24 Noyabr 2024

Bazar, 00:10

FERMER KABUSU

Kənd təsərrüfatı işçiləri dünyanın gündəmini necə zəbt ediblər?

Müəllif:

15.02.2024

Ötən il dekabrın ortalarından Avropa İttifaqını fermerlər etirazları bürüyüb. Fransa, Rumıniya, Macarıstan, Latviya, Polşa və bir çox digər ölkələrdə aqrarlar fəal etiraz aksiyaları keçirir. Onlar yük maşınları və traktorlarla əsas avtomagistralları, dəniz limanlarına, dəmir yolu vağzallarına, aeroportlara girişi bağlayır, küçələrdə təkər və ot yandırır, inzibati binalara peyin atırlar. Aksiyalar kollektiv Avropanın paytaxtı Brüsselə də çatıb. Avropa Parlamentinin qarşısına toplaşan fermerlər binanı yumurta atəşinə tutublar. Bu qiyam çox qeyri-adi, hətta müəyyən mənada parlaq və romantik təsir bağışlayır. Bununla yanaşı, onlar asayiş keşikçiləri ilə toqquşmalardan, zorakılıqlardan yayına bilirlər. Yerli KİV baş verənləri əlbəttə ki, işıqlandırır, amma bunu böyük problemə çevirməməyə çalışır.

Halbuki bunun üçün şərait var – Avropa Parlamentinə seçki (iyunda) ərəfəsində bu cür miqyaslı fermer qəzəbi siyasi hərəkata da çevrilə bilər. Üstəlik, aksiyaların təşkili dəqiqliklə düşünülür, onun iştirakçıları isə bütün «qaydalar»a əməl edir, hətta toplaşdıqları yerlərdə biotualet belə, qurur. Fermerlərin etirazına əhalinin ciddi dəstəyi də var: onları davamlı olaraq avtomobillərin səs siqnalları ilə ruhlandırırlar, nümayişçilərə isti geyim və yemək paylayırlar, hətta traktorlar üzündən tıxacların yaranmasını belə, qəzəblə qarşılamırlar.

Baş verənlər Fransada «sarı jiletlilər» adı ilə yadda qalmış etiraz aksiyasını xatırladır. O vaxt hər şey yanacağın baha olmasından qaynaqlanan narazılıqla başlamış, tədricən iqtisadi qeyri-bərabərlik və siyasi təmsilçilik kimi mövzulara keçmişdi. Artıq fermerlərin aksiyaları da yalnız Aİ-nin vahid kənd təsərrüfatı siyasətinə inansızlıq, onun qeyri-adekvatlığı ilə bağlı bəyanatlarla məhdudlaşmır. Artıq aksiyalarda qarışıq tələblər səsləndirilir, ümumavropa səviyyəsində qərarların qəbuluna ümumi yanaşma şübhə altına qoyulur. Baş verənlər fonunda məzi KİV artıq nümayişçiləri sağçı ekstremistlərlə müqayisə etməyə də başlayıb.

 

Narazılığın səbəbi

Narazılığın əsas səbəbi xərclərin artması ilə paralel, gəlirlərin azalmasıdır ki, bu da bir sıra əməllərlə bağlıdır.

Birincisi, son qiymətin müəyyənləşdirilməsinə gedən yol heç də həmişə şəffaf deyil. Bürokratiya, çoxsaylı inzibati qaydalar, müxtəlif səbəblərdən güzəştlərin azaldılması və s. Vəsaitin böyük aqrar müəssisələrlə kiçik fermerlər arasında bölünməsi heç də həmişə ədalətli olmur və nəticədə birincilər müqayisəyəgəlməz dərəcədə böyük pay sahibinə çevrilirlər.

İkincisi, ucuz idxalla rəqabət narazılığın ən ciddi səbəblərindəndir. Aİ daxilində istehsal olunan məhsullarla bağlı tələb olunan yüksək standartlar idxala şamil edilmir. Bu isə yerli istehsalçıların iflasına yol açır. Brüssel üçün ən incə və təhlükəli məqam isə bunun hər kəs üçün ağrılı olan Ukrayna məsələsi ilə sıx bağlılığıdır. Aİ 2022-ci ildə Ukrayna ilə həmrəylik nümayişi olaraq, onun istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumunu ləğv edib. Nəticədə, Aİ bazarı Ukrayna malları ilə dolub və qiymətin kəskin ucuzlaşmasına səbəb olub. Ukraynada, həmçinin Moldovada istehsal ucuz (orada Avropa İttifaqındakı kimi sərt normalar yoxdur, xərclər azdır), kənd təsərrüfatı məhsulları isə çoxdur. Odur ki, Aİ-dən olan fermerlər oradan taxıl, şəkər çuğunduru, yumurta, toyuq əti və digər məhsulların idxalından narazıdırlar.

Vəziyyətə ilk etiraz edən polşalı fermerlər olub. Onlar hələ ötən ilin noyabrında Ukrayna ilə sərhədi bağlayıblar. Latviyalı fermerlər də ölkəyə Rusiya və Belarus mallarının idxalının qadağan olunmasını tələb edir. MERKOSUR (Cənubi Amerika) ölkələri ilə ticarət razılaşması da ciddi narazılıq yaradıb (MERKOSUR Cənubi Amerikanın ümumi kommersiya və investisiya zonası olan ticarət-iqtisadi blokudur – «R+»). Fermerlər liman və dəmir yollarını məhz bu səbəbdən mühasirəyə alır. Onların fikrincə, Avropa ölkələrini kənd təsərrüfatı məhsulları ilə yerli istehsalçılar təmin edə, hətta ixracla da məşğul ola bilərlər. Bundan başqa, onları çətinə salan həm də Rusiyanın vaxtilə Avropanın əsas kənd təsərrüfatı məhsulları idxalçısı olmasıdır.

Üçüncüsü, yanacağın, elektrik enerjisinin və gübrənin baha olması da hər kəsi qorxudur və qıcıqlandırır. Çünki bu, məhsulun maya dəyərinin artmasına səbəb olur. Eyni zamanda böhranın istehsalçıların yaşam səviyyəsinə təsirini anlayan hökumət və pərakəndə satış şəbəkələri ərzaq məhsullarının ucuzlaşması üçün tədbirlər görür. Bu da Ukrayna ilə bağlıdır. Aİ ölkələri Kiyevə dəstək olaraq, Rusiyaya çoxsaylı sanksiyalar tətbiq edib, bu isə yanacaq və gübrənin bahalaşmasına yol açıb.

Dördüncüsü, ən böyük problemlərdən biri Aİ-nin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tətbiq etdiyi müxtəlif məhdudiyyətlərdir. Havaya karbon qazının buraxılmasının qarşısının alınmasına yönəlmiş istehsal standartları bir çox hallarda yerli xüsusiyyətləri və fermer təsərrüfatlarının miqyasını nəzərə almır. Avropa Komissiyasının 11 dekabr 2019-cu ildə qəbul etdiyi «yaşıl pakt» («green deal») fermerləri narahat edən amillərdən biridir. Söhbət 2050-ci ilə avtmosferə zəhərli qazların buraxılması səviyyəsinin sıfıra endirilməsini nəzərdə tutan plandan gedir. O, 2030-cu ilə pestisidlərdən və gübrələrdən istifadənin 50% azaldılmasını, kənd təsərrüfatf sahələrinin ən azı 10%-nin fərqli məqsədlər üçün istifadəsini (məsələn, meşə salınması, süni göl yaradılması və s.) nəzərdə tutur.

Güman edilir ki, 2030-cü ilə Aİ-nin ümumi kənd təsərrüfatı torpaqlarının 25%-i orqanik əkinçilik üçün istifadə olunacaq. Çoxları Aİ-nin bu «yaşıl kurs»unu baha və reallaşdırılması mümkün olmayan plan sayır. Məsələn, Niderlandda fermerlər artıq bir neçə ildir ki, havaya azotun buraxılmasına sərt məhdudiyyətlərin tətbiqinə etiraz edir. İrlandiyada onlar «yaşıllar»ın 200 min başdan çox malın kəsilməsi təklifini hiddətlə qarşılayıblar.

Digər yandan, fermerlərə iqlim dəyişikliyi də bilavasitə təsir göstərir – son illərdə Avropa dəhşətli daşqınlara da səhnə olub, görünməmiş quraqlıq və yanğınlara da. Aydındır ki, bu dəyişikliklərə reaksiya göstərilməməsi əyləşdiyin budağın yavaş-yavaş kəsilməsinə bərabərdir. Amma hamını narahat edən əsas məsələ kənd təsərrüfatının ekoloji relsə keçirilməsinin xərcini kimin çəkəcəyidir.

Beşincisi, baş verənlərin konspiroloji kontekstdə izahı da var. Buna istər KİV, istərsə də sosial şəbəkələrdə kifayət qədər çox rast gəlinir. Fermer kimdir? Bu günədək bütün tarix məhz onların üzərində qurulub. Söhbət, ilk növbədə, «sivil ölkələr»in tarixindən gedir. Fermerlər hər zaman Qərb dünyasının, bazar iqtisadiyyatının özünəməxsus əsası sayılıblar (heç nəyin sahibi olmayan kolxozçulara qarşı). Fermer öz-özünü dolandıra bilir, onun əziyyətinin bəhrəsi realdır, yalnız satışa yox, mübadiləyə də yarayır.

Fermer, bir qayda olaraq, ənənəçi, evdardır (çünki böyük ailə olmadan yaşamaq, təsərrüfatın öhdəsindən gəlmək mümkün deyil). Ən əsası isə o, təbiətdə yaşayır, onun şəxsi mülkiyyətində böyük torpaq sahələri var. Odur ki, indi, «yaşıl» həyat tərzinə keçən zaman belə çıxır ki, o, həddindən çox yeri məşğul edir, öz məhsullarını yanlış, ekologiyaya ziyanlı texnologiyalarla istehsal edir və ya ümumiyyətlə, lazımsız məhsul istehsal edir (məsələn, ekoloji təmiz çiçəklərin əvəzinə atmosferi çirkləndirən inəklər), üstəlik, daim hansısa subsidiya, güzəşt və s. də tələb edir. Münaqişə göz qarşısındadır.

 

Vəziyyətdən çıxış yolu

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen etiraf edib ki, fermerlərin etirazı Aİ üçün xüsusi çağırışdır. Avropa Komissiyası isə onların maraqlarının müdafiəsi istiqamətində tədbirlər görüləcəyini vəd edib. İndiki mərhələdə görünən odur ki, fermerlər ildə  əkin sahələrinin 4%-nin becərilmədən saxlanılması tələbinin ləğvinə nail olurlar. İnzibati yükün azaldılması paketinin qəbulu, su resurslarının daha əlçatan olması kimi məsələlər də müzakirə edilir.

Fransanın yeni baş naziri Qabriel Attal kənd təsərrüfatı üçün dizel yanacağının aksizinin bahalaşdırılması planından vaz keçildiyini bildirib, orqanik fermalar üçün milyonlarla avro vəsaitin ayrılacağını və onların fermerlərə bağışlanacağını bildirib. İstehsalçılara məhsullarına görə «ədalətli mükafat» təklif etməyəcək supermarketlər isə cərimələnəcək.

Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekerski öz növbəsində, fermerlərin üç tələbinin yerinə yetiriləcəyini deyib: hökumət qarğıdalı becərilməsinə subsidiyalar ayıracaq, vergi dərəcəsinin 21%-i ötməyəcəyinə dair öhdəlik götürəcək və kənd təsərrüfatı üçün güzəştli kreditləri davam etdirəcək. Nazir onu da bildirib ki, Polşada Ukrayna məhsullarının satışına qadağa müddətsiz davam edəcək.

Aydındır ki, brüsselli siyasətçilər, ilk növbədə, fermerlərin qiyamının müxalif partiyaların, xüsusilə sağçıların siyasi hərəkatı ilə bir araya gələ biləcəyindən narahatdır. Məsələn, Almaniyada «Almaniya üçün alternativ» partiyası artıq fermerlərə dəstək ifadə edib. «Azad saksonlar», «Üçüncü yol», «Vətən» kimi kiçik qatı sağçı qruplar da eyni mövqedən çıxış edirlər. Avropa Parlamentinin yeni seçiləcək tərkibinə bunun necə təsir göstərəcəyi, yaxud ümumiyyətlə, göstərib-göstərməyəcəyi hələ ki, məlum deyil. Hamı bilir ki, böhran uzun illərdir yaşanır. Lakin onu həll etməyə nə Brüssel, nə də milli hökumətlər tələsib.

İndi fermerlərin etirazları yalnız Avropa deyil, bütün dünya üçün böyük əhəmiyyət daşımağa başlayıb. O, Avropanın birliyinə də öz təsirini göstərir, Ukrayna münaqişəsi ilə də bağlıdır, eyni zamanda yaşananların iqlim dəyişikliyinə də aidiyyəti var. Bu, Avropa şəhərlərinin küçələrindəki traktorlara son dərəcə ciddi yanaşılması üçün kifayətdir.



MƏSLƏHƏT GÖR:

86