23 Noyabr 2024

Şənbə, 18:39

VAXT GETDİ

Mərkəzi Bank növbəti üç il üçün Azərbaycanın maliyyə sektorunun inkişafı strategiyasını təsdiq edib

Müəllif:

01.02.2024

Yeni ildə Azərbaycanda iqtisadi sahədə qəbul edilən ilk irimiqyaslı sənədlərdən biri Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” olub.

Kifayət qədər əhatəli olan bu sənəd bank sisteminin, sığorta sektorunun, kapital bazarının və ödəniş sistemlərinin inkişafı planlarını əhatə edir. Onun əsas məqsədlərinə maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması, maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığın gücləndirilməsi daxildir.

 

Sığortada ikiqat artım

Daha əvvəl AMB-nin sədri Taleh Kazımov bildirmişdi ki, ölkənin maliyyə sektorunun aktivlərinin 96%-i banklar, cəmi 4%-i isə bank olmayan kredit təşkilatları (BOKT), sığorta və investisiya şirkətləri tərəfindən formalaşır. Strategiyaya əsasən, indi tənzimləyici qeyri-bank maliyyə bazarını ciddi şəkildə gücləndirmək niyyətindədir. Belə ki, bu, sığorta sektorunda növbəti 3 ildə könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzlərinin yaradılması, korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin icra edilməsi yolu ilə həyata keçiriləcək.

“Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir”, - T.Kazımovun sənədlə bağlı açıqlamasında qeyd olunub.

Strategiya müəllifləri həmçinin həyat sığortası ilə bağlı olmayan könüllü sığorta növləri üzrə sığortaçıların sığorta haqlarının həcminin təxminən iki dəfə artacağını proqnozlaşdırırlar. Belə ki, bu göstəricinin 2027-ci ildə hazırkı 350 milyon manatdan 630 milyon manata qədər artacağı gözlənilir. Həyat sığortası üzrə sığorta haqları (yığım sığortası nəzərə alınmamaqla) daha da artacaq. Tənzimləyicinin proqnozlarına əsasən, bu istiqamətdə sığorta haqları 280 milyon manata (2023-cü ildə - 124 milyon manat) çata bilər. Bu, indiki göstəricidən 2,3 dəfə çox olacaq.

Nəticədə, AMB üç il ərzində sığorta sektorunun aktivlərinin iki dəfə artacağını gözləyir. Belə ki, hazırda onun həcmi 1,9 milyard manatdırsa, 2027-ci ilə qədər onun 3,7 milyard manatı ötəcəyi gözlənilir. Sığorta bazarının penetrasiyası da ciddi şəkildə artacaq. Proqnozlara əsasən, 2027-ci ilə qədər bu, Azərbaycanın qeyri-neft ÜDM-in 2,15%-nə çatacaq. Hazırda bu göstərici 1,85%-dir.

 

Kapital bazarı

Bəlkə də, Azərbaycan maliyyə sektorunun ən zəif halqası kapital bazarı sayıla bilər. Onun inkişafı üçün müxtəlif proqram sənədləri və planlar qəbul olunsa da, son bir neçə ildə kapital bazarı bir qədər canlansa da, bu istiqamətdə hələ də istənilən irəliləyişə nail olmaq mümkün olmayıb.

Bununla əlaqədar olaraq strategiyada onun maliyyə sistemində rolunun real artımına nail olmaq vəzifəsi qoyulur. Bu məqsədlə AMB əsas istiqamətlər kimi bazar infrastrukturunun inkişafını, bazara inamın və sabitliyin gücləndirilməsini, ona çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını müəyyənləşdirib.

“Kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dә payının cari 10%-dən 14%-ə çatdırılması, əhalinin kapital bazarlarında investisiyalarının həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur”, - sənəddə qeyd olunub.

Bundan əlavə, borc kapitalı bazarlarından borc götürməklə real sektordan vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, belə əməliyyatların potensialı illik 1,5 milyard manat həcmində qiymətləndirilir. AMB-nin məlumatına əsasən, 2023-cü ildə real sektor müəssisələri borc bazarlarında 500 milyon manat cəlb edib. Beləliklə, 2024-2026-cı illərdə belə əməliyyatların həcmi üç dəfə arta bilər. Üstəlik, Mərkəzi Bank hesab edir ki, bu müddət ərzində azı bir şirkət IPO (ilk kütləvi təklif) keçirəcək (indiyədək heç bir şirkət IPO keçirməyib).

Mərkəzi Bankın planlarına görə, 2027-ci ilə qədər kapital bazarında investisiyaların aparılması üçün tələb olunan vaxt 15 dəqiqəyə endiriləcək. (hazırda - 1 gün). Bundan başqa, 2026-cı ilin sonunda rəqəmsal əməliyyatların payı azı 70%-ə (hazırda bununla bağlı göstərici sıfırdır) çatacaq.

Strategiyada qeyd olunub ki, 2027-ci ilədək Azərbaycanda investorların kapital bazarında iştirakının stimullaşdırılması çərçivəsində 50 mindən çox fərdi depo hesabı açılacaq (hazırda belə hesabların sayı 1000-dir).

 

Qeyri-bank maliyyələşdirmə

Strategiyada ayrıca bank olmayan kredit təşkilatlarının inkişafına diqqət yetirilir. Bu istiqamətdə xidmətlərin genişləndirilməsi, həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Özünüməşğulluq, o cümlədən mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni mikromaliyyə modelinin yaradılması, həmçinin BOKT-ların institusional potensialının gücləndirilməsi və kredit təşkilatlarının biznes modellərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Buna nail olmaq üçün ilk növbədə BOKT-lar, kredit təşkilatları və kredit kooperativləri ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, risklərin idarə edilməsi, korporativ idarəetmə və bu sahədə digər tələblər təkmilləşdiriləcək. Nəhayət, bu məhsulların istehlakçılarının hüquqları tam şəkildə qorunur.

“BOKT-larda və kredit təşkilatlarında struktur dəyişikliklərinin aparılması bahalı və mürəkkəb prosesdir. Buna görə də nəzərdə tutulan məqsədlərə nail olmaq üçün əlavə vəsait tələb oluna bilər”, - sənəd müəllifləri qeyd ediblər.

Onlar vəd edirlər ki, bu müddət ərzində BOKT və mikromaliyyə təşkilatları üçün alternativ maliyyə mənbələri imkanları araşdırılacaq, onların payının artırılması və maliyyələşdirmə proqramlarında iştirak imkanlarının təhlili aparılacaq.

Bu məqamda qeyd edək ki, 2023-cü ilin sonunda BOKT-lar tərəfindən kredit qoyuluşunun həcmi il ərzində 35% artaraq 796,16 milyon manat təşkil edib.

 

Kreditlər və ödənişlər

Strategiyanın ayrıca bölməsi, əlbəttə ki, bu üç il ərzində maliyyə sektorunda aparıcı rolu digər bazar seqmentlərinə verməyəcək banklara həsr olunub. Bank sektorunda dayanıqlı inkişafa dəstək davam etdiriləcək. Eyni zamanda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi, bazarda səmərəliliyin artırılması üçün təşəbbüslərin təşviqi, korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı, risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.

Bundan başqa, bu strategiya ilə bankların biznes kreditləri portfelinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: 2027-ci ilə qədər 16,5 milyard manata qədər (2023-cü ilin sonunda - 12,6 milyard manat). Həmçinin yaxın üç ildə biznes təşəbbüslərinin layihə və sindikatlaşdırılmış maliyyələşdirilməsinin tətbiqinin mümkünlüyü diqqətlə öyrəniləcək, dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi imkanları araşdırılacaq. Risk baxımından ən həssas, lakin eyni zamanda çox populyar olan kənd təsərrüfatı kreditləşməsi də unudulmayıb: mikro, kiçik və orta sahibkarlığa xüsusi diqqət yetirməklə onun maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi vəd edilir.

Ümumiyyətlə, sadalanan məsələlərin hamısını həyata keçirmək üçün maliyyə alətlərini genişləndirmək, ənənəvi kreditlərlə yanaşı, lizinq, faktorinq və hazırda mövcud olan, lakin az tələbata malik olan məhsulları inkişaf etdirmək lazımdır.

2024-2026-cı illərdə rəqəmsal maliyyə həllərinin inkişafına, bu sahədə innovasiyaların və kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüslərinin geniş miqyasda təşviqinə xüsusi diqqət yetiriləcək. Beləliklə, 2027-ci ilə qədər kart əməliyyatları üzrə nağdsız ödənişlərin payının 70%-i (hazırda 55%) ötəcəyi gözlənilir. Həmçinin milli ödəniş sistemində ani ödənişlərin payının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Hazırda bu, cəmi 0,39% təşkil edir. AMB hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-ə və hətta daha çox artırıla bilər.

Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.

AMB həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.

Ödəniş sektorunun inkişafı çərçivəsində innovativ həllərin tətbiqi ilə yanaşı, milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət sisteminin yaradılması nəzərdə tutulur.

Bir sözlə, tənzimləyicinin maliyyə sektoru ilə bağlı planları kifayət qədər genişdir. Əsas məsələ odur ki, bütün bunları nəzərdə tutulan üç il ərzində həyata keçirməyə başa çatdıra bilsin. AMB söz verir ki, qarşıya qoyulan vəzifələrin icrasına ciddi nəzarət edəcək.


MƏSLƏHƏT GÖR:

92