Müəllif: NURANİ
2023-cü il dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun 1/8 final qarşılaşması keçirilib. İşğaldan azad olunmuş Xankəndidə təşkil olunmuş oyunda «Qarabağ» ilə Azərbaycan Ordusunun MOİK klubu qarşılaşıb. Matç dörd il əvvəl Nikol Paşinyanın «panerməni oyunları»nın açılışını edərək, tribunadan «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatı verdiyi həmin stadionda oynanıb. Jirayr Libaridyan səviyyəli erməni ekspertlərin də etiraf etdiyi kimi, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə son nöqtəni Paşinyanın məhz bu bəyanatı qoymuş, Qarabağda müharibəni məhz bu bəyanat qaçılmaz etmişdi. Söhbət Ermənistanın məğlub olduğu, üstəlik, iki dəfə uduzduğu müharibədən gedir!
Azad olunmuş Xankəndidə matçın oynandığı stadionda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri «Qarabağ Ermənistandır və nöqtə» demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik».
2023-cü il şübhəsiz ki, tarixə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi il kimi düşəcək. Xankəndidəki qeyri-qanuni xunta fəaliyyətinə son qoyub və 8 noyabr – Zəfər Günündə şəhərin əsas meydanında Azərbaycanın hərbi paradı keçirilib.
Baş verənlər fonunda diplomatik meydanda da yeni danışıqlar mexanizmi yaranıb – münaqişəni çözməkdənsə, tərəflərə davamlı olaraq «münaqişə ilə oynamaq» imkanı yaradacaq həll variantını qəbul etdirməyə çalışan vasitəçilərsiz, birbaşa! Yəqin ki, İkinci Dünya müharibəsindən bu yana heç kim təcavüzə bu qədər gözəl və aşkar nöqtə qoya bilməmişdi.
Bu gün artıq diplomatik, siyasi və hərbi gedişləri böyük məharətlə birləşdirmiş Azərbaycan Prezidentinin sözün əsl mənasında qrossmeyster partiyasını izləmək olar. Onun məşhur «Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik» fikri bir daha öz təsdiqini tapıb.
Paşinyanla Arutunyanın həlledici səhvi
Qarabağda yenidən hərbi yola əl atılmasına səbəb olmuş dönüş nöqtəsini dəqiq müəyyənləşdirmək asan deyil. 44 günlük müharibə Ermənistanın ağır hərbi-siyasi məğlubiyyəti ilə bitmişdi. Sağlam düşünə bilən analitiklər hələ o zaman xəbərdarlıq edirdilər ki, Xankəndidəki separatizm layihəsinə son qoymağın vaxtıdır. Başqa sözlə, onun reallaşdırılması şansı qalmamışdı. Ermənistan rəhbərliyi isə Azərbaycanla razılaşmaq imkanlarını bir-birinin ardınca əldən verirdi. 2020-ci ilin payızından sonra Qarabağ ermənilərinin dinc reinteqrasiyası şansı da qaçırılmışdı. Qarşı tərəf Xankəndidə işğalçı rejimin strukturlarının fəaliyyətini davam etdirmək üçün əlindən gələni edirdi. Ən əsası və təhlükəlisi isə Ermənistan Silahlı Qüvvələrinin 10 minlik hissəsinin hələ də Qarabağda qalması idi. İrəvanın Qarabağda nə boyda qüvvə saxladığı ictimaiyyətə 2023-cü ilin sentyabrında məlum olub. Söhbət yüzdən artıq tank və digər zirehli texnikadan, o cümlədən raket yaylım atəşi sistemlərindən, onlarla radioelektron mübarizə vasitəsidən və 200-dən artıq minomyot kompleksindən gedirmiş. Bu, təbii ki, sadəcə «unudulmuş», yaxud «itirilmiş» silah həcmi deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, 44 günlük savaşdan sonra Ermənistanın özü ciddi silah və zirehli texnika çatışmazlığı yaşayırdı. Demək, İrəvan hər şeyə rəğmən, hərbi revanşa hazırlaşırmış. Azərbaycan isə öz növbəsində, dünya birliyinin diqqətini davamlı olaraq Laçın yolu ilə silah-sursat, mina daşınmasına çəkir, bunun bütün qayda və öhdəliklərə zidd olduğunu bildirirdi. Qarabağa Ermənistandan çağırışçıların göndərilməsi də davam edirdi…
Azərbaycan halqanı qapayır, yaxud olmayan blokada
Belə bir vəziyyətdə Azərbaycanın Laçın yolunun «açıq qapı rejimi»ndə fəaliyyət göstərməsinə sonsuzadək dözməyəcəyi gözlənilən idi. Laçın-Şuşa yolunda vətəndaş cəmiyyəti fəallarının piketi hələ 2022-ci ilin sonunda başlamış və ona məşhur təxribatçı oliqarx Ruben Vardanyanın «Qızılbulaq» və «Dəmirli» qızıl mədənlərinin istismarını bərpa etməsi səbəb olmuşdu. Belə bir vəziyyətdə Azərbaycan 2023-cü il aprelin 23-də növbəti addımı ataraq, Laçında, Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi yaratmışdı. Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan bu yana ilk dəfə bütün dövlət sərhədini tam nəzarətə götürmüşdü. Bu, separatçılar və İrəvan tərəfindən «blokada» kimi qiymətləndirilmiş, o vaxt özünü «Dağlıq Qarabağ prezidenti» kimi təqdim edən Araik Arutunyan «humanitar fəlakət»dən, mifik «aclıq»dan və s. danışmağa başlamışdı.
Halbuki Azərbaycan tərəfi humanitar və mülki yüklərin daşınmasına hər hansı maneə yaratmırdı. Bakının yalnız bir tələbi var idi: yüklər müvafiq qaydada rəsmiləşdirilməlidir. Yəni əvvəllər bu daşımalar zamanı yüklərə dair sənədlərdə «təyinat yeri – Xankəndi, DQR» yazılırdısa, indi o, «Xankəndi, Azərbaycan Respublikası» ilə əvəzlənməlidir. Yox, əgər ermənistanlı və xankəndili tacirlər sənədləri qaydaya salmaq istəmirlərsə, bunun adı «blokada» yox, başqa şeydir.
Buna baxmayaraq, ermənilər və havadarları «blokada» mövzusunu durmadan şişirdir, sosial şəbəkələrdə «boş piştaxtalar»ın şəkilləri paylaşılırdı, halbuki, kadrlarda ayrı-ayrı piştaxtaların arxasında, döşəmədə ərzaqla dolu qutuların olduğu da görünürdü. Üstəlik, elə həmin sosial şəbəkələrdə yerli restoranlarda təşkil olunan ziyafətlərdən videolar, fotolar və s. yayımlanırdı. Amma bunlar təxribatçıların vecinə deyildi. Ermənistandan Qarabağa göndərilən «humanitar yardım karvanı» isə «Laçın» sərhəd-buraxılış məntəqəsindən keçmək istəmirdi. Aradan Ermənistanın Fransadan olan dostlarının göndərdiyi, qarşısında Paris meri Ann İdalqonun poz verərək şəkil çəkdirdiyi yardım maşınları da görünürdü. Amma onlar niyəsə Qarabağa getmək üçün Azərbaycan sərhədçilərinə müvafiq sənədləri təqdim etməyi düşünmürdülər.
Ermənistanın «Qarabağın blokadası» haqda mifin beynəlxalq arenaya çıxarılması cəhdləri pik nöqtəsinə 2023-cü ilin avqustunda, İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının xüsusi iclasının çağırılması ilə çatıb. Lakin toplantı erməni diplomatiyası üçün biabırçılıqla bitib. Azərbaycanın qurumdakı daimi nümayəndəsi Yaşar Əliyev iclas iştirakçılarına Xankəndidəki restoranlarda keçirilən ziyafətlərin, restoran reklamlarının və s. sosial şəbəkələrdə yayılmış şəkillərini təqdim edib.
Bunun ardınca Bakı növbəti güclü gedişini edib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağa unla dolu yük maşınlarından ibarət karvan göndərib. Daha bir belə yük maşını isə Rusiya Qızıl Aypara Cəmiyyətindən Azərbaycana gəlib. Lakin elə həmin Vardanyanın təhriki ilə separatçılar Rusiya sülhməramlılarının postu yaxınlığında piketə başlayaraq, Ağdam yolu ilə gətirilən heç bir yardımı qəbul etməyəcəklərini bildiriblər.
Beləliklə, «blokada» hekayəsi tam iflasa uğrayıb. Əgər Xankəndidə aclıq, humanitar fəlakət hökm sürürsə, yardımdan imtina etmək, ərzaq gətirən maşınların qarşısını kəsmək nəyə gərəkdir? Yalnız ona görə ki, bu yük maşınları başqa yol ilə hərəkət edir? Bəli, Rusiya və Azərbaycanın yük maşınları Bərdədə «ilişib qalmış»dı, böhran davam edirdi. Zaman keçdikcə «blokada» haqda danışmaq daha da çətinləşir, ortaya arqument qoymaq olmurdu.
Siyasi təxribatdan terrora
Vəziyyət sentyabrda tam dəyişib. Əvvəlcə Nikol Paşinyan «Dağlıq Qarabağın müstəqillik günü» şərəfinə xüsusi müraciətlə çıxış edib və bu, Bakı tərəfindən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair razılaşmadan imtinası kimi qiymətləndirilib. Daha sonra Araik Arutunyan «Dağlıq Qarabağ prezidenti» postundan istefa verib və Xankəndidə «yeni prezident seçkisi» adlı tamaşa oynanıb. Bakı isə bunu təbii olaraq, açıq təxribat kimi qəbul edib.
Bu da son deyil. Bir müddət sonra Füzuli-Şuşa yolunda tank əleyhinə minanın işə düşməsi nəticəsində «Azəravtoyol»u niki əməkdaşı həlak olub, ardınca baş vermiş daha bir anoloji partlayış isə 4 azərbaycanlı polis əməkdaşının həyatına son qoyub. Azərbaycan tərəfi bəyan edib ki, partlayışların baş verdiyi yol minalardan tam təmizlənibmiş. Demək, işə düşmüş minalar oraya erməni diversiya qrupları tərəfindən sonradan quraşdırılıbmış.
Nəhayət, bu hadisədən bir neçə saat sonra Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verib. Hər halda, Bakı ölkə ərazisində «terrorçu yuvası»nın qalması ilə barışa bilməzdi. Antiterror tədbirləri 24 saatdan da az çəkib və qanunsuz xunta təslim olub. Ermənistan himayədarlarının köməyi ilə növbəti dəfə «BMT TŞ-nin xüsusi iclası»nı çağırıb, lakin bu toplantı da erməni diplomatiyası üçün biabırçılıqla bitib. Birincisi, diplomatik isteriya vaxtı hərbi əməliyyatlar artıq başa çatmışdı. İkincisi, bəlkə də BMT tarixində ilk dəfə olaraq, bir xarici işlər nazirinin (Ermənistanın XİN başçısı Ararat Mirzoyanın) yalanı tutulurdu, üstəlik, o, bu yalanı öz hökumətinin başçısı Nikol Paşinyana istinadla söyləyirdi.
Erməni incikliyinin bədəli
Sonrakı hadisələr hər kəsə yaxşı məlumdur. İkinci hərbi darmadağından sonra Ermənistan hökuməti Rusiyadan incidiyini nümayiş etdirməyə, Qərbdə havadar axtarmağa başlayıb. Bəs bu, İrəvana dividend gətiribmi? Sualın cavabı açıq qalır. Qərb, xüsusilə də Paris Qarabağ ermənilərinin taleyindən «ciddi narahatlıq» ifadə edir, «Ermənistanın yanında olacağı» vədini verir, reallıqda isə İrəvan hər hansı dəstək görmür.
Nəhayət, 2023-cü ilin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçirilən sammitinin kluarlarında qeyri-formal şəkildə bir araya gəliblər. Paşinyanın mətbuat xidmətinin məlumatına görə, onlar sülh gündəliyini müzakirə ediblər. Görüşün qeyri-formal xarakter daşıması birgə bəyanat səviyyəsində belə, sənədin imzalanmasını istisna edirdi. Lakin dialoqun davam etməsi faktının özü nikbinlik üçün əsasdır.
Odur ki, indi İrəvanın iki yolu var: ya Azərbaycanın şərtləri əsasında sülh müqaviləsinin imzalanması, ya da… revanşist xülyalara uyaraq, növbəti güc ssenarisi ilə getmək və bir daha məğlub olmaq.
MƏSLƏHƏT GÖR: