Müəllif: Samir VƏLİYEV
Fələstin-İsrail münaqişəsində gərginlik artır. Beynəlxalq birliyin məsələnin birdəfəlik həlli və iki dövlətin – Fələstin və İsrail – yaradılması üçün İsrailin baş nazirinə təzyiqləri artırması ilə yəhudi dövlətinin hakim dairələrinin bu plana etirazı da güclənir.
Köhnə-yeni formul
Maraqlıdır ki, Qəzzadakı münaqişənin birdəfəlik həlli üçün iki dövlətin yaradılmasında ABŞ ilə Avropa İttifaqı da israr edir. Vaşinqtonun ərəb dünyasında öz maraqları olduğundan, orada «fələstinpərəst» mövqe də güclüdür. Ağ Ev ərəb müttəfiqlərinə göstərmək istəyir ki, Vaşinqton onların maraqlarını tam nəzərə alır. Görünən odur ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin regiona etdiyi çoxsaylı səfərlər zamanı Vaşinqtonla onun ərəb tərəfdaşları Fələstin probleminin həllinə yanaşmalarını razılaşdırıblar. İndi ABŞ həm də ərəblərin mövqeyini ifadə edir. Prezident seçkisi ərəfəsində Bayden administrasiyası partiya daxilindəki bütün qüvvələri, o cümlədən «iki dövlət» ideyasının nüfuzlu tərəfdarlarını vahid namizəd ətrafında birləşdirmək üçün bu tezisi Ağ Evin rəsmi mövqeyi kimi ortaya qoyur.
Öz növbəsində, bir yandan müsəlman diasporunun gücü, digər tərəfdən isə antisemit əhvalının güclü hiss olunduğu Aİ-nin siyasi elitası üçün Fələstin probleminin «iki dövlət» formulu əsasında həlli Avropa Parlamenti seçkisi ərəfəsində mövqelərin gücləndirilməsi amilidir. Münaqişənin əvvəlində Avropa ölkələri əhalisinin əksəriyyəti İsraili dəstəkləyirdisə, Qəzzada dinc insanlar arasında tələfatın getdikcə artması və fələstinpərəst lobbinin güclənməsi ilə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
Bütün bunlarla yanaşı, ABŞ və Aİ tərəfindən təzyiqlərin artması fonunda İsrailin baş naziri Binyamin Netanyahu münaqişənin sonunda Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu bildirib. Üstəlik, o, Qəzzada hərbi əməliyyatların «tam qələbəyədək» davam etdiriləcəyini deyib.
Bu, Aİ rəhbərliyində ciddi qəzəb yaradıb. Baş nazirin açıqlamasından bir gün sonra qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel yəhudi dövlətinin münaqişənin iki dövlətin yaradılması prinsipi əsasında həllinə məcbur edilməli olduğunu deyib. O, İsraili HƏMAS terror qruplaşmasının «yaranması» və «maliyyələşdirilməsi»ndə də günahlandırıb. «Biz hesab edirik ki, sülhün təmin olunması üçün iki dövlətin yaradılmasına əsaslanan həll variantı qəbul etdirilməlidir», - deyə o, İspaniyanın Valyadolid şəhərində universitetdə çıxış edərkən bildirib. Yəni Borrel faktiki olaraq, İsrailin mövqeyinin nəzərə alınmamasını təklif edir.
Yanvarın 22-də isə Brüssel Aİ üzvü olan ölkələri təklif olunan sülh planından imtina və ya onu qəbul etməyin İsrail üçün nə ilə nəticələnəcəyini müəyyənləşdirməyə çağırıb.
Aİ-nin sənəd üzərində də əksini tapmış tələbi «sülh və təhlükəsizlik şəraitində müstəqil Fələstin dövləti ilə yanaşı, yaşayacaq Fələstin dövlətinin yaradılması, tərəflər arasında münasibətlərin tam normallaşdırılması, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişafı» ilə bağlıdır.
İsrailə dəstək, özünə kömək
Vaşinqton isə Netanyahunun Fələstin dövlətinin yaradılması məsələsinə münasibətinə kifayət qədər yumşaq reaksiya göstərib. Bu, həm Təl-Əvivlə məhsuldar münasibətlərin qorunub saxlanılması istəyi, həm də İsrailin mövqeyinə gizli dəstəyin verilməsi ilə izah oluna bilər. İsrail rəhbərliyinə haqq qazandırmağa çalışan Bayden jurnalistlərə açıqlamasında bildirib ki, Netanyahu «iki dövlətin yaradılmasına əsaslanan bütün qərarların əleyhinə deyil və bir neçə mümkün variant var». Güman ki, bu variantlardan biri Fələstin dövlətinin formal olaraq tanınması qarşılığında onun tam silahsızlaşdırılmasıdır. Bayden BMT-nin bəzi üzvlərinin Silahlı Qüvvələrə malik olmadığını da xatırladıb.
Güman ki, ABŞ müttəfiqini «satmaq» fikrində deyil və ona mümkün olan hər bir vasitə ilə hərtərəfli dəstəyi davam etdirəcək. Hər halda, Birləşmiş Ştatlarla İsrail istənilən halda Yaxın Şərq müharibəsində barrikadanın eyni tərəfindədirlər. Nə qədər ki, bu savaş davam edir, Vaşinqtonun qərarları bu məntiqə əsaslanacaq. Həm ABŞ-da, həm də İsraildə hesab edirlər ki, Qəzzadakı müharibə hələ bir neçə ay davam edəcək. Bəzi hesablamalara görə, o, bu ilin sonunadək belə, davam edə bilər, lakin getdikcə «sönəcək». Bununla yanaşı, Ağ Evdə yaxın günlərdə hərbi əməliyyatların yeni mərhələsinin başlanacağını düşünürlər. Bu mərhələdə aviazərbələrin sayı azalacaq, İsrail ordusu diqqəti daha çox yerüstü əməliyyatlara yönəltməyə başlayacaq. Maraqlıdır ki, İsrail ordusu sektorun cənubunda, Xan-Yunis şəhəri ətrafında fəallığı artırsa da, HƏMAS-ın ayrı-ayrı kiçik qruplarının Qəzzanın şimalına cəmləşdiyinə dair məlumatlar gəlir. Nəticədə şimalda yaraqlılardan təmizlənildiyi bildirilən ərazilərdə müqavimət davam edir.
Bu, hərbi əməliyyatların gedişini əhəmiyyətli dərəcədə çətinləşdirir və göstərir ki, müharibənin müddəti heç də Qəzzanın təmizlənmə dərəcəsindən asılı deyil. Yəni bütün sektora nəzarətin təmin olunması belə, müharibənin belə bitəcəyi anlamına gəlmir. Bunu «Böyük Yaxın Şərq» müharibəsinin digər istiqamətlərində döyüşlərin şiddətlənməsi də təsdiqləyir. Nə qədər ki, bölgənin əsas probleminin həlli tapılmayıb, üstəlik, vəziyyət getdikcə daha da gərginləşir, İsrailə qarşı olan qüvvələr müqavimətin zəifləməyəcəyini nümayiş etdirir.
Husilərdən «Hizbullah»adək
Qırmızı dənizdə də müharibə şiddətlənib. Amerika və Britaniya aviasiyasının husilərin mövqelərinə endirdiyi zərbələr bölgədə təhlükəsizliyə xüsusi müsbət təsir göstərmir. Yəmənlilər Qərbin növbəti bombardmanına hazırdırlar.
Mütəxəssislərin fikrincə, husilərin mövqelərinin bombalanması gözlənilən effekti vermir, çünki onlar güclü manevrlər edir, istifadə etdikləri raketlər isə kifayət qədər ucuzdur. Söhbət Qırmızı dənizdəki hədəfləri vurmaq iqtidarında olan raketlərdən gedir. ABŞ və müttəfiqləri isə çox bahalı silahlardan istifadə edir ki, bu da onlara çox baha başa gəlir. Bundan başqa, Qırmızı dənizdəki savaş Birləşmiş Ştatların diqqətini və vasitələrini regiondakı daha vacib hədəflərdən yayındırır.
Yəməndə vətəndaş müharibəsinin yaratdığı iqtisadi böhran üzündən əhalinin 75%-dən çoxunun həyatı xarici yardımdan asılıdır. Milli valyuta iflasa uğrayıb, xarici ölkələrdə ticarətə və idxala məhdudiyyətlər qoyulub. Lakin belə bir şəraitdə husilər nəinki müharibəni davam etdirməyin yollarını axtarır, həm də ən azı hazırkı hədəflərinə nail olmaq əzmində olduqlarını nümayiş etdirirlər.
Gərginlik və qeyri-müəyyənliyi husilərin taktikanı dəyişməsi də artırır. Söhbət dəniz hövzəsinin minalanmasından gedir.
Bütün bunların fonunda İran Vaşinqtonun diqqətini dağıtmaq üçün Suriya və İraqda vəziyyəti gərginləşdirir. Bu ölkələrdə İranın dəstəklədiyi qüvvələr Amerikanın hərbi obyektlərinə hücumlar təşkil edir. Cavabında ABŞ İraqda İranın himayəsində olan qiyamçıların mövqelərinə aviazərbələr endirir, İsrail isə Suriyada iranpərəst qüvvələrlə mübarizəni gücləndirib.
Vəziyyət o qədər kəskin xarakter alıb ki, Rusiya Xarici İşlər Nazirliyi belə, Təl-Əvivə açıq xəbərdarlıq edərək, Suriyada gərginliyin davam edəcəyi təqdirdə ölkənin İsraillə münaqişəyə açıq şəkildə cəlb oluna biləcəyini bildirib. Güman ki, bu məsələdə Moskvanı İranın Suriyadakı mövqeyindən çox öz hərbi infrastrukturu narahat edir. O, dəfələrlə İsrail hərbçilərinin hədəfinə çevrilib.
Hərbi analitiklər isə İsrailin daha bir regional güc olan «Hizbullah» ilə də savaşa başlayacağını mümkün sayırlar. Bunun Qəzzada hərbi əməliyyatların başa çatmasından dərhal sonra başlaya biləcəyi ehtimal olunur. Bu, İsrailə özü üçün ikinci təhlükənin də aradan qaldırılması imkanını verəcək. Bununla yanaşı, Təl-Əviv «Hizbullah» ilə mümkün savaşda ABŞ-a tam bel bağlaya bilər. Çünki bu qruplaşma Vaşinqton üçün də regiondakı vacib potensial hədəflərdən biridir.
Qeyd edək ki, İsrail bir müddətdir «Hizbullah»a münasibətdə HƏMAS liderlərinə qarşı tətbiq etdiyi taktikadan yararlanmağa başlayıb. Məsələn, yanvarın 8-də Livanın cənubunda «Hizbullah»ın diversiya qrupu olan «Radvana»nın komandiri Vissam əl-Tavil dron zərbəsi ilə məhv edilib. Livan mətbuatı yazır ki, qruplaşmanın cənub istiqamətində həyata keçirdiyi əməliyyatların idarə olunmasında «əsas rol»u məhz o oynayırmış.
Bu hadisədən bir sutka sonra «Hizbullah»ın pilotsuz uçuş aparatları dəstəsinin komandiri Əli Hüseyn Barci də eyni aqibəti yaşayıb. Məlumata görə, yüksək rütbəli hərbçi rəhbərlik etdiyi bölüyə məxsus dronların SAXAL-ın Tsfatdakı şimal komandanlığının qərargahına hücum cəhdindən 3 saat sonra öldürülüb.
Sonda onu da əlavə edək ki, İsrail Livanda mümkün müharibə ehtimalı ilə əlaqədar, ABŞ-dan təcili silah-sursat almağa da başlayıb. İsrailin «12-ci kanal» televiziyasının məlumatına görə, Müdafiə Nazirliyinin nümayədə heyəti artıq Vaşinqtona səfər də edib. Səfərdə məqsəd Pentaqonla «F-35» qırıcı-bombardmançıları, «F-15» çoxhədəfli qırıcıları, hərbi helikopterlər və çox sayda silah-sursat alqı-satqısına dair müqavilənin imzalanması olub.
Analitiklər düşünürlər ki, yaxın gələcəkdə İsrail ordusu bir neçə cəbhədə döyüşlərə başlamalı olacaq. Demək, Yaxın Şərqdə sakitlik gözləmək çətindir.
MƏSLƏHƏT GÖR: