğası sonradan Liviyaya fəlakət gətirib – bir neçə bəndin uçması nəticəsində səhralar su altında qalıb. Bu fəlakət 7 mindən artıq insanın həyatına son qoyub, daha 9 min nəfər itkin düşüb. Yunanıstan güclü meşə yanğınları ilə də üzləşib. Bənzər hadisə Kanada meşələrində də baş verib, nəticədə 18 milyon hektardan artıq ərazi külə dönüb, 200 min insan ev-eşiyini tərk etməli olub. Havayda baş vermiş yanğınlar bu cənnət adasını cəhənnəmə çevirib – avqustda Maui adasının turizm şəhəri olan Lahainanı alovun bürüməsi nəticəsində 97 nəfər həlak olub. Güclü yanğınlar Əlcəzairdə, Siciliyada və digər ölkələrdə də qeyd alınıb.

Dekabrda BƏƏ-də BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransı keçirilib. Toplantıda dünya ölkələri atmosferə çirkli qazların buraxılmasının qarşısının alınması, «yaşıl keçid»in başa çatdırılması yollarını müzakirə ediblər. Lakin tərəflərin mövqeyində hələ də xüsusi yaxınlaşma müşahidə olunmur.

2024-cü ildə iqlim konfransı Bakıda təşkil ediləcək. Bəlkə də təmiz texnologiyaların inkişafına salışan neft-qaz ölkəsi Azərbaycan dünya üçün bu qədər vacib sahədə dönüş nöqtəsinə çevriləcək.

Miqyaslı təbii fəlakətlər arasında iyunda Ukraynanın Kaxovka bəndinin uçması da yer alır (doğrudur, ona hərbi münaqişə səbəb olub). Onun nəticələrini, o cümlədən ekoloji xarakterli fəsadlarını münaqişənin başa çatmasından sonra hesablamaq mümkün olacaq.

2023-cü ilin yadda qalacaq daha bir hadisəsi Hindistanın əhalisinin sayına görə Çini ötərək, dünyada ilk yerə yüksəlməsidir. İndi Hindistan əhalisinin sayı 1,43 milyard nəfərdir. BMT-nin proqnozuna görə, 2050-ci ilə bu rəqəm 1,668 milyarda çatacaq, Çin əhalisinin sayı isə təxminən 1,317 milyard nəfərədək azalacaq.

Nəhayət, ilin ən önəmli hadisəsi ÜST-nin, nəhayət, COVID-19 pandemiyasının başa çatdığını elan etməsidir. Qurum bununla əlaqədar, dünyada 2020-ci ilin yanvarından tətbiq olunan fövqəladə vəziyyətin sona çatdığını açıqlayıb. Pandemiya 3 il 1 ay 24 gün davam edib. Bununla yanaşı, ÜST virusun yox olmadığını, əvvəlkitək təhlükəli olaraq qaldığını da bəyan edib.

 

Kosmos, süni intellekt

2023-cü ildə geosiyasi rəqabətin kosmosun hərbiləşməsinə aparıb çıxaracağına dair narahatlıqları artırıb. Bu, kosmos əməliyyatlarını tənzimləyən qaydaların olmadığı, həmçinin kosmosun mənimsənilməsində özəl şirkətlərin böyük rol oynadığı şəraitdə xüsusilə təhlükəlidir. Bundan başqa, getdikcə kosmos yarışına daha çox qlobal oyunçu qoşulur. Məsələn, Hindistan Ayın Cənub qütbündəki tədqiq olunmamış əraziyə «Çandrayan-3» adlı pilotsuz raket göndərib. İndiyədək buna yalnız ABŞ, SSRİ və Çin nail olmuşdu. Aprelin 4-də isə Avropa Kosmik Agentliyi Yupiterin peyklərinin öyrənilməsi üçün «JUICE» kosmik aparatını fəzaya göndərib. ABŞ da öz növbəsində, bir neçə il sonra Aya idarə olunan uçuş təşkil etmək niyyətini açıqlayıb.

2023-cü ildə həyatımıza süni intellekt («ChatGPT» və s.) də daxil olub. Süni intellekt əlbəttə ki, əvvəllər də olub. Amma indi o, əsl fenomenə çevrilib və insanların gündəlik həyatının müxtəlif sahələrinə daxil olmağa başlayıb. İndi süni intellektdən ayrı-ayrı şəxslər də istifadə edir, hökumətlər də, şirkətlər də. Eyni zamanda süni intellektin belə uğur qazanması cavabı birmənalı olmayan suallar çıxarıb – o, bəşəriyyətə yeni imkanlar, kəşflər və çiçəklənmə gətirəcək, yoxsa kütləvi işsizlik, sosial qeyri-bərabərlik və ümumilikdə desək, «robotların qiyamı»? Süni intellektin pionerlərindən olan Ceffri Xintonun «övlad»ının təhlükəli olduğu ilə bağlı xəbərdarlıq əlaməti olaraq «Google» şirkətindən ayrılması bu texnologiyadan kütləvi istifadəyə qarşı olanlarda ciddi həyəcan yaradıb. Texnologiyalar sahəsində qüdrəti ilə ad çıxarmış İlon Mask kimi şəxslər də eyni mövqedən çıxış edir.

 

ABŞ vs Çin

İl dünyanın ən qüdrətli iki fövqəldövləti olan ABŞ ilə Çin üçün də asan keçməyib. Onlar arasında bu il ərzində ən yüksək səviyyədə təmaslarla yanaşı, ciddi problemlər də yaşanıb. Məsələn, Çinin ABŞ ərazisində peyda olan hava şarı Vaşinqton tərəfindən kəşfiyyatçı kimi qiymətləndirilib, bu isə Pekinin xoşuna gəlməyib. Bundan başqa, Çinin regional hərbi fövqəldövlət olaraq qalmasını arzulayan Vaşinqton onunla ticarətə məhdudiyyətləri davam etdirir, Pekinin Tayvan haqda düşünməsini belə, istəmir. Tərəflər arasında texnologiya sahəsindəki rəqabət də gərginlik yaradır. Daha bir gərginlik mənbəyi isə ÇXR-in «Bir kəmər, bir yol» layihəsinə qoşulan ölkələrlə bağlıdır. Bu mənada, Bayden ilə Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı-2023 forumu çərçivəsində noyabrda San-Fransiskoda keçirilmiş görüşdə xüsusi nəticə verməyib.

 

2024-cü il – seçim vaxtıdır

2024-cü il tarixə rekord sayda seçki ilə düşəcək. İl ərzində dünyanın 50 ölkəsində 2 milyarddan artıq seçici səs verəcək. Dünya əhalisinin 40%-dən çoxu və beynəlxalq ÜDM-in böyük bir hissəsi həmin ölkələrin payına düşür. Bu səbəbdən, artıq indidən belə bir fikir var ki, dünyada eyni vaxtda bu cür miqyaslı, müxtəlif seçki proseslərinin nəticələri ciddi geosiyasi və iqtisadi fəsadlara yol aça, dünyada sabitliyi daha da poza bilər.

Noyabrda ABŞ 60-cı prezidentini seçəcək. Əvvəlki seçkinin necə keçdiyini, xüsusilə Kapitoliyə hücumu, həmçinin 81 yaşlı Co Baydenin prezidentliyinin necə keçdiyini (ən zəif reytinqlər, işləmək bacarığına şübhələr, qalmaqallı bəyanatlar, daxili siyasi mübarizə) nəzərə alsaq, emosiyaların coşacağını gözləmək olar. 160 milyondan artıq amerikalı səs vermək üçün qeydiyyatdan keçib. Bayden ikinci müddətə prezident seçilmək istəyirsə, sabiq dövlət başçısı, 77 yaşlı Donald Tramp Ağ Evə qayıtmaqda israrlıdır. Çoxları bunun reallıqdan çox uzaq olmadığını düşünür. Amma ABŞ-ın növbəti prezidentinin hansısa «üçüncü namizəd» olacağı da istisna edilmir.

Martın 15-17-də Rusiyada da prezident seçkisi keçiriləcək. 71 yaşlı Vladimir Putin vəzifəsini qorumaq niyyətindədir. Nəzərə alsaq ki, Putinin hansı ciddi rəqibi yoxdur, onun beşinci dəfə dövlət başçısı seçiləcəyinə şübhə də yoxdur. Məsələ sadəcə, onun nə qədər səs yığacağıdır. Odur ki, bu səsverməni seçkidən çox xalqın Putinə dəstəyinin səviyyəsini göstərəcək referendum adlandırmaq olar.

Asiyanın və dünya arenasının önəmli dövlətlərindən olan Hindistanda, həmçinin Meksika, Cənubi Afrika, Tayvan, İndoneziya, Pakistan, Moldova, İran (ən azı regional əhəmiyyəti böyükdür) kimi ölkələrdə də seçkilər olacaq. İyunda isə Avropa İttifaqında üzv 27 ölkədən 400 milyondan artıq seçici Avropa Parlamentinə 720 deputat seçməlidir.

Qeyd olunan seçki proseslərini, həmçinin sadalanan hadisələrin çoxunun davam edəcəyini nəzərə alsaq, 2024-cü ildə dünyada sülh və sakitliyin hökm sürəcəyinə ümid etməyə dəyməz. Amma yenə də ümid edək ki, bu qlobal qeyri-sabitlikdən çıxmaq üçün hansısa yol tapılacaq, bununla da dünyanın sabit, müntəzəm inkişafına imkan yaranacaq.



MƏSLƏHƏT GÖR:

86