Müəllif: Kənan RÖVŞƏNOĞLU
Martın 1-də İranda keçirilən parlament və Ekspertlər Məclisi (Xubreqan) seçkilərində gözlənildiyi kimi, mühafizəkarlar qalib gəldi. Daha əvvəldən də məlum olduğu kimi, “islahat” qanadına mənsub bir çox nüfuzlu şəxslər Konstitusiya Keşikçiləri Şurası (Şurayi-Negahban) tərəfindən seçkilərə buraxılmamışdı.
1 mart seçkilərində 290 nəfərlik İran parlamentində 245 nəfər seçilib, qalan 45 yer üçün isə namizədlərin heç biri tələb olunan 20 faiz səsi qazanmadığı üçün bu yerlər üçün əlavə seçkilər keçiriləcək.
Mühafizəkarların mübahisəsiz qələbəsi
İslam Respublikasının 12-ci parlament və 6-cı Xubreqan seçkilərində çoxlu sayda radikal mühafizəkarlar və İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın şəxslər qalib gəlib. Ancaq gözlənildiyi kimi, seçkilər İran İslam Respublikası tarixində ən aşağı seçici fəallığı ilə müşahidə olunub. Rəsmi hakimiyyət orqanları seçki hüququ olan əhalinin 41 faizinin, yəni təxminən 25 milyon seçicinin seçkilərdə iştirak etdiyini açıqlayıb. Qeyd edək ki, İran Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə seçki hüququ olan 61 milyon vətəndaş var.
Hazırda əsas diqqət məhz seçici fəallığının aşağı olmasına yönəlib. Çünki İslam Respublikası mövcud olduğu 45 il ərzində ən aşağı seçici fəallığı son illərdə müşahidə olunub. 2020-ci il parlament seçkilərində seçicilərin 42,5 faizi, 2021-ci il prezident seçkilərində isə seçicilərin 48 faizi iştirak etmişdi. Bu dəfə hakimiyyət seçkinin daha fəal keçməsi üçün bir sıra addımlar atıb. Amma hətta dini liderlərin, ictimai-siyasi xadimlərin çağırışları da istənilən effekti verməyib. Qərb mətbuatının məlumatına görə, seçkilərdə seçicilərin 34 faizdən çoxu iştirak etməyib.
Seçkilərin aşağı seçici fəallığı ilə keçməsinin daha bir sübutu 45 yerin boş qalmasıdır. Buna baxmayaraq, İran siyasi elitasının mühafizəkar qanadının reaksiyası kifayət qədər nikbin olub. Seçkilərdən 5 gün sonra Tehranda keçirilən ənənəvi ağacəkmə mərasimində çıxış edən İranın dini lideri Ayətullah Əli Xameneyi 1 martda keçirilən səsverməni “cihad” adlandırıb.
Bu ölkənin Prezidenti İbrahim Rəisi isə əhalinin seçkilərdə fəal iştirak etdiyini və bu seçkiləri “İslam Respublikası müxaliflərinə sərt bir zərbə” kimi qiymətləndirib. Bu isə onunla bağlı ola bilər ki, həqiqətən də İran rəhbərliyi əhalinin böyük hissəsinin seçkiləri boykot edəcəyindən narahat idi və bu səbəbdən də 41 faizlik seçici fəallığı yüksək nəticə hesab edilir. Digər tərəfdən Qərb mediasının seçkilərin İranda aşağı seçici fəallığı və kütləvi etirazlara səbəb olacağı ilə bağlı proqnozlarının nəticəsiz olmaması İran rəhbərliyini qane etdiyindən bu şəkildə optimist açıqlamalar verilir.
Boykotçular arasında parçalanma
Əvvəldən məlum idi ki, hazırkı hakimiyyətdən narazı qruplar, o cümlədən monarxistlər, “Xalqın mücahidləri” qrupunun tərəfdarları, rejim müxalifləri seçkiləri boykot edəcəklər. Lakin qeyd olunan qruplar daha əvvəl də seçkiləri boykot edib. Əksər müşahidəçilərin fikrincə, seçici fəallığının aşağı olmasının əsas səbəbi Konstitusiyanın Keşikçiləri Şurasının yalnız bir neçə islahatçı namizədin seçkilərdə iştirakına icazə verməsi olub. Onların arasında bir çox nüfuzlu siyasətçi, o cümlədən 25 il Ekspertlər Məclisinin üzvü olmuş Həsən Ruhani də var idi.
Doğrudur, islahatçılar arasında seçkiləri rəsmi şəkildə boykot etmək istəyi qeydə alınmayıb. Bəzi islahatçı liderlər, o cümlədən sabiq Prezident Məhəmməd Xatəmi seçkiləri boykot etsə də, Həsən Ruhani kimi islahatçılar əksinə, seçkilərdə iştiraka çağırış etmişdi.
Maraqlıdır ki, narazılıq ölkənin iri şəhərlərində, xüsusən də Tehranda xüsusilə ciddi hiss olunub. Paytaxt üzrə 30 namizəddən yalnız 14-ü seçilib. Qalan 16-sı ikinci turda iştirak edəcək. Təkrar səsvermənin keçiriləcəyi seçki dairələri, əsasən, dindarlığın və mərkəzi hakimiyyətin təsirinin cüzi səviyyədə olduğu ölkənin nisbətən böyük şəhərlərində yerləşir.
Azərbaycanlıların seçimi
Maraqlıdır ki, azərbaycanlıların yaşadığı Şərqi və Qərbi Azərbaycan vilayətləri (Təbriz və Urmiya) daha çox islahatçı namizədlərə səs verib. Eyni zamanda bir sıra seçki dairələrində seçkilər kifayət qədər sönük keçib. Məsələn, Şərqi Azərbaycan vilayətində 17 yerdən yalnız 13-ü seçilib, 4 yer isə ikinci tura qalıb. Seçilən 13 nəfərdən 4-ü islahat qanadına mənsubdur. Təbrizdən cəmi 3 mühafizəkar namizəd seçilib, 6 mandat isə müstəqillərə çatıb.
Oxşar vəziyyət Qərbi Azərbaycan vilayətində də qeydə alınıb. Burada 5 islahatçı və 3 mühafizəkar seçilib. Yerdə qalan 4 mandatı isə müstəqillər alıb. Ərdəbil vilayətində isə 7 mandatdan 3-nü müstəqillər, 3-nü isə mühafizəkarlar qazanıb, 1 yer isə ikinci tura qalıb.
Beləliklə, İran Azərbaycanının azərbaycanlı əhalisi arasında islahat istəyinin getdikcə artdığını iddia etmək olar. Ərdəbil istisna olmaqla digər bölgələrdə mühafizəkarlar xeyli zəifləyib. Bunun bir səbəbi də İbrahim Rəisinin dövründə Azərbaycan vilayətlərində iqtisadi vəziyyətin pisləşməsi və narazılığın artmasıdır. Digər tərəfdən sirr deyil ki, Həsən Ruhani komandasında çoxlu sayda nüfuzlu azərbaycanlılar yer alırdı və bu da səslərin islahatçılar cinahına doğru getməsinin bir səbəbi kimi izah oluna bilər.
Ekspertlər Məclisində sabitlik
Maraqlıdır ki, parlament seçkilərindən fərqli olaraq Ekspertlər Məclisində ikinci tura qalan olmayıb. Bütün 88 namizədin hamısı ilk turda seçilib. Bu da onu göstərir ki, əslində hakimiyyət üçün Xubreqan seçkiləri parlament seçkilərindən daha vacib olub. Xubreqana seçilən ruhanilərin böyük əksəriyyəti mühafizəkar, özü də qatı mühafizəkar qanada mənsub şəxslərdir. Bu isə o deməkdir ki, İran hakimiyyətinin “dərin ağlı” qarşıdakı 8 ildə dini lider seçkilərinin labüd olması ehtimalını nəzərə alıb. Çünki hazırkı liderin 85 yaşı var və qarşıdakı 8 ildə yeni lider seçkisi gündəmə gələ bilər. Bu mənada mühafizəkar elita bəri başdan “işi ehtiyatlı tutmağı” nəzərə alıb.
Bundan sonra nə olacaq?
İran hakimiyyəti üçün xoşbəxtlikdən, seçkilərin iğtişaşlarla müşayiət olunacağı ilə bağlı bütün söhbətlər sadəcə söhbət olaraq qaldı. Əlbəttə ki, o da nəzərə alınmalıdır ki, hazırda Yaxın Şərqdə qaynar hadisələr baş verir, İranın birbaşa və dolayısı ilə iştirak etdiyi münaqişələr var. Tehran xüsusən də son iki ildə diplomatik cəbhədə uğurlu gedişlər edərək, ABŞ ilə qarşı-qarşıya gələn regionun güclü ölkəsi mövqeyinə yüksəlib. Təbii ki, tarixi ənənələrin də təsiri ilə bir qayda olaraq xaricdə baş verən gərginlik ölkə daxilindəki problemləri arxa plana atır. Bu mənada indiki Yaxın Şərqdəki dramatik hadisələr fonunda İranda ciddi daxili çalxalanmaların olması ehtimalı azdır.
ABŞ-də keçiriləcək seçkilərin nəticələri İran siyasətinə daha çox təsir edəcək. Xüsusən də nəzərə alsaq ki, İrana qarşı radikal xəttin tərəfdarı olan Donald Trampın seçilməsi İranı yenidən Yaxın Şərqdə qarşıdurmanın mərkəzinə gətirəcək. Digər tərəfdən ABŞ-də yeni prezidentin fəaliyyətə başlamasından bir neçə ay sonra İranda da prezident seçkiləri keçiriləcək. Belə demək olar ki, ən pis halda qarşıdakı aylarda Yaxın Şərqdə gərginliyin davam etdiyi dövrdə daxili qeyri-sabitlik aktlarının baş verməsi ehtimalı xeyli dərəcədə azalır. Bir sözlə, həm ABŞ, həm də İranda dövlət başçısı kimi yeni prezidentlərin olacağını nəzərə alsaq, gələn ilin kifayət qədər maraqlı olacağını söyləyə bilərik.
MƏSLƏHƏT GÖR: