24 Noyabr 2024

Bazar, 00:04

AZƏRBAYCAN SEÇİMİNİ ETDİ

İlk dəfədir ki, səsvermə ölkənin beynəlxalq birlik tərəfindən tanınan bütün ərazisində keçirilib

Müəllif:

15.02.2024

Azərbaycanda 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkisində seçicilərin 92,12%-i səsini hazırkı dövlət başçısı İlham Əliyevə verib. Seçici fəallığı 75% olub. Namizədlər arasında səs fərqi çox böyük alınıb. İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəlib.

Prinsipcə, analitiklər nəticənin belə olacağını gözləyirdi. Ölkədə ictimai rəyə, təbii ki, Qarabağda əldə edilmiş parlaq qələbə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması da öz təsirini göstərmişdi.

 

Azad etmənin mərhələləri

Azərbaycanın «sadəcə bəxti gətirdiyini» demək, əlbəttə ki, doğru olmaz. Qələbə seriyası 2016-cı ilin aprel döyüşlərində bir neçə strateji yüksəkliyin, o cümlədən Lələtəpənin azad olunması ilə başlamışdı. Azərbaycan yeni, peşəkar, müasir və motivasiyalı ordusunun olduğunu hələ onda nümayiş etdirmişdi. Bəli, Bakı dəqiq strateji plan üzrə hərəkət edirdi. Əvvəlcə düşünülmüş və effektiv neft strategiyası, daha sonra neftdən gələn vəsaitin həm də orduya, yerli hərbi-sənaye kompleksinə xərclənməsi. Ordu artıq yeni, müasir əsaslar üzərində qurulur, yüksək dəqiqlikli silahlara, həmçinin barəsində elə aprel döyüşlərindən sonra danışılmağa başlanılmış pilotsuz uçuş aparatlarına üstünlük verilirdi.

Daha sonra 2018-ci ilin yazında Azərbaycan ildırım sürətli Qızılqaya-Günnüt əməliyyatını keçirib. Nəticədə, Naxçıvan istiqamətində böyük bir ərazi erməni işğalından azad edilib.

2020-ci ilin iyulunda Ermənistan Tovuz istiqamətində, Azərbaycanın neft-qaz borularının keçdiyi əraziyə yaxın bölgədə təxribata əl ataraq, növbəti hərbi toqquşmaya səbəb olub. Amma düşmən Azərbaycanın müdafiə xəttini yara bilməyərək, geri çəkilməli olub. 2020-ci il sentyabrın 27-də isə 44 günlük Vətən müharibəsi başlayıb. Bunadək açıq şəkildə «yeni ərazilər uğrunda yeni müharibə»dən danışan Yerevan Kür çayı və Rusiya ilə sərhəddə çıxmaq arzusunu reallaşdırmaq qərarına gəlmişdi. Lakin Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın bu arzusunu gözündə qoyub. Böyük itkilər verən işğalçı Araz boyu əraziləri tərk etmək, son olaraq Şuşa şəhərindən qaçmaq məcburiyyətində qalıb.

Beynəlxalq ekspertlər Azərbaycan və onun Silahlı Qüvvələrindən bunu gözləmirdi. Ordu isə 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal xarakterli anti-terror tədbirləri həyata keçirərək, Xankəndidəki qeyri-qanuni separatçı xuntanın üzərindən birdəfəlik xətt çəkib.

Azərbaycan üçün bu, hərbi qələbədən, ərazi bütövlüyünün bərpasından daha böyük hadisədir. Qarabağın azad edilməsinin əhəmiyyətini anlamaq üçün 90-cı illərin acısını, yeni yaradılmış Azərbaycan Ordusunun döyüşçülərinin qəhrəmanlığına rəğmən, alınmış haqsız məğlubiyyətin ağrısını xatırlamaq lazımdır. Təxminən 25 il müddətində Ermənistan xəyali «qələbə»si ilə öyünərək, məqsədli şəkildə Azərbaycanı aşağılamağa, təhqir etməyə çalışıb. Bu prosesin apofeozu isə sərxoş Nikol Paşinyanın Şuşadakı rəqsi olub. Halbuki 2016-cı ilin aprel döyüşlərindən sonra ağıllı siyasətçi artıq qüvvələr nisbətinin əvvəlki olmadığını anlamalı idi… Azərbaycan təkcə qələbə qazanmayıb, o, ləyaqətini bərpa, özünə hörməti təmin edib. Bu isə siyasətdə çox şey deməkdir. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin seçkidə 90%-dən çox səs qazanması təəccüblü deyil.

Dövlət başçısının öz səsini məhz Xankəndidə verməsi isə məntiqli idi. Üstəlik, seçki məntəqəsi vaxtilə separatçı xuntanın iclaslarını keçirdiyi, Azərğaycana qarşı təxribatların planlaşdırıldığı binada yerləşirdi.

Bakıda yaxşı anlayırlar ki, Qarabağda qələbənin qazanılması ilə ölkə üçün təhdidlər bitməyib. İrəvanda revanş haqda fikirlər səngimir. Bakı regional və beynəlxalq gərginliyin kəskin artdığını da nəzərdən qaçıra bilməz. Söhbət istər Rusiya ilə NATO arasındakı «bölünmə»dən, istər İran ətrafında vəziyyətin gərginləşməsindən və sairdən gedir. Belə bir vəziyyətdə Azərbaycan üçün güclü ordu həyati əhəmiyyət daşıyır.

 

Siyasi yenilənmə

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən danışarkən əksər ekspertlər onun Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün ərazisində keçirilən ilk seçki olduğuna diqqət çəkir. Azərbaycan keçmiş SSRİ məkanında hərbi yolla ərazi bütövlüyünün bərpası presedentini yaratmış ilk ölkədir. Məhz o, hər kəsə göstərib ki, Sovet İttifaqından miras qalmış köhnə münaqişəni təcavüzkara təyyarələrlə silah tədarükünə rəğmən belə, hərbi yolla həll etmək mümkündür. Nəhayət, yeni müstəqil dövlətlərin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə ciddi yanaşmanı məhz Bakı nümayiş etdirib.

Məlum olub ki, xarici oyunçuların çoxu bu ssenariyə hazır deyilmiş. Qarabağ vasitəsilə təzyiq göstərilməsi mümkün olan əvvəlki Azərbaycan çoxlarını qane edirdi. Çətin dövlətçilik imtahanından keçmiş, neft-qaz strategiyasını reallaşdırmış, ərazilərini işğalçılardan azad etmiş yeni Azərbaycanla isə məsələ çətindir. Bu, çoxlarını şoka salıb.

Azərbaycan Prezidenti yerli telekanallara hələ 2024-cü ilin yanvarında verdiyi müsahibədə demişdi: «Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib».

Seçki ərəfəsində və səsvermə günü Azərbaycana qarşı köhnə silahdan yenidən istifadə edilməsi də təəccüblü deyildi. Söhbət guya ölkənin kifayət qədər demokratik olmadığına dair ittihamlardan gedir. Apofeoz isə AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasından imtina olunduğu təxribatçı qətnaməsi olub.

Bakı seçki vaxtı yersiz iradların, qərəzin ola biləcəyini, əlbəttə ki, gözləyirdi. Lakin vəziyyət kökündən dəyişib. Bu gün Azərbaycan demokratik seçki imtahanı vermir. Hər halda, Qarabağ müharibəsi və hərbi qələbədən sonra formalaşmış ictimai rəy fonunda Bakı seçkinin nəticəsindən qətiyyən narahat deyildi. Müşahidəçilər isə obyektivlik imtahanı verməli idilər ki, bu imtahandan da onların heç də hamısı «üzü ağ» çıxmayıb. Radikal müxalifət və onlarla bağlı KİV-in seçkinin saxtalaşdırıldığını «sübut etmək» üçün yaydıqları, lakin illər əvvəl Kazanda çəkilmiş video, həmçinin digər yalançı görüntülər gülməli, o qədər də mənasız və aciz təsir bağışlayırdı. Azərbaycan ekspertləri isə hələ seçkidən əvvəl bildirirdilər ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dəfə də xaricin, indiki halda Amerikanın sifarişini yerinə yetirər, saxta məlumatlar yayarsa, təşkilatla əməkdaşlıq, ümumiyyətlə, dayandırıla bilər. Odur ki, ölkə vətəndaşlarının ABŞ səfirliyinin «seçkinin kifayət qədər demokratik keçmədiyi» haqda bəyanatından hiddətlənməsi anlaşılandır.

Azərbaycana miqyaslı siyasi təzyiq göstərmək də mümkün olmayıb. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Prezident İlham Əliyevə zəng edərək ona seçkidə qazandığı qələbə münasibətilə təbriklərini çatdırması isə bəzilərinin seçkinin tanınmayacağına, bununla da, ermənilərin hüquqlarına zəmanət və s. kimi məsələlərin gündəmə gətirilməsinə imkan yaranacağına olan ümidlərinin üzərindən xətt çəkib. Bundan başqa, Şarl Mişel İlham Əliyevlə Avropanın yalnız vasitəçiliyinin bərpası məsələsini deyil, həm də Azərbaycanla Aİ arasında konkret əməkdaşlıq sahələrini də müzakirə edib.

Bu isə o deməkdir ki, dünya xəritəsində yeni Azərbaycanın peyda olması bəzilərinin planlarını pozsa da, yuxusunu qaçırsa da, reallıqla barışmamaq mümkün olmayacaq.



MƏSLƏHƏT GÖR:

99