Müəllif: NURANİ
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlaradək paradoksal şəkildə «siyasi ölümsüzlüyün» nümunəvi ifadəçisi sayılırdı. Yumşaq desək, heç də hamının dəstəkləmədiyi «kabab inqilabı» nəticəsində hakimiyyətə gəlmiş Paşinyan elə həmin 2018-ci ildə keçirilən parlament seçkisində də, Tovuz döyüşlərindən və 44 günlük müharibədən, hətta İrəvanda ölkə parlamentinin binasına hücumdan sonra da kürsüsünü qoruyub saxlaya bilib.
Lakin indi, Azərbaycanın nəinki Arazboyu əraziləri və Şuşanı, həm də Xankəndini, Xocalını, Ağdərə və Xocavəndi də azad edərək, erməni işğalına tamamilə son qoymasından sonra Ermənistanda daxili siyasi proseslər Paşinyan üçün əvvəlkindən daha təhlükəli ssenari üzrə inkişaf edir.
Siyasi fəsadlar verən «korrupsiya ilə mübarizə»
Ermənistanda Paşinyançı cinah fevralın əvvəlində «çat verib». Ölkənin İstintaq Komitəsi Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparıldığını, nəticədə 7 nəfərin saxlanıldığını açıqlayıb. Onlara qarşı irəli sürülmüş ittiham da məlum olub: əvvəlcədən əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə. Məsələn, «İctimai investisiya proqramları bankı»nın yaradılması haqqında tenderdə məmurlar şirkətlərdən birinin rəhbəri ilə sövdələşərək, rəqiblərin tenderdə iştirakına süni əngəllər yaradıblar. Nəticədə, tenderə üç dəfə baha qiymətlə (392 milyon dram – təxminən 821 min dollar) müraciət etmiş şirkət qalib gəlib. Bir müddət əvvəl isə «Synergy» şirkətinin direktoru Aşot Ovannisyanın saxlanıldığı məlum olub. Bu, əsl sensasiyadır. Amma ən maraqlısı, saxlanılanlar arasında Ermənistan parlamenti sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyanın da olmasıdır.
İndi qalmaqallı, lakin kifayət qədər məlumatlı media sayılan «Jovaxurd» qəzeti hadisənin şok detallarını açıqlayır. Qəzet yazır ki, parlamentin spikeri Aren Simonyan ilə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi savaş gedir. Buna səbəb həm şəxsi iddialar, həm də 2026-cı ildə keçiriləcək parlament seçkisidir. Simonyan Paşinyanın gözündə Qriqoryanın rolunu kiçiltməyə, Qriqoryan isə öz növbəsində, spikerin qohumunun iştirakı ilə baş vermiş korrupsiya qalmaqalını «şişirtməyə» çalışır.
Paşinyan üçün bu, təhlükəli ssenaridir. Baş nazirin komandasında bu haqda danışmamağa üstünlük verilsə də, Paşinyanın fenomenal dayanıqlığında ölkədə düz 20 il – 1998-ci ildən 2018-ci ilədək hakimiyyətdə olmuş Qarabağ klanının korrupsiyalaşmış diktaturasına nifrətin də rol oynadığı məlumdur. Belə bir vəziyyətdə Paşinyanın Robert Koçaryan və Serj Sarqsyandan başqa alternativi yox idi.
İndi isə vəziyyət kökündən dəyişir. Paşinyanın əsas şüarlarından olan korrupsiya ilə mübarizə əhəmiyyətini itirir. Sən demə, «inqilabçılar» da təmiz deyillər. Bu dəfə korrupsiya pullarının «qarabağlılar»ın deyil, «icevanlılar»ın cibinə axması Ermənistan vətəndaşlarının əksəriyyəti üçün heç nəyi dəyişmir. Üstəlik, indi baş nazirin komandasında parçalanma da başlayır və burada söhbət heç də şəxsi iddialardan getmir.
Müharibə bitdi, fikir ayrılıqları artır
Doxsanıncı illərə ekskursiya edərək, «geniş demokratiya hərəkatları»nın taleyi haqda çox danışmaq olar. O zaman keçmiş SSRİ respublikalarında müxtəlif qəbildən olan «xalq cəbhələri»nin ardınca «radikallar», «liberallar», müxtəlif partiyalar, partiya birlikləri yaranırdı. Bənzər mənzərə 2000-ci ilin ortalarında «rəngli inqilab»ların ilk dalğası zamanı da yaşanırdı: «mənfur rejimlər»i devirən qaliblər həzlə öz aralarındakı münasibətlərin aydınlaşdırılmasına başlayırdılar. Paşinyanın «kabab inqilabı» da ən müxtəlif qüvvələri bir araya gətirmişdi. Amma «Qarabağ klanına qarşı dostluq» əbədi ola bilməzdi. Nəhayət, Nikol Paşinyanın komandasında müharibənin nəticələrilə bağlı gözlənilən parçalanma başlayıb.
Düşünmək olardı ki, 44 günlük müharibədəki məğlubiyyətin və Qarabağdakı antiterror tədbirlərinin ardından İrəvan ayılacaq, reallığa qayıdacaq və cəfəng revanş fikirlərini başından atacaq. Amma bu, sağlam düşüncədir.
Ermənistan problemin dinc yolla həlli şansını 2016-cı ilin aprelində baş vermiş, qüvvələr nisbətinin dəyişdiyini, artıq münaqişənin hərbi həllinin də olduğunu göstərən döyüşlərdən sonra da itirmişdi, 44 günlük müharibədən sonra itirdi. Halbuki sonuncu halda Üçtərəfli razılaşmanın timsalında «yol xəritəsi» belə, var idi. Antiterror tədbirlərindən və xuntanın süqutundan sonra isə Ermənistan ictimaiyyətində yenə də revanş ümidləri sezilir ki, burada Ermənistanın Fransa kimi xarici himayədarlarının rolu da az deyil.
Beləliklə, Ermənistanın siyasi rəhbərliyindəki köhnə xəstəlik yenə də özünü göstərir: Qarabağla bağlı mövqelərdə ziddiyyət. Belə ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyir, onun komandasının üzvləri isə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə səs verməsilə bağlı isterika qaldırır.
Klassik sxemə görə, bu gün Ermənistanda «sülh partiyası» ilə «müharibə partiyası», yəni həmin revanşistlər arasında qarşıdurma yaşanmalıdır. Amma Ermənistan cəmiyyətində sözün əsl mənasında «sülh partiyası» hələ də görünmür. Danışıqlar prosesində anlaşılmaz manevrləri ilə yadda qalan Paşinyan isə çətin ki, bu statusa iddia edə bilsin.
Azərbaycanlı ekspertlər deyirlər ki, Ermənistanın hazırkı baş nazirini regionda sülhə əsas ümid sayman ən azı tezdir. Çünki İrəvan davamlı olaraq bütün dialoq təşəbbüslərini pozur, sərhədlərin delimitasiyası və demarkasiyasına imkan vermir. Üstəlik, Nikol Paşinyan sülh müqaviləsinin imzalanması əvəzinə «hücum etməmək haqqında» hansısa anlaşılmaz sənədin imzalanmasını təklif edir. Yəni Baqramyan 26 ünvanında sülh müqaviləsi üzərində real işə başlamaqdansa, «çərənləməyə» və sənədin imzalanmasını maksimum uzatmağa çalışırlar. Məqsədlərdən biri də təbii ki, münaqişəni «işlək» vəziyyətdə saxlamaq və uyğun vaxtda revanşa cəhd etməkdir.
Lakin real qüvvələr nisbəti bu arzunun arzu olaraq qalacağını göstərir. Paşinyanın komandasının əksər üzvü artıq bilir ki, sülh müqaviləsini imzalamalı olacaqlar və bu, Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində baş verəcək. Onu da bilirlər ki, bu, müqaviləni Ermənistan tərəfindən imzalayacaq qüvvələr üçün daxili siyasi fəsadlar da verəcək. Odur ki, baş nazirin komandasında «siçovulların gəmidən qaçması» prosesi başlayıb. Bəli, Paşinyan hərbi meydanda iki dəfə darmadağın olundunqdan sonra hakimiyyətini qoruyub saxlamağı bacarıb. Amma indi onu həm də diplomatik darmadağın, Bakının şərtləri əsasında sülh müqaviləsinin imzalanması gözləyir. Onunla bu «qeyri-populyar qərar»ın məsuliyyətini bölüşmək istəyənlər isə getdikcə azalır. «Aradan çıxmaq», liderlə razı olmadığını nümayiş etdirmək cəhdləri də bundan irəli gəlir.
«Xarici siyasət» yazılır, «gizli savaş» oxunur
Paşinyanın komandasında parçalanma çox maraqlı fonda baş verir. Bir tərəfdən Ermənistan KTMT üzvü olaraq qalır, Avrasiya İqtisadi İttifaqına sədrliyə başlayır və dolayı əlamətlərə görə, Rusiyanın üzləşdiyi sanksiyalardan yayınmasının əsas kanallarından birinə çevrilir. Digər yandan Paşinyanın komandası var qüvvəsi ilə qərbpərəstlik nümayiş etdirir, ilk növbədə Fransa ilə siyasi oyunlar oynayır. Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsi məhz Parisin işidir. Bu gün Fransa ilə Ermənistan artıq silah tədarükü məsələsini də müzakirə edir, İrəvan Parisdən 50-dək «Bstion» zirehi maşını alır. Qərblə bu oyunlar isə təbii ki, Moskvanı narahat edir. Bütün çətinliklərə və problemlərə baxmayaraq, Rusiyanın Ermənistanda «vəziyyəti düzəltmək» üçün kifayət qədər rıçaqı var. Moskva özü üçün Paşinyana alternativ namizədlər də tapa bilər və bu işdə onun ümidi heç də yalnız «Qarabağ klanı»nın keçmiş liderləri Robert Koçaryan və ya Serj Sarqsyana deyil. Qərb isə öz növbəsində, Ermənistandan Moskvanın ünvanına ittihamlardan daha konkret əməl gözləyir. Hər halda, İrəvan bütün qərbpərəst jestlərinə rəğmən, hərbi sahədə Rusiya ilə heç bir razılaşmasına yenidən baxmır. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini, beynəlxalq aeroportunun nəzarət buraxılış məntəqəsini hələ də Rusiya sərhədçiləri qoruyur, Gümrüdəki Rusiya hərbi bazasına isə artıq əlavə dislokasiya yeri də verilib – Qarakilsə (Sisiyan) aerodromu. İki ölkənin birgə quru qoşunları və hava hücumundan müdafiə qüvvələri də qalmaqdadır…
Bəlkə də Paşinyan incə, ağıllı siyasət yürütdüyünü düşünür. Reallıqda isə onun geosiyasi reveransları hamını bezdirib. Ermənistan KİV-də artıq sensasiya sayılacaq xəbər müzakirə olunur: guya Paşinyan komandasında qərbpərəstlərlə balans yaradılması üçün «rusiyapərəst cinah» yaradılmasını tapşırıb. Onun hazırkı komandasında əsas «qərbpərəst» Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandırsa, «rusiyapərəst cinah»a müdafiə naziri Suren Papikyan başçılıq etməlidir. Amma Papikyan da keçmiş sorosçulardandır və ondan Kremlin dostu çıxmaz. Bununla yanaşı, Müdafiə Nazirliyinə məhz Papikyan başçılıq edir, ordu isə Ermənistanın Rusiyadan asılılığının daha çox olduğu sahədir. Bəli, Ermənistanda rusiyapərəst əhval da məhz orduda daha güclüdür.
Ermənistan KİV-i «rusiyapərəst cinah»ın yaradılmasının Paşinyanın təşəbbüsü olduğunu yazsa da, baş nazirin komandasında Moskvaya tərəf boylananlar həqiqətən az deyil. Elə həmin Alen Simonyanın Fransanın Ermənistanın «ala gözlərinə heyran olmadığı», «hərənin öz marağının olduğu» haqda fikirləri vəziyyəti kifayət qədər aydın ifadə edir. Daxili siyasi savaşda müttəfiq axtarışı xarici oyunçular üçün klassik sxemdir. Xüsusilə əgər söhbət Ermənistan kimi dövlətdən gedirsə.
MƏSLƏHƏT GÖR: