24 Noyabr 2024

Bazar, 00:29

İKİSİ BİRİNDƏ

Sankt-Peterburq ilin sonunda birdən-birə iki qurumun – Aİİ və MDB-nin sammitlərinə ev sahibliyi edib

Müəllif:

01.01.2024

İlin sonuna yaxın Rusiyanın «şimal paytaxtı»nda keçirilmiş Aİİ və MDB sammitlərini bir çox səbəbdən sıradan hadisə saymaq olmaz. İlk növbədə, ona görə ki, onlar görünməmiş geosiyasi gərginlik və postsovet məkanının ayrı-ayrı dövlətlərinin liderləri arasında münasibətlərin gərgin olaraq qalması fonunda keçirilib. Amma bu şəraitdə belə, toplantılar iştirakçı dövlətlərin əvvəlkitək, dialoqa hədəfləndiklərini, mövcud problemlərin yeganə effektiv həlli kimi məhz onu gördüklərini təsdiqləyib.

 

Yeni formal sədr

Dekabrın 25-də Sankt-Peterburqda Avropa İqtisadi İttifaqının (Aİİ) növbəti sammiti olub. Sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan da daxil olmaqla, qurumda təmsil olunan bütün dövlətlərin rəhbərləri iştirak edib. Xatırladaq ki, Paşinyan son aylar Rusiya nümayəndələrinin iştirakı ilə təşkil olunan bütün tədbirlərə birmənalı şəkildə etinasız yanaşır, onlara qatılmırdı.

Bu dəfə fərqli olub və baş nazir öz «ənənə»sini pozmaq qərarına gəlib. Məsələ ondadır ki, 2024-cü ildə Aİİ-yə sədrlik İrəvana keçir. Üstəlik, sammitdə İranla Aİİ arasında azad ticarətə dair razılaşma paraflanıb, Ermənistan isə məlum olduğu kimi, qurumun İranla quru sərhədinə malik yeganə üzvüdür. 2019-cu ildən qüvvədə olan «müvəqqəti» azad ticarət zonasından fərqli olaraq, indi rüsum güzəştləri bütün sahələrdə 90% təşkil edəcək, Aİİ ölkələrindən tədarük olunan malların 99%-nə şamil olunacaq.

Rusiya və İrandan fərqli olaraq, Ermənistana sanksiyalar tətbiq edilmədiyindən, bu azad ticarət zonasında malların hərəkəti İrəvana ermənilərin sevimli sözü ilə ifadə etsək, «Aİİ ilə İran arasında körpü» kimi, müəyyən üstünlüklər qazandırır. Bundan başqa, bu, həm də mal və xidmətlərin yenidən bölüşdürülməsi üçün rahat məkandır. Söhbət xüsusilə adları sanksiyalar siyahısında olan mal və xidmətlərdən gedir.

Ermənistanla İran arasında ticarət dövriyyəsi 2022-ci ildə bir il əvvəllə müqayisədə 41% artaraq, ilk dəfə 700 milyon dolları ötüb. Ermənistanla Rusiya arasında bu göstərici 2022-ci ildə 5 milyard dollar, 2023-cü ilin ilk 10 ayında isə ötənilki rekordu yeniləyərək, 5,4 milyard dollar təşkil edib. Bu, bir il əvvəlin analoji dövrü ilə müqayisədə 40,8% çoxdur. Rəqəmin artması əsasən sanksiyalar altında olan malların tədarükü ilə bağlıdır. Bəli, məhz Ermənistan məhz təkrar ixracdan ciddi gəlir əldə edir. Yeni vəziyyət isə ona nəinki xarici ticarəti, həm də təkrar ixracı əhəmiyyətli dərəcədə artırmaq imkanı yaradacaq ki, bu da iqtisadi göstəricilərin yaxşılaşdırılmasına kömək edəcək.

Bütün bunlarla yanaşı, qərbli tərəfdaşlarının qəzəbindən ehtiyatlanan Nikol Paşinyan Sankt-Peterburqdakı çıxışında xüsusi vurğulayıb ki, «Aİİ-də siyasi və geosiyasi gündəm olmamalıdır». Aydındır ki, o, bu fikri söyləməklə demək istəyir ki, Rusiya ilə yalnız faydalı iqtisadi layihələrin icrası üçün birlikdədir. Bundan başqa, Paşinyan deyib ki, Ermənistan «Avrasiyanın inteqrasiyasının siyasiləşdirilməsinə edilən bütün cəhdlərin qarşısını almağa çalışır». Bu cəhdlər dünyada Rusiya ilə assosiasiya olunduğundan, Paşinyanın sözləri İrəvanın Aİİ-yə sədrliyi dövründə təşkilatın «siyasiləşməsi» ilə mübarizə aparılacağına eyham kimi də qiymətləndirilə bilər.

 

Aİİ ilə Aİ arasında

Aİİ əsasında iştirakçı ölkələrin ümumi mal və xidmət bazarı yaratması yolu ilə iqtisadi inteqrasiyasını nəzərdə tutan iqtisadi strukturdur. Qurumun tərəflərə müəyyən səlahiyyətlərin tanındığı idarəetmə orqanları var. Şərti desək, Aİİ iştirakçılarının sadəcə öz aralarında alqı-satqı əməliyyatları həyata keçirməklə, bunu başa vurduqdan sonra isə dağılışmaqla kifayətləndikləri bazar deyil. Bütün bənzər strukturlarda olduğu kimi, burada da tərəflər arasında, həmçinin onlarla xarici bazarlar arasında münasibətləri tənzimləyən qaydalar və prinsiplər var. Aİİ çərçivəsində qəbul olunmuş vacib sənədlərdən biri qurumun gömrük kodeksidir. Bu isə artıq özünəməxsus siyasi öhdəliklər deməkdir. Beləliklə, Paşinyanın Aİİ-də iştirakını sadəcə «azad ticarətin şərtlərinə əməl etmək» zərurəti kimi təqdim etməsi, bunun onda hər hansı öhdəlik yaratmadığını deməsi ən azı, inandırıcı deyil.

Nikol Paşinyan Avropa Parlamentinin Strasburqda hələ oktyabrda keçirilən plenar iclasındakı çıxışı zamanı İrəvanın Aİ ilə əməkdaşlığa hazır olduğunu, onunla Brüsselin mümkün saydığı qədər yaxın ola biləcəklərini söyləmişdi. Bununla yanaşı, Ermənistanla Aİ arasında əməkdaşlığın hədləri onların aralarındakı razılaşmaların çərçivəsi ilə müəyyənləşir. Beləliklə, İrəvan Aİ ilə ona üzvlüyə iddialı ölkələrdən daha yaxın ola bilməz, çünki onların başqa inteqrasiya birlikləri qarşısında hər hansı öhdəlikləri yoxdur. Misal kimi, MDB-də yer almağı Aİ-nin tamhüquqlu üzvünə çevrilməyə dəyişmiş Moldovanı göstərmək olar. Ermənistan isə nəinki Aİ üzvlüyünə rəsmi iddiaçı deyil, o, Aİİ və ya MDB sıralarını tərk etmək planının olduğuna eyham belə, vurmur. Onun liderləri durmadan Avropa ilə yaxınlıqdan danışsa da, postsovet məkanındakı birliklərdə inteqrasiya templərini azaltmır. 25 dekabr sammitində qəbul olunmuş yekun bəyannamə bunun aşkar sübutudur. Qurumun 2030-cu ilə, daha sonra isə 2045-ci ilədək inkişaf yolunu özündə əks etdirən sənəddə 6 istiqamət var. Orada söhbət hazırkı mal və xidmətlər bazarından tutmuş, «Aİİ-nin beynəlxalq arenada iqtisadi dünyanın bir qütbünə çevrilməsi»nədək bir sıra məqamlar yer alıb.

Beləliklə, İrəvan dəqiq zaman və institusional parametrləri olan Aİİ üzvləri – Rusiya və digərləri ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.

 

Zorən «dostlar»

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüşünə gəlincə, Rusiya tərəfi belə görüşün planlaşdırılmadığını, sammitin kluarlarında iki liderin qarşı-qarşıya gələ biləcəklərini deyirdilər. Bu sözləri diplomatik dildən adi dilə tərcümə etsək, Rusiya tərəfinin Paşinyanla xüsusi görüşə hazırlaşmadığı, güman ki, buna ehtiyac duymadığı aydın olur. Demək, iki liderin münasibətlərində böhran davam edir.

Ermənistanın Roma statutunu ratifikasiya etməsindən sonra Paşinyan MDB-nin Bişkek toplantısına qatılmaqdan nümayişkaranə şəkildə imtina etmişdi. Lakin Rusiya lideri onunla yaxın zamanlarda görüşəcəklərini istisna etmirdi. Nəhayət, görüş baş tutub. Vəziyyət Ermənistanın baş nazirini Rusiyanın «şimal paytaxtı»na yollanmağa vadar edib və Putin İrəvanın Moskvadan nə qədər asılı olduğunu göstərmək üçün bu imkanı qaçırmayıb. İki lider arasında şəxsi ünsiyyətə gəlincə, yalnız o məlumdur ki, Putin Paşinyanla Pyotr və Pavel kafedralında gəzinti zamanı söhbətləşib. Kreml rəhbərinin bu zaman Ermənistanın əməllərindən narazılığını dilə gətirib-gətirmədiyi məlum deyil. Əvəzində, Belarus lideri daha sərt danışıb. O, Qərb dövlətlərinin Ermənistana hansısa köməyi edə biləcəklərinə skeptik yanaşdığını deyib ki, bu zaman, güman ki, həm də rusiyalı həmkarının fikrini dilə gətirib.

«Onlara kim kömək edəcək? Avropa, Fransa sanki nəsə etməyə çalışır. Bəs siz Fransanın özündə nələrin yaşandığını görmürsünüz? Onlar əvvəlcə öz dərdlərinə çarə tapsınlar, Qafqaza sonra soxularlar. Heç öz problemlərini həll edə bilmirlər. Bunu ermənilər də görür», - deyə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

 

MDB-nin perspektivləri

Sammit günlərində ictimaiyyətin diqqətini Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında kluarlarda baş tutan ünsiyyət də cəlb edib. Bu ünsiyyətdən ciddi nəticə gözlənilmirdi. Bununla yanaşı, son yarım ildə iki lider arasında ilk ünsiyyətin baş tutması yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə dinamika qazandıra biləcək müsbət siqnal kimi qiymətləndirilib.

Əliyev-Paşinyan görüşünü Kreml də müsbət qiymətləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Bakı ilə İrəvana sülh müqaviləsi üzərində işlərin tamamlanmasında yardım göstərməyə hazırdır. Güman ki, Rusiya paytaxtında sözügedən sülh müqaviləsinin Moskvada imzalanacağını gözləyirlər. Amma yaranmış vəziyyətdə sənədin hər hansı neytral meydanda imzalanmasına da xüsusi etiraz olmaz.

Ümumilikdə MDB sammitində beynəlxalq məsələlər və dünyada baş verən proseslərin, ilk növbədə, Rusiya-Qərb qarşıdurmasının Birlik üzvlərinə təsiri müzakirə edilib. Bu rəqabət özünü Cənubi Qafqazda da aşkar şəkildə göstərir. Söhbət, ilk növbədə, regionla bağlı danışıqlarda əsas moderator rolu uğrunda davam edən mübarizədən gedir.

İndiki mərhələdə Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin son variantının müəyyənləşdirilməsində vasitəçi olmaq istəyir. Bununla yanaşı, məlumdur ki, Azərbaycan və Ermənistan XİN başçıları sülh razılaşması mətninin «siluet»inə son ştrixləri qoymaq üçün Vaşinqtonda bir araya gələcəklər. Moskva buna mane ola bilməz. Lakin MDB sammiti Rusiya Prezidentinin azərbaycanlı və ermənistanlı həmkarları ilə bu proseslə, həmçinin ümumilikdə tərəflərin maraqları ilə bağlı fikir mübadiləsi aparması üçün yaxşı imkan olub.

Ümumi gündəliyə gəlincə, məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi davam edir, bununla yanaşı, Qərbin Rusiyaya sanksiyaları getdikcə sərtləşdirilir. Belə bir vəziyyətdə Moskva Birlik üzvləri ilə sıx əlaqələrin qorunub saxlanmasında maraqlıdır. İndi onun üçün sözün əsl mənasında xaricə dəhliz rolunu məhz bu ölkələr oynayır. Sammit ərəfəsində Moldovanın MDB sıralarını tərk etmək niyyətini rəsmən bəyan etdiyini nəzərə alsaq, qurumun həyatında Asiya mövzusu xüsusi yer tutur. Rusiya üçün bu, o deməkdir ki, indi onun Şərqə doğru yönəlmək strategiyası MDB-nin timsalında institusional əsasa da malikdir. Bunun Birlikdə özünü hansı formada göstərəcəyi isə yaxın gələcəkdə məlum olacaq.



MƏSLƏHƏT GÖR:

92