Müəllif: Kənan RÖVŞƏNOĞLU
ABŞ və Türkiyə arasında artıq 3-cü ildir davam edən F-16 satışı müzakirələrinə nəhayət nöqtə qoyulub. Pentaqon yanvarın sonlarında bəyan edib ki, Dövlət Departamenti Türkiyəyə ümumi dəyəri 23 milyard dollar olan 40 ədəd F-16 Blok 70 döyüş təyyarəsi və 79 ədəd F-16 təyyarəsinin yenilənmə dəstinin satışını təsdiqləyən sənədi Konqresə göndərib.
Bu açıqlamanın Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünü təsdiq edən qərarından dərhal sonra verilməsi onu göstərir ki, bu məsələyə dair Vaşinqton və Ankara arasında razılaşma əldə olunub. Doğrudur, eyni gündə ABŞ Dövlət Departamenti Yunanıstana 8,6 milyard dollar dəyərində 40 ədəd F-35 təyyarələrinin satışı ilə bağlı müqaviləni də Konqresə göndərib. Lakin son illərdə açıq şəkildə soyuqlaşan Ankara-Vaşinqton münasibətləri fonunda Türkiyəyə F-16 satışının təsdiqlənməsi əlaqələrdə yeni başlanğıc kimi qiymətləndirilir.
Enişli-yoxuşlu 70 il
Bu il fevralın 18-də Türkiyənin NATO üzvlüyünün 72 ili tamam olur. Türkiyənin ABŞ ilə NATO çərçivəsində müttəfiqliyi ötən 72 ildə hər zaman hamar olmasa da, Ankara NATO-nun ABŞ-dən sonra ən böyük hərbi gücü olaraq qalır. Xüsusilə, Soyuq müharibə dövründə Türkiyə Kipr böhranı kimi bir neçə həssas mərhələni yaşasa da, Alyansın şərq sərhədlərini etibarlı şəkildə qoruyub və Vaşinqtona çox sıx əlaqələr qurub.
Lakin son illər iki ölkə arasında bir sıra məsələlərdə dərin fikir ayrılıqları mövcuddur. Türkiyənin fəal xarici siyasəti, siyasi və iqtisadi təsirini regionda yayması Qərb müttəfiqlərini qane etmir. İndi o, öz siyasətini Afrikada, Yaxın Şərqdə, Qafqazda, Mərkəzi Asiyada aparan dövlətə çevrilib və bu da həm ABŞ, həm də Avropada birmənalı qarşılanmır.
Xüsusən də “ərəb baharı” sonrası Yaxın Şərqdə baş verən vətəndaş müharibələri, İŞİD terroru fonunda Qərb və Türkiyənin mövqelərində fərqlər daha aydın görünməyə başlayıb. 2015-ci ildə ABŞ-nin Suriyada PKK-nın müttəfiqi olan solçu kürd qruplaşmaları ilə əməkdaşlıq etməsi münasibətlərdə soyuqluğu açığa çıxaran ilk qabarıq hadisə hesab oluna bilər. Türkiyə PYD və onun daxil olduğu “Suriya Demokratik Qüvvələri” koalisiyasını milli təhlükəsizliyi üçün təhdid hesab edir.
Bundan başqa, münasibətlərdə qırılma nöqtəsi Ankara-Moskva münasibətlərində yaxınlaşma, nəhayət, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri tədarük etməsi olub. Üstəlik, mübahisəli məsələlər arasında Ankaranın Aralıq dənizinin şərqindəki neft-qaz yataqlarına iddiaları, Kipr sahillərində aşkarlanan enerji resurslarının bölüşdürülməsi Ankaranın Afina ilə münasibətlərinin kəskinləşməsinə səbəb olub. Bundan başqa, Türkiyənin Qərb dövlətləri, xüsusilə Fransa ilə Liviya və Şimali Afrikada rəqabətinin dərinləşməsi, eləcə də Cənubi Qafqazdakı siyasi vəziyyət ABŞ və Türkiyə arasında əsas problemlər olaraq qalır.
ABŞ-Türkiyə əlaqələrinin qırılma xəttinə dair əsas məqamları Merilend ştatından olan Senat Komitəsinin üzvü, konqresmen Kris Van Hollen bəlkə də aydın və yığcam şəkildə ifadə edib: “Türkiyənin İsveçin NATO üzvlüyünə veto qoyması, Türkiyə hakimiyyətinin suriyalı kürd müttəfiqlərimizə davam edən hücumları, Aralıq dənizinin şərq hissəsində aqressiv davranışları və Azərbaycanın Dağlıq Qarabağdakı hərbi fəaliyyətlərini dəstəkləməsi mövzusunda ciddi narahatlıqlar var”.
F-16 münasibətləri “restart” edəcək?
Münasibətlərin yenidən qurulmasının ən bariz nümunəsi F-16 satışı ilə bağlı prezident Baydenin Konqresə müraciətindən dərhal sonra dövlət katibinin müavini Viktoriya Nulandın Ankaraya səfəri olub. O, Ankarada bir sıra görüşlər keçirib və maraqlıdır ki, bu görüşlərlə bağlı Nulandın özü müsahibə verib. Bu açıqlamalardan belə görünür ki, Ankara danışıqlarında ABŞ-Türkiyə münasibətlərində bütün “axsayan” nöqtələr müzakirə olunub.
Məsələn, məlum olub ki, bu il ABŞ Ticarət Nazirliyinin koordinasiyası ilə Türkiyədə “Trade Wings 2024” toplantısı keçiriləcək. Həmçinin tərəflər ABŞ-Türkiyə ticarət və sərmayə sahəsində mühüm razılaşmalar əldə ediblər. Nəticədə, ABŞ-nin Türkiyəyə investisiyaları artacaq.
Eyni zamanda Nuland Türkiyə mediasına verdiyi açıqlamada son illərdə Suriyada terrorla mübarizə mövzusunda Ankara və Vaşinqton arasındakı fikir ayrılığı ilə bağlı müzakirələrin aparılması barədə razılıq əldə edildiyini qeyd edib. Həmçinin hərbi və kəşfiyyat sahəsində koordinasiyanın qurulması razılaşdırılıb. Çünki məlum olduğu kimi, ötən ilin oktyabrında məhz kəşfiyyat koordinasiyasının olmaması səbəbindən ABŞ ordusu Suriya ərazisində fəaliyyətdə olan Türkiyəyə məxsus PUA-nı vurub və bu hadisə iki ölkə münasibətlərində gərginliyə səbəb olub.
Lakin o da məlum olub ki, ABŞ Suriyadan çəkilmək niyyətində deyil, İŞİD-ə qarşı mübarizədə YPG ilə əməkdaşlıq davam edəcək.
Daha bir maraqlı detal ondan ibarətdir ki, Vaşinqton F-35 proqramı mövzusunda Ankaraya yenidən “yaşıl işıq” yandırıb. Belə ki, ABŞ dövlət katibinin müavini qeyd edib ki, Türkiyə S-400 HHM sistemləri ilə bağlı problemi həll edəcəyi təqdirdə yenidən F-35 proqramına geri dönə bilər. Eyni zamanda Nuland bunun üçün Türkiyənin güclü hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməli olduğunu vurğulayıb.
Başqa sözlə, Vaşinqton Türkiyənin Rusiyadan aldığı S-400-lərdən imtina etməsi müqabilində Türkiyəyə NATO dövlətləri istehsalı olan HHM sistemi satılmasını və Ankaranın yenidən F-35 proqramına qayıdacağını vəd edir.
Vaşinqtonun Ankaraya ehtiyacı var
Əlbəttə, Türkiyə-ABŞ münasibətlərində müşahidə olunan bu canlanmanın yeganə səbəbi heç də Ankaranın İsveçlə bağlı qərarı deyil. Vaşinqtondan Ankaraya münasibətin dəyişməsi həm də Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədardır. ABŞ-nin hazırkı rəhbərliyi anlayır ki, Vaşinqtonun Yaxın Şərqdə “yumşaq gücünü” itirdiyi bir zamanda Türkiyə kimi NATO müttəfiqinə ehtiyacı var. ABŞ hökumətinin Qəzzada atəşkəsə nail ola bilməməsi Vaşinqton üzərində təzyiqi artırır. Dövlət katibi Antoni Blinkenin fevralın əvvəlində regiona son 4 ayda 5-ci səfəri göstərib ki, Vaşinqton təkcə İran və onun regiona yayılmış proksi qüvvələri ilə deyil, həm də İsrail kimi yaxın müttəfiqi və ərəb dövlətləri ilə dil tapmaqda ciddi problemləri var.
Digər tərəfdən son illərdə görünən odur ki, Ankara Vaşinqtondan uzaqlaşdıqca Moskvaya daha çox yaxınlaşır və bu da özünü Qəzza müharibəsi kimi ciddi böhranlar zamanı daha qabarıq şəkildə göstərir. Başqa sözlə, indi Vaşinqtonun regionda Ankaraya ehtiyacı var.
Aydın məsələdir ki, Ankara indiki zamanda ABŞ-dən gələn sərmayənin artması, F-16 satışı və yenilənməsi barədə qərardan məmnundur. Lakin o da məlumdur ki, bir sıra məsələlərdə yenə də ciddi fikir ayrılıqları qalacaq. Məsələn, ABŞ-nin Suriyada kürd siyasətindən geri çəkilməməsi və ya F-35 proqramı qarşılığında S-400 şərti Ankara üçün qəbuledilməzdir.
Bu mənada münasibətlərin birdən-birə 1990-cı illərdəki səviyyəyə geri dönəcəyini düşünmək sadəlövhlük olardı. Bununla belə, Vaşinqtonun bu gedişi Türkiyə-ABŞ münasibətlərinin yeni fazaya qədəm qoyduğunu göstərir. Xüsusən də nəzərə almaq lazımdır ki, noyabrda ABŞ-də prezident seçkiləri keçiriləcək. Əgər seçkilərdə demokratların deyil, respublikaçıların namizədi qalib olarsa, Ankara-Vaşinqton münasibətləri daha da istiləşə bilər.
MƏSLƏHƏT GÖR: