Müəllif: İlqar VƏLİZADƏ
Albaniyanın paytaxtı Tiranada Qərbi Balkanlar-Avropa İttifaqı formatında növbəti sammit keçirilib. Bu, mövcud siyasi çətinliklərin Qərbi Balkan altılığının fundamental maraqlarına təsir etmədiyini bir daha təsdiqləyib – onlar dayanıqlı inkişaf naminə öz aralarında əlaqələri gücləndirmək əzmindədirlər.
Bu forumun xüsusiyyəti bir gün əvvəl həm də Qərbi Balkanlar-Ukrayna sammitinin keçirilməsi idi. O görüşün başa çatmasından sonra ev sahibi ölkə olan Albaniyanın baş naziri Edi Rama Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatılmaq üçün Bakıya gəlmişdi. Bu, yəqin ki, Ukrayna ilə Azərbaycanın Qərbi Balkanların siyasi gündəmində hansı yeri tutduqlarının ən bariz göstəricisidir. Üstəlik, nəzərə almaq lazımdır ki, onlar üçün qeyd-şərtsiz prioritet Avropa İttifaqına inteqrasiyadır.
Avropa Parlamentinə seçkilər ərəfəsində Qərbi Balkanların səsi
Avropa Parlamentinə keçiriləcək seçkilərə 4 ay qalmış təşkil olunmuş sammit siyasi vəziyyətdən asılı olmayaraq inteqrasiya istiqamətini göstərməli idi. Qərbi Balkanlar bu planlarını hələ pandemiyadan əvvəl elan etsələr də, son illərdə yaşananlar Brüssel ilə Aİ-yə üzvlük üçün növbəyə düzülmüş ölkələr arasında diskussiyaların xarakterinə əhəmiyyətli təsirini göstərib.
Aİ-nin Qərbi Balkanlar üçün cəlbedici tərəflərindən biri onun həmsərhəd ölkələrin iqtisadiyyatını ümumavropa bazarına inteqrasiya etmək bacarığıdır. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi, həmçinin siyasi təhlükəsizlik sahəsində üstünlüklər qazandırır.
Qərbi Balkanlar üçün Avropa Komissiyası tərəfindən 2023-cü ilin noyabrında hazırlanmış yeni inkişaf planı dolayı maliyyə dəstəyi hesabına hədəflərə nail olunmasına kömək edəcək 4 istiqamətdən ibarətdir.
Birincisi, Avropa İttifaqı bazarı ilə hüquqi, maliyyə və infrastruktur cəhətdən birləşmə. Bunun faydası özünü keyfiyyətli investisiyalar, bazarın inkişafı və bununla da kiçik və orta sahibkarlıq üçün vahid Avropa sisteminin yaranması ilə göstərəcək. Bunun üçün şəraiti isə iqtisadiyyatın ümumi regional bazar vasitəsilə inkişafını nəzərdə tutan ikinci komponent yarada bilər. Onun yaradılması isə potensial olaraq, milli iqtisadiyyatlarda inkişaf göstəricisini 10% artıra bilər. Əlbəttə, nailiyyətlərə əsaslanan genişlənmə siyasətinin reallaşdırılmasında vacib alət institusional siyasi və sosial islahatların həyata keçirilməsidir ki, bu da regionun üçüncü təməlinə çevrilməyə mane olmamalı, əksinə, kömək etməlidir.
Sonuncu – dördüncü komponent kimi, Qərbi Balkanlar üçün İslahatlar və İnkişaf Fondu çərçivəsində 2024-2027-ci illəri əhatə edəcək 4 illik dövrün müəyyənləşdirilməsi nəzərdə tutulur. Proqrama uyğun olaraq, Fond iqtisadi yenidənqurmaya və Avropa ilə birləşməyə təxminən 6 milyard avro ayıracaq.
6 milyard necə bölünəcək?
Aİ-Qərbi Balkanlar sammiti əslində, bu 6 milyard avronun necə bölüşdürüləcəyi məsələsinə həsr olunmuşdu. Məsələn, vəsaitin yarısının Qərbi Balkanların İnvestisiya Strukturu vasitəsilə köçürülməsi, 2 milyardın qrantlar, qalan hissənin isə kreditlər kimi ayrılması nəzərdən keçirilir.
Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Aliver Varxeli bildirib ki, Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası hazırda müvafiq qanunvericilik üzərində işləyir. Məsələ ondadır ki, Qərbi Balkanlardan fərqli olaraq, Aİ üzvü olan ölkələrin rəqabət qabiliyyəti çox yüksəkdir. Belə bir vəziyyətdə Brüsselin tərəfdaşlardan Avropanın aparıcı mal və xidmət istehsalçıları ilə ümumi bazarda iştirak etmələrini istəməsi ədalətsizlik olardı. Hazırda onların iqtisadi inkişafının stimullaşdırılması planı həm Avropa Parlamentində, həm də Avropa İttifaqı Şurasında müzakirə edilir. O, Aİ-nin artıq 16,3 milyard investisiyanı, o cümlədən hədəf layişhələrin reallaşdırılması üçün qrant şəklində 4,5 milyard avronu səfərbər etmiş investisiya-iqtisadi planına əlavə olmalıdır.
Yaxşı məlumdur ki, region ölkələri arasında ciddi siyasi ziddiyyətlər davam etməkdədir və bu, əlbəttə ki, onların dayanıqlı etibarlı münasibətlər qurmasına imkan vermir. Yalnız onu xatırlatmaq kifayətdir ki, Serbiya Kosovonu hələ də öz ərazisi sayır, Albaniya isə Priştinaya tam siyasi dəstək verir. Albaniya-Şimali Makedoniya, yaxud Serbiya-Bosniya münasibətləri də ideal deyil. Bununla yanaşı, hər kəs anlayır ki, siyasi gərginliyin iqtisadi əməkdaşlığa sirayət edəcəyi təqdirdə ciddi sosial-iqtisadi böhranın yaranması riski böyükdür, bu isə yaxın illərdə Aİ üzvü olmaq ümidlərinin üzərindən xətt çəkəcək.
Albaniyanın baş naziri Edi Rama sammitdəki çıxışında açıq şəkildə deyib: «Regional səviyyədə hamı tam töhfə verməsə, unutmamalıdır ki, Avropa ümumi bazarından daha çox gəlir əldə edə bilərlər. Odur ki, hər şey qonşuların bir-birinə münasibətindən asılıdır. Bu səbəbdən də siyasi məsələlər ikitərəfli qaydada müzakirə və həll olunmalıdır».
Albaniya özü Aİ ilə danışanların ilk raundunun yaxın zamanlarda başlamasını gözləyir. 2023-cü ilin dekabrında Avropa İttifaqı Şurası Yunanıstanın vetosu üzündən bununla bağlı yekun qərarı qəbul edə bilməmiş, komissar Aoliver Varxeli isə məruzəsində Afinanın bu qərarını tənqid atəşinə tutmaqdan çəkişməmişdi: «Mən mehriban qonşuluğun vacib olduğunu tam anlayıram, amma siz başlaranını irəli getməsinə mane olacaqsınızsa, qonşularınızla yaxşı münasibətlər qura bilməyəcəksiniz».
Əsas iqtisadiyyatdır, siyasətə sonra baxarıq
İstənilən halda, Tirana sammiti ölkələrin ümumi bazarda əməkdaşlığının vacibliyinə dair dəqiq siqnal olub, bunun iqtisadi inkişafa və Avropa bazarına qoşulmağa təkan verəcəyini bir daha təsdiqləyib. İnkişaf və konvergensiya planının məqsədi Qərbi Balkan ölkələrinin hələ Aİ-yə üzvlüyədək kooperasiyadan iqtisadi fayda götürəcəklərinə zəmanət verilməsidir.
Xəritəyə baxsaq, Cənub-Şərqi Avropa istər imkanlar, istər çağırışlar baxımından çox önəmli nöqtədir. O, cənubdan Aralıq dənizi (əsas miqrasiya marşrutu), cənub-şərqdən Egey dənizi (əsas ticarət marşrutu), şərqdən isə Qara dəniz (əsas enerji marşrutu) ilə həmsərhəddir. Geosiyasi bölünmə xəttləri də buradan keçir. Bundan başqa, bilavasitə cənub qonşusu olan Türkiyə NATO üzvü və regionun ən nəhəng fövqəldövlətidir. «Ərəb baharı»nın fəsadları – təhlükəsizlik sisteminin pisləşməsi, siyasi və iqlim böhranları ilə üz-üzə qalmış qonşu ərəb dövlətlərinin əhalisi getdikcə Avropaya daha çox sığınacaq kimi baxır. Cənub-Şərqi Avropa həm də Avropa qitəsinə çoxsaylı qaçqınların axışması üçün rahat marşrutdur. Brüsseldə məhz bu üzdən hesab edirlər ki, namizəd ölkələrə o cümlədən «Frontex» proqramı vasitəsilə adekvat təhlükəsizlik zəmanətinin verilməsi, onların emiqrantların axını ilə effektiv mübarizə aparmasına köməklik göstərilməsi Aİ-nin xarici sərhədlərinin lazımi səviyyədə qorunmasını təmin edəcək.
Bu ölkələrin Aİ-nin tamhüquqlu üzvlərinə çevrilmələri isə sonuncuya əlavə üstünlüklər qazandıracaq: o, geosiyasi baxımdan əhəmiyyətli dərəcədə güclənəcək, yeni investisiya imkanları və bazarlar qazanacaq, buna o cümlədən ənənəvi və «yaşıl» enerji dəhlizlərinə qoşulmaqla, strateji vacib tədarük zəncirlərində iştirakla nail olacaq.
Avropa bazarlarına effektiv qaz tədarükünü təmin edəcək yeni mayeləşdirilmiş qaz nəqli marşrutları və daha optimal boru xətti infrastrukturu regionu enerji sektoru üçün son dərəcə cəlbedici bölgəyə çevirəcək. Həmsərhəd regionlarla əlaqələri təmin edəcək inkişaf etmiş nəqliyyat kommunikasiyaları isə Cənub-Şərqi Avropanın effektiv logistika habı kimi çıxış etməsinə yol açacaq.
Geosiyasi rəqabət şəraitində
İqtisadi fövqəldövlətlər, ilk növbədə, ABŞ ilə Çin arasındakı rəqabət Avropanın öz maraqlarını müdafiə edə bilmək üçün genişlənməyə alət kimi baxmasına stimul verir. Ekspertlərin fikrincə, hazırda Avropada sosial və texnoloji dəyişikliklər yaşanır. Pandemiya və müharibə Aİ-yə tədarük zəncirini, həmçinin onun iqtisadi və enerji sahəsindəki tərəfdaşları ilə əlaqələrinin xarakterini dəyişib. Brüsselin bir çox addımı onun strateji muxtariyyətini gücləndirmək istəyindən irəli gəlir. Bu, uzaq perspektivdə bərpa və dayanıqlı inkişafın açarına çevrilə bilər. Bununla yanaşı, Aİ öz enerji tələbatını generasiya edə, müdafiə sənayesini, həmçinin texnoloji rəqabət qabiliyyətini dəstəkləyə bilər. Qərbi Balkanların Aİ-yə qoşulması isə bu prosesə əlavə stimullar verərdi.
Region ölkələrinin özləri üçün isə Aİ-yə artıq formalaşmış rəqabət üstünlükləri və effektiv işləyən layihələrlə qoşulmaq vacibdir. Belə layihələrdən biri şübhəsiz ki, Albaniyanın da fəal iştirak etdiyi «Cənub Qaz Dəhlizi»dir. Bu dəhliz artıq qurulmuş və qurulmaqda olan interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropanın bütün ölkələri ilə getdikcə daha sıx bağlanır.
Albaniyanın baş naziri Aİ-Qərbi Balkanlar sammiti bitər-bitməz, təsadüfən Bakıya səfər etməyib. Azərbaycanın dövlət neft şirkəti olan SOCAR Albaniyanın qazlaşdırılması layihəsində iştirak edir. Güman olunur ki, Albaniya vacib əhəmiyyətli İon-Adriatik qaz kəmərinin də kəsişmə nöqtəsinə çevriləcək. Onun inşası Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya, daha sonra isə Sloveniyanın Azərbaycandan boru xətti vasitəsilə qaz almasına imkan verəcək.
Alternativ enerji mənbələrinə ciddi ehtiyac duyan Avropa üçün Qərbi Balkanların enerji resursları ilə təmin olunması onların Avropanın siyasi və iqtisadi məkanına inteqrasiyasında əlavə amilə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: