23 Noyabr 2024

Şənbə, 18:56

İSLAHAT DALĞASI

Mərkəzi Bankın qanunvericilik islahatları və mikromaliyyə bazarının stimullaşdırılması bank olmayan kredit təşkilatlarının inkişafına yardım göstərir

Müəllif:

15.01.2024

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən hazırlanmış maliyyə sektorunun inkişaf strategiyasının prioritetlərinə əsasən regionlarda kiçik və mikro biznes üçün kreditləşmə şərtlərinin sadələşdirilməsi və maliyyələşdirmə həcminin artırılması daxildir. Mikro biznesin maliyyələşdirilməsində diqqətin bank olmayan kredit təşkilatlarına (BOKT) yönəldilməsi planlaşdırılır. AMB son zamanlar BOKT-un inkişafına böyük diqqət yetirir. Bu gün ölkədə 54 BOKT var: onların aktivləri son beş ildə 2 dəfə, kredit portfelinin həcmi isə 25% artıb. Bakıda keçirilən “Nailiyyətlər və çağırışlar” mövzusunda Azərbaycan Maliyyə Forumunda mikromaliyyə bazarının inkişafı müzakirə olunub.

 

Kredit tarixçəsi

Ötən il AMB mütəxəssisləri beynəlxalq məsləhətçilər ilə birlikdə kapital bazarının, ödəniş sistemlərinin təkmilləşdirilməsi, maliyyə bazarının bütün seqmentlərinin rəqəmsallaşdırılması istiqamətində işlər aparıblar. Mərkəzi Bankın hazırladığı maliyyə sektorunun inkişaf strategiyasına uyğun olaraq, altsektorların hər biri - bank, sığorta, kapital bazarları və ödəniş sistemləri, həmçinin mikromaliyyə sahələri üzrə ayrıca sənədlər hazırlanacaq. Təbii ki, bu sahələrin hər biri eyni əhəmiyyətə malik deyil. Mərkəzi Bankın sədri Taleh Kazımovun qeyd etdiyi kimi, bu gün Azərbaycanın maliyyə sektorunun aktivlərinin 96%-i bankların, qalan 4%-i isə sığorta və investisiya şirkətləri və bank olmayan kredit təşkilatlarının payına düşür.

Kredit strukturlarının problemlərinin həlli, onların iqtisadiyyatın real sektorunda, xüsusilə periferik rayonlarda və kənd yerlərində fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığının gücləndirilməsi, təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi yeni strategiyanın ən mühüm prioritetləridir.

Sahibkarlıq subyektlərinin maliyyə və bank xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması uzunmüddətli vəzifədir. Etiraf etməliyik ki, hazırda bank sektoru sahibkarların əsas donoruna çevrilə bilməyib. Buna kredit resurslarına çıxışın çətinliyi, yüksək faiz dərəcələri, girov problemi və s. maneə yaradır. Banklar hələ də kreditlər üzrə yüksək faiz dərəcələrini saxlayırlar və bu da iqtisadiyyatın real sektorunun, xüsusən də aqrar sektorun inkişafının maliyyələşdirilməsinin əhəmiyyətli (bankların fikrincə) riskləri ilə bağlıdır. Likvid girovun olmaması və kiçik təsərrüfatların sığorta təminatının zəif olması isə bankların kənd yerlərindəki istehsalçıların və kiçik və mikro sahibkarlığın digər sahələrinin maliyyələşdirilməsində iştirakının genişləndirilməsinə kömək etmir. Nəticədə, hazırda banklar tərəfindən verilən bütün kreditlərin dörddə üçündən çoxu Bakının payına düşür.

 

20 ildə dörd milyard

Bəs orta və hətta uzunmüddətli perspektivdə optimal həll yolu nədir? Aparıcı beynəlxalq maliyyə təşkilatları hesab edir ki, kiçik biznesin kapitallaşdırılmasının ən effektiv üsullarından biri mikromaliyyənin gələcək inkişafı ola bilər. Əslində bizim bu sahədə kifayət qədər təcrübəmiz var. 1990-cı illərin ortalarından başlayaraq, əsasən kənd təsərrüfatı rayonlarında fəaliyyət göstərən onlarla BOKT və kredit ittifaqları KOB-ların və mikro biznesin maliyyələşdirilməsində effektiv alətə çevrilə biliblər. Beynəlxalq maliyyə təşkilatları bir çox mikromaliyyə strukturlarının təsisçisi və donoru kimi çıxış etmiş, onlara güzəştli likvidlik təqdim etmiş, texniki proqramlar çərçivəsində onlara dəstək olmuş, həmçinin institusional inkişafda təcrübə mübadiləsi aparmışlar. Nəticədə 20 il ərzində BOKT və analoji strukturlar KOB-lara 4 milyard manatdan çox mikrokreditlər ayıra biliblər. Bu, təəccüblü deyil, çünki banklardan fərqli olaraq, onlar mürəkkəb prudensial qaydalarla məhdudlaşmır. Onlar girov olmadan mikrokreditlər verə bilər. Üstəlik, bununla bağlı əməliyyat müqayisə olunmayacaq dərəcədə sadədir - borcalanlardan uzun kredit tarixçəsi tələb olunmur və s.

Təəssüf ki, 2014-2017-ci illərdə qlobal enerji böhranı zamanı yerli mikromaliyyə sektoru xeyli zərər görüb. Devalvasiya, silsilə iflaslar və ölkənin iqtisadi inkişafının ləngiməsi BOKT-ların fəaliyyətinə ciddi ziyan vurub. Ölkənin xarici valyutada olan kreditlərə tələbatı xeyli azalıb. Əksər mikromaliyyə obyektlərinin xarici donorlarla əlaqəsini nəzərə alsaq, bu seqmentdə xarici valyutada kreditlərin həcmi kifayət qədər yüksəkdir. Nəticədə, belə strukturların sayı 3 dəfə, kredit portfeli, eləcə də borcalanların sayı 2 dəfədən çox azalıb.

Amma son bir neçə ildə mikromaliyyə sferası yenidən dayanıqlı artım göstərib. Bu, bir çox cəhətdən Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Onlar KOB-ların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün mikromaliyyənin (xüsusilə bölgələrdə) əhatə dairəsini genişləndirməyi hədəfləyirlər. Eyni zamanda mikrobiznes üçün BOKT-lardan kreditlər hər zaman səmərəli olmayan bank sistemi fonunda çox vaxt yeganə rəqabətli alternativdir. Dünya Bankının son araşdırmalarına görə, yerli kiçik şirkətlərin yalnız 9%-i sistematik olaraq bank kreditlərindən istifadə edir. Mikromaliyyə bazarına dövlət dəstəyi KOB-ların və fərdi sahibkarlığın inkişafının mühüm tərkib hissəsidir. Fərdi sahibkarlığın inkişafı hökumətin strateji hədəfidir. KOB və mikro-biznes bütün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 97%-dən çoxunu təşkil edir, bu sektorun Azərbaycanın əmək qabiliyyətli əhalisinin təxminən yarısını işlə təmin edir.

 

Qeyri-bank sahəsi ilə bağlı yeniliklər

Sadalanan faktlar mikromaliyyə bazarının inkişafının uzun müddət ərzində ölkənin maliyyə tənzimləyicisinin və digər aidiyyəti dövlət qurumlarının diqqət mərkəzində qalacağını göstərir. Xüsusilə, son vaxtlar AMB yeni mikromaliyyə strukturlarının fəaliyyəti üçün lisenziyaların verilməsi prosesini sürətləndirib, onların sayı artıq 54-ə çatıb. Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan keçmiş daha 4 bank olmayan kredit təşkilatının 2024-cü ildə lisenziya alacağı gözlənilir.

BOKT-lar  isə nizamnamə kapitallarını artırır, istiqrazları Bakı Fond Birjasının hərraclarında yerləşdirir və 2023-cü ildə qəbul edilmiş qanunvericiliyə edilən dəyişikliklər onlara kredit kartlarının emissiyası hüququ verib. Keçən il “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsindən sonra da bu sahədə yeniliklər edilib. Məsələn, bundan sonra BOKT-lar ödəniş vasitəçiliyi xidmətləri göstərə biləcək. Son vaxtlara qədər yalnız banklar və milli poçt operatoru belə hüquqa malik idi. BOKT seqmenti üçün yeniliklər arasında onların maliyyə sabitliyini artırmaq üçün prudensial tələblərdə dəyişiklikləri qeyd etmək lazımdır. Mikromaliyyə subyektləri üçün kredit riskinin maksimum məbləği, həmçinin kapitalın minimum məbləği, öhdəliklərin kapitala nisbəti və s. müəyyən edilib. Bundan başqa, qanunvericilik dəyişiklikləri BOKT-ların nizamnamə (səhm) kapitalında əhəmiyyətli iştirak payının əldə edilməsi qaydasını müəyyənləşdirib. Bütün bunlar mikromaliyyə təşkilatlarının kapitallaşmasını genişləndirməyə, investorları cəlb etməyə və son nəticədə çox ehtiyac duyulan güzəştli maliyyə mənbələrinə çıxışı asanlaşdırmağa yardım göstərir.

Aydındır ki, əlverişli bazar şəraiti, normativ-hüquqi bazanın optimallaşdırılması və tənzimləyicinin dəstəyi mikromaliyyə sektorunun sürətli inkişafına yardım edir. “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyevanın vurğuladığı kimi, “BOKT-lar haqqında qanunda edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə özünəməşğul əhali qrupunun və mikrosahibkarların sosial-iqtisadi vəziyyəti yaxşılaşacaq.

Onun sözlərinə görə, dövlət özünüməşğulluğu və sahibkarlığı dəstəkləməklə bu sektorda çalışan şəxslərə verilən sosial müavinətlarla bağlı yükünü azaldır, bank xidmətlərindən kənarda qalan əhali qrupuna maliyyəyə çıxışı yaradır: “Sektorun özünə gəlincə isə bu il kredit portfelində 25%, işçilərin sayında isə 10% artım olub”.

“2023-cü ilin üçüncü rübünün yekunlarına görə, Azərbaycanın bank olmayan kredit təşkilatlarının aktivləri 2 dəfə artaraq 682 milyon manata çatıb. Mikrokredit strukturlarının aktivlərinin təxminən 80%-i kreditlərdir. Belə ki, ötən ilin üç rübü ərzində müştərilərə verilən kreditlərin həcmi yarım milyard manatı ötüb və bu da 2019-cu ilin müvafiq göstəricilərindən 2 dəfə çoxdur”, - AMFA İdarə Heyətinin sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda bildirib. Mikromaliyyə sektorunun səmərəliliyindən danışan AMFA rəhbəri BOKT-lar vasitəsilə vergi ödənişlərinin artmasını da qeyd edib. Belə ki, 2023-cü ilin 9 ayı ərzində onların həcmi 10,7 milyon manat təşkil edib.

2024-cü ildə və sonrakı illərdə mikromaliyyə sektorunun perspektivləri kontekstində üçillik müddətə nəzərdə tutulan Maliyyə Sektorunun İnkişafı Strategiyasının digər müddəalarının həyata keçirilməsi də qeyd edilməlidir. Digər məsələlərlə yanaşı, bu sənəd alternativ pul alətlərindən istifadə edilməsinə istiqamətlənib. Buraya fintexlərin kütləvi istifadəsi və müxtəlif ödəniş sistemlərinə çıxışın genişləndirilməsi üçün respublikada “OpenBanking” platformasının tətbiqi daxildir.

“Bu gün biz rəqəmsal maliyyə xidmətlərinin inkişafı, süni intellektin fəaliyyət dairəsini genişləndirdiyi dövrdə yaşayırıq. İnternet və mobil cihazlardan istifadənin artması kredit büroları və asan maliyyələşdirmə platformaları daxil olmaqla, çoxlu sayda platformanın yaranmasına səbəb olub. Banklar və BOKT-lar rəqəmsal texnologiyalar sahəsində innovasiyalar və nailiyyətlərlə fəal maraqlanır və əminik ki, bu məsələ gələcəkdə ən vacib məsələlərdən birinə çevriləcək”, - C.Əliyev qeyd edib.

AMB və AMFA üçün digər perspektivli məqsəd BOKT-ların aşağı faizli likvidliyə olan ehtiyaclarını – əsasən milli valyutada – ödəməkdir. BOKT-ların “uzun və ucuz” kredit xətlərinə (o cümlədən beynəlxalq maliyyə təşkilatlarının resurslarına) çıxışı isə KOB subyektləri və mikro-biznesdən borc vəsaitlərinə artan bazar tələbatının davamlı şəkildə ödənilməsi üçün ən mühüm şərtdir.


MƏSLƏHƏT GÖR:

101