23 Noyabr 2024

Şənbə, 23:21

ANKARA RAM OLMUR

Türkiyə-Qərb münasibətlərində problemlər nəinki davam edir, hətta artır

Müəllif:

01.01.2024

2023-cü ilin sonu Türkiyə üçün Qərblə münasibətlərin gərginləşməsi ilə yadda qalacaq. Türkiyə-ABŞ münasibətləri kontekstində bu, özünü Ankaranın Vaşinqton tərəfindən dəstəklənən kürd terror təşkilatları ilə mübarizəsinin yeni dalğası ilə də göstərir. Söhbət Suriyanın şimalında və İraqda məskunlaşmış terror təşkilatlarından gedir. Avropa İttifaqının Türkiyəyə münasibətinə gəlincə, o, Ankaranın təşkilata yolunu bağlayan Brüsseldən narazılığı üçün yeni əsaslar verib.

 

ABŞ, kürdlər və Türkiyənin zərbəsi

Oktyabrın əvvəlində Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında avtomobilin partladılmasından sonra Ankara antiterror əməliyyatlarını gücləndirib. Ölkə rəhbərliyi dərhal ölkə daxilində miqyaslı antiterror əməliyyatlarına başlanıldığını bəyan edib. Əməliyyatlar nəticəsində cəmi bir neçə gündə təxminən 1000 nəfər saxlanılıb. Bundan başqa, Ankara bundan sonra İraq və Suriyada terrorçu qruplaşmalar – Kürd Fəhlə Partiyası (PKK) və onun nəzarətində olan Xalq Özünümüdafiə Dəstələrinin (YPG) nəzarətində olan bütün obyektlərin Türkiyə üçün legitim hərbi hədəf olduğunu bildirib.

2023-cü ilin oktyabr-dekabr ayları ərzində Türkiyə Silahlı Qüvvələri onlarla belə hədəfi məhv edib. Terrorçuların Türkiyə Ordusunun mövqelərinə dekabrın 22-də etdiyi və 12 hərbçinin ölümü ilə nəticələnmiş hücumundan sonra onların mövqelərinə növbəti güclü aviazərbələr endirilib.

Dekabrın 23-24-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin şəxsən rəhbərlik etdiyi hərbi əməliyyatlar nəticəsində İraq və Suriyanın şimal rayonlarında PKK-ya məxsus 29 obyekt (sığınacaqlar və neft anbarları daxil olmaqla) məhv edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi cənub sərhədlərində PKK-nın mövcudluğuna imkan verməmək üçün əlindən gələni edəcək. Maraqlıdır ki, bu bəyanatda «muzdlu qatillər dəstəsi» ifadəsi «imperialistlərin subpodratçısı kimi işləyənlər» kimi təqdim edilib. Bu, kürd terror təşkilatlarına ABŞ-nin dəstəyinin davam etdiyinə açıq eyhamdır. Hər halda, PKK və YPG Vaşinqtonun Suriya və İraq siyasətinin vacib alətləri sayılır.

Türkiyə-ABŞ münasibətlərinin bu zəmində gərginləşməsi bu ilin oktyabrında yeni mərhələyə keçib. Ayın əvvəlində Suriyanın Əl-Həsəkə şəhərində terrorçulara zərbələr endirən Türkiyə dronu Amerika ordusuna məxsus «F-16» qırıcısı tərəfindən vurulub. Bu, Birləşmiş Ştatlar ordusunun dislokasiya olunduğu ərazinin yaxınlığında baş verib. Türkiyə Müdaifə Nazirliyi vurulmuş pilotsuz uçuş aparatının Türkiyə Silahlı Qüvvələrinə məxsusluğunu rəsmən təsdiqləməsə də, dünya mediası bu insidenti Amerikanın NATO-da müttəfiqi olan Türkiyənin dronunu vurduğu ilk hadisə kimi təqdim edib.

ABŞ-nin kürd qruplaşmalarına bilavasitə hərbi yardımı isə silah tədarükü ilə yanaşı, özünü birgə hərbi təlimlərin təşkili şəklində də göstərir. Belə təlimlərdən biri dekabrın ilk yarısında keçirilib. Ankaranın bu vəziyyətdən narazılığını milli müdafiə naziri Gülər dilə gətirib. O, Birləşmiş Ştatların PKK yaraqlıları ilə birgə təlim keçirməsinin Ankara üçün qəbuledilməz olduğunu bildirib.

Kürd terrorçuluğu ilə mübarizə Türkiyə arsenalındakı «F-16» təyyarələrinin müasirləşdirilməsini də nəzərdə tutur. Lakin Vaşinqton nəinki onların müasirləşdirilməsinə kömək etməyə tələsmir, Ankaranın bu təyyarələrin yeni modellərinin tədarükü istəyinə də cavab vermir. Yaşar Gülərin sözlərinə görə, iki ölkə təyyarələrin müasirləşdirilməsi və Ankaraya yeni «F-16»ların verilməsinə dair texniki danışıqları başa vurub. Lakin Vaşinqton məsələni Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi ilə əlaqələndirir. Hər halda, Gülər belə deyir.

Bu haqda ABŞ-nin dövlət katibi Entoni Blinken və Dövlət Departamentinin rəsmisi Metyu Miller də danışıblar. Onların sözlərinə görə, Konqresin «bəzi üzvləri» tələb edir ki, «F-16» qırıcılarının tədarükündən əvvəl Türkiyə İsveçin NATO-ya qəbuluna «hə» desin.

Türkiyə ilə ABŞ arasında əsl müttəfiq münasibətlərinin olmasına Amerikanın Ankaraya tətbiq etdiyi sanksiyalar da mane olur. Xatırladaq ki, sanksiyalar Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığına cavab olaraq tətbiq edilib. Odur ki, Ankara davamlı olaraq bu qərarın ləğvini tələb edir. «Müttəfiqləri Türkiyənin qlobal və regional funksiyalarını yaxşı anlamalı, məhdudlaşdırıcı addımlardan dərhal imtina etməlidirlər. Güclü Türkiyə, onun güclü ordusu güclü NATO, terrorçuluqla effektiv mübarizə deməkdir», - deyə Gülər bildirib.

Ankara ilə Vaşinqton arasıdakı soyuqluğun aradan qalxması, şübhəsiz ki, Birləşmiş Ştatların Türkiyəni «güclü müttəfiq» kimi görmək istəyib-istəməməsindən asılı olacaq. Bununla yanaşı, eyni məsələ Türkiyənin Avropa ilə münasibətlərində də aktualdır.

 

Brüsselin səhvi

Aİ Türkiyənin Avropaya inteqrasiya yoluna maneələr qoymağa davam edir. Ankara Avropa İttifaqına üzvlük ərizəsini hələ 1987-ci ildə təqdim etsə də, namizəd statusunu 1999-cu ildə qazanıb. Lakin 2018-ci ilin iyununda tərəflər arasında danışıqlar prosesi dayandırılıb və bundan sonra Ankara rəsmiləri ümumiyyətlə Avropaya inteqrasiyadan imtina edə biləcəklərini dəfələrlə dilə gətiriblər. Prezident Ərdoğan da dəfələrlə deyib ki, Türkiyə kifayət qədər güclü ölkədir və o, Aİ-siz də keçinə bilər.

Lakin 2023-cü il noyabrın sonunda Brüssel Ankaraya Assosiasiya Şurası çərçivəsində dialoqun bərpasını təklif edib. Bununla yanaşı, o, Türkiyənin Avropaya inteqrasiyasına mane olan bir sıra məqamları, eyni zamanda Aİ-nin bununla bağlı gözləntilərini də açıqlayıb. Qurumun xarici məsələlər üzrə ali komissarı Jozep Borrel «Şərqi Aralıq dənizində sabitliyin qorunub saxlanılmasının» vacibliyini, «Rusiyanın Avropa İttifaqının sanksiyalarından yayına bilməməsi», «Kipr üzrə danışıqların bərpasına əlverişli şəraitin yaradılması» üçün Türkiyə ilə Aİ arasında əməkdaşlığın önəmini qeyd edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Avropa Komissiyası Aİ-nin genişlənməsi prosesi üzrə 2023-cü ilə olan vəziyyətə dair məruzə açıqlamışdı. Orada bildirilirdi ki, Türkiyə «Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə razılaşmanın əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qəti addımlar atmalıdır». Maraqlıdır ki, Avropa Parlamentinin 2022-ci il üçün Türkiyənin Avropaya inteqrasiyası prosesilə bağlı vəziyyətdən bəhs olunan hesabatında «Türkiyə hökumətinin kursunda ciddi dəyişikliyin olmadığı» deyilir, «belə şəraitdə Türkiyənin Avropa İttifaqına üzvlüyün prosesinin bərpa olunmasının mümkünsüzlüyü» vurğulanır.

Bu «qiymətləndirmə»dən çıxarılacaq nəticə aydındır: Ankaranın qarşısına daxili siyasətlə bağlı «çatışmazlıqlar» qoyulsa da, onun qəbul edilməməsinin əsas səbəbi xarici siyasətdir. Söhbət, əlbəttə ki, son onilliklərdə Ankaranın dünya arenasında mövqelərini gücləndirməsindən, praktik olaraq, bütün beynəlxalq məsələlərdə davamlı olaraq öz mövqeyini müdafiə etməsindən gedir. Başqa sözlə, Ankaranın bu siyasəti Brüsselin ona öz iradəsini qəbul etdirməsinə imkan vermir. Odur ki, Aİ Türkiyənin quruma üzvlüyünü ləngitmək üçün davamlı olaraq müxtəlif texniki, prosedur bəhanələri tapır. Bunu Aİ-nin dekabrın 14-15-də keçirilən Brüssel sammiti də təsdiqləyib. Toplantıda Avropa liderləri Avropa Komissiyasının Türkiyə ilə bağlı məruzəsinə 2024-cü il martın 21-22-nə planlaşdırılan növbəti sammitində baxmaq qərarına gəliblər. Bu, Ankaranı ciddi şəkildə narazı salıb və bu narazılığı ölkənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Olivyer Vargeyi ilə telefon söhbətində açıq şəkildə dilə gətirib. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Fidan Aİ-nin Ankaraya münasibətdə daha sağlam və ədalətli mövqe tutmalı olduğunu bildirib. O, Avropa Komissiyası və şəxsən Borrel tərəfindən hazırlanmış məruzəyə baxılmasının növbəti sammitə saxlanılmasını yanlış adlandırıb.

Bununla yanaşı, dekabr sammitində Ukrayna və Moldovanın Aİ-yə qəbuluna dair danışıqlara başlanılması, Gürcüstana isə Aİ üzvlüyünə namizəd statusunun verilməsinə dair qərar çıxarılıb. Bundan başqa, Brüssel gələn ilin martında Bosniya və Herseqovinanın ittifaqa qəbulu məsələsinə qayıdılacağını da bəyan edib. Bu qərarlar Brüsselin Ankaraya münasibətdə nə qədər «səmimi» olduğunu bir daha göstərib. Prezident Ərdoğanın da dediyi kimi, «bu ölkələrin heç biri strateji və iqtisadi potensialı ilə Aİ üzvü olmağa layiq Türkiyə deyil». «Amma siyasi maneələr buna imkan vermir», - deyə Ərdoğan qeyd edib.  Dövlət başçısı onu da deyib ki, «Türkiyə Aİ üzvü olmaq meyarlarına hazırda orada olan bəzi ölkələrdən daha çox cavab verir». «Amma bizi illərlə gözlədirlər. Aİ artıq bu yanlışından dönməlidir», - deyə prezident qeyd edib.

Bəs Avropa İttifaqı Türkiyə ilə bağlı «yanlış»ından əl çəkəcəkmi? Sual ritorikdir. Buna rotasiya qaydasına uyğun olaraq, 2024-cü ilin ikinci yarısında quruma Macarıstanın sədrliyə başlaması da kömək etməyə bilər. Doğrudur, Macarıstanla Türkiyə arasında əsl dostluq, müttəfiqlik münasibətləri var və bunu Ərdoğanın Budapeştə son səfəri də təsdiqləyib. Səfər çərçivəsində Ankara ilə Budapeşt arasında prioritet strateji tərəfdaşlığa dair ikitərəfli razılaşma imzalanıb. Macarıstanın baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının iclasının yekununda bildiriblər ki, onlar XXI əsrdə birgə qələbə çalmaq üçün müttəfiqlik münasibətlərini inkişaf etdirmək niyyətindədirlər.

«Türkiyə Macarıstan üçün vacibdir, çünki Türkiyə olmadan Macarıstanın təhlükəsizliyinin təmini mümkün deyil», - deyə Orban bildirib. O, Ankaranın Macarıstana nəql olunan «Rusiya qazının tranzitinə kömək etdiyini» xatırladıb. Bundan başqa, Macarıstanın MVM və Türkiyənin «Botaş» enerji şirkətləri arasındakı razılaşmaya əsasən, 2024-cü ildə Macarıstan bilavasitə Türkiyədə hasil olunacaq qazın da alıcısına çevriləcək.

R.T.Ərdoğan Budapeştdən qayıdarkən bildirib ki, o, Macarıstanın Aİ-yə sədrliyi dövründə qurumla danışıqlarda irəliləyişə nail olunacağına ümidlidir. Türkiyə lideri düşünür ki, həmin vaxt Türkiyənin Aİ-yə üzvlüyü məsələsi «tamamilə fərqli kontekstdə müzakirəyə çıxarıla, bu istiqamətdə yeni addımlar atıla bilər».

Bəs Avropa İttifaqının başçıları Orbanın baş nazirliyi dövründə davamlı olaraq milli maraqların müdafiəsi ilə məşğul olan, nəticədə az qala Aİ daxilində «izqoy»a çevrilmiş Macarıstanın belə «özbaşınalığı»na imkan verəcəklərmi? Bu sualın dəqiq cavabı yalnız 2024-cü ilin sonunda məlum olacaq.



MƏSLƏHƏT GÖR:

93