Müəllif: Natiq MƏMMƏDZADƏ
Avropa İttifaqı və Avropa Şurasının Azərbaycana qarşı qərəzli, ədalətsiz, ikili standartlara əsaslanan siyasəti getdikcə güclənir. Bəs ölkənin suverenliyinə, milli maraqlarına əl uzatmağa çalışan Qərbin bu mövqeyi nədən irəli gəlir?
«Təsadüfi» Brüssel
Avropanın Bakıya təzyiqləri artırdığı indi özünü yalnız Aİ-nin aparıcı dövlətlərindən olan Fransanın Azərbaycana ənənəvi hücumları ilə göstərmir. Fransa Senatında Azərbaycanın əleyhinə qətnamənin qəbulu, Ermənistanı dəstəkləməklə yanaşı, Bakının ünvanına əsassız tənqidlər yağdıran prezident Emmanuel Makronun, həmçinin Fransanın yeni xarici işlər naziri Stefan Sejurnenin bəyanatları öz yerində. İndi Qərb ölkələrinin bir çoxunda yeni anti-Azərbaycan dalğası başlayıb. Buna Aİ-nin xarici siyasət xidmətinin başçısı, Avropa Komissiyası sədrinin müavini Jozep Borrelin növbəti bəyanatı ilə start verilib. Bu, həmin Borreldir ki, bir müddət əvvəl gündəmə Azərbaycanın Qarabağ regionunu tərk etmiş erməni əhalinin sayı ilə bağlı şişirdilmiş rəqəm söyləməklə, açıq yalan danışmışdı. Daha sonra isə o, guya Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə «təhdid» yaratmasından «narahatlığını» dilə gətirib. Borrelin bu triadasına münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.
«Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir», - deyə nazirliyin rəsmisi Ayxan Hacızadə bildirib.
Avropa diplomatiyasının başçısının Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etdiyini deyən, təcavüzə və separatizmə son qoymuş tədbirlərin Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaratdığını xatırladan XİN rəsmisi onu da deyib ki, Bakı milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Borreldən danışan zaman Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara bir müddət əvvəl verdiyi müsahibədə işlətdiyi fikirlər yada düşür. Dövlət başçısı demişdi ki, Avropa ölkələrinin əksəriyyətində «öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər...». Aİ-nin diplomatiya idarəsinin hazırkı rəhbəri bu acı həqiqəti qeyd-şərtsiz təsdiqləyir.
AŞPA-nın ikili standartları
Yanvarın sonunda daha bir qurum Azərbaycana qarşı institusional səviyyədəki demarşı ilə yadda qalıb. Söhbət Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etmiş Avropa Şurası Parlament Assambleyasından (AŞPA) gedir.
Aydındır ki, bu qərarın əsasını Avropa siyasi sinfinin böyük bir hissəsinin Azərbaycanın erməni işğalına son qoymasına, öz ərazi bütövlüyünü bərpa etməsinə mənfi münasibəti təşkil edir. Bakıya ünvanlanmış siyasi xarakterli iddialara gəlincə, onlar müşayiətçi xarakter daşıyır. Belə iddialar mütəmadi olaraq əvvəllər də səsləndirilib. AŞPA-nın Azərbaycan nümayəndə heyətini səlahiyyətlərdən məhrum etməsi isə yalnız onun Qarabağ üzərində suverenliyini tam bərpa etməsinə «cavab»dır.
Odur ki, AŞPA və digər Avropa institutlarının anti-Azərbaycan fəaliyyətinin motivləri məhz «erməni məsələsi» ilə bağlıdır. Halbuki, onlar bir vaxtlar Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal edərkən, həmin ərazilərdə soyqırımı, amansız etnik təmizləmə aktları törədilərkən səslərini çıxarmırdılar. 30 illik işğal dövründə AŞPA və digər Avropa institutları Ermənistanın cəzalandırılması, ona sanksiyaların tətbiqi və ya bu ölkənin nümayəndə heyətinin səsvermə hüququndan məhrum olunması məsələsini bir dəfə də gündəmə gətirməyiblər. İndi isə Avropa parlamentləri, assambleyaları və az qala bütün komissiyaları Azərbaycanı ittiham edir. Üstəlik, suverenliyin, ərazi bütövlüyünün və xalqın qorunması müqəddəs iş, istənilən dövlətin təbii haqqı və öhdəliyidir.
Bir sözlə, AŞPA əsl simasını ortaya qoyub və onu təşkilatla əməkdaşlığı dayandırmaq qərarı vermiş Azərbaycanın nümayəndə heyəti çox dəqiq xarakterizə edib: «AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib», - deyə nümayəndə heyətinin bəyanatında bildirilir. Heyət AŞPA ilə əməkdaşlığın dayandırılması qərarını «AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti» ilə əlaqələndirib.
Bəyanatda o da bildirilir ki, Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra ölkə onu ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzədir. «Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir».
Ermənistan üçün «qaş düzəldən yerdə göz çıxarılması»
Azərbaycan-Avropa münasibətləri əsasən ikitərəfli səviyyədə inkişaf edib. Bakının bir çox Avropa ölkəsi ilə sıx tərəfdaşlıq münasibətləri var. Kollektiv formada isə Avropa artıq neçənci dəfədir ki, Azərbaycanın Ermənistan üzərində qələbəsinin Qərbin planlarına uyğun olmadığını, bu səbəbdən də qəbul edilmədiyini göstərir. «Qarabağda insan haqlarının kütləvi şəkildə pozulması», «100 mindən artıq erməninin Qarabağdan qovulması» və bu qəbildən olan digər zəhlətökən iddiaların Avropa institutları və nümayəndələrinin məruzələrində, bəyanatlarında yer alması yalnız onu göstərir ki, Qərb Azərbaycanın Ermənistanla savaşdan qalib çıxmasını, bütün ərazisi üzərində suverenliyinin bərpasını heç cür həzm edə bilmir. Çünki bu qələbə nəinki Qərblə razılaşdırılmadan, əksinə, onun istək və arzusunun əksinə olaraq əldə olunub. Bəli, müasir qlobal siyasətin fenomenal hadisəsi – konkret dövlətin öz suverenliyini təsdiqləməsi sonunculara rahatlıq vermir. Belə çıxır ki, Qərbin, xüsusilə Avropa institutlarının Azərbaycana aşkar düşmən münasibəti bəsləməsinin əsas səbəbi Bakının müstəqil siyasətidir. Çünki bu siyasət Qərbin Cənubi Qafqazdakı geosiyasi maraqlarına xidmətə deyil, regional dövlətlərin iştirakı ilə dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına yönəlib. XXI əsrin reallıqlarına baxmayaraq, hələ də özünü dünyanın göbəyi hesab edən Qərb dairələrini özündən məhz bu çıxarır. Lakin onların boş səyləri davamlı olaraq dövlət müstəqilliyini gücləndirməyə, milli maraqlarını qorumağa çalışan Azərbaycanı dayandırmır. Kollektiv Qərbin vacib strukturları olan Avropa institutları Bakıya öz «oyun qaydaları»nı qəbul etdirə bilməyəcəklər. Çünki bu «qayda»lar Azərbaycanın suıerenliyinə və ərazi bütövlüyünə, onun regional sülh, təhlükəsizlik və əməkdaşlıq qurmaq cəhdlərinə qarşı yönəlib. Bu mənada, Avropanın siyasəti onun Bakı ilə münasibətləri, həmçinin bütünlükdə Cənubi Qafqazdakı maraqları üçün yaxşı heç nə vəd etmir. Hər halda, bu gün bu bölgənin əsas, lider dövlətinin Azərbaycan olduğuna heç bir şübhə yoxdur.
Qərbin uzun illər düşünmədən anti-Azərbaycan siyasəti aparmış və nəticədə nəinki inkişafdan qalmış, subyektliyini də itirmiş Ermənistanı Azərbaycana qarşı qoymaq cəhdləri ilk növbədə, elə Qərbin özünə heç bir dividend gətirməyəcək. Hər halda, onların, xüsusilə Avropa institutlarının qərarları, Brüsselin, Strasburqun və təbii ki, Parisin anti-Azərbaycan əməlləri artıq Avropanın vasitəçilik imkanlarını sıfıra endirib. Üstəlik, bu, təbii olaraq, Ermənistanın özü üçün də fəsadlara yol açır. Halbuki, guya Aİ, AŞ və digər «avropalılar»ın anti-Azərbaycan əməlləri Ermənistanın maraqlarının qorunması üçündür. Bəli, Ermənistan Azərbaycana təzyiq göstərilməsi, bütünlükdə Qafqaz-Xəzər regionunda sabitliyin pozulması üçün Qərbdən istifadə edir. Lakin Avropa institutlarının Azərbaycanı sındıra biləcəyinə ümid bəsləyən İrəvan özü üçün həyati əhəmiyyət daşıyan sülh şansını birdəfəlik itirmək riski ilə üz-üzə qalır. Bu halda isə Qərbin ərköyünü olan Ermənistanı yeni məğlubiyyət gözləyir.
MƏSLƏHƏT GÖR: