Müəllif: İlqar VƏLİZADƏ
Hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələri, milyarderlər, sahibkarlar, ekspertlər, alimlər, qeyri-hökumət təşkilatları və media İsveçrənin Davos şəhərinin Qraubyunden kurortunda 54-cü dəfə bir araya gəliblər. Məqsəd yenə də qlobal problemlərin müzakirəsi, gedilməli olan istiqamətlərin müəyyənləşdirilməsi idi.
Bu dəfə «İnamın bərpası» şüarı ilə keçirilən Dünya İqtisadi Forumu (DİF) «inamın əsas prinsipləri» - şəffaflıq, davamlılıq və məsuliyyət məsələlərinin müzakirəsi üçün toplanmışdı.
Qeyd olunmalıdır ki, son illər illik forumun iştirakında yüksək rütbəli qonaqların iştirakı xeyli azalıb. Bu, dolayısı ilə də olsa, dünyada inamın getdikcə azaldığını, onun olmamasından qaynaqlanan problemlərin isə artdığını göstərir. Yeri gəlmişkən, bu dəfə foruma Azərbaycan Prezidenti İlham Əliyev də qatılmamışdı. Rəsmi Bakını tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edirdi.
Qlobal gündəliyin əsas mövzuları
Davosda konkret problemlər həll olunmur, lakin ona qlobal münaqişələrə yol açan amillərin yumşaldılması imkanı kimi baxmaq olar. DİF-in böyük problemlərin həllinə yanaşması siyasi və iqtisadi gündəlikdəki aktual proseslərin məşhur siyasətçilər və iqtisadçılar arasında diskussiyaların təşkili ilə idarə olunmasına yönəlib. Son dövrlərdə DİF, şübhəsiz ki, dövlətlə özəl sektor arasında tərəfdaşlıq ideyasının, ümumi çağırışlara cavab olaraq maraqlı tərəflər arasında əməkdaşlığı irəli çəkən əsas qüvvəyə çevrilib. Lakin əlaqələrin qurulması, problemlərin həlli üçün bilik və bacarıqların tətbiqi baxımından formatın real dəyəri, effektivliyi haqda kifayət qədər tənqidi fikirlər var. Forum çərçivəsində dialoqların qurulmasının da getdikcə daha çətin olduğu deyilir.
Hər halda, qlobal Cənubun təmsilçilərinin qlobal Şimalın nümayəndələri ilə bir araya gələrək müzakirələr apara biləcəyi az-çox miqyaslı diskussiya meydançalarının olmadığı şəraitdə Davos aktual mövzular üzrə ümumi dialoqun asanlaşdırılması üçün cəlbedici məkan olaraq qalır. Belə mövzular isə bu gün həddindən artıqdır.
DİF-in 2024-cü ilin qlobal riskləri haqda hesabatına görə, dezinformasiya və yalan məlumat yaxın iki ildə dünya üçün ən böyük təhdid olacaq. Siyahıda aktuallığına görə ikinci və üçüncü yerləri müvafiq olaraq, iqlim dəyişiklikləri səbəbilə yarana biləcək ekstremal təbiət hadisələri və cəmiyyətin siyasi qütbləşməsi tutur.
Süni intellekt: bir nömrəli gündəm
Dezinformasiyanın yayılmasına rəvac verən əsas amil kimi süni intellekt (Sİ) göstərilir. O, bir anda ictimaiyyətə inandırıcı dezinformasiya ötürmək iqtidarındadır. Bu problemin hərtərəfli həlli yolu hələ də məlum deyil. Avropa İttifaqında Sİ-nin nizamlanması ilə bağlı ilkin razılaşma olsa da, total nizamlanma hələ də yoxdur.
Süni intellektlə bağlı müzakirə olunan digər mövzu onun tətbiqinin bir çox fəaliyyət sahələrində işsizliyə yol açıb-açmayacağı ilə əlaqəli olub. Biznes liderlərinin Davos görüşündə açıqlanan sorğu nəticələrinə görə, dünya şirkətlərinin dörddə birinin rəhbəri generativ süni intellektin tətbiqinin bu il personalın ən azı 5% azalması ilə nəticələnəcəyini düşünür.
«PwC» konsaltinq şirkətinin apardığı son sorğu göstərib ki, bu səbəbdən ən çox ixtisar mass-media, əyləncə, bank işi, sığorta və logistika sahələrində gözlənilir. Bu problemdən ən az əziyyət çəkən isə mühəndis və inşaat firmaları, texnologiya şirkətləri olacaq.
Rəyi soruşulanların təxminən 46%-i hesab edir ki, insanın yazacağı mətni, yaxud şəkil və ya kodu saniyələr ərzində yarada bilən generativ süni intellektdən istifadə il ərzində bir çox müəssisənin gəlirlərini artıracaq. Bununla yanaşı, 47% əmindir ki, texnologiya çox az şeyi dəyişəcək və ya ümumiyyətlə, heç nəyi dəyişməyəcək.
105 ölkədən olan 4702 şirkət rəhbərinin müsahibəsindən aydın olur ki, süni intellekt iqtisadiyyata və cəmiyyətə böyük təsir göstərəcək, bu mövzu gələcək diskussiyalarda da önəmli yer tutacaq.
Davosun prioritetləri: Ukraynadan «yaşıl» keçidədək
Forumun digər əsas diskussiya mövzuları və onların nəticələrindən danışsaq, dünyanın aparıcı bank rəhbərləri neft və qazın daşınmasının bahalaşması və onların qiymətində mümkün artım üzündən yaranacaq inflyasiya təzyiqi haqda xəbərdarlıqlar ediblər. Bağlı qapılar arxasında Avropa banklarının konsolidasiyası müzakirə edilib, eyni zamanda ayrı-ayrı maliyyə qurumlarının birləşə biləcəyi də istisna edilmir.
Diqqət mərkəzində olan ciddi problemlər içərisində Ukrayna savaşı xüsusi yer tutub. Prezident Vladimir Zelenski bu mövzunun Davos Forumunun gündəliyinə daxil edilməsi işinin qayğısına əvvəldən qalmışdı. Dünyanın milli təhlükəsizlik üzrə 80-dən artıq məsləhətçisinin iştirakı ilə aparılan müzakirələr İsveçrənin sülh danışıqlarının onun ərazisində keçirilməsi təklifi ilə çıxış etməsilə yekunlaşıb. Zelenski isə Davosda Uoll-strit nümayəndəsi Ceymi Daymon və digər bank rəhbərləri ilə görüşərək, müharibədən sonrakı dövrdə Ukraynanın bərpası məsələlərini də müzakirə edib.
Daha bir önəmli müzakirə mövzusu iqlim dəyişiklikləri olub. Alimlərin dediyinə görə, 1990-cı ildən Qrelandiyanın buz örtüyü təxminən 20% azalıb, bu isə qlobal hərarətin tənzimlənməsinə kömək edən okean axınları üçün potensial riskdir.
Son illər, demək olar ki, bütün qitələrdə rekord istilər qeydə alınır. BMT-nin qiymətləndirməsinə görə, 2022 və 2023-cü illərdə dünyada 1,84 milyard insan, yaxud bəşəriyyətin təxminən dörddə biri isti ölkələrdə su çatışmazlığından əziyyət çəkib. Bununla yanaşı, onların mütləq əksəriyyəti gəliri aşağı və ya orta olan ölkələrin sakinləridir. İqlim dəyişikliyi ilə daha da dərinləşən böhran ərzaq məhsullarının kəskin bahalaşması ilə də müşahidə olunur ki, bu da əhalinin qidalanması ilə bağlı, eyni zamanda miqrasiya riski yaradır.
2023-cü il Yer kürəsində son 150 ilin ən isti ili olub. Atmosferə zəhərli qazların buraxılmasına məhdudiyyətlərin qoyulmaması nəticəsində qlobal istiləşmə yeni rekord müəyyənləşdirib. Belə bir vəziyyətdə hər yeni ilin əvvəlkindən daha isti keçəcəyinə dair proqnozlar az deyil.
Davos Forumunun proqramı ildən-ilə dəyişsə də, iqlim dəyişiklikləri ilə bağlı ajiotaj dəyişməz qalır. İqlim dəyişikliyi ən ciddi uzunmüddətli problemdir. Onun qarşısının qısa müddətdə alınması nəhəng investisiyalar tələb edir. Energetika, kənd təsərrüfatı, nəqliyyat, ağır sənaye və s. kimi sahələrdə köklü dəyişikliklər üçün nəinki miqyaslı kapitala, həm də mövcud normativ bazada ciddi islahatların aparılmasına ehtiyac var.
Azərbaycanın iştirakı ilə «yaşıl gündəlik»
Qlobal iqlim gündəliyinin reallaşdırılmasına BMT-nin hər il keçirilən iqlim dəyişiklikləri konfransı da əhəmiyyətli praktik töhfə verir. Bu gün o, BMT-nin iqlim dəyişikliklərilə bağlı çərçivə konvensiyası və digər vacib sənədlərin tələblərinin reallaşdırılması üçün danışıqların aparıldığı ən ali qurumdur. O, daha çox COP abbreviaturası ilə tanınır.
Növbəti COP29 konfransı ilin sonunda Bakıda keçiriləcək. Azərbaycanın Davos Forumundakı nümayəndə heyətinin rəhbəri Mikayıl Cabbarov tədbir iştirakçılarına onun keçirilməsinə hazırlıq işləri ilə tanış edib. Nümayəndə heyətinin üzvləri enerjidən effektiv istifadə, iqlim dəyişikliklərinin insanların həyatına təsirinin azaldılması ilə bağlı fikirlərini bölüşüblər. Bakının mədən yanacağından asılılığın azaldılması, «yaşıl enerji»nin irəli çəkilməsi üçün maliyyə mexanizmlərinə yanaşması da müzakirə olunub. Məlum olduğu kimi, bu, COP29-un əsas mövzularındandır.
«Azərbaycan öz gəlirlərindən, o cümlədən neft və qaz gəlirlərindən öz enerji keçidini maliyyələşdirmək məqsədilə istifadə etməklə şüurlu seçim edib. Düşünürəm ki, biz qarşımıza qoyulan - 2030-cu ilə qədər enerji ehtiyaclarımızın 30%-ni ödəmək məqsədindən xeyli irəlidəyik. Fikrimcə, eyni yolu davam etdirsək, 2028-ci ildə buna nail ola bilərik», - deyə azərbaycanlı nazir bildirib.
Ümumiyyətlə, Azərbaycan tərəfi Davosda «yaşıl keçid»lə bağlı konkret mövzuların müzakirəsinə diqqət ayırıb. Bununla əlaqədar, iqtisadiyyat naziri Danimarkanın «Vestas Wind Systems A/S» şirkətinin vitse-prezidenti Morten Dırxolm ilə də görüşüb. Bu, dünyada külək generatorları istehsalı ilə məşhur olan ən iri şirkətlərdəndir. Güman ki, tərəflər şirkətin Azərbaycanda investisiya layihəsi reallaşdırması üçün perspektiv addımları müzakirə edib.
Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Harvard Kennedi Məktəbinin «Growth Lab» laboratoriyasının direktoru Rikardo Hausmanla da görüşüblər. Bu laboratoriyanın iqtisadi artım və siyasi inkişafın öyrənilməsi, öz ideyalarını müxtəlif təlim vasitələri ilə bölüşməklə məşğul olduğu məlumdur. «Growth Lab» hazırda tədqiqat proqramları həyata keçirir.
«Ticarət və investisiyalar sahəsində liderlik» sessiyasında M.Cabbarov Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli iqtisadi potensialından danışıb, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarından, dayanıqlı inkişaf üçün ölkənin resurslarından istifadə potensialından söz açıb.
Azərbaycanın 54-cü Dünya İqtisadi Forumunda iştirakının əsas istiqamətlərini forumun gündəliyi ilə müqayisə etsək, onların tam uyğun gəldiyini görərik – inamın gücləndirilməsi üçün dialoqa yardım. Praktik nəticələrə gəlincə, onlar haqda yalnız ilin sonunda danışmaq mümkün olacaq.
MƏSLƏHƏT GÖR: