Müəllif: Samir VƏLİYEV
Ukraynanın xroniki silah-sursat, hərbi texnika çatışmazlığı yaşadığı, Vaşinqtonun isə daxili siyasi diskussiyalar fonunda Kiyevə hərbi yardımı ləgitməsi fonunda müşahidəçilər Ukraynanın münaqişənin sülh yolu ilə mümkün həlli ssenarilərini nəzərdən keçirmək məcburiyyətində qala biləcəyini düşünürlər. Moskvada da anlamaya bilməzlər ki, hərbi əməliyyatların davam etməsi yalnız daxili vəziyyətə deyil, Rusiyanın beynəlxalq təhlükəsizlik sistemindəki yerinə də ciddi mənfi təsirlər göstərəcək. Rusiya bu üzdən, münaqişəni sonunadək uzatmaq istəmədiyinə eyhamlar vurur.
Təbii ki, tərəflər sülhü fərqli görür, daha çox mütləq qələbəyə köklənir. Amma bu, sülhə diplomatik yolla nail olunmasını istisna etmir.
İsveçrənin vasitəçiliyi
Ukrayna Prezidenti Vladimir Zelenski Börnə hələ yanvarın sonunda etdiyi rəsmi səfər zamanı İsveçrənin onlar üçün sülh danışıqlarına başlamasını istəmişdi. İsveçrə Prezidenti Viola Amxerd Zelenski ilə görüşünə dair təəssüratlarını bölüşərkən deyib: «Zelenski soruşdu ki, İsveçrə ali səviyyədə sülh sammiti təşkil edə bilərmi? Mən belə konfransın keçirilməsinə hazır olduğumuzu dedim».
Həmin görüşdə iki ay sonra, düz Rusiya-Ukrayna savaşının başlamasının ikinci ildönümü günü İsveçrə Xarici İşlər Nazirliyi Ukraynanın bütün sülh təşəbbüsünü alqışladıqlarını, sözügedən konfransı apreldə təşkil etmək niyyətində olduqlarını bəyan edib. Üstəlik, Börn planlaşdırılan konfrans çərçivəsində bütün variantları, yəni müharibənin dayandırılmasına dair istənilən təklifi müzakirəyə çıxarmağa hazırdır. Belə təklif və ya təşəbbüslə isə heç də yalnız Kiyevlə Moskva deyil, başqa ölkələr də, o cümlədən Çin, Türkiyə, hətta Səudiyyə Ərəbistanı da çıxış edib.
İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, konfransın təşkilində məqsəd mümkün qədər çox ölkənin ali siyasi rəhbərliyi tərəfindən dəstəklənəcək «ümumi anlamda sülh»ə nail olunması üçün prosesə start verilməsidir. Lakin nazirlik konfransa qatılacaq ölkələrin sayını açıqlamayıb.
Tədbirin əsas intriqasına, yəni Rusiya nümayəndələrinin konfransa qatılıb-qatılmayacağına gəlincə, İsveçrənin xarici işlər naziri İnyasio Kassis bildirib ki, Moskvaya dəvət göndəriləcək, çünki «sülh təklifi yalnız Qərb ölkələrindən gəlmir».
Şahzadənin təklifi qiymətlidir
Bu gün Ukraynada sülh haqda dünyanın bir çox ölkəsi danışır. Amma konkret variantlarla çıxış elənlərin sayı az deyil. Konkret təklifi olanlardan biri isə Səudiyyə Ərəbistanıdır.
Vladimir Zelenski fevralın 27-də Səudiyyə Ərəbistanına səfər edib. Onun sözlərinə görə, səfər çərçivəsində aparılan danışıqlarda diqqət mərkəzində əsasən iki mövzu olub – «sülh formulu» və əsir və deportasiya edilmiş şəxslərin geri qaytarılması.
Məlum olduğu kimi, son zamanlar Kiyev cəbhədə ciddi problemlərlə üz-üzə qalıb. Hərbi və maliyyə yardımının ləngiməsi fonunda yaxın vaxtlarda vəziyyət daha da ağırlaşa bilər. Bu, təbii ki, Ukrayna rəhbərliyini ciddi narahat edir, nəticədə alternativ sülh yollarının axtarışı üçün motivasiyanın daha da artacağı istisna deyil. Rusiya ilə Qərb arasında dialoq tam pozulduğundan, Kiyev öz «sülh formulu»nu Rusiya rəhbərliyi ilə sıx əlaqələri olan Səudiyyə Ərəbistanının köməyi ilə yaxşılaşdırmağa çalışır. Hər halda, Ər-Riyad Ukrayna ilə sülhə dair bu və ya digər məsələdə Moskvanın mövqeyinə təsir etmək imkanlarına malikdir.
Ötən il Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salman Əl Səud Ukrayna ilə bağlı sülh planı ilə çıxış edib və tərəflərin hər iki planının praktik imkanlarını təhlil etdikləri istisna deyil. Ukrayna Prezidenti «sülh formulu» haqda danışarkən bildirib ki, ötən ilin avqustunda Ciddədə onun reallaşdırılması üzrə məsləhətçilər səviyyəsində «nəticə etibarilə səmərəli» görüş keçirilib. Doğrudur, Moskva bu «formul»u qəbuledilməz sayır, onun əsasında danışıqları istisna edir. Buna baxmayaraq, Kiyevdə düşünə bilərlər ki, müharibənin uzanması Rusiyanın da hərbi potensialına mənfi təsir göstərəcək, sosial-iqtisadi problemləri ağırlaşdıracaq, daxili siyasi dinamikanı korlayacaq və Moskva bunu anlamaya bilməz. Üstəlik, son zamanlar Rusiyanın ali siyasi rəhbərliyindən də davamlı olaraq sülh çağırışları eşidilir.
Prezident Zelenski fikirləri ilə şahzadə Məhəmmədə göstərir ki, mövcud vəziyyətdə o, tərəflər arasında tamhüquqlu vasitəçiyə çevrilə bilər. Kiyevlə Moskva arasında razılığa gəlinməsi isə istər şahzadənin özü, istərsə də bütövlükdə onun dövləti üçün son dərəcə önəmli hadisəyə çevrilə bilər.
Şahzadə Məhəmməd bütün iddialarına rəğmən, son dərəcə praqmatik siyasətçidir və yəqin ki, öz vasitəçilik səylərini nümayiş etdirməyə çalışmayacaq. Çünki bu səylərin nəticəsiz qalacağı da istisna deyil. Odur ki, bu səfərdən gözləntilər ən yaxşı halda Ər-Riyadın tərəflər arasında humanitar əlaqələrin qurulması, əsir və girovlarla bağlı problemin həlli istiqamətində səyləri davam etdirəcəyi ola bilər.
Çin aksentli vasitəçilik
Öz həll planı olan daha bir dövlət Çindir. Pekin planını hələ 1 il əvvəl açıqlasa da, arzuladığı reaksiyanı görməyib. Amma o, geri çəkilmir və planını, bəlkə də, müəyyən dəyişikliklər etməklə, yenidən irəli sürməyə çalışır. Bu məqsədlə Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi, ötən il həm Moskva, həm də Kiyevdə olmuş Li Xuey hər iki paytaxta yenidən baş çəkib.
«Ukrayna böhranının uzanması beynəlxalq birliyin ümumi maraqlarına cavab vermir. Növbəti raundunda əsas hədəf atəşkəsin elan olunması və sülh danışıqları üçün zəmin yaradılmasında konsensusa nail olmaqdır», - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin bildirib.
Məlum olduğu kimi, Pekin Rusiyanın Ukrayna ilə bağlı planlarını rəsmən dəstəkləmir, lakin Moskva ilə müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirir. Qərbdə hesab edirlər ki, Moskvanın sanksiyalardan yayınması prosesinin avanqardında məhz Çin dayanır.
Li martın 3-dən başlayaraq, Rusiya, Ukrayna, Polşa və Avropa İttifaqının Brüseldəki mənzil-qərargahına səfərlər edib. Çinin dövlət KİV-i olan «Global Times» xəbər verir ki, bu, onun ötən ilin mayında baş tutmuş, lakin nəticə verməyən missiyasından sonra ikinci cəhdidir.
Lakin ekspertlər bu turnenin uğurlu olacağına o qədər də inanmırlar. Onlar hesab edirlər ki, Li Xueyin səfərləri Çin-Avropa münasibətlərinin yaxşılaşdırılmasına da yönəlmiş ola bilər, çünki Si Cinpinin Avropa turnesi gözlənilir. Bu mənada, Çinin vasitəsilik strategiyasına mümkün düzəlişlərin oluna biləcəyi, hətta Avropa ölkələrinin Pekin-Moskva münasibətlərindən narazılığına reaksiyanın veriləcəyi də istisna edilmir.
Bəziləri isə düşünür ki, Çinin vasitəçilik səyləri daha çox diplomatik görüntü xarakteri daşıyır. Yəni o, sadəcə, proseslərdə iştirakını, onlara təsir etmək iqtidarında olduğunu nümayiş etdirməyə çalışır. Bununla əlaqədar olaraq, Linin Ukrayna ilə bağlı Kopenhagen və Maltata təşkil olunmuş nəhəng qlobal diskussiyalarda iştirak etmədiyi xatırlanır.
Ərdoğan, Roma Papası… birbaşa danışıqların tərəfdarıdırlar
Vladimir Zelenski martın 8-də Türkiyəyə də səfər edib. Bu səfərə də Kiyevin münaqişənin sülh yolu ilə həlli variantlarını axtarmasının davamı kimi baxmaq olar. Aydındır ki, İsveçrədə keçirilməsi nəzərdə tutulan «sülh formulu» sammiti ərəfəsində Ukrayna Prezidenti Rusiyanın siyasi rəhbərliyi ilə yaxşı münasibətləri olan, Moskvanın mövqeyinə bu və ya digər dərəcədə təsir edə biləcək liderlərlə təmas qurmağa alışır.
Bununla yanaşı, sammit iştirakçıları arasında Rusiya nümayəndələrini görmək istəmir. Bu isə sülh axtarışı prosesini xeyli çətinləşdirir. Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Kiyev ilə Moskva arasında birbaşa danışıqların tərəfdarıdın və belə müzakirələrin təşkili üçün vasitəçilik rolunu təklif edir. Bununla da Ərdoğan əslində, opponentlərin iştirak etməyəcəyi sammitin potensialına şübhə ilə yanaşdığını göstərir.
Zelenski hesab edir ki, Ukrayna maraqlı tərəflərlə birlikdə yekun sülh planını hazırlamalı, Moskva isə onu qəbul etməlidir. Türkiyə tərəfi bu varianta şübhə ilə yanaşır. Hər halda, Zelenskinin özü də etiraf edir ki, «bu, Rusiyanın həmin sənədi qəbul edəcəyi anlamına gəlmir».
Ankarada hesab edirlər ki, məsələni uzatmadan Rusiya ilə razılığa gəlinməsi vacibdir. Ərdoğan ölkəsinin 2022-ci ilin martında təşkil etdiyi danışıqlar meydançasının potensialından istifadə edilməməsindən təəssüfünü də dilə gətirib.
Roma Papası Fransisk də eyni fikirdədir. O, daha konkret danışıb. İsveçrənin RSI teleradioşirkətinə fevralda verdiyi müsahibədə Papa Ukraynanın cəsarət nümayiş etdirərək ağ bayraq qaldırmalı, Moskva ilə danışıqlara başlamalı olduğunu deyib.
«Bəli, utana bilərsiniz. Amma bu (müharibə) sonda nə qədər insanın həyatına son qoyacaq? Danışıqları vaxtında aparmaq, vasitəçi ola biləcək ölkəni tapmaq lazımdır», - deyə Fransisk bildirib. O, vasitəçilik təşəbbüsü ilə çıxış edən dövlətlər arasında Türkiyənin adını çəkib.
Yəqin ki, Ukraynanın «sülh formulu» qeyri-müəyyənliklərlə doludur və onlara yaxın vaxtlarda çətin ki, aydınlıq gəlsin. Demək, tezliklə sülh gözləmək də çətindir…
MƏSLƏHƏT GÖR: