Müəllif: T. ANSARİ
Azərbaycanda diplomatik korpuslara aid avtomobillərin dövlət nömrə nişanları «diplomatiya tarixi»ni, daha dəqiqi, xarici ölkələrin Azərbaycanda səfirliklərinin açılması xronologiyasını əks etdirir. Bakıda ilk olaraq Türkiyə səfirliyi açılıb və müvafiq olaraq, bu səfirliyin avtomobillərinin nömrəsi 001 ilə başlayır.
Çoxları bilməsə də, bu sırada ikinci Fransadır. Bu gün Bakı ilə münasibətlərinin səviyyəsi sıfırdan da aşağı olan Fransa.
Əslində, hər şey çox yaxşı başlamışdı…
Azərbaycan-Fransa münasibətlərinin tarixi çox müsbət, ümidverici idi. 1993-cü ildə Beşinci respublikanın ovaxtkı rəhbəri Fransua Mitteranın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev Fransaya rəsmi səfər etmiş, 1997-ci ildə isə daha bir belə səfər bu dəfə Jak Şirakın dəvəti ilə baş tutmuşdu.
2004-cü ilin yanvarında bu dəfə Fransaya rəsmi səfərlə Prezident İlham Əliyev yollanmış, daha sonra o, Bakıda fransalı həmkarı Nikola Sarkozini qəbul etmişdi. Estafeti Fransanın növbəti prezidenti Fransua Olland da ələ almışdı və hər belə səfər biznes forumlar, müqavilələrin imzalanması (əvvəlcə neft sahəsində, daha sonra qeyri-neft sektorunda) ilə müşayiət olunurdu.
Fransanın «Total» şirkəti əvvəldən «Əsrin müqaviləsi»nin iştirakçıları sırasında yer almasa da, «Abşeron» qaz yatağından ciddi pay sahibidir. Fransanın «Elf Aquitaine» dövlət şirkəti də Azərbaycanda işləyir. Fransa Azərbaycanın tikilən və müasirləşdirilən aeroportlarında radiolokasiya qurğuları da quraşdırıb. Azərbaycanın ilk peyki isə fəzaya məhz Fransa kosmodromundan buraxılıb. Siyahını uzatmaq da olar.
Tərəflər arasında humanitar əməkdaşlıq da fəal inkişaf edib və bu istiqamətdə Heydər Əliyev Fondu böyük işlər görüb. Strasburqdakı Kafedral kilsəsinin, Luvrun, Versalın, tarixi Normandiya kilsəsinin bərpası, Fransada Azərbaycan günlərinin keçirilməsi, «Azərbaycan şəhərcikləri»nin yaradılması bu qəbildən olan işlərin bir hissəsidir.
Nəhayət, Fransanın Ermənistanla Azərbaycan arasında illərlə davam etmiş Qarabağ probleminin həllində fəal vasitəçilik missiyası. Bu işlə məşğul olmuş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri məhz Fransa idi. Üstəlik, o, qrupda ABŞ-dən fərqli olaraq, son dərəcə güclü diplomatlarla təmsil olunurdu. Sabiq amerikalı həmsədrin etiraf etdiyi kimi, «Dövlət Departamentində bu posta karyera inkişafına ciddi təkan olan vəzifə kimi yanaşılmırdı. Açıq desək, onu adətən tamhüquqlu səfir təyinatı gözləyən və ya tezliklə istefaya getməyi düşünən şəxslər tuturdular».
Bəli, Fransada yarım milyonluq erməni icması var və o, kifayət qədər ciddi diaspor rıçaqlarına malikdir. Lakin görünən o idi ki, belə bir vəziyyətdə Parislə Bakı konstruktiv münasibətlər qurmağın yolunu tapmışdılar. Məsələn, Fransa prezidenti Fransual Olland 24 aprel 2015-ci ildə «erməni soyqırımı»nın növbəti ildönümünə həsr edilmiş tədbirdə iştirak üçün İrəvana yollanan zaman bu səfəri Bakıya baş çəkməklə «balanslaşdırmağa» çalışmışdı.
Bu gün Parisin bütün ədəb normalarını aşan ermənipərəst addımlarını müşahidə edən zaman bir vaxtlar Paris-Bakı münasibətlərinin tamamilə fərqli olduğuna inanmaq çətindir. Bu gün Fransa Emmanuel Makron və komandasının timsalında 30 il ərzində qurulmuş hər şeyi dağıdıb. O, ermənilərin ən cəfəng yalanlarını sürətlə tirajlayır, Bakıya qarşı ən sərt ittihamlar irəli sürür, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır…
«Böyük prezidentlər»dən «hesabdar və mühasiblər»ə
Bu yerdə Fransua Mitteranın «mən böyük prezidentlərin sonuncusuyam. Məndən sonra hakimiyyətdə yalnız maliyyəçilər və mühasiblər olacaq» fikrini xatırlatmaq yerinə düşər. Emmanuel Makron bu bənzətməyə çox uyğun gəlir. Tək ona görə yox ki, iki il Rotşildlərin bank imperiyasında çalışıb. O, «Napoleon planları» qursa da, siyasətçi kimi aşkar zəifdir. Yelisey sarayının hazırkı sahibi nə az, nə çox – Fransaya keçmiş siyasi qüdrətini qaytarmaq fikrinə düşüb. Bu işdə müəyyən ümidlər isə həmin erməni icması sayəsində «xüsusi münasibətlər»in qurulduğu Ermənistana imiş.
Parisin İrəvanla oyunları hələ 44 günlük müharibə ərəfəsində başlamışdı. Parisdə əmin idilər ki, Ermənistanın başında hakimiyyətə xalq inqilabı nəticəsində gəlmiş «demokratik lider» dayanır və o, gec və ya tez Rusiyaya «stesutsyun» («görüşənədək») deyəcək. Fransada düşünürdülər ki, bu sözün «əlvida» kimi səslənməsi daha arzuolunandır. Bu halda Fransa Cənubi Qafqazda «bölgənin döyüş qabiliyyəti ən güclü ordusuna malik» sadiq «proksi» qazanacaqmış, onun vasitəsilə həm Azərbaycanı, həm Türkiyəni, lazım gəldikdə isə həm də Gürcüstanı hədələmək mümkün olacaqmış.
Lakin Makronun «Napoleon planları» bütün istiqamətlərdə fiaskoya uğrayır. Afrikada Fransanın keçmiş müstəmləkələri bir-birinin ardınca Fransa qoşunlarına «qapını göstərir», Parisin buyruqlarından xilas olur. Hər şeyə görə rəqibləri günahlandırmaq asandır, lakin Fransanın «keçmiş» adlandırılması çətin olan müstəmləkələrindəki «anti-Fransa dağlası»nın mənbəyini Volqa, Yantszı və ya Xəzər dənizi sahillərində deyil, Sena sahillərində axtarmaq lazımdır. XXI əsrdə «sahilyanı ərazilər»in xalqlarını XIX əsrin üsulları ilə itaətdə saxlamaq mümkün deyil.
Parisin ermənilərlə bağlı planları da iflasa uğrayıb. Kiçik, yoxsul, sürətlə boşalmaqda olan, ordusu darmadağın edilmiş Ermənistan iddialı hədəflərə nail olunmasında kömək edəcək «proksi» deyil. Parisdə düşünürdülər ki, Ermənistan Fransa üçün çirkli və təhlükəli işlər görəcək, İrəvanda isə əmin idilər ki, Paris onların problemlərini çözəcək. Bu gün Makron, əlbəttə ki, guya böyük jest edirmiş kimi, Paşinyana əslində köhnəlmiş, effektiv olmayan zirehli maşınlar göndərə bilər. Amma o, Ermənistana vaxtilə Rusiyanın göstərdiyi dəstəyi nəzəri baxımdan belə, vermək gücündə deyil.
Fransanın Ermənistanı Moskvanın orbitindən effektiv şəkildə çıxarmaq imkanı da yoxdur. Bəli, İrəvan səs-küylü anti-Rusiya jestləri edir, amma iş bundan o tərəfə keçmir. Ermənilər Moskva ilə bir dənə də razılaşmanı yenidən nəzərdən keçirmir. Avropa İttifaqının müşahidə missiyasına qoşulmaq üçün Ermənistana gələn Fransa jandarmalarını yerli aeroportda Ermənistanın deyil, Rusiyanın sərhədçiləri qarşılayır. Üstəlik, Ermənistanda hələ də Rusiya ilə birgə quru qoşunları qrupu, həmçinin HHM mövcuddur. Ermənistanın dəmir yollları Rusiyanın idarəçiliyində, qaz şəbəkəsi isə Rusiyanın mülkiyyətindədir. Elektrik şəbəkəsi isə soyadı erməni soyadı olsa da, Rusiya pasportuna malik oliqarxın «cibindədir». Bir sözlə, Ermənistanın Moskvadan Qərbə tərəf real dönüş etdiyini göstərən ciddi əlamətlər yoxdur. Əvəzində, Fransa əməllərinin cavabını Azərbaycan trekində vermək məcburiyyətindədir.
Paris nəyə ümid edir?
Bu sual ətrafında çox düşünmək olar. Ola bilsin, fikirləşiblər ki, Azərbaycan vəziyyəti düzəltməyə çalışacaq və Fransa kimi qüdrətli dövlətə qarşı açıq çıxış etməkdən çəkinəcək. İstənilən halda, Sena sahillərində siyasi təhlilin səviyyəsi heyrət doğurur. Görəsən, orada həqiqətən düşünüblər ki, Bakı Ann İdalqonun «Artsaxa yardım» yükünün fonundakı fotosessiyasına, yaxud Evian şəhəri rəhbərliyinin «Azərbaycan parkı»nın adının dəyişdirilməsi tamaşasını dinməzcə «udacaq»? Hər halda, Paris çox yanılıb. Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Fransa Ermənistanla getdiyi oyunlar nəticəsində artıq Bakı-İrəvan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilikdən kənarlaşdırılıb. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən aeroportlar üçün radiolokasiya qurğuları artıq Fransadan alınmayıb, yüksək səviyyədə diplomatik əlaqələr isə kəsilib. Fransanın Azərbaycana hərbi gəmilər satmaq planı da böyük sual altındadır.
Amma yəqin ki, Paris ən ciddi zərbəni gözləmədiyi nöqtədən alıb. Azərbaycan Qoşulmama Hərəkatı kimi meydançalardan son dərəcə effektiv istifadə edir və Fransanın keçmiş və indiki müstəmləkələrində, ilk növbədə, Yeni Kaledoniyadakı antimüstəmləkə hərəkatlarına dəstək verir.
Paris bunlara heç nə ilə cavab verə bilmir. Əlbəttə, azərbaycanlı jurnalistləri casus elan etmək, ölkəyə buraxmamaq olar. Amma əvəzində Fransanın Bakıdakı casus şəbəkəsi ifşa olunur. Bu isə başqa mövzudur və heç nəyi dəyişmir. Görünən odur ki, Ermənistana arxalanmaq heç bir dividend gətirmir, əvəzində itirilənlər isə düşünüldüyündən xeyli çoxdur. Açıq desək, belə vəziyyətdə ən təcrübəsiz investisiya bankiri belə, «zəhərli aktivləri atmağa» üstünlük verərdi. Yəni Ermənistana dəstəyin ən azı indiki dərəcəsindən imtina etmək, regionun şəksiz lideri olan Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmaq ən doğru yol olardı. Bu halda hələ də xilas edilməsi mümkün olanlar xilas edilər, bütünlükdə Avropa İttifaqının oyunu pozulmazdı. Lakin daxili və xarici siyasətdəki ciddi fiaskolar fonunda Emmanuel Makronun ermənilərin səsinə çox ehtiyacı var. Üsəlik, Marin Le Pen və onun «Milli cəbhə» partiyasının ultrasağçı və ksenofob elektoratının bir hissəsini ələ keçirmək də pis olmazdı. Odur ki, Paris İrəvanla «qucaqlaşmağa» davam edir.
Bəs siyasət adlandırılması çətin olan bu taktika nə qədər çəkəcək? Beynəlxalq hüquq, siyasi reallıqlar, Fransanın qarşıdan gələn seçki üçün ermənilərin səsi uğrunda mübarizə ilə məhdudlaşmayan maraqları əbədidir. İndiki halda yəqin ki, «maliyyəçilər və mühasiblər»i əsl peşəkar, uzaqgörən siyasətçilərin əvəzləyəcəyi vaxtı gözləmək lazımdır. Əsas odur ki, o vaxtadək özünü «Napoleon» gözündə görən «mühasiblər» hər şeyi alt-üst etməsin.
MƏSLƏHƏT GÖR: