23 Noyabr 2024

Şənbə, 23:25

NAMƏLUM YOLLAR

Fransa Ermənistana gedir, Ermənistan isə Rusiya ilə körpülər qurur

Müəllif:

01.02.2024

Fransa ermənipərəst addımlarını davam etdirir. Bakıda əmindirlər ki, AŞPA-da baş verən qalmaqallı hadisələrin arxasında məhz Paris, ikinci növbədə isə Berlin dayanır. Təcrübə göstərir ki, Fransa hökumətindəki dəyişikliklər Parisin siyasətində ermənipərəst trendə təsir göstərmir. Belə ki, Fransanın bu yaxınlarda təyin olunmuş xarici işlər naziri Stefan Sejurne diplomatik korpusa müraciətində «Fransanın Ermənistana daimi dəstəyi təmin edəcəyini» deyib. Bunu böyük ruh yüksəkliyi ilə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bildirib.

Fransa prezidenti Emmanuel Makron isə ölkənin Silahlı qüvvələrinə müraciəti zamanı «fərqlənib». Dövlət başçısı deyib ki, «2024-cü ildə biz kənardakı ərazilərimizin müdafiəsini yorulmadan təmin edəcək, böyük fransız xalqının öhdəlikləri ilə qarşı-qarşıya qalacağıq. Mən Balkanların, Ermənistanın adını çəkə bilərəm. Onlar bizim diqqətimizi çəkir, mövqelərimizin güclənməsinə, xüsusilə adını çəkdiyim Ermənistana münasibətdə tarixi qərarlar qəbul etməyimizə səbəb olurlar».

Nəzəri baxımdan, bu «sevgi festivalı» həm Ermənistan, həm də Fransada nikbinlik yaratmalı, önəmli bir regionda böyük geosiyasi dəyişikliklərin müjdəçisi olmalıdır. Bəs reallıqda necədir? Fransanı həqiqətən Ermənistan istiqamətindən böyük dividentlər gözləyirmi və Ermənistan, həqiqətən, qüdrətli himayədar qazanırmı?

 

O, uzaq ölkədə nə axtarır?

Parisin İrəvanla bağlı real planları nədən ibarətdir? Fransalı siyasətçilərin bu müstəvidə ilk növbədə daxili siyasi problemləri çözməyə çalışdıqları sirr deyil. Bunu Erik Zemmurun Ermənistana, Valeri Pekressin isə xuntanın dövründə Qarabağa etdiyi səfərlər də təsdiqləyib.

Makronun təkrar prezident seçilmək şansı yoxdur və artıq onun ermənilərin səsinə ehtiyacı yoxdur. Amma varisi elektoral fəlakətlə üz-üzə qoymaq da arzulanan deyil. Ölkədə əvvəlcə yanacağın qiymətinin artması «yaşıl jiletlilər»in etiraz aksiyalarına səbəb olub, daha sonra Makronun pensiya islahatları seçiciləri çox qəzəbləndirib. İndi isə Fransanı fermerlərin etirazı bürüyüb – onlar inzibati binalara od vurur, «peyin atəşi»nə tutur.

Belə bir vəziyyətdə Makron hökuməti istefaya göndərib və aparıcı nazirləri dəyişib. Əksər ekspertlərin fikrincə, bu, «günahları yuyacaq qurban» olmalı, «təzyiqi azalmalı» idi, seçicilərdə indi hakimiyyətə yeni ideya və proqramlara malik yeni insanların gələcəyi təəssüratı yaratmalı idi… Amma fransalı fermerlər bu ümidləri peyinlə basdırırlar. Fransa Makrona inanmır və bundan sonra çətin ki, inansın. Demək, prezident və komandasının azlıq, lakin həmrəy olan qrupların səsinə ümid etməkdən başqa yolu qalmır. Məsələn, hökumət başçısı postunun gey olduğunu gizlətməyən Attala həvalə olunması, üstəlik, onun «həyat yoldaşı»nın da Nazirlər Kabinetinə daxil edilməsi və bununla da LGBT üzvlərinin səsinin qazanılması. Miqrasiya haqda qanunun parlamentdən keçirilməsi və ultrasağçı Le Penin tərəfdarlarının bir hissəsinin dəstəyinin əldə olunması. Ermənistana dəstək isə həm Fransa ermənilərinin, həm ultrasağçıların, həmdə xristian fundamentalistlərin simpatiyasının qazanılması cəhdidir. Üstəlik, Parisdə əmindirlər ki, ermənilərin səsini qazanmaq üçün o qədər də ciddi səylərə ehtiyac yoxdur. Bunun üçün bəyanatlar vermək, çox şey vəd edən jestlər etmək, Ann İdalqo kimi, humanitar yük maşınlarının fonunda şəkil çəkdirmək kifayətdir.

Lakin məlum olur ki, ermənilərin səsi planlaşdırılandan daha baha imiş. Azərbaycan bu «sevgi festivalı»na çox sərt cavablar verir. Doğrudur, hələ ki, «Total» şirkətinə qapını göstərməyiblər, lakin işğaldan azad olunmuş ərazilərin bərpası işlərilə bağlı müqavilələr Fransa istehsalçılarından yan keçib. Bundan başqa, Bakı Fransa kəşfiyyatının agentura şəbəkəsini ifşa edib, Qoşulmama Hərəkatı kimi arenada məharətlə Parisin əleyhinə gedişlər edir.

 

Geosiyasi arzular və reallıq

Parisi Ermənistan siyasətindən, həqiqətən, ciddi dividendlər gözləsəydi, o, nəzəri baxımdan bu «itkilər»ə dözə bilərdi. Lakin Ermənistanı qiymətli «proksi»yə çevirməyə 2020-ci ilin payızınadək ümid etmək olardı, indi yox. Fransa erməni meydançasında, daha dəqiqi «rinq»ində effektiv döyüş təşkil edəcək, rəqibini nakauta salacaq gücdə olan oyunçu deyil. Maraqlıdır ki, Makron çıxışında Fransanın kənardakı ərazilərindən, Balkanlardan danışıb, lakin Ukraynanın adını çəkməyib. Orada real müharibə gedir və odur ki, bu məsələdə dumanlı vədlərlə, yaxud Azərbaycan Prezidenti İlham Əliyevin «konserv bankası» adlandırdığı «Bastion» zirehli maşınları kimi, artıq işə yaramayan malların oraya göndərilməsi ilə baş qatmaq mümkün deyil. Makronun Fransanın «kənardakı əraziləri» haqda danışması isə özü-özünə gülməkdən başqa bir şey deyil. Son aylarda Parisin bu «kənar ərazilər»dəki mövqeyi sürətlə laxlayır. Fransa hələ bir neçə il əvvəl düşünmədən Mərkəzi Afrika Respublikasına Rusiyanın yerləşməsi ilə razılaşıb. İndi onun hərbi məmurları və diplomatları çaşqın şəkildə gözlərini döyür: Moskva həmin ərazinin keçmiş «kənar sahib»ini oradan nəzakətsizcəsinə çıxarır. Fransa qoşunları Malin idə öz xoşu ilə tərk etmir. O, Nigerdən də qoşununu və iflasa uğramış agenturasını çıxarmaq məcburiyyətindədir (indi Fransa AES-ləri üçün yeni uran mənbələri tapılmalı olacaq). Bəs Burkina-Fasodakı siyasi çöküş?... Bütün bunlar heç də yalnız geosiyasi problem və resurslara nəzarətin itirilməsi deyil. «Yeni hökumətin tələbi ilə Fransa qoşunları ölkəni tərk edir…» başlıqlı xəbərlər həm də ciddi imic itkisidir. Afrikada yaşanmaqda olan siyasi böhran fonunda bir şeyə şübhə qalmır: Parisin hətta Sena sahillərində «arxa qapı», «şəxsi dirrik» sayılan ölkələrdə belə, mövqelərini qoruması üçün nə resursu, nə siyasi iradəsi var.

Ermənistan isə Burkina-Faso deyil. Rusiya burada hərbi baza saxlayır. Onun hərbçiləri Qarakilsədə, İrəvanın «Erebuni» aeroportunda və s. xidmət aparır. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiyanın «yaşıl furajkalılar»ı qoruyur, Ermənistan iqtisadmiyyatının böyük hissəsinə isə Moskva nəzarət edir… Belə bir vəziyyətdə, ekspertlərin də diqqət çəkdiyi kimi, Makron və Sejurne Ermənistana hər hansı konkret vəd verməkdən çəkinirlər ki, bu da təəccüblü deyil.

Belə bir vəziyyətdə Qərblə, ilk növbədə isə Fransa ilə «bal ayı»nın bütün xarici atributlarına baxmayaraq, Ermənistanda məyusluq artır. İrəvanda artıq anlayırlar ki, onlar Parisdən vaxtilə Moskvadan aldıqları dəstəyin onda birini belə, ala bilməyəcəklər. Kremldən isə «tərbiyəvi tədbirlər» hər an gəlib çıxa bilər. Artıq Kremldə və Smolensk meydanında Ermənistanın Fransa və Rusiyaya dost olmayan digər dövlətlərlə «flirt»indən açıq narazılıq ifadə edilir. Müstəqil, özü özünü dolandıran Azərbaycanın özünə rəva bildiklərini KTMT və Aİİ üzvü olan, Rusiyadan çoxsaylı imtiyazlar alan, müttəfiqlik öhdəlikləri daşıyan Ermənistan çətin ki özünə rəva bilsin. 2023-cü ilin sonlarında Moskva KTMT-nin bir neçə iclasına qatılmaqdan yayınmış Nikol Paşinyanın MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-formal toplantısında iştirak edəcəyinə ümidini dilə gətirmişdi. O zaman Ermənistan hökumətinin başçısı üzüyola uşaq kimi, sammitə qatıldı. Bundan başqa, o, KTMT-yə sədrliyin Ermənistana keçdiyi toplantısında da iştirak edib. Artıq yeni ilin ilk həftəsində isə Paşinyanın Ermənistan parlamentindəki «Vətəndaş müqaviləsi» fraksiyasının rəhbərliyi Rusiyadan yeni silah partiyasının alındığını təsdiqləyib. Bir qədər sonra isə Ermənistanda «Sputnik» radiosunun fəaliyyətinin bərpa olunduğu açıqlanıb.

Xatırladaq ki, İrəvanın Moskvadan incikliyinin əsas səbəbi onun «Azərbaycanın qələbə qazanmasına imkan verməsi» deyil. Ermənilər bildirirdilər ki, Rusiya öz forpostuna vəd etdiyi, hətta pulu ödənmiş silah partiyasını göndərməkdən imtina edir. Amma ermənilərin «pulu ödənmiş» dedikdə nəyi nəzərdə tutduqları dəqiqləşdirilməlidir. Məsələ ondadır ki, Ermənistan Rusiyadan silah-sursatı birqayda olaraq, ya pulsuz alıb, ya da bu, «Rusiya Ermənistana kredit verir, Ermənistan o pula Rusiyadan silah alır, Moskva isə krediti bağışlayır» sxemi ilə görülüb. Lakin 2021-ci ildə Rusiya Ukrayna ilə müharibəyə hazırlaşmağa başlamışdı, eyni zamanda Ermənistana nə Azərbaycan, nə Türkiyə, nə Gürcüstan, nə də İranın hücum edəcəyini bilirdi. Ermənistan isə revanş arzusu ilə alışıb-yanır, Rusiyanın bu istəyin gerçəkləşdirilməsinə «maddi dəstək» verməyə borclu olduğunu düşünürdü. Bu baş vermədikdə, Ermənistan Rusiyadan küsdü…

İndi isə Paşinyanın partiyasının təmsilçiləri bildirirlər ki, silah partiyası, nəhayət, gəlib çıxıb və daha bir partiya yoldadır. Doğrudur, Moskva-İrəvan münasibətlərində «qığılcım»lar hələ də qalır. Hər halda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya əleyhinə bəyanatlar verir, Rusiya XİN-i isə onu eyni sərtliklə cavablandırır. Amma ümumi trend aydındır: Ermənistan rusiyapərəst kursa qayıdır. Həm də ona görə ki, başqa yol yoxdur. Ermənistan Kremldən geosiyasi dönüş edə bilməyəcək qədər asılıdır.

Bəs İrəvanın bu siyasi manevrlərini Parisdə görmürlərmi? Axı Fransada siyasi təhlil və proqnozlar məsələsində vəziyyət heç də yaxşı deyil…



MƏSLƏHƏT GÖR:

93